Məhkəmə qərarları › İş №e-2-2(113)-1598/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1598/2024

22.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1598/2024 22.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: su sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 89B) ünvanında yerləşən, ümumi sahəsi 160.10 kvm olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

2. 08.09.2023-cü il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərir.

3. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən X2na riayət edilməsini yoxlamaq məqsədilə ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə baxış keçirilmiş və baxışın nəticələrinə dair 602291 saylı akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, baxış keçirilən zaman obyektin kodu olmadan sudan boru vasitəsilə qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır

4. Həmin akt əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən qanunsuz istifadə olunan borunun diametri 15mm su borusundan sutkada istifadə vaxtı 5 saat, hesabat verilən dövr 12 ay olmaqla 2196 m3 əlavə sərfiyyat və 2198 manat maddi zərər hesablanmışdır.

5. Abonent saldosundan müəyyən edilir ki, İddiaçı sudan istifadəyə görə 2023-cü ilin sentyabrında 2196 manat məbləğində borc hesablanmışdır. xx.xx.2024-cü il tarixə abonentin borcu 2001 manat təşkil edir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin Nərimanov Sukanal idarəsinin İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi barəsində tərtib etdiyi 01 sentyabr 2023-cü il tarixli 602291 nömrəli aktın etibarsız hesab edilməsi və Cavabdeh ASC-nin Nərimanov Sukanal idarəsinin Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi tərəfindən sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı hesablanmış 2196 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 89B) ünvanında yerləşən, ümumi sahəsi 160.10 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş və iddiaçıya 1 saylı BakıƏrazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli texniki pasport verilmişdir. Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal idarəsinin nümayəndələri, mühəndis Aqşin Kəbliyevin, Rasim Əmirkişiyevin və Əyyub Quluyevin iştirakı ilə 01 sentyabr 2023-cü il tarixli 602291 nömrəli akt tərtib edilərək, obyektin kodu olmadan sudan d=15 mm boru vasitəsi ilə qeyri-qanuni istifadə olunduğunun aşkar olunması qeyd edilmişdir. Həmin aktın tərtib olunmasında İddiaçı iştirak etsə də, aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Nərimanov Rayon Sukanal İdarəsi arasında cavabdehin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edən 07 sentyabr 2023cü il tarixli 47735165 saylı müqavilə bağlanmışdır. Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal idarəsinin 18 oktyabr 2023-cü il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatında qeyd olunmuşdur ki, 2196 manat dəyərində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyriqanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurulmuşdur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin sənədlər qanunsuzdur və ləğv edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh orqanın nümayəndələrinin tərtib etdiyi su hesabatında istinad etdikləri “Su haqqında” Qanun Azərbaycan Respublikası qanunvericilik aktları içərisində mövcud deyildir. Belə ki, cavabdeh orqanın istinad etdiyi “Su təchizatı və tullantı sularının axıdılması sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət” bölməsinin 67-ci “Qanunsuz qoşulma” maddəsi “Su haqqında” Qanuna deyil, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli Qanununa aiddir. Qeyd olunmalıdır ki, İddiaçı hər hansı su xəttinə qanunsuz qoşulmamışdır, 2023-cü ilin aprel ayında sözügedən daşınmaz əmlakı əldə edərkən həmin su xətti mövcud olmuş və göstərilən su xəttindən daşınmaz əmlakın keçmiş mülkiyyətçisi istifadə etmişdir. İddiaçı qeyd olunan daşınmaz əmlakı əldə etdikdən sonra cavabdeh təşkilatın nümayəndələrinə şifahi şəkildə müraciət edərək su sayğacı quraşdırılmasını təklif etmişdir. Cavabdeh təşkilatın işçiləri müxtəlif bəhanələrlə həmin məsələni yubatmış, yalnız 2023-cü ilin sentyabrın 1-də iddiaçı ilə su təchizatına dair müqavilə bağlamışlar. Bu səbəbdən də cavabdeh orqanın son bir illik dövrə görə maddi ziyan hesablamaları əsassız və qanunsuzdur. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə istinad etmişdir.

8. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

9. 22.04.2024-cü ildə İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş və ərizəsində İddiaçı hesablanmış 1464 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

11. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia həcminin azaldılması barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi izahatında əlavə olaraq bildirdi ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini 2023-cü ilin aprel ayında almışdır. Qeyriqanuni su borusu əvvəlki mülkiyyətçi tərəfindən yerləşdirilmişdir. Qanuni istifadəyə görə hesablanmış borcun qeyri- yaşayış sahəsinin onun mülkiyyətində olduğu 4 aylıq dövr üçün hesablanmış hissəsini (732 manat) qəbul edir.

12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

14. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

15. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Mülki Məcəllənin: - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

19. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

20. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, təmin edilməlidir.

22. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 1464 manat məbləğində borc iddaçıya məxsus qeyri-yaşayış sahəsində sudan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar Cavabdeh ASC-yə dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.

23. Məhkəmə qeyd edir ki, Cavabdeh ASC İB su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

24. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda sözügedən yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.

25. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

26. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 602291 saylı akt və xx.xx.2023-cü il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən İddiaçı hesablanmış 1464 manat məbləğində borc silinməlidir.

28. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 34,64 manat məbləğində dövlət rüsumu ödənilməli idi.

29. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumunun kəsiri olaraq 34,64 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli 602291 saylı akt və xx.xx.2023-cü il tarixli “Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı”na əsasən İddiaçı hesablanmış 1464 manat məbləğində borc silinsin. Dövlət rüsumunun kəsiri olan 34,64 manat məbləğində pul vəsaiti Cavabdeh ASCdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar