Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1598/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı “Odabaşı Yağ və X3 LTD” şirkətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Odabaşı Yağ və X3 LTD” şirkətindən əsas borca görə 109402,80 ABŞ dolları, hesablanmış cərimə borcuna görə 5470,14 ABŞ dolları olmaqla, ümumilikdə 114872,94 ABŞ dolları məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 065/18 saylı pambıq jmıxının alqı-satqısına dair kontrakta əsasən, cavabdehə ümumilikdə 847010,71 ABŞ dolları məbləğində 7731,47 ton pambıq jmıxı göndərilmişdir. Lakin, göndərilmiş malın müqabilində cavabdeh tərəfindən iddiaçıya cəmi 737608 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Son nəticədə cavabdehin iddiaçıya kontrakt öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı ümumilikdə 109402,80 ABŞ dolları məbləğində borcu yaranmışdır. Eyni zamanda, mövcud kontraktın 9-cu bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə götürülmüş öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yerinə yetirilməmiş öhdəliklərin miqdarının 5% həcmində cərimə ödəməlidirlər. Belə ki, cavabdehin kontrakt şərtlərinin yerinə yetirilməməsi ilə bağlı iddiaçıya 109402,80 ABŞ dolları məbləğində borcu yaranmışdır, onda görərik ki, dəbbə pulunun hesablanmış məbləği (109 402,80 ABŞ*5 %) 5470,14 ABŞ dolları təşkil edir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi Nümayəndə3 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - xx.xx.2018-ci il tarixli 065/18 saylı müqavilədən göründüyü kimi “xxxxxx” MMC 10000 ton miqdarında pambıq jmıxı göndərməyi, Odabaşı Yağ və X3 LTD” isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - iş materiallarında olan invosylardan göründüyü kimi xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixinə kimi cəmi 847010.71 dollar həcmində mal göndərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin hallarından göründüyü kimi cavabdehə ümumilikdə 847010,71 ABŞ dolları həcmində mal göndərilmişdir. Lakin cavabdeh müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 109402,8 ABŞ dolları əsas borc, 5470,14 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 114872,94 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Odabaşı Yağ və X3 LTD” şirkətinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 109402,8 ABŞ dolları əsas borc, 5470,14 ABŞ dolları dəbbə pulu olmaqla ümumilikdə 114872,94 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla “Odabaşı Yağ və X3 LTD” şirkətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “Odabaşı Yağ və X3 LTD” şirkətindən tutularaq İddiaçınə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1598/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1598/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver