Məhkəmə qərarları › İş №e-2-2(113)-160/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-160/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-160/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “X3 X1 X2 ” Şirkətinə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “X3 X1 X2 ” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 13189 (on üç min yüz səksən doqquz) manat və gecikmə tarixlərinə görə 9627 (doqquz min altı yüz iyirmi yeddi) manat olmaqla, cəmi 22816 (iyirmi iki min səkkiz yüz on altı) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə cavabdeh “X3 X1 ” Şirkəti (Alıcı) arasında 26.08.16-cı il tarixdə 41/2016 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda “X3 X1 ” Şirkətinə mal satmışdır. “X3 X1 ” Şirkəti aldığı malların dəyəri olan 13189 (on üç min yüz səksən doqquz) manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmışdir ki, alıcı aldığı malın dəyərini 30 gün müddətində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə, gecikən hər gün üçün qalan məbləğin 0,1% məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəməsi barədə müraciət etsələr də, cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 13189 (on üç min yüz səksən doqquz) manat və gecikmə tarixlərinə görə (hər gün üçün hesablanmaqla) cəmi 9627 manat, ümumilikdə borcu isə 22816 manat təşkil edir. Gecikmə faizi olaraq borc xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil verdiyi izahatında iddia tələbini qismən, yəni əsas borca münasibətdə qəbul etdi, hesablanmış cərimə məbləğini isə qəbul etməyərək, iddia tələbinin cərimənin ödənilməsi hissəsində təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində «X3 X1 ” Şirkəti arasında bağlanmış 26.08.16-cı il tarixli, 41/2016 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı malları alıcıya verməyi, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 6.1-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən satılan malın hər bir vahidini və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti razılaşdırma protokolu ilə müəyyən edilir. Malların qiymətinin sonradan azaldılması və ya artması yenidən hesablaşmaya səbəb olur. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. Həmin müqavilənin 8.2-cü bəndinə əsasən alıcı ödəməni vaxtında yerinə yetirməzsə, gecikən hər gün üçün qalan məbləğin 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252159 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252268 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252272 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252295 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252299 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252330 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252336 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252381 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252402 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252408 nömrəli, xx.xx.2016-ci il tarixli, Gİİ seriyalı, 252479 nömrəli qaimə fakturalarla müəyyən edilir ki, İddiaçı MMC tərəfindən «X3 X1 ” Şirkətinə 16564,25 manat dəyərində mal təhvil verilmişdir. 2017-ci ilə aid elektron qaimələrlə müəyyən olunur ki, cavabdehin iddiaçıya tələb olunan məbləğdə borcu mövcuddur. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2019-cu il tarixli, SK/39M/2019 nömrəli məktubdan görünür ki, pretenziya qaydasında xəbərdarlıqla «X3 X1 ” Şirkətinə müraciət edilərək 13189 manat borcun ödənilməsi xahiş edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh «X3 X1 ” Şirkəti arasında 26.08.16-cı il tarixdə 41/2016 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 13189 manat təşkil edir. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimələrlə təsdiq olunmuşdur. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini 13189 manat borc hissəsində qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən borca görə 13189 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində 13189 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 9627 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, tutulması tələb olunan dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «X3 X1 ” Şirkətindən 13189 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13689 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 18 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 12 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «X3 X1 ” Şirkətindən 13189 (on üç min yüz səksən doqquz) manat məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 18 manat olmaqla, cəmi 13707 (on üç min yeddi yüz yeddi) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 12 (on iki) manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar