Məhkəmə qərarları › İş №e-2-2(113)-16/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-16/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-16/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilən pul məbləğinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, prosessual maraq, laızmi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri, satıcının cavabdeh olduğu qüsurlar, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızı Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilən pul məbləğinin qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “Cavabdeh”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 17000 ABŞ dolları məbləğində pulun və 210 manat mediasiya xərcinin, 100 manat mütəxəssisə rəyinin verilməsi üçün haqqın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 30/21 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ilkin ödənişi aldıqdan sonra iddiaçının ünvanına 2 həftə ərzində “X5 Voltage Regulator 1250 kVa input 300-450 VAC. output 415 V digital screen electron principle and with thyristor” requlyatorunu çatdırmaq öhdəliyini üzərinə götürmüşdür. Həmin requlyatorun ümumi dəyəri 17000 ABŞ dolları təşkil edir. İddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş və müqavilə şərtlərində qeyd edildiyi kimi requlyatorun dəyərini cavabdehin bank hesabına tam ödəmişdir. Requlyator iddiaçının gipskarton lövhələri istehsalı sexi ərazisində 2021-ci il sentyabr ayında işə salınmış, normal çalışmışdır. 2.2. Lakin zəmanət müddəti ərzində xx.xx.2021-ci il tarixində səhər saat 08:30-da heç bir əlavə yükləmə olmadan requlyatorda alışma baş vermişdir. Yanğınsöndürən balonlardan istifadə edilməklə, elektrik mütəxəssislərinin səyi nəticəsində alışma hadisəsinin qarşısı alınmışdır. Elektrik mütəxəssisləri hadisənin nədən qaynaqlandığını araşdırmış və requlyatorun elektrik sarğılarında keyfiyyətsiz izolyasiya materialından istifadə olunduğu və hadisənin qısa qapanmadan baş verdiyi aydın olmuşdur. Məsələ ilə bağlı elə həmin tarixdə cavabdehə yaranmış problemin aradan qaldırılması məqsədilə və zəmanət müddəti nəzərə alınaraq requlyatorun yenisi ilə dəyişdirilməsi üçün məktubla müraciət edilmişdir. Məktubla müraciət edilməsinə baxmayaraq, məsələyə cavabdeh tərəfindən soyuq yanaşılmış və uzun danışıqlardan və ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan sonra cavabdehin 2022-ci ilin mart ayında rəsmi məktubu daxil olmuşdur. Həmin rəsmi məktubda cavabdeh tərəfindən requlyatorun səlahiyyətli nümayəndə X2 təmir üçün təhvil verilməsi, requlyatorun xx.xx.2022-ci il tarixinə qədər təhvil veriləcəyi bildirilmişdir. Zədə görmüş requlyator xx.xx.2022-ci il tarixdə nümayəndə X2 təmir üçün təhvil verilmişdir. 2.3. Təmir edilərək xx.xx.2022-ci il tarixdə təhvil verilən requlyator xx.xx.2022-ci il tarixdə iddiaçının gipskarton lövhələri istehsal edən sexində sınaq vaxtı işə düşməmiş və istifadə üçün yararsız olduğu müəyyən edilmişdir. Bundan sonra yenidən nümayəndə Nəbi Nəbiyev tərəfindən detalları, hissələri cavabdeh tərəfindən göndərilərək Bakı şəhərində yığılan “Lega Servo mikroişləmcili Trifaze Regulator 1250 kVa input 300-450 VAC output 400 V” (buraxılış ili 2022-ci il) requlyator göndərilmişdir. Həmin requlyator iddiaçının zavod ərazisində nümayəndə Nəbi Nəbiyevin iştirakı ilə standartlara uyğun olaraq montaj edilmiş və xx.xx.2022-ci il tarixdə işləməsi üçün qoşulmuşdur. Lakin gipskarton sexi işə salınarkən gərginlik düşdüyü an həmin requlyator gərginliyi ani tənzimləyə bilmədiyi üçün elektrik idarəetmə sxemində gərginlik mühafizəsi iddiaçının panolarında giriş şalterlərini açmış, bu səbəbdən də iddiaçının mütəxəssisləri “Trifaze Regulator 1250 kVa input 300-450 VAC output 400 V” requlyatorun istismara qəbul edilə bilməyəcəyi qərarını almışlar. 2.4. Yuxarıda qeyd edilənlərə əsasən, təmir edilmiş “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor” requlyator istifadəyə yararsızdır. Detalları, hissələri cavabdeh tərəfindən göndərilərək Bakı şəhərində yığılan “Trifaze Regulator 1250 kVa input 300 450 VAC output 400 V” requlyator isə lazımi texniki və keyfiyyət göstəricilərinə cavab vermir, bu səbəbdən də istismara qəbul edilə bilməz. Müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli Əlavə №1-ə əsasən “X5 Voltage Regulator 1250 kVa input 300-450 VAC. output 415 V digital screen electron principle and with thyristor” requlyatoruna 3 il zəmanət verilmişdir. 2.5. Həmin requlyatorun alışı üçün iddiaçı tərəfindən bank hesaba ödənilmiş 17000 ABŞ doları məbləğində vəsaitinin geri qaytarılması barədə pretenziya məktubu cavabdehə ünvanlanmış, lakin heç bir tədbir cavabdeh tərəfindən görülməmişdir. Requlyatorun nasaz olmasına dair müstəqil mütəxəssisdən qüsur aktı alınmışdır. "xxxx" Müəssisəsinin qüsur aktından da göründüyü kimi, “Lega” markalı statik tənzimləyicinin üzərinə düşən yük səbəbindən deyil, özünün nasaz olduğu müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən yararsız, keyfiyyətsiz əşya verilmişdir. Həmin əşya özü nasazdır. Satılmış əşya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya deyildir. Bu hal aktlarla təsdiq edilmişdir. Faktiki olaraq cavabdehdən alınan əşya təyinatı üzrə istifadəyə yararsızdır. Cavabdeh əşyanı yenisi ilə əvəz etməyə çalışsa da, yeni əşyanın da yararsız olduğu aşkarlanmışdır. Cavabdehə mediasiya təklifi göndərilmiş, mediasiyanın aparılması üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin problem öz həllini tapmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 581, 582, 587-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-16/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, cavabdehin Azərbaycan Respublikasında nümayəndəliyi mövcuddur. Həmin nümayəndəliyin əməkdaşı sifariş verilən requlyatorun zavodda işləyə bilməsi ilə bağlı rəy vermişdir. Cavabdeh məktubunda requlyatorun işləməməsini 1 faiz elektrik enerjisi olduğu ilə əlaqələndirmişdir. Lakin belə olsa idi, requlyator 1-2 günə özünü qorumaya alardı.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, ilkin verilmiş requlyator (415 Vt) təmir edilərək geri qaytarılmış, lakin işləməmişdir. Bundan sonra 14 avqust 2022-ci il tarixdə 400 Vt requlyator quraşdırılmış, həmin cihazda da nasazlıq yaranmışdır.

8. Cavabdehə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1190/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı əsasında məhkəmə tapşırığı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə iddia ərizəsinin surəti, məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, iddia ərizəsinə etiraz olduğu təqdirdə, təqdim edilməsi xahiş edilmişdir. Həmin sənədlər Türkiyə Respublikası Ədliyyə Nazirliyi tərəfindən cavabdehin nümayəndəsinə rəsmi qaydada verilmişdir. Eyni zamanda məhkəmə bildirişləri tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilədə cavabdehin yazışmaların aparılması istənilən elektron poçtuna da göndərilmişdir. Lakin cavabdeh tərəf məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı

10. Məhkəmə əvvəla hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.

11. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur.

12. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

13. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir.

14. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Proqasiya sazişi adlanan bu razılıq ayrıca saziş şəklində və ya ümumi müqavilənin bir bəndi kimi tərtib edilə bilər.

15. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4 - 2.5-ci və 2.8-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... . Nəzərə alınmalıdır ki, MPM-in 450-ci maddəsində müəyyən edilmiş qaydada xarici elementli kommersiya mübahisələri üzrə Azərbaycan Respublikasının məhkəməsi beynəlxalq səlahiyyətə malik olmasa belə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin belə səlahiyyətə malik olmasını müəyyən edə (proroqasiya sazişi) və ya konkret mübahisə üzrə xarici dövlətin məhkəməsinin (deroqasiya sazişi) beynəlxalq səlahiyyətli olması barədə razılığa gələ bilərlər (müqavilə aidiyyəti).

16. Hər iki tərəfin hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilənin şərtlərindən (8-ci hissə) görünür ki, “Müqavilə”yə əsasən yaranan iddialar, iddianın yarandığı gündən etibarən 30 (otuz) iş günü ərzində qarşı Tərəfə təqdim olunmalıdır. İddianın təqdim olunma tarixi məktubu qəbul etmiş poçt təşkilatının vurduğu ştempelin tarixi sayılır. İddianı almış Tərəf onu aldığı tarixdən 15 (on beş) təqvim günü müddətində müzakirə etməli və mahiyyəti üzrə (onu tam ya qismən qəbul etmək, yaxud tam ya qismən rədd etmək) cavablandırmalıdır. Müqavilədən irəli gələn, və ya onunla əlaqədar meydana çıxan mübahisələr danışıqlar yolu (və ya iddia) irəli sürülməklə tənzimlənmədiyi halda, həmin mübahisəyə iddiaçının olduğu yerin məhkəməsində həmin ölkənin qanunvericiliyinə uyğun olaraq baxılmalıdır.

17. Göründüyü kimi, tərəflər aralarında bağlanmış saziş ilə müqavilədən irəli gələn mübahisənin həllində Bakı Kommersiya Məhkəməsinin beynəlxalq səlahiyyətini – yurisdiksiyasını tanımışlar.

18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilədən irəli gələn hazırkı mübahisəyə baxmaqda prosessual baxımdan səlahiyyətlidir.

19. Məhkəmə hazırkı mübahisənin həllində tətbiq ediləcək hüquq normalarının seçilməsi ilə bağlı qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir (1.2.). Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir (1.3).

20. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.9-cu bəndinə əsasən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.3-cü maddəsinin tələbi baxımından tərəflər tətbiq olunmalı hüququ yalnız müqavilənin imzalandığı vaxt deyil, sonra da seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.

21. Göründüyü kimi, xarici şəxslərin iştirakı ilə olan mübahisələrin düzgün həlli üçün hansı ölkənin hüquq normalarının tətbiqi məsələsi tərəflərin aydın ifadə edilən və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından irəli gələn razılığı əsasında müəyyənləşdirilməlidir.

22. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilədə iddiaların iddiaçının olduğu ölkənin qanunvericiliyi əsasında baxılması aydın formada ifadə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməlidir.

23. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.

b) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

24. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

25. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

26. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (alıcı qismində) ilə cavabdeh (satıcı qismində) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilənin şərtlərindən görünür ki, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədə və ya Hesab-fakturada qeyd olunan məhsulları satır, Alıcı isə sifariş verilən məhsulların dəyərini razılaşdırılmış hesab-faktura və ya müqavilə Əlavəsi əsasında ödəməyi öhdəsinə götürür (1.1). Alınacaq məhsulun adı, miqdarı, dəyəri bu müqaviləyə olunan Əlavələr və ya Hesab-faktura əsasında müəyyənləşir (1.2). Sifariş olunan məhsulların siyahısı Alıcı tərəfindən yazılı şəkildə təqdim olunur. Tərəflər razılaşdırır ki, hər sifariş üzrə məhsulların növləri, kodları, miqdarı, habelə çatdırılma və ödəniş şərtləri Əlavə Razılaşdırmada öz əksini tapmalıdır (2.1). Satıcı öncədən razılaşdırılmış beynəlxalq standartlar üzrə nəzərdə tutulmuş keyfiyyətdə məhsulu hazırlayıb və ya təmin edib, keyfiyyətinin tam uyğunluğuna cavabdehlik daşıyır. Məhsul yüklənməzdan öncə X6 Pasportunu göndərməlidir (2.4). Alıcı məhsulu aldıqdan sonra məhsulun keyfiyyətini və Texniki Pasportuna uyğunluğunu yoxlayaraq təsdiqləyir. Keyfiyyətdə olan uyğunsuzluq zamanı Alıcı Satıcı tərəfini məhsulları aldığı tarixdən etibarən 30 təqvim günü ərzində yazılı şəkildə məlumatlandırmalıdır (2.7). Satıcı tərəfi qeyd olunan iradları nəzərə almaqla problemlə bağlı 10 (on) təqvim günü ərzində lazımi keyfiyyətə və spesifikasiyaya uyğun məhsulu yenisi ilə dəyişdirməli və ya Alıcıya dəyən zərəri 10 təqvim günü ərzində ödəməlidir (2.8). Malın lazımi keyfiyyətə və spesifikasiyaya malik yeni məhsulla əvəzlənməsi Satıcı tərəfindən öz hesabına həyata keçirilməlidir (2.9). Sifarişin təsdiqindən sonra Satıcı malları hazırlayır və göndərişə hazır edir (3.1). Alıcı və Satıcı tərəfindən öncədən razılaşdırılmış və hesab-fakturada və ya Əlavələrdə qeyd olunmuş şərtlər əsasında malın çatdırılması həyata keçirilir (3.2). Alıcı ödənişi öz hesabı vasitəsilə həyata keçirməkdən başqa 3-cü tərəfin hesabından da həyata keçirə bilər. Yalnız bu halda, hesab-fakturada və ya Müqavilə əlavəsində öncədən bu məqam qeyd olunmalıdır (3.3). Satıcının hesabına köçürmələr zamanı Satıcı tərəfində meydana gələn bank xərcləri Satıcıya. Alıcı tərəfinin xərcləri isə Alıcıya aiddir (3.4). Bütün sənədlər və məlumatlar faks və ya e-mail ilə Satıcının “Elektron ünvan 1” e-mail ünvanından Alıcının “mailto:CQanizada@matanata.azElektron ünvan 2” e-mail ünvanına mal göndərilməzdən, yəni rəsmi ixrac prosedurları başlamazdan əvvəl kontrol üçün Alıcıya göndərilməlidir. Prosedurlar zamanı Alıcı bütün nəqliyyat və gömrük sənədlərini yoxlayır və təsdiqləyir. Yalnız Alıcının təsdiqindən sonra Satıcı təsdiq edilmiş sənədlərə uyğun olaraq mal göndərə bilər (4.4).

27. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavədən görünür ki, Satıcı Əlavədə qeyd olunan məhsulları satır, Alıcı isə sifariş verilən məhsulların dəyərini razılaşdırılmış hesab-faktura və aşağıda qeyd olunan şərtlər əsasında ödəməyi öhdəsinə götürür: “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor”. Cəmi məbləğ: 17 000,00 USD; ödəniş şərtləri: 30% avans; 50% mal təslimində yükləmə sənədləri və ixracat bəyannaməsi qarşılığında, 20% mal alıcı tərəfindən təslim alındıqdan sonra 10 gün ərzində; çatdırılma şərti: FCA İstanbul (Türkiyə); təhvil müddəti: avans ödəməni aldıqdan 2 həftə ərzində; zəmanət: 3 il.

28. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 02 nömrli əlavə olan texniki spesifikasiyadan görünür ki, “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor” malının ümumi xüsusiyyətləri razılaşdırılmışdır.

29. Məhkəməyə təqdim edilən ödəniş sənədlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 5100 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 3400 ABŞ dolları və 8500 ABŞ dolları olmaqla ümumilikdə 17000 ABŞ dolları iddiaçı tərəfindən cavabdehin bank hesabına köçürülmüşdür.

30. İş materiallarında olan gömrük sənədlərindən görünür ki, “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor” requlyator invoys sənədi ilə Türkiyə Respublikasından göndərilmiş, gömrük bəyannaməsi təqdim edilərək Azərbaycan Respublikasına daxil edilmişdir.

31. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində sex işləmiş, “Lega” stabilizator normal çalışmış, sex tam gücü ilə işləyərkən gərginlik stabil saxlanılmış, texniki parametrlərə heç bir irad yoxdur.

32. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor” markalı, STK 3x3 model, 08.2021.6445 seriyalı, buraxılış ili 2021-ci il stabilizatorda heç bir əlavə yük olmadan xx.xx.2021-ci il tarixdə saat 08.30-da alışma baş vermişdir. Aktda alışmanın səbəbi kimi stabilizatorun elektrik sarğılarında keyfiyyətsiz izolyasiya materialının istifadə olunduğundan qısa qapanma və alovlanma baş verdiyi göstərilmişdir.

33. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 30/21 saylı alqı-satqı müqaviləsinə əsasən alınmış 1 ədəd “Regulator”/Stabilizator yararsız olduğu üçün Alıcı tərəfindən Satıcı tərəfə geri qaytarılır. Qaytarılan məhsul: “LeGa 33 Statik Regulator/Stabilizator”; adı: “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor”; Seri No. 08.2021.6445. Təhvil-təslim prosesində Satıcı “Cavabdeh” tərəfindən X3 iştirak etmişdir.

34. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “X4 Sanayi və Ticaret Limited” Şirkəti tərəfindən təmir edilmiş və xx.xx.2022-ci ildə İddiaçı MMC-yə təhvil verilmiş “X5 Voltage Regulator, 1250 kVa, input 300-450 VAC, output 415 V, digital screen elektron principle and with thyristor” markalı stabilizator sınaq vaxtı işə düşməmiş və istifadə üçün yararsızdır.

35. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “X4 Sanayi və Ticaret Limited” Şirkəti tərəfindən istehsal olunmuş “Lega Servo mikroişləmcili Trifaze Regulator” (1250 kVa input 300-450 VAC, output 400 V, buraxılış ili 2022-ci il) stabilizator istehsalçı şirkətin nümayəndəsinin iştirakı ilə standartlara uyğun formada zavod ərazisində montaj edilmiş, xx.xx.2022-ci il tarixdə sex işə salınan zaman gərginlik düşdüyü an requlyator gərginliyi ani tənzimləyə bilmədiyi üçün elektrik idarəetmə sistemində gərginlik mühafizəsi MCC panolarında giriş şalterlərini işdən açmışdır. Qeyd edilən səbəbdən 1250 kVa Servo mikroişləmcili Trifaze requlyator Gipskarton lövhələri istehsalat sahəsində istismara qəbul edilə bilməz.

36. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavədə və ya hesab-fakturada qeyd olunan məhsulları satmağı, cavabdeh isə sifariş verilən məhsulların dəyərini razılaşdırılmış hesab-faktura və ya müqavilə əlavəsi əsasında ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 01 və 02 nömrəli əlavə ilə “X5 Voltage Regulator, 1250 kVa, input 300 450 VAC, output 415 V, digital screen electron principle and with thyristor” requlyator və onun texniki spesifikasiyası razılaşdırılmış, requlyatorun dəyəri olan 17000 ABŞ dolları məbləğində pul xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində cavabdehə ödənilmiş, requlyator xx.xx.2021-ci il tarixdə iddiaçıya təhvil verilərək quraşdırılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə requlyatorda alışma baş vermiş, xx.xx.2022-ci il tarixdə həmin requlyator cavabdehə qaytarılmış, xx.xx.2022-ci il tarixdə adıçəkilən requlyator cavabdeh tərəfindən təmir edilərək sınaq qaydasında işə salınmış, istifadə üçün yararsızlığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə “Lega Servo mikroişləmcili Trifaze Regulator” (1250 kVa input 300-450 VAC, output 400 V, buraxılış ili 2022-ci il) stabilizator istehsalçı şirkətin nümayəndəsinin iştirakı ilə standartlara uyğun formada zavod ərazisində montaj edilmiş, xx.xx.2022-ci il tarixdə sex işə salınan zaman gərginlik düşdüyü an requlyator gərginliyi ani tənzimləyə bilmədiyi üçün elektrik idarəetmə sistemində gərginlik mühafizəsi MCC panolarında giriş şalterlərini işdən açmışdır.

37. İddiaçı xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilə üzrə əşyanın yararsız olduğunu, bu səbəbdən də əşyanın dəyərinin qaytarılmasını tələb edir.

38. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

39. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

41. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

42. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

43. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

44. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

45. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

46. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

47. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

48. Göstərilməlidir ki, Mülki Məcəllənin 587-ci maddəsində lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri təsbit edilmişdir.

49. Belə ki, həmin maddəyə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin (587.1): alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə (587.2): alqısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir (587.5).

50. Mülki Məcəllənin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

51. Mülki Məcəllənin qeyd edilən normalarını müqayisəli təhlil etdikdə aydın olur ki, əşyanın keyfiyyəti ilə bağlı tələblər pozulduqda, əvvəla, alıcı tərəfindən satıcıya bu barədə bildiriş verilməlidir. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

52. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilədə satıcı ilə yazışmaların aparılması istənilən “Elektron ünvan 1” elektron poçtu ilə aparılan danışıqlarda iddiaçının cavabdehin rəsmi elektron poçtuna qüsur barədə dəfələrlə məlumat verdiyi, 02 fevral 2023-cü il tarixdə cavabdehin yekun mövqeyinin nasazlığın iddiaçıdan qaynaqlandığı olduğu görünür. Həmçinin iddiaçı tərəfindən tərtib edilmiş aktlarda xx.xx.2021-ci il tarixli 30/21 nömrəli müqavilə ilə razılaşdırılan requlyatorun əvvəlcə təmir etdirildiyi, daha sonra başqa requlyatorun verildiyi və hər iki requlyatorun yararsız olduğu görünür.

53. Halbuki xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavədən requlyatora 3 il zəmanət verildiyi aydın olur.

54. Mülki Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

55. Həmin Məcəllənin 582.1 – 582.2-ci maddələrinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.

56. Həmin Məcəllənin 588-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

57. Göründüyü kimi, satıcı alqı-satqı müqaviləsinə uyğun gələn keyfiyyətdə əşyanı alıcıya verməlidir. Həmçinin satıcı əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan qüsurları üçün təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Bu mənada qüsurun yaranma anı mühüm əhəmiyyət kəsb edir. Belə ki, ümumi qaydaya görə, alıcı qüsurun satcının təqsirindən yarandığını sübut etməli olmasa da, qüsurun əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübut etməlidir. Lakin əşya üçün keyfiyyət qarantiyası verildiyi halda qanunverici sübutetmə qaydasını dəyişərək, satıcının qüsurlar üçün cavabdehliyini prezumpsiya edir, əksinin – əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyinin sübut edilməsi vəzifəsi satıcının üzərinə düşür.

58. Hazırkı işin hallarından da aydın olur ki, satıcı tərəfindən əşya üçün 3 illik zəmanət verilmiş, qüsurlar məhz əşya – requlyator üçün nəzərdə tutulmuş 3 illik zəmanət müddətində yaranmışdır. Belə olan halda, həmin qüsurlar üçün cavabdehliyi satıcının daşıdığı prezumpsiya edilir, əksinin sübut edilməsi ondan gözlənilir. Lakin cavabdeh qüsurlar üçün cavabdehlik daşımaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

59. Əksinə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il e-2-2(113)-59/2024 nömrəli qərardadı ilə təyin edilmiş kompleks məhkəmə mühəndis texniki və məhkəməiqtisad ekspertizalarının xx.xx.2024-cü il tarixli 10/5422 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən təsdiq edilmiş AN - 1276 nömrəli xx.xx.2021-ci il tarixli aktda göstərilənləri, İddiaçı MMC-nin baş energetiki R.Əliyevin regulatora aid texniki pasportun birinci və ikinci səhifələrində imzası ilə xx.xx.2021-ci il tarixdə təsdiq etdiyi qeydləri, eləcə də tənzimləyicinin istehsalat sexi ərazisində 2021-ci ilin sentyabr ayında işə salınaraq noyabr ayına qədər normal istismar edildiyini nəzərə aldıqda, İddiaçı MMC (alıcı) ilə “X4 Sanayi və Ticaret Limited” Şirkəti (satıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə verilmiş ilkin (xx.xx.2021-ci ilə qədər istismar olunmuş və yanğın baş vermiş) requlyator pasport göstəricilərinə görə müqavilə şərtlərinə uyğun olmuşdur. Lakin baxış zamanı təqdim edilmiş elektrik tənzimləyicisinin üzərində texniki parametrləri əks etdirən məlumat lövhəsi olmadığına və hazırda şəbəkəyə qoşulu olmadığına (istismar edilmədiyinə) görə təmirdən sonra zavoda verilmiş sonuncu tənzimləyicinin müqavilə şərtlərinə və keyfiyyət göstəricilərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixdə imzalanmış aktdan göründüyü kimi, “X5 Voltage Regulator 1250 kVa, input 300-450 v, output 400v digital screen elektron principle and with thyristor” markalı, STR 3x3 model stabilizator “LEQA” şirkətinin nümayəndəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə zavod ərazisində quraşdırılmış, “X4 Sanayi və Ticaret Limited” Şirkətinin Türkiyə Respublikasından gəlmiş nümayəndəsi Barış Ertenin iştirakı ilə xx.xx.2023-cü il tarixdə işə salınmış, xx.xx.2023-cü il tarixdə karton lövhələr istehsal edən sex işə qoşulduqda stabilizator gərginliyi stabil saxlaya bilməmiş, çıxış gərginliyi 400 V əvəzinə 378V-a düşmüş və istehsal dayanmışdır. Ona görə də həmin stabilizator istismara qəbul edilməmişdir. Baxış zamanı təqdim edilmiş tənzimləyicisi elektrik şəbəkəsinə və istehsalat avadanlıqlarına qoşulu olmadığına görə həmin elektrik tənzimləyicisinin (requlyatorun) istifadəyə yararlı olub-olmamasını və hansı qüsurların mövcud olduğunu müəyyən etmək mümkün olmamışdır. İlkin quraşdırılmış tənzimləyicidə baş vermiş qəza halının (yanğının), iş materiallarında olan aktlara əsasən, tənzimləyicinin dolaqlarında olan texniki uyğunsuzluqlarla bağlı olduğunu nəzərə aldıqda, həmin qəza tənzimləyicinin istehsalı prosesində yol verilmiş texnoloji (izolyasiyanın, dolaqların sayı, sarğıların diametri, materialın keyfiyyəti və s.) qüsurlarla bağlı olması istisna edilmir. Hazırda zavodda olan tənzimləyicinin sınaq yoxlamaları zamanı (28 - xx.xx.2023-cü il tarixdə) istehsalat üçün zəruri olan stabil 400 V çıxış gərginliyi saxlamadığını, gərginliyin 378V-a düşdüyünü və bu göstərici avadanlığın mühafizə həddindən aşağı olduğu üçün qəza dayanmalarının baş verdiyini nəzərə aldıqda hazırkı tənzimləyicinin texniki pametrlərinin istehsalat prosesi üçün nəzərdə tutulmuş tələblərə və müqavilə şərtlərinə cavab vermədiyi müəyyən edilir.

60. Məhkəməyə təqdim edilən "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı MMC-nin balansında olan və Salyan şosesi 24-cü kilometr ünvanında yerləşən Gips lövhələri istehsalı zavodunda istifadə edilən 2 ədəd elektrik tənzimləyicisinə xx.xx.2022-ci il tarixində baxış keçirilmişdir. Baxış zamanı 1250 kVa gücündə olan “LEGA” markalı statik tənzimləyicinin nasaz olduğu məlum olmuşdur. Vizual baxış zamanı tənzimləyicinin üzərinə düşən yük səbəbindən sıradan çıxmadığı məlum olmuşdur. Sözügedən tənzimləyicidə yaranmış nasazlıqdan sonra əvəzində zavodun elektrik yükünə uyğun 1000 kVa gücündə servo idarəetməli tənzimləyici dövrəyə qoşulub və hazırda işində hər hansı problem aşkarlanmayıb. Lakin bu tənzimləyici servo idarəetməli olduğu üçün işlədicilərin bir hissəsini çalışdırmır.Bu şəbədən zavodun işlədicilərinin normal işləməsi üçün nasaz olan tənzimləyicinin təmir edilməsi və ya yeni statik idarəetməli tənzimləyici ilə əvəz edilməsi mütləqdir.

61. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfindən keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya vermək vəzifəsi yerinə yetirilməmiş, nəticədə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşdur və iddiaçı (alıcı) öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etmək və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququna malikdir.

62. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə təmin olunmalı, İddiaçı MMC ilə “Cavabdeh” arasında bağlanmış 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 17000 ABŞ dolları dolları məbləğində pul cavabdeh “Cavabdeh”ndən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

63. İddiaçı eyni zamanda ödənilmiş 210 manat mediasiya xərcinin, 100 manat mütəxəssisə rəyinin verilməsi üçün haqqın cavabdehdən tutulmasını tələb edir.

64. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MŞB/2-01875 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat mediasiya xərci ödəmişdir.

65. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

66. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2022-ci ilin noyabr-dekabr ayı) və mediasiya sessiyası keçirilərkən (xx.xx.2022-ci il) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

67. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2024-cü il tarixli 10/5422 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 102 manat təşkil edir.

68. Məhkəməyə təqdim edilən ödəniş tapşırığından görünür ki, 100 manat məbləğində pul mütəxəssis rəyinin verilməsi üçün "xxxx" Müəssisəsinə ödənilmişdir.

69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

70. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

71. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Beləliklə, iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat, mütəxəssisə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul cavabdeh “Cavabdeh”ndən tutularaq İddiaçı MMC-yə, ekspertiza xərci olaraq 102 manat məbləğində pul cavabdeh “Cavabdeh”ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

73. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə “Cavabdeh” arasında bağlanmış 16 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 17000 ABŞ dolları dolları və mütəxəssisə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul cavabdeh “Cavabdeh”ndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 210 manat cavabdeh “Cavabdeh”ndən tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 102 manat məbləğində pul cavabdeh “Cavabdeh”ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar