Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1598/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6460 manat məbləğində əsas borc, 969 manat cərimə, 100 manat rüsum və 320 manat vəkil xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı İddiaçı MMC-yə 32615,36 manat dəyərində dizaynı razılaşdırılmış müxtəlif mebelləri ikinci avans ödənişdən sonra 6 həftə ərzində təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixində 20075 manat, xx.xx.2024-cü il tarixində 9800 manat olmaqla, ümumilikdə 29875 manat avans ödəniş bank köçürməsi yoluyla iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. xx.xx.2024-cü il tarixindən 6 həftə ərzində, yəni xx.xx.2024-cü il tarixinə qədər avans ödənişi edilmiş mallar tam şəkildə alıcı İddiaçı MMCyə təhvil verilməli idi. Lakin bu günə qədər müqavilə əlavəsinin 1 və 2 nömrəli bəndlərində qeyd edilmiş 4260 manat və 2200 manat olmaqla, ümumilikdə 6460 manat dəyərində mallar 5 aydan çoxdur ki, təhvil verilməmişdir. Onu da qeyd edək ki, öhdəliklərin uzun müddət gecikdirilməsinə görə alıcının sözügedən mallara marağı itmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC 6460 manat məbləğində avans ödənişini (borcu) İddiaçı MMC-yə qaytarmalıdır. Müqavilənin 6.2-ci bəndinə əsasən satıcı hər gecikmə gününə görə təhvili gecikdirilən malların 0.1 faizi dəyərində cəriməni, yəni 969 manat (6460*0,1%*150 gün) alıcıya ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək, iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin tərkib hissələri sayılan əlavələrdə göstərilmiş texniki xarakteristikalar, ədəd sayına və qiymətlərə uyğun olaraq müxtəlif xam hissələri ilə təchiz etməyi, alıcı isə onları qəbul edib, qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təchiz edilən məhsulun qiyməti və ödəniş qaydası müqavilənin əlavələrində göstəriləcək və tərəflər müvafiq əlavələrdən dərhal sonra imzalandığı gün etibarı ilə dəyişdirilməyəcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcının invoysda göstərdiyi bank hesabına mədaxil edilməlidir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklərin icrası müddəti gecikdirildiyi halda, gecikdirən tərəf hər bir gecikdirilən gün üçün digər tərəfə məhsulun qiymətinin 0.1%-i həcmində cərimə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən əlavələrdə göstərilən məhsulun çatdırılması 60 (altmış) iş günündən artıq gecikdirildiyi halda, alıcı müqaviləni birtərəfli qaydada ləğv etmək və çatdırılmamış maldan imtina etmək hüququna malikdir. Həmin müqavilənin 8.3cü bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir və 1 (bir) il hüquqi qüvvə daşıyır. - İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə həmin tarixli Əlavədən görünür ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı MMC arasında 32615,36 manat dəyərində dizaynı razılaşdırılmış müxtəlif mebellərin satılması razılaşdırılmışdır. - xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10292576 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 9800 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00082832 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 20075 manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, BD4 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 20075 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2024-cü il tarixli, 00082832 nömrəli elektron qaimə qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, BD1 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 9800 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi MT seriyalı, 10292576 nömrəli elektron qaimə qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, "xxxx" MMC-nin "xxxx" MMC tərəfindən göndərilməyən 6460 manat dəyərində mala marağı itmiş və avans kimi ödənilmiş 29875 manatın 6460 manatlıq hissəsinin geri qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış və tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirərək malların ümumi avans ödənişini cavabdehə ödəmiş, lakin cavabdeh aldığı pul məbləğinin əvəzində müqavilə əlavəsinin 1 və 2 nömrəli bəndlərində qeyd edilmiş 4260 manat və 2200 manat olmaqla, ümumilikdə 6460 manat dəyərində malları 5 aydan artıq müddətdə təhvil verilməmişdir. Öhdəliklərin uzun müddət gecikdirilməsi alıcının sözügedən mallara marağının itməsinə səbəb olmuşdur. Satıcı alıcı tərəfindən ödənilmiş avansın qarşılığında razılaşdırılmış malları alıcıya çatdırmadığına görə müqavilənin 6.3-cü bəndinə əsasən əlavələrdə göstərilən məhsulun çatdırılması 60 (altmış) iş günündən artıq gecikdirildiyindən alıcının çatdırılmamış maldan imtina etmək və ödədiyi avansı geri tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6460 manat (altı min dörd yüz altmış) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı həmçinin 969 manat cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir. Hesab olunur ki, iddiaçı cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdeh razılaşdırılmış malların verilməsini gecikdirdiyindən, müəyyən edilmiş müddət ərzində malları təhvil vermədiyindən iddiaçının müqavilənin 6.2-ci bəndinə əsasən cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 969 (6460*0,1%*150 gün) manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,49 manat (doxsan yeddi manat qırx doqquz qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 6460 (altı min dörd yüz altmış) manat pul, 969 (doqquz yüz altmış doqquz) manat cərimə, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 97,49 manat (doxsan yeddi manat qırx doqquz qəpik) olmaqla, cəmi 7846,49 manat (yeddi min səkkiz yüz qırx altı manat qırx doqquz qəpik) məbləğində pul vəsiti İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1598/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1598/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver