Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-160/2021 08.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti ("İddiaçı” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 63793 manat əsas borc məbləği, borcun vaxtında ödənilmədiyinə görə xx.xx.2017-ci il tarixli müqavilə üzrə hesablanmış 193952 manat məbləğində dəbbə pulu, bank uçot faiz dərəcəsi kimi hesablanmış 4720 manat məbləğində pul, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3189 manat, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat, hüquqi xidmətə görə ödənilmiş 1500 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat olmaqla, cəmi 367185 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli subagent müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən agent mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən subagent hər təqvim ayının 01,11,21-i üzrə aviadaşımaların satışından əldə olunan bütün məbləği bir qayda olaraq agentə ödəməlidir. Göstərilən tarixlər istirahət gününə, yaxud iş günü hesab olunmayan günə düşərsə, ödəniş həmin gündən əvvəlki iş günündə aparılmalıdır. Qeyd olunan müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş, sərnişin daşımaları satışı üzrə hüquqlar Cavabdeh MMC-yə verilmiş, Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən 63793 manat məbləğində avidaşımalar üzrə satış həyata keçirilmişdir. Lakin Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, müqavilə üzrə yaranmış 63793 manat məbləğində borcu İddiaçı MMCyə ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2017-ci il tarixli subagent müqaviləsi üzrə 63793 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdehə xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə müraciət edərək müqavilə üzrə yaranmış 63793 manat məbləğində borcun ödənilməsi xahiş olunsa da, cavabdeh tərəfindən hər hansı ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 68355 manat əsas borc məbləği, borcun vaxtında ödənilmədiyinə görə xx.xx.2017-ci il tarixli müqavilə üzrə hesablanmış 300078 manat məbləğində dəbbə pulu, bank uçot faiz dərəcəsi kimi hesablanmış 4956 manat, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3418 manat, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat, hüquqi xidmətə görə ödənilmiş 1500 manat, dövlət rüsumuna görə ödənilmiş 31 manat olmaqla, cəmi 478338 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, aşağıdakı səbəblərə görə iddia tələbinin artırılması zəruriyyəti yaranmışdır. Məhkəməyə təqdim edilmiş üzləşmə aktlarında göstərilmiş aviabiletlərin məbləğləri mühasibat sənədləri və digər sənədlər əsasında dəqiq hesablanmışdır. Həmin sənədlərin hamısı və həmin sənədlərdən əlavə digər mühasibat sənədləri də eyni zamanda cinayət işinin araşdırılması üçün cinayət işini aparan orqana təqdim edilmişdir. Təqdim olunan sənədlərdən bir hissəsinin əlavə nüsxəsi bizdə qalmadığı üçün məhkəməyə təqdim edilmiş üzləşmə aktlarında həmin mühasibat sənədlərindən istifadə olunmadan cavabdehin iddiaçıya olan borcu hesablanmışdır. Qeyd olunan üzləşmə aktlarına əsasən cavabdehin iddiaçıya olan borcu 63793 manat məbləğində hesablanmışdır. Lakin tərəflər arasında olan mühasibat sənədlərinə əsasən müqavilə üzrə yaranmış borc daha çoxdur. Bu hala dair sübutu bir neçə gün əvvəl əldə etdiyimiz üçün iddia tələbinin artırılması ərizəsini məhkəməyə təqdim etmək imkanları yaranıb. Belə ki, X1 AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə otel və aviabiletlərə görə ödənilmiş külli miqdarda pul vəsaitinin həmin MMC-nin xəzinəsinə mədaxil edilməməsi əsasına görə Cavabdeh MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin cinayət işi üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, X2 Cavabdeh MMC-də işlədiyi müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinə qədər “İddiaçı" MMC-dən 68355,19 manat dəyərində aviabiletlər sifariş vermişdir. Həmin avia-biletlər təqsirləndirilən şəxs X2 tərəfindən tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli subagent müqaviləsi əsasında sifariş olunmuş, biletlərin pulları vətəndaşlar tərəfindən Nərgizə ödənilmiş, lakin Nərgiz həmin pulları Cavabdeh MMC-nin xəzinəsinə daxil etmədiyi üçün barəsində cinayət işi açılmış və Cavabdeh MMC də həmin pul məbləğini, yəni 68355,19 manat məbləğində pulu İddiaçı MMC-yə ödəyə bilməmişdir. Qeyd olunan bu halları Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli ********* N-li məktubu təsdiq edir və cavabdehin iddiaçı qarşısında müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi aşkardır. Qeyd olunan bu məktubla cavabdehin nümayəndəsi və vəkilinin həmin cinayət işi üzrə Cavabdeh MMC digər əsaslara görə zərərçəkmiş kimi tanınıb, İddiaçı MMC-nin hazırkı işə heç bir aidiyyatı yoxdur, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-dən heç bir avia-bilet sifariş olunmayıb” tipli izahatlarının əsassız mülahizə olduğu və yalnız özünümüdafiə məqsədi daşıdığına dair arqumentlər olduğu təsdiq olunur. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında izahat verərək bildirmişdir ki, emailə göndərilən avia-biletlər üzrə uçuşların həyata keçirilib-keçirilməməsi qeyrimüəyyəndir, həmin biletlər sifariş olunubsa, belə biletlərdən imtina edilə bilər və bu halda biletlərə görə hər hansı bir borc mövcud deyil. Cavabdehin bu arqumentini təkzib etmək üçün “xxxx” QSC-yə sorğu ünvanlanmış və “xxxx” QSC tərəfindən sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktub təqdim edilmişdir. Həmin məktubda qeyd olunur ki, üzləşmə aktında qeyd olunan avia-biletlər üzrə (həmin avia-biletlər Cavabdeh MMC-yə satılmışdır) İddiaçıxxxx" QSC-yə 15 681.73 manat məbləğində ödəniş olunmuşdur. Avia-biletlər üzrə uçuşlar həyata keçirilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən verilən sorğulara cavab olaraq Aeroflot və X4 tərəfindən verilmiş cavab məktublarında üzləşmə aktında qeyd olunan avia-biletlər üzrə (həmin avia-biletlər “Cavabdeh" MMC-yə satılmışdır) uçuşların həyata keçirildiyi qeyd olunur. Qaytarılan avia-biletlərin isə üzləşmə aktında yalnız cərimə məbləği qeyd olunmaqla ümumi avia-biletin dəyəri qeyd olunmayıb. Göründüyü kimi cavabdehin “bizim e-mailə göndərilən biletlər üzrə uçuşların həyata keçib-keçməməsi də qeyri-müəyyəndir” tipli arqumentlərinin əsassız olması da öz təsdiqini tapdı. Ona görə də qeyd olunan hallara əsasən tərəflər arasında borc məbləğinin 63793 manat deyil, 68355,19 manat olduğunu nəzərə alaraq cavabdehdən tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli subagent müqaviləsi üzrə 68355 manat məbləğində borcun tutulmalıdır. Bundan əlavə, əsas borcun məbləğində dəyişiklik edildiyi üçün əlavə hesablanmış pul məbləğlərində də aşağıdakı dəyişikliklər edilir. Öhdəlik münasibətlərinin yaranmasına əsas olmuş xx.xx.2017-ci il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən qeyd olunan müddət ərzində məbləğ tam ödənilmədiyi halda, subagent ödənişi gecikdirdiyi hər bir gün üçün, qabaqcadan razılaşdırılmış tarixin növbəti günündən etibarən ödəniş məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 63793 manat məbləğində borcu vaxtında ödəməməklə dəbbə pulunun ödənilməsi öhdəliyi də yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər müqavilə üzrə ödənilməli olan 68355 manat məbləğində ödənişi 439 gün gecikdirmişdir. Ona görə də hesab edirik ki, 300078 manat məbləğində dəbbə pulu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Müqavilə üzrə yaranmış əsas borc ödənilmədiyi üçün cavabdehdən bank faizinin uçot dərəcəsi də tutularaq əldən çıxmış fayda kimi iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi orta məbləğ olaraq 7.25 % kimi hesablanmışdır. Ona görə də uçot faiz dərəcəsi olaraq hesablanmış 4956 manat (68355x7.25%) məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixli subagent müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1ci bəndinə əsasən agent mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən subagent hər təqvim ayının 01.11.21-i üzrə aviadaşımaların satışından əldə olunan bütün məbləği bir qayda olaraq, agentə ödəməlidir. Göstərilən tarixlər istirahət gününə, yaxud iş günü hesab olunmayan günə düşərsə, ödəniş həmin gündən əvvəlki iş günündə aparılmalıdır. Lakin idddiaçı iddia edir ki, qeyd olunan müqavilə üzrə İddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilmiş, sərnişin daşımaları satışı üzrə hüquqlar Cavabdeh MMC-yə verilmiş, guya Cavabdeh MMC-nin sifarişi əsasında İddiaçı MMC tərəfindən 63793 manat məbləğində avidaşımalar üzrə satış həyata keçirilmişdir. Guya Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, müqavilə üzrə yaranmış 63793 manat məbləğində borcu "İddiaçı” MMC-yə ödəməmişdir. Beləliklə, guya Cavabdeh MMC-nin "İddiaçı” MMC-yə xx.xx.2017-ci il tarixli subagent müqaviləsi 63793 manat məbləğində əsas borcu yaranmışdır. İddiaçı iddia edir ki, öhdəlik münasibətlərinin yaranmasına əsas olmuş xx.xx.2017-ci il tarixli müqavilənin 6.2-ci bəndinə əsasən qeyd olunan müddət ərzində məbləğ tam ödənilmədiyi halda, subagent ödənişi gerikdirdiyi hər bir gün üçün, qabaqcadan razılaşdırılmış tarixin növbəti günündən etibarən ödəniş məbləğinin 1 faizi miqdarında dəbbə pulu ödəməlidir. Guya cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış 63793 manat məbləğində borcu vaxtında ödəməməklə dəbbə pulunun ödənilməsi öhdəliyi də yaranmışdır və cavabdeh xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər müqavilə üzrə ödənilməli olan 63793 manat məbləğində ödənişi 304 gün gecikdirmişdir. İddiaçı hesab edir ki, 193952 manat məbləğində dəbbə pulu da cavabdehdən tutulub ona ödənilməlidir. İddiaçı eyni zamanda iddia etmişdir ki, 63793 manat üçün illik 5%, yəni 3189 manat (63793x5%) məbləğində pul vəsaiti də iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Ona görə də uçot faiz dərəcəsi olaraq hesablanmış 4720 manat (63793x7.4%) məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia etmişdir ki, guya cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iddiaçının digər şəxslər qarşısında qarşısında öz öhdəliyini yerinə yetirməməsinə əsas olmuş, bunun nəticəsi olaraq iddiaçı işgüzar münasibətlərdə olduğu hüquqi şəxslər qarşısında, o cümlədən “X5” MMC və “xxxx” ASC qarşısında nüfuzdan düşmüş, işgüzar nüfuzuna ziyan dəymişdir. Buna görə də guya iddiaçıya 100000 manat mənəvi ziyan dəymişdir. İddiaçı eyni zamanda hüquqi yardım üçün ödədiyi 1500 manat və dövlət rüsumu üçün ödədiyi 31 manatı cavabdehdən tələb edir. Lakin qeyd etmək lazımdır ki, iddiaçının irəli sürdükləri bütün iddialar əsassız və qanunsuzdur. Belə ki, müqaviləyə uyğun olaraq subagent kimi Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirmiş və buna görə də iddiaçıya heç bir maddi və mənəvi zərər vurulmamışdır. Eyni zamanda tərəflər arasında imzalanan xx xxxx 2017-ci il tarixli subagent müqaviləsinə 56 nömrəli əlavəyə görə on günlük satış limiti 2000 AZN təşkil edir. Göründüyü kimi, cavabdeh öz öhdəliklərini vaxtında yerinə yetirmiş və iddiaçıya heç bir maddi və mənəvi ziyan vurmamış və bu, öz əksini əsaslı sübutlarla tapmamışdır. Eyni zamanda müqavilənin 12-ci bəndinə əsasən müqavilə xx xxxx 2019-cu ilə qədər qüvvədir və iddiaçının tələbləri isə bu müqavilənin qüvvədən düşmə tarixindən sonrakı edilən hərəkətlərlə bağlıdır. İddiaçı və cavabdeh arasındakı xx.xx.2019-xx.xx.2019 tarixləri, xx.xx.2019-xx.xx.2019 tarixləri və xx.xx.2010xx.xx.2019 tarixləri arasındakı vaxtlarda satılmış aviadaşımalarla bağlı tərtib edilmiş üzləşdirmə aktları ilə Cavabdeh MMC tanış olmamış və həmin aktları Cavabdeh MMC imzalamamışdır. Bütün bu qeyd edilənlər deməyə imkan verir ki, cavabdeh öz öhdəliklərini yerinə yetirmişdir və iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçının nümayəndəsi etiraza dair təqdim etdiyi mülahizədə qeyd etmişdir ki, etirazda qeyd olunur ki, tərəflər arasında imzalanmış müqavilənin 56 nömrəli əlavəsinə görə ongünlük satış limiti 2000 manat təşkil edir. Cavabdeh məhz bu bəndə əsasən qeyd edir ki, tərəfər arasında 63792 manatla bağlı borc münasibəti yarana bilməz. Cavabdeh müqavilənin həmin bəndini tam olaraq qeyd etməmişdir. Həmin bənddə həmçinin qeyd olunur ki, qeyd edilmiş məbləğ, yəni 2000 manat, subagentin satış göstəricilərindən asılı olaraq gələcək dövrdə artırıla bilər. Göründüyü kimi, tərəflər arasında 63792 manat məbləğində borcun yaranması müqavilənin şərtlərinə əsasən mümkündür. Müqavilədə 2000 manat imperativ bənd kimi qeyd olunmamış, həmin məbləğin artırılması tərəflərin öhdəsinə buraxılmışdır ki, iş materiallarından da kifayət qədər aydın olur ki, həmin məbləğ tərəflər arasında razılaşdırılıb. Tərəflər uzun müddət işgüzar münasibətlər çərçivəsində bir çox satışlar həyata keçirmişlər və aralarında hər hansı bir mübahisə olmamış, tərəflər arasında etibarlı iş münasibətləri meydana gəlmişdir. Məhz buna görə də müqavilənin həmin bəndi münasibətlərə tətbiq edilmiş və satış limiti iddiaçı tərəfindən artırılmışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini ilk dəfə olaraq 2019-cu ilin avqust ayında pozmuşdur və elə bu əsasla da məhkəməyə müraciət edilmişdir. Cavabdehin 2019-cu ilin avqust ayına qədər müqavilə üzrə digər hüquq pozuntusu olmadığı üçün tərəflər arasında etibarlı münasibətlər yaranmışdır. Cavabdehin bu bəndə istinad edərək borcu inkar etməsi heç bir normaya və müqavilənin heç bir bəndinə uyğun deyil. Cavabdeh etirazında tərəflər arasında imzalanmış müqavilənin 12-ci bəndinə istinad edir və qeyd edir ki, müqavilə xx xxxx 2019-cu ilə qədər qüvvədə olub, iddiaçının tələbləri isə bu müqavilənin qüvvədən düşmə tarixindən sonrakı edilən hərəkətlərlə bağlıdır. Cavabdehin bu dəlilinə qarşı iddia ərizəsində əvvəlcədən geniş əsaslandırma aparılsa da, cavabdeh yenə də bu hala istinad etmişdir və qeyd etmişdir ki, tərəflər arasında olan müqavilə ticarət nümayəndəsi haqqında müqavilə hesab oluna bilməz, çünki cavabdeh iddiaçının adından və onun hesabına hər hansı müqavilə imzalamır. Cavabdehin bu dəlili də əsassızdır, belə ki, cavabdeh iddiaçının xidmətləri olmadan vətəndaşlara aviabilet sata bilməz. Əgər bu aviabiletləri əldə etməyə özünün imkanı olsaydı, o zaman iddiaçı ilə subagent müqaviləsi bağlamağa da ehtiyac olmazdı və bu müqavilə bağlansa belə, əhəmiyyətsiz olardı. Tərəflər arasında imzalanmış müqavilənin predmeti məhz ondan ibarətdir ki, iddiaçı aviadaşımalar üzrə satış hüququnu cavabdehə verir, cavabdeh isə həmin hüququn verilməsi ilə satışdan əldə edilmiş pulu iddiaçıya verməyi öhdəsinə götürür. Əgər cavabdeh özü bu aviabiletləri ala bilirdisə, nəyə görə iddiaçı ilə belə müqavilə bağlayırdı? Açıq-aşkar müəyyən olunur ki, cavabdehin aviabiletləri birbaşa “Silk Vey” şirkətindən almaq hüququ olmadığı üçün iddiaçı ilə belə bir müqavilə bağlamışdır. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli müqavilə xx.xx.2019-cu il tarixədək qüvvədə olsa da, tərəflər arasında öhdəlik münasibətləri davam etmişdir. Bu halı iş materiallarında olan sübutlar (votsap səs yazıları və yazışmalar, emailə göndərilən biletlər, cavabdehin rəsmi emaili (cavabdehin rəhbəri İlqar müəllimin imzası və şirkətin möhürü ilə təsdiq edilmiş müqavilədə göstərilən email) ilə iddiaçının email yazışmaları) AR MM-nin 794.1 -ci maddəsinin tələbinə əsasən tərəflər arasında imzalanmış müqavilə qeyri-müəyyən müddətə imzalanmış hesab edilir. Cavabdehin həmin məsələ ilə bağlı digər dəlili isə müqavilədə konkret müddətin qeyd olunmasıdır. Mülki Məcəllənin 6.2-ci maddəsinin tələbinə əsasən tərəflər qanunvericiliyə zidd olmayan müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd etdiyimiz kimi isə MM-nin 794.1 ci maddəsinə əsasən müqavilə qeyri- müəyyən müddətə bağlanmış hesab olunur və tərəflər arasındakı müqavilənin şərti qanundan üstün ola bilməz. Göründüyü kimi, cavabdehin gətirdiyi bu dəlil də AR MM-nin 794.1-ci maddəsinin tələbinə əsasən əsassızdır. Cavabdehin vəkili məhkəmə iclasında daha bir dəlil irəli sürərək bildirmişdir ki, cavabdeh sifariş olunan biletləri agent.trips.az saytından sifariş etmədiyinə görə, cavabdehi işçisi Nərgiz müdiriyyətin xəbəri olmadan sifarişləri email vasitəsi ilə özbaşına verdiyinə görə email vasitəsi ilə sifariş olunan biletlərin onlar tərəfindən sifariş edilməsi təsdiq olunmur. Cavabdehin bu dəlili də tərəflər arasında olan müqavilənin tələblərinə ziddir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli subagent müqaviləsinin 2.3.6-cı bəndinə əsasən agentə yazılı şəkildə turistin sifariş etdiyi aviabiletin əvvəlcədən saxlanılması üçün sifariş vermək və ya agent.trips.az saytında onlayn rezervasiya etmək hüququ verilmişdir. Yəni müqavilənin şərtlərinə əsasən subagent aviabiletin sifarişi üçün iki seçimdən birini edə bilər, biletin məhz həmin sayt vasitəsi ilə sifariş edilməsi müqavilə ilə məhdudlaşdırılmamışdır. Email yazışmaları ilə bağlı isə cavabdehin nümayəndəsi bildirmişdir ki, emaillər cavabdehin işçisi Nərgiz tərəfindən göndərilmiş və bu emaillərin göndərilməsindən rəhbərliyin məlumatı olmamışdır. Halbuki, cavabdehin bu qeyd etdiklərini İlqar Kərimlinin səs yazıları inkar edir. Həmin səs yazısında yuxarıda qeyd olunduğu kimi qeyd olunur ki, bütün emaillərə İlqar Kərimli özü nəzarət edir. Belə olan halda İlqar Kərimlinin xəbəri olmadan şirkətin rəsmi email ünvanından 100-dən çox emailin göndərilməsi inandırıcı, məntiqli və ağlabatan deyil. Həm də əgər 100 dən çox email şirkətin rəhbərinin razılığı olmadan göndərilmişdirsə, nəyə görə cavabdeh şirkət bu 1 ildən çox müddət ərzində iddiaçıya rəsmi müraciət edərək, həmin emaillərin nəzərə alınmamasını xahiş etməmişdir? Bu sualla cavabdehin vəkilinə məhkəmə iclasında müraciət olunmuş, cavabdehin vəkili belə bir müraciətin olmadığını bildirmişdir. Bundan əlavə həmin email şirkətin rəsmi emailidir, tərəflər arasında bağlanmış müqavilədə şirkətin rəhbərinin imzası və şirkətin möhürünün üst hissəsində rekvizitlər bölməsində yer almışdır. Bu o deməkdir ki, cavabdeh şirkət həmin email ilə edilən hər bir hərəkətə və əməliyyata cavabdehdir. Göründüyü kimi, hər bir halda həmin emaillə edilən hərəkətlərlə bağlı məsuliyyət yenə də cavabdehin üzərinə düşür və cavabdehin bu dəlili də sübuta yetirilə bilməmişdir. Cavabdeh qeyd edir ki, ziyanın cavabdehin işçisi tərəfindən məhz öz əmək funksiyasını həyata keçirərkən vurduğu barədə heç bir sübut mövcud deyil. Cavabdehin nümayəndəsi özü bu ziyanın məhz iş vaxtı və işçinin öz əmək funksiyasını yerinə yetirərkən vurduğunu etiraf etmişdir. Belə ki, cavabdehin vəkili izahatlarında bildirmişdir ki, şirkətin emailləri vasitəsi ilə edilmiş biletlərin satışı Nərgiz tərəfindən edilmiş və bu barədə şirkətin rəhbərliyinin məlumatı olmamışdır. Bununla artıq sübut olunur ki, bu hərəkətlər məhz əmək funskiyasının yerinə yetirilməsi zamanı baş vermişdir. Çünki email şirkətin rəsmi emailidir, emaillə satışlar iş vaxtı həyata keçirilmiş (emaillərdəki saatlardan bu hal müəyyən olunur), Nərgizin iş vaxtının 09:00-18:00 olduğunu nəzərə alsaq, qanunsuz hərəkətlərin məhz iş vaxtı və əmək funksiyasının icrası zamanı edildiyi müəyyən olunur. Aviabiletlərin satışı üzrə müqavilə Nərgizlə deyil, məhz Cavabdeh MMC ilə bağlandığı üçün Nərgizin hərəkətləri birbaşa rəhbərin tapşırığı ilə baş vermişdir. Bundan əlavə, Nərgizin və ya digər şəxsin nə etməsindən asılı olmayaraq, bu müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməyib. Çünki tərəflər arasında imzalanmış müqavilənin tərəfi Nərgiz deyil, Cavabdeh MMC olmuş, ona görə də bu öhdəlik yalnız onda tərəf olan şəxslər üçün vəzifələr yarada bilər. Bu müqavilə üzrə tərəf Cavabdeh MMC-dir və müqavilə üzrə yaranmış borc da ondan tələb edilməlidir. Bundan əlavə, tərəflər arasında imzalanmış müqavilənin 7.5-ci bəndinə və AR MM-nin 1099.1-ci maddəsinin tələblərinə əsasən işəgötürən işçisinin vurduğu ziyan üçün məsuliyyət daşıyır və həmin zərərin əvəzini ödəməlidir. Cavabdehin bu dəlili də qeyd olunan hallara, müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə ziddir. X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə Cavabdeh MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş kimi tanınmasına əsas N.Məmmədovanın əmək funksiyalarının icrası zamanı vəzifə səlahiyyətlərindən suiistifadə etməsi nəticəsində cavabdehin işgüzar nüfuzuna vurulmuş ziyan olmuşdur. Həmçinin N.Məmmədova cavabdehə çatacaq pulları mənimsəmişdir. Məhz buna görə də cavabdeh həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. N.Məmmədovanın təqsirləndirildiyi maddələrdən biri AR CM-nin 308.2-ci maddəsidir, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaq. Göründüyü kimi, N.Məmmədova məhz vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə barəsində cinayət işi açılmış və cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu əsaslandırma və N.Məmmədova barəsində AR CM-nin 308.2-ci maddəsi ilə cinayət işi açılması cavabdehin "Nərgiz qanunsuz hərəkətlər edərkən öz əmək funksiyasını icra etməmişdir" kimi dəlilini tamamilə təkzib edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "İddiaçı” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə 56 saylı subagent müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqaviləyə əsasən agent ("İddiaçı” MMC) mümkün olan reyslərə sərnişin daşımaları satışı üzrə agent hüquqlarını özü tərəfindən subagentə (Cavabdeh MMC) verir, subagent isə bu aviadaşımaların satışından əldə edilmiş məbləğlərin bu müqavilədə nəzərdə tutulan qaydada və şərtlərlə agentə ödənişini həyata keçirəcəyini öhdəsinə götürür. 2.4.10-cu bəndinə əsasən subagent bu müqavilənin şərtlərinə əsasən ona təqdim edilmiş “LOGİN” (və ya “PAROL”) məlumatlarının itirilməsi və ya digər şəxslərə ötürülməsi (səbəbindən asılı olmavaraq) zamanı baş verə biləcək-istənilən neqativ hallara görə məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən agent tərəfindən bütün aviadaşımaların satışı bu müqavilənin müddəalarına uyğun olaraq, daşıyıcının daşımalar üzrə qüvvədə olan qaydalarına, tariflərinə, sərəncam və təlimatlarına müvafiq şəkildə həyata keçirilməlidir. Agent müntəzəm olaraq özü və ya subagentin daşımaların satışı barədə sorğularına cavab olaraq, subagenti qüvvədə olan qaydalar, tariflər, habelə bu qayda və tariflərin dəyişməsi barədə zəruri informasiya ilə təchiz edəcəkdir. 7.5-ci bəndinə əsasən tərəflərdən birinin (işçilərin, vəzifəli şəxslərin, qulluqçuların, xidməti personalın və s.) qanunsuz hərəkətləri, səhlənkar davranışı, qəsdi və yaxud ehtiyatsızlığı nəticəsində digər tərəfə dəymiş ziyan tam həcmdə ödənilməli, tərəflərin yazılı şəkildə, qarşılıqlı razılığı ilə məsuliyyət aradan qaldırıla bilər. 12.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və xx.xx.2019-cu il tarixinədək qüvvədədir. 12.2-ci bəndinə əsasən müqavilə tərəflərin yazılı razılığı, habelə qüvvədə olan qanunvericilik və hazırkı müqavilə ilə nəzərdə tutulmuş digər hallarda dəyişdirilə və ya ona xitam verilə bilər. 12.3-cü bəndinə əsasən agentin 3 gün öncədən hazırkı müqavilənin icrasından subagentə yazılı xəbərdarlıq göndərməklə imtina etmək hüququ vardır. Əgər bildirişdə müqavilənin ləğvi daha gec müddətə nəzərə alınmayıbsa, müqavilə subagentin agentdən bildiriş aldığı andan 3 gün sonra pozulmuş hesab edilir. 12.4-cü bəndinə əsasən subagentin 3 gün öncədən hazırkı müqavilədən agentə yazılı bildiriş göndərməklə imtina etmək hüququ vardır. Əgər bildirişdə müqavilənin ləğvi daha gec müddətə nəzərə alınmayıbsa, müqavilə subagentin agentdən bildiriş aldığı andan 3 gün sonra pozulmuş hesab edilir. 12.5-ci bəndinə əsasən tərəflərdən hər hansı birinin müqaviləyə xitam vermək haqqında bildirişi, yerinə yetirilməmiş və ya yarımçıq qalmış öhdəliklər fonunda baş verə bilməz. 12.6-cı bəndinə əsasən müqavilədə qeyd edilməyən digər məsələlər tərəflərin qarşılıqlı razılığı ilə yazılı razılaşmalar və ya əlavələr əsasında icra olunuacaqdır. Həmin müqavilənin tərəflərin rekvizitləri və ünvanları hissəsində Cavabdeh MMC-nin e-mail ünvanı “Elektron ünvan 1” olaraq qeyd edilmişdir. - xx.xx.2020-ci il tarixli 61.1-119 nömrəli “Aeroflot-Rossiyskiye Avialinii” PSC tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda **********731; **********732; **********733; **********734; **********596; **********630; **********631 nömrəli aviabiletlərin həyata keçirildiyini bildirmişdir. - “xxxx” QSC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 12/5447 nömrəli arayışdan görünür ki, arayışa əlavə edilmiş qoşmada qeyd olunan aviabiletlər üzrə 15681,73 manat (15131,94 manat uçuşdan istifadə edən sərnişinlərin aviabiletlərindən daxil olan məbləğ +549,79 manat aviabiletlərin qaytarışından tutulan cərimə məbləği) pul vəsaiti “xxxx” QSC-yə ödədiyi qeyd olunmuşdur. - “X4” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 1105 nömrəli məktuba əlavə edilmiş arayış- qoşmada qeyd olunan aviabiletlər üzrə uçuşu həyata keçirən şəxslərin adları, istifadə vəziyyət, biletlərin nömrələri, istifadə vəziyyəti, qiyməti, qaytarılması ilə bağlı məlumatlar verilir. Müəyyən olunur ki, həmin biletlər üzrə 50659,59 manat vəsaitdən istifadə olunmuş, 1473 manat məbləğində vəsait qaytarılmışdır. -"İddiaçı” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edilərək 5 gün müddətində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, ********* saylı məktubunda deyilir ki, xxxxx nömrəli cinayət işi üzrə Cavabdeh MMC xx xxxxxx 2020-ci il tarixdə otel və aviabiletlərə görə ödənilmiş külli miqdarda pul vəsaitinin həmin MMC-nin xəzinəsinə mədaxil edilməməsi əsasına görə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bundan başqa, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertinin rəyindən görünür ki, X2 Cavabdeh MMC-də işlədiyi müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək İddiaçı MMC-dən 68355,19 manat dəyərində aviabiletlər sifariş vermişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən əmək müqavilələri barədə məlumatdan görünür ki, X2 və adları iddiaçı tərəfindən təqdim edilən votsap yazışmalarında adları çəkilən şəxslər sözü gedən dövrdə Cavabdeh əməkdaşları olub. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəf X2 tərəfindən sözügedən biletlərin Cavabdeh MMC-nin məlumatı olmadan satıldığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 7.5-ci bəndində qeyd olunur ki, tərəflərdən birinin (işçilərin, vəzifəli şəxslərin, qulluqçuların, xidməti personalın və s.) qanunsuz hərəkətləri, səhlənkar davranışı, qəsdi və yaxud ehtiyatsızlığı nəticəsində digər tərəfə dəymiş ziyan tam həcmdə ödənilməli, tərəflərin yazılı şəkildə, qarşılıqlı razılığı ilə məsuliyyət aradan qaldırıla bilər. Eyni zamanda bilet satışları “TRİPS & İNTRAVEL” adlı votsap qrupu, “mailto:info@intravel.azElektron ünvan 1” və “mailto:intravel.az@gmail.comElektron ünvan 2” e-mail ünvanları vasitəsilə həyata keçirilmişdir. “TRİPS & İNTRAVEL” adlı votsap qrupuna məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin qrup Cavabdeh MMC-nin qanuni təmsilçisi İlqar Kərimli tərəfindən yaradılmışdır. Həmin votsap qrupunda Cavabdeh MMC-nin nümayəndələri kimi qeyd edilmiş şəxslərin bəzilərinin nömrələri də İlqar Kərimliyə məxsusdur. “mailto:info@intravel.azElektron ünvan 1” e-mail ünvanı xx.xx.2017-ci il tarixdə 56 saylı müqavilənin tərəflərin rekvizitləri və ünvanları hissəsində Cavabdeh MMC-nin e-mail ünvanı “Elektron ünvan 1” olaraq qeyd edilmişdir. Digər e-mail ünvanı “mailto:intravel.az@gmail.comElektron ünvan 2” isə “TRİPS & İNTRAVEL” adlı votsap qrupuna 050 511 xx xx (həmin nömrə İlqar Kərimliyə məxsusdur) nömrə tərəfindən qeyd olunmuş və biletlərin qeyd olunan e-mail ünvanına göndərilməsi xahiş edilmişdir. xxxx və X4 tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlarda qeyd olunan aviabiletlər üzrə uçuşu həyata keçirən şəxslərin adları, biletlərin nömrələri e-mail ünvanlarda göstərilən adlar və nömrələrlə eyniyyət təşkil edir. Yuxarıda qeyd edilən bütün hallar tərəflər arasında müqavilə müddəti bitdikdən sonra da münasibətlərin davam etdirildiyini və aviabiletlər sifariş edildiyini və uçuşların qismən həyata keçirildiyini təsdiq edir. “xxxx” QSC və “X4” şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş arayışlardan görünür ki, İddiaçı MMC tərəfindən həmin şirkətlərə aviabiletlər üçün müvafiq olaraq 15681,73 manat və 50659,59 manat ödəniş edilmişdir. Odur ki, iddia tələbi 66341 manat hissədə təmin edilməli, qalan hissədə hər hansı bir sübut mövcud olmadığından rədd edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin gecikdirilmiş müddət üçün hesablanmış 300078 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəlik müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbinin bir hissəsini də öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3418 manat borc təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc məbləği qismən təmin edildiyindən gecikdirilməsi nəticəsində hesablanmış borc hissəsində də iddia tələbi qismən təmin olunmalı və cavabdehdən 3317 manat (66341x5%) iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin bank uçot faiz dərəcəsi kimi hesablanmış 4956 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin normalara əsaslanaraq məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin ödənilməsini gecikdirdiyi pul vəsaitindən hər hansı şəkildə faydalanması öz təsdiqini tapmadığından iddia həmin hissədə rədd olunmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100000 manat tələbinə dair hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər də zərərin anlayışına daxildir. Məhkəmə araşdırması zamanı tərəflər məhkəmə çəkişməsi zamanı iddia etdikləri hər bir hala dair müvafiq sübutları məhkəməyə təqdim etməyə borcludurlar. Odur ki, iddiaçı tərəf iddia tələbinin işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi hissəsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Məhkəmə iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 1500 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə də qeyd edir ki, iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissəyə münasibətdə də rədd edilməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 66341 manat əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 2000 manat dəbbə pulu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3317 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 25,50 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 4,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 66341 (altmış altı min üç yüz qırx bir) manat əsas borc, gecikdirilmiş müddət üçün hesablanmış 2000 (iki min) manat dəbbə pulu, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 3317 (üç min üç yüz on yeddi) manat və dövlət rüsumunun əvəzi olaraq 4,50 manat (dörd manat əlli qəpik) olmaqla, cəmi 71662,50 manat (yetmiş bir min altı yüz altmış iki manat əlli qəpik) məbləğində pul tutularaq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun 25,50 manat (iyirmi beş manat əlli qəpik) hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-160/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-160/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver