Məhkəmə qərarları › İş №e-2-2(113)-1607/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1607/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1607/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən - aldığı mallara görə 7.125,79 (yeddi min yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manatın, - cərimə üzrə 712 (yeddi yüz on iki) manatın, - məhkəməyə ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 20 dekabr 2022-ci il tarixli 042/22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci maddəsinə əsasən Satıcı əvvəlcədən hər iki tərəfin razılaşdırdığı qaydada verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda Alıcının tam mülkiyyətinə verir, Alıcı isə bunun müqabilində malların dəyərini müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydalarda Satıcıya ödəməyi öhdəsinə götütür. "xxxx" MMC "xxxx" MMC-nin sifarişi əsasında razılaşdırılmış malları Sifarişçiyə təhvil vermiş, lakin müqavilə üzrə satılmış malların tam dəyəri bu günədək ödənilməmişdir. "xxxx" MMC-nin "xxxx" MMC-yə cəmi 7.125,79 (yeddi min yüz iyirmi beş manat yetmiş doqquz qəpik) manat məbləğində borcu mövcuddur.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) Cavabdeh (alıcı) arasında xx.xx.2022-ci il tarixli 042/22 saylı müqavilə bağlanmışdır.

8. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı verilmiş sifarişə uyğun malları orada göstərilən çeşiddə və miqdarda alıcının tam mülkiyyətinə verir. Alıcı isə bunun müqabilində malların dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qayalara uyğun olaraq satıcıya ödəyir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında təsdiq edilən qaiməfakturalar satıcının malları alıcıya təhvil verildiyini təsdiq edən sənəddir.

10. 1 nömrəli X1 ilə tərəflər malın adı, miqdarı və qiyməti barədə razılığa gəlmişlər.

11. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür.

13. İş materiallarından görünür ki, iddiaçı cavabdehə EBCL seriyalı, 992252 nömrəli xx.xx.2022-ci il tarixli dəyəri 948,72 manat, EBDB seriyalı, 233584 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 4.049,76 manat, EBDB seriyalı 488736 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 835,68 manat, EBDC seriyalı, 576098 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 2.202,59 manat, EBDD seriyalı, 341374 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 37,76 manat olan elektron qaimə göndərmişdir.

14. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 8.074,51 manat təşkil edir.

15. Hazırda iddiaçı tərəf cavabdeh tərəfindən 948,72 manat məbləğində ödəniş edildiyini və nəticədə cavabdehin ümumilikdə 7.125,79 (8.074,51-948,72) manat borcunun qaldığını bildirir.

16. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinin şərtləri (tərəflər arasında təsdiq edilən qaimə-fakturalar satıcının malları alıcıya təhvil verildiyini təsdiq edən sənəddir), yəni tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

17. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

18. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 8.074,51 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

19. Cavabdeh tərəf də, iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

20. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 7.125,79 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.

21. Məhkəmə 712 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı bu müqavilə müəyyən edilmiş ödənişləri satıcıya vaxtında ödəmədikdə satıcı hər gecikən üçün gecikdirilən məbləğin 0,1% həcmində alıcıya cərimə tətbiq edə bilər, lakin bu cərimə müqavilənin müumi məbləğinin 10%-dən çox olmamalıdır.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

24. Hazırkı işin hallarından görünür ki, cavabdehin 7.125,79 manat əsas borcuna münasibətdə 360 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

25. Məhkəmə hesab edir ki, iddianın 326 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində iddia təmin edilməlidir.

26. Belə ki, İddiaçınə hüquqi yardımın göstərilməsi ilə bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2024-cü il tarixli order verilmişdir.

27. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 326 manat məbləğində ödəniş edilmişdir.

28. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 326manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

29. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 99 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

30. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 94,85 manat təşkil edir.

31. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.125 (yeddi min yüz iyirmi beş) manat 79 (yetmiş doqquz) qəpik, cərimə borcu üzrə 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 7.485 (yeddi min dörd yüz səksən beş) manat 79 (yetmiş doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 326 (üç yüz iyirmi altı) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 94 (doxsan dörd) manat 85 (səksən beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar