Məhkəmə qərarları › İş №e-2-2(113)-1606/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1606/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1606/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə, dəbbə pulu haqqında razılaşmanın forması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 8721,61 manat ƏDV məbləği, 39086,75 manat əsas borc, 10000 manat cərimə və ödənilmiş 264 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. 2023-cü ilin may ayının 16-da iddiaçı ilə cavabdeh arasında 16/05 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı müqavilə ilə müəyyən olunmuş müddətdə cavabdehi müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda və ya əlavə razılaşmada göstərilən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və qiymətdə mallarla təmin etməyi, cavabdeh isə qiymətlərin razılaşdırılması protokolu və ya əlavə razılaşma ilə müəyyən edilmiş qaydada malların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 65766 manat əsas, 11837,88 manat ƏDV daxil ümumilikdə 77603,88 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. İddiaçı satıcı kimi müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh alıcı kimi müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, ödəməli olduğu məbləği tam şəkildə ödəməmişdir. Belə ki, cavabdeh tərəfindən qeyd olunan vəsaitdən əsas borc üzrə 1679,25 və 25000 manat, ƏDV borcundan isə 3116,27 manat olmaqla cəmi 24795,52 manat məbləğində ödəniş edilmişdir. Hazırda cavabdehin əsas borc üzrə 39086,75 manat, ƏDV üzrə isə 8721,61 manat, ümumilikdə 47808,36 manat məbləğində borcu vardır. 2.2. Belə ki, tərəflər arasında bağlanmış 16 may 2023-cü il tarixli 16/05 nömrəli alqı-satqı müqaviləsinin 2-ci maddəsinə əsasən mallarının qiyməti və hesablanma qaydası müqaviləyə əsasən satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla malın satış qiyməti qiymətlərin razılaşdırılması protokolu və ya əlavə razılaşma ilə müəyyən edilir. Malların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olmur. Qiymətlərin razılaşdırılması protokolunda və ya əlavə razılaşmada hər hansı bir qayda müəyyən edilməmişdirsə aıcı, sifariş etdiyi malın dəyərinin ödənişini malı təhvil aldıqdan sonra satıcının təqdim etdiyi hesab üzrə 15 bank günü ərzində bank ödənişi yolu ilə təmin etməlidir. Malın qiymətinə malın dəyəri və qablaşdırılması xərcləri daxildir. Malın dəyəri qiymətlərin razılaşdırılması protokolunda və ya əlavə razılaşmada göstərilir. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən alıcıya təhvil verilmiş malın dəyərini alıcıdan tələb etmək və bu müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb etmək satıcının hüquqlarıdır. Həmin Müqavilənin 3.2-ci maddəsinə əsasən isə malın satış qiymətini bu müqavilədəvə ya ona edilən əlavə razılaşmada nəzərdə tutulan qaydada və müddətdə ödəmək və bu müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasına riayət etmək və onların pozulmasına yol verməmək alıcının vəzifələrini təşkil edir. Həmin Müqavilənin 8.2-ci maddəsinə əsasən alıcı malın dəyərini malı təhvil aldıqdan sonrakı 15 bank günü müddətində ödəmədikdə, ötürülmüş müddətin hər günü üçün satıcıya 1% həcmində cərimə ödəməlidir. Həmin Müqavilənin 8.4-cü maddəsinə əsasən müqavilənin 8.2 və 8.3-cü bəndində qeyd olunan 1% həcmində cərimə müqavilə müddəti ərzində tərəflər öz öhdəliklərini icra edənədək ötürülmüş hər gün üçün nəzərdə tutulur. 2.3. Cavabdehə pretenziya göndərilmiş, əsas borc üzrə 39086,75 manat, ƏDV üzrə 8721,61 manat və hesablanmış cərimə məbləği üzrə 10000 manat məbləğində borcun 05 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin göndərilmiş müraciətə hazırkı vaxta kimi cavab verilməmiş və heç bir ödəniş aparılmamışdır. Əlavə olaraq, məhkəmədə hüquqların müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri 20 saylı vəkil bürosu ilə 12 dekabr 2024-cü il tarixli EM-1585VK-16831/24 saylı hüquqi yardım haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə 500 manat ödəniş olunmuşdur.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 425, 442-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, əsas borcdan ödənilən 25000 manat nağd formada verilmişdir.

6. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, sonuncunun mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İş materiallarında olan xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərini əhatə edən topdan satış fakturalarından görünür ki, ayrı-ayrı mallar həmin fakturalar əsasında təqdim edilmişdir.

11. İddia ərizəsinə əlavə edilən elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023cü il tarixli EBDF 854452 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1038,4 manat, xx.xx.2023-cü il tarixli EBDH 147878 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 131,28 manat, xx.xx.2023-cü il tarixli EBDH 149972 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 383,5 manat, xx.xx.2023-cü il tarixli EBDH 573271 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 428,34 manat, xx.xx.2023-cü il tarixli EBDM 080442 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 767 manat, xx.xx.2023-cü il tarixli EBDM 342491 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 326,03 manat, xx.xx.2023-cü il tarixli EBDM 994512 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 121,54 manat, xx.xx.2023-cü il tarixli EBDN 220020 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2379,41 manat, xx.xx.2023-cü il tarixli EBDO 171540 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 35,4 manat, xx.xx.2023-cü il tarixli EBDO 292823 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 767 manat, xx.xx.2023-cü il tarixli EBDO 902426 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 8614 manat, xx.xx.2023-cü il tarixli EBDP 108102 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 236 manat, xx.xx.2023-cü il tarixli EBDO 913878 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3445,6 manat, xx.xx.2023-cü il tarixli EBDP 695704 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 3469,2 manat, xx.xx.2023-cü il tarixli EBDP 782883 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10620 manat, xx.xx.2023-cü il tarixli EBDR 687363 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 2870,94 manat, xx.xx.2023-cü il tarixli EBDS 681065 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10620 manat, xx.xx.2023-cü il tarixli EBDS 838648 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 1667,34 manat, xx.xx.2023-cü il tarixli EBDT 869087 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 19062,9 manat, xx.xx.2024-cü il tarixli EBDZ 658691 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 10619,99 manat olmaqla ümumilikdə 77603,87 manat dəyərində malın verilməsi üçün tərtib edilmişdir.

12. İş materiallarına əlavə edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EBDH 147878, xx.xx.2023-cü il tarixli EBDH 149972 və xx.xx.2023cü il tarixli EBDH 573271 seriya və nömrəli elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmiş, digər elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır.

13. Məhkəməyə təqdim edilən iddiaçının xxxxnda olan hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDF 854452, xx.xx.2023-cü il tarixli EBDH 147878 və xx.xx.2023-cü il tarixli EBDH 149972 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə 1316,25 manat, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDH 573271 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 363 manat olmaqla ümumilikdə 1679,25 manat ödəniş edilmişdir.

14. İş materiallarına əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDF 854452, xx.xx.2023-cü il tarixli EBDH 147878 və xx.xx.2023-cü il tarixli EBDH 149972 seriya və nömrəli elektron qaimələrə 236,93 manat, xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDH 573271 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 65,34 manat, xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü il tarixli EBDT 869087 seriya və nömrəli elektron qaiməyə istinad edilməklə 2814 manat olmaqla ümumilikdə 3116,27 manat ƏDV ödənişi edilmişdir.

15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ümumilikdə ƏDV daxil olmaqla 77603,87 manat dəyərində verilmiş mallarla bağlı elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmiş, həmin qaimələr cavabdeh və sistem tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən ayrı-ayrı elektron qaimə-fakturalara istinad edilməklə ümumilikdə ƏDV daxil olmaqla 4795,52 manat (iddiaçı əlavə olaraq 25000 manat ödənişi qəbul edir) ödəniş edilmişdir.

16. İddiaçı 16 may 2023-cü il tarixli 16/05 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə malların qalıq dəyəri olan 8721,61 manat ƏDV məbləği daxil olmaqla 47808,36 manat əsas borcun tutulmasını tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

26. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı 16 may 2023-cü il tarixli 16/05 nömrəli alqı-satqı müqaviləsinə və onun şərtlərinə istinad etsə də, həmin müqavilə cavabdeh tərəfindən bağlanmamışdır. Belə ki, müqavilə cavabdeh tərəfdən hər hansı şəxs tərəfindən imzalanmamış, ona cavabdehin möhürü vurulmamışdır. Halbuki Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Lakin təqdim edilmiş elektron qaimələr, satış fakturaları və ödəniş sənədləri əsasında tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlandığı görünür.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

31. Məhkəmə qeyd edir ki, cavabdehin qanuni təmsilçisi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, lakin iddia ərizəsində tələb olunan məbləğin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 8721,61 manat ƏDV daxil olmaqla 47808,36 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

38. İddia ərizəsində iddiaçı həmçinin 10000 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.

39. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

40. Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

41. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

42. Göründüyü kimi, mülki qanunvericilikdə öhdəliklərin icrasının təmin edilməsinin ənənəvi üsulu kimi çıxış edən dəbbə pulu barədə razılaşmanın məhz yazılı qayda bağlanması nəzərdə tutulmuşdur. Həmçinin dəbbə pulunun ödənilməsinin qanunla müəyyənləşdirilməsi imkanı da istisna edilməmişdir. Başqa sözlə, dəbbə pulunun tutulması qismində əsas kimi ya yazılı razılaşma, ya da qanunun müddəası çıxış etməlidir.

43. Məhkəmə qeyd edir ki, tərəflər arasında dəbbə pulu barədə yazılı razılaşma mövcud deyil. İddiaçı dəbbə pulunun tutulması ilə bağlı tələbinin faktiki əsası kimi 16 may 2023-cü il tarixli 16/05 nömrəli alqı-satqı müqaviləsinə istinad etsə də, həmin müqavilənin bağlanmadığı yuxarıda müəyyən edilmişdir.

44. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulunun tutulması hissəsində əsassız olduğundan təmin olunmamalıdır.

c) Məhkəmə xərcləri ilə bağlı

45. İddiaçı eyni zamanda ödənilmiş 264 dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin də tutulmasını tələb edir.

46. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli qəbz əsasında 264 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

47. İş materiallarında olan qəbzdən görünür ki, 500 manat məbləğində pul Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına köçürülmüşdür (xx.xx.2024-cü il tarixli EO- 1585VK-11942/24 nömrəli elektron vəkil orderi).

48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

50. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

51. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

52. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Beləliklə, yuxarıda göstərilənləri, iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə 8721,61 manat ƏDV daxil olmaqla 47808,36 manat əsas borc cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 219 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar