Məhkəmə qərarları › İş №e-2-2(113)-1601/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1601/2024

22.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1601/2024 22.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan 0,66 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 0,82 manat, İcbari Tibbi Sığorta Fonduna olan 0,01 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra “Drone" MMC) dövlət büdcəsinə olan 2044,32 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 224,65 manat, İşsizlikdən Sığorta Fonduna 18,68 manat, İcbari Tibbi Sığorta Fonduna 76,51 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0,82 manat, İcbari Tibbi Sığorta Fonduna 0,01 manat, dövlət büdcəsinə 0,66 manat məbləğində (o cümlədən faizlər üzrə 0,66 manat), “Drone" MMC-nin (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 18,68 manat, dövlət büdcəsinə 2044,32 manat məbləğində (o cümlədən vergilər üzrə 1799,97 manat, faizlər üzrə 244,35 manat), İcbari Tibbi Sığorta Fonduna 76,51 manat, Dövlət Sosial Müdafiə Fonduna 224,65 manat olmaqla, ümumilikdə 2365,65 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********851800, xx.xx.2023-cü il tarixli **********457000, xx.xx.2023-cü il tarixli **********917600, xx.xx.2023-cü il tarixli **********691100, xx.xx.2023-cü il tarixli **********509400, xx.xx.2023-cü il tarixli **********752000, xx.xx.2023-cü il tarixli **********684200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:

3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir

5. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, hüquqi şəxs tərəfindən borc məbləğinin tam ödənildiyini bildirdi və ərizənin rədd olunmasını xahiş etdi.

III. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

7. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.

8. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olubolmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

12. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

13. Fiziki şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti incəsənətin sair sahələri üzrə fəaliyyətdir.

14. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, “Drone" MMC-nin (VÖEN: **********) icra orqanının rəhbəri Maraqlı şəxsdur.

15. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 520,35 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 268,03 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 42,72 manat təşkil edir.

16. “Drone" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 2426,17 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 224,66 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 18,69 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 76,5 manat təşkil edir.

17. Maraqlı şəxs xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 1,01 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0,25 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0,08 manat təşkil edir.

18. “Drone" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 3,58 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 0,19 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 0,02 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu 0,14 manat təşkil edir.

19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta haqqı üzrə və “Drone" MMC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların müvafiq olaraq dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. "xxxx" MMC və maraqlı şəxs tərəfindən müvafiq borclar üzrə əhəmiyyətli ödənişlər edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 3,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,19 manat, İşsizlikdən Sığorta Fonduna 0,02 manat, İcbari Tibbi Sığorta Fonduna 0,14 manat, Maraqlı şəxs xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 1,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,25 manat, İcbari Tibbi Sığorta Fonduna 0,08 manat borcu qalmışdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

22. Məhkəmə mütənasiblik meyarı ilə bağlı həmçinin qeyd edir ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

23. Odur ki, maraqlı şəxs vergi orqanının bildirişlərinə biganə qalmayaraq ərizədə qeyd olunan borc məbləğlərini tam ödənilməsini təmin etdiyindən, bu ödəniş mövcud borc məbləğlərinə görə əhəmiyyətli ödəniş olduğundan "xxxx" MMC-nin dövlət büdcəsinə 3,58 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,19 manat, İşsizlikdən Sığorta Fonduna 0,02 manat, İcbari Tibbi Sığorta Fonduna 0,14 manat, Maraqlı şəxs dövlət büdcəsinə 1,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 0,25 manat, İcbari Tibbi Sığorta Fonduna 0,08 manat qalıq borcuna görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi kimi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması AİHM-in və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.

V. Nəticə:

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar