Məhkəmə qərarları › İş №e-2-2(113)-1608/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1608/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1608/2021 01.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı sığorta müqaviləsi üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sığorta hadisəsi nəticəsində vurulmuş 634.391,50 manat maddi zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun 25.02.2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "xxxx" Ticarət Mərkəzində 3-cü korpus, 8 və 8 a sırasındakı 51, 52, 53, 54, 55, 56 və 57 saylı mağazalar İddiaçı (VÖEN: **********) icarəsindədir və ev tekstil mallarının alqı-satqısı ilə məşğul olur. 03.06.2019-cu il tarixində İddiaçı ilə Dövlət Sığorta Kommersiya Şirkəti arasında sözügedən 51, 52, 53, 54, 55, 56 saylı (57 saylı mağaza istisna olmaqla) mağazalarda olan malların sığortalanması barədə müqavilə bağlanmış və malların dəyəri kimi sığorta məbləği 450000 manat müəyyən edilmişdir. Bu barədə 007703 nömrəli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” verilmişdir. Eyni zamanda həmin malların yerləşdiyi mağazaların özü 03.06.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığorta edilmiş və daşınmaz əmlakın dəyəri kimi sığorta məbləği 200.000 manat müəyyən edilmişdir. Belə ki, sığorta müqaviləsi bağlanmazdan əvvəl cavabdeh şirkətin agent və mütəxəssisləri gəlib mağazaları və içərisindəki malları diqqətlə müayinə edib mağazalara 200.000 manat, bu mağazalarda olan İddiaçı məxsus satış mallarına isə 450.000 manat qiymət qoymuşlar. İddiaçı isə razılaşmış və 2310.72 manat sığorta haqqını dərhal tam məbləğilə ödədiyi üçün “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası”na dair AS seriyalı, 007703 saylı,“Daşınmaz Əmlakın İcbari Sığortası”na dair BA seriyalı, 959617 saylı şəhadətnamələr tərtib edib möhür və imzalarla təsdiqləyərək İddiaçı təqdim etmişlər. Hər iki sığorta müqavilələri 1 illik müddət üçün bağlanmışdır. 18 fevral 2020-ci il tarixdə, saat 07:00 radələrində "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı icarəsində olan 7 ədəd cəmi 226 m2 sahəsi olan 51, 52, 53, 54, 55, 56, 57 saylı mağazalar içərisində olan mallarla birgə yanıb tamamilə məhv olmuşdur. Yanğın nisbətən böyük ərazini əhatə etdiyindən AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən ilkin olaraq əməliyyat-təhqiqat aparılmış, sonra isə 22 iyun 2020–ci il tarixdə AR CM–in 225.2ci maddəsi ilə fakta görə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı ilə bu yanğın hadisəsinin baş verməsində İddiaçı heç bir təqsirinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda istintaqla müəyyən edilmişdir ki, yanğın nəticəsində "xxxx" Ticarət Mərkəzində 3cü korpus, 8 və 8A sırasında olan 51,52,53,54,55,56, və 57 saylı mağazalar və mağazalardakı İddiaçı məxsus bütün mallar tamamilə yanaraq məhv olmuşdur. İstintaq zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza ilə 134.222 manat tikinti üzrə, məhkəmə əmtəəşünaslıq ekpertizası ilə isə bu mağazalarda olmuş malların yanması ilə İddiaçı 500.169,50 manat əmtəə üzrə, beləliklə, cəmi 634.391,50 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Sığorta ödənişinin təmin edilməsi, sığortalıya dəyən zərərin ödənilməsi üçün tərəfimizdən bütün zəruri sənədlər, o cümlədən sığorta şəhadətnamələri, mağazalarda olmuş və yanmış malların siyahısı, dəyəri, mağazaların icarə müqavilələri cavabdeh şirkətə təqdim olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı hər hansı addım atmamış, bugünədək ödənişi verməkdən yayınmışlar. Hər dəfə vətəndaşa “narahat olmayın istintaq, cinayət işi yekunlaşandan sonra sığorta ödənişini həyata keçirəcəyik”- deyə bildirilmişdir. Nəhayət istintaq yekunlaşsa da, AR Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin qərarı təqdim olunsa belə heç bir tədbir görülməmişdir. Belə ki, 24.09.2020-ci il tarixində rəsmi olaraq cavabdeh şirkətə müraciət olunmuş və istintaqın yekunu olaraq İddiaçı 634.391,50 manat maddi ziyanın qısa müddətdə ödənilməsi xahiş olunmuşdur. Lakin müraciətdən 3 ay keçməsinə baxmayaraq hər hansı ödənişin həyata keçirilməsi təmin edilməmiş, ümumiyyətlə heç bir rəsmi cavab verilməmişdir. Dəfələrlə bu məsələ ilə bağlı sığorta şirkətinin əməkdaşı Xəyyam Hətəmova şəxsən və ya telefon vasitəsi ilə müraciət edilsə də, cavab olaraq bildirmişdir ki, aidiyyatı orqanlardan cavab gəldikdən sonra məsələyə baxılacaqdır. Bu orqanlardan 20.10.2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə sorğu edilmiş və cavab olaraq ekspert rəylərində və cinayət işinə xitam verilməsi barədə qərarda zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği konkret olaraq müəyyən edilmişdir. Lakin cavabdeh sığorta şirkəti olaraq həmin məbləğlə razılaşmamış və öz təşəbbüsü ilə 04.12.2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin cavabından 1 ay sonra Bakı Baş Gömrük İdarəsinə və Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqlaİş üzrə Baş İdarəsinə sorğu etmişdir. 28 dekabr 2020-ci il tarixində telefon vasitəsi ilə əlaqə saxladıqda bildirilmişdir ki, Vergilər Nazirliyi sorğuya bu kimi məlumatlar kommersiya sirri olduğuna görə cavab vermir və vətəndaş özü müraciət etsin. Hansı ki, vətəndaş özünə vurulmuş zərəri tam şəkildə istintaq orqanının yekun qərarına əsasən sübut edir. Eyni zamanda 25.11.2020-ci il tarixində İddiaçı Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət edərək zəruri məlumatların təqdim edilməsinə etiraz etmədiyini və həmin məlumatların Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə verilməsini xahiş etmişdir. Son olaraq vəkil tərəfindən 05.01.2021-ci il tarixində cavabdehin rəsmi elektron ünvanına yenidən təkrar müraciət olunaraq sığorta ödənişinin 7 gün müddətində həyata keçirilməsi xahiş olunmuşdur ki, sığorta şirkəti bu müraciəti qəbul etsədə heç bir cavab verməyərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir. Dövlətə məxsus sığorta şirkətinin bu şəkildə etinasız, qanunsuz davranışı sahibkarların, vətəndaşların dövlətə olan güvənini, etimadını sarsıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tərəflər arasında müqavilə olduğunu, cavabdehin müqavilə üzrə nəzərdə tutulan məbləği ödəməli olduğunu, təyin edilmiş ekspertizanın sadəcə vaxt itkisi olduğunu bildirərək, iddia tələblərinin tam təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək qeyd etdi ki, iddiaçı tərəf müqavilə üzrə faydalanan şəxs hesab edilmir. Yanğın hadisəsi baş verdikdən sonra dəymiş ziyanın həcminin ekspert rəyində göstərilən məbləğ həcmində olması isə absurdurddur. Həmin mağazalar icarədədir və Sədərək ticarət mərkəzi tərəfindən təmir edilib. Ekspert rəyinin hansı sənədlər əsasında tərtib olunması məlum deyildir. Əmlaklarla bağlı isə sığorta məbləğini müəyyən etmək üçün iddiaçı heç bir sənəd təqdim etməmiş, yanğın zamanı mağazada nə qədər mal olması məlum olmamışdır. İddiaçı vergi hesabatları, kassa çekləri təqdim etməmişdir ki, yanmış malların dəyəri müəyyən edilsin. Sığorta verilməsindən imtina olunmamışdır, məbləğdə razılaşma olmamışdır. Müqavlədə nəzərdə tutulan vəsaitin verilməsi mümkün deyildir belə ki,yanğın anında o məbləğdə malın orda olması təsdiqlənmir. Bununla bağlı olaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sahibkar İddiaçı, “icarəyə verən” "xxxx" Firması olmaqla 08 yanvar 2020-ci il tarixi, TS-00043-45 hş-ŞH 2020 saylı icarə müqaviləsinə əsasən “icarəyəverən” Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 113 kv.metr olan qeyri-yaşayış sahəsini “mağaza” kimi 1 (bir) il müddətinə “sahibkar”-a icarəyə verir, “sahibkar” isə öz növbəsində “icarəyəverən”ə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir. Qiymətə ƏDV daxil deyildir. Ödəniş nağd qaydada və ya hesaba pul köçürmək qaydasında aparılacaq və qəbzin surəti ödəmə günü ərazinin məsul şəxsinə təhvil veriləcəkdir. Sahibkar İddiaçı, “icarəyə verən” "xxxx" Firması olmaqla 03 yanvar 2020-ci il tarixi, TS-00027-45 hş-ŞH 2020 saylı icarə müqaviləsinə əsasən “icarəyəverən” Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində yerləşən ümumi sahəsi 40 kv.metr olan qeyri yaşayış sahəsini “mağaza” kimi 1 (bir) il müddətinə “sahibkar”-a icarəyə verir, “sahibkar” isə öz növbəsində “icarəyəverən”-ə razılaşdırılmış qaydada aylıq icarə haqqı ödəyir. Qiymətə ƏDV daxil deyildir. Ödəniş nağd qaydada və ya hesaba pul köçürmək qaydasında aparılacaq və qəbzin surəti ödəmə günü ərazinin məsul şəxsinə təhvil veriləcəkdir. Sahibkar İddiaçı, “Firma” "xxxx" Firması olmaqla 15.04.2011-ci il tarixli 183-54-0497 saylı müqaviləyə əsasən subyekti ticarət obyekti olmaqla, ticarət mərkəzi 1 zona, 8 sıra, 3 korpus, m. 54 olmaqla 33 kv.m sahə “firma” tərəfindən “sahibkar”a icarəyə verilmişdir. Sahibkar İddiaçı, “Firma” "xxxx" Firması olmaqla 13.08.2016-cı il tarixli 183-56-3766 saylı müqaviləyə əsasən predmeti ticarət obyekti olmaqla, ticarət mərkəzi 1 zona, 8 sıra, 3 korpus, yer 56 olmaqla 40 kv.m sahə “firma” tərəfindən “sahibkar”a icarəyə verilmişdir. Sığortalı İddiaçı, sığorta obyekti ev tekstil malları, obyektin yerləşdiyi ünvan "xxxx" T/M, ərazi 1, 3 korpus, 8 sırasında 52,54,56, 8 A sırasında 51,53, 55 yerləri, faydalanan şəxs İddiaçı olmaqla AS seriyalı, 007703 nömrəli, 03.06.2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” tərtib edilmişdir. Qeyd olunan şəhadətnaməyə əsasən obyektin dəyəri, 450.000 manat, sığorta məbləği 450.000 manat, yanğın, partlayışdan sığorta haqqı 1.800 manat, 4% azad olma olmaqla razılaşdırılmışdır. Qeyd olunan müqavilə 04.06.2019-cu il tarixində qüvvəyə minmiş, 03.06.2020-ci il tarixi qüvvədən düşmə dövrü kimi qeyd olunmuşdur. Sığortaçı Azərabycan Respublikası Dövlət Sığorta kommersiya Şirkəti, sığortalı Sığortalı İddiaçı, təyinatı mağaza, yerləşdiyi ünvan Lökbatan qəsəbəsi, Sədərək” T/M, ərazi 1, 3 korpus, 8 sırasında 52,54,56, 8 A sırasında 51,53, 55 yerləri, sığorta məbləği 200.000 manat, azadolma məbləği 2.000 manat, sığorta haqqı 510,72 manat olmaqla 03.06.2019-cu il tarixli BA seiyalı 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi tərtib edilmişdir. Qeyd olunan şəhadətnamədə sığorta müqaviləsinin 04.06.2019-cu il tarixində qüvvəyə minməsi, 03.06.2020-ci il tarixi qüvvədən düşməsi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən İddiaçı ünvanlanan 37/C-01735 saylı, 18.09.2020-ci il tarixli qərara əsasən X2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində Azərbaycan Rspublikası CM-in 225.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. 0064 qeydiyyat nömrəli, 03 iyul 2020-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınma qərara əsasən ********* nömrəli cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. 10 sentyabr 2021-ci il tarixli 10/2718 saylı ekspert rəyinə əsasən 18 fevral 2020-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi ərazi 1, sıra 8, korpus 3, 52, 54. 56, saylı mağazalara, sıra 8a, 51,53, 55 saylı mağazalara dəymiş ziyanın dəyəri və həmin mağazaların bərpası üçün çəkilə biləcək xərcin təqribən 134.222,0 manat məbləğində müəyyən olunduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 51, 52, 53, 54, 55, 56 saylı (57 saylı mağaza istisna olmaqla) mağazalarda olan malların sığortalanması barədə müqavilə bağlanmış və malların dəyəri kimi sığorta məbləği 450.000 manat müəyyən edilmişdir. Bu barədə 007703 nömrəli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” iddiaçıya verilmişdir. Həmin razılaşma üzrə 4% azad olma məbləği tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda həmin malların yerləşdiyi mağazaların özü 03.06.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığorta edilmiş və daşınmaz əmlakın dəyəri kimi sığorta məbləği 200.000 manat müəyyən edilmişdir. Qeyd olunan razılaşma üzrə isə azadolma məbləği 2.000 manat olaraq razılaşdırılmışdır. 18 fevral 2020-ci il tarixdə, saat 07:00 radələrində "xxxx" Ticarət Mərkəzində sığorta hadisəsi baş vermişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanunun 8.1-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri, zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər, sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlərdən ibarətdir. Həmin qanunun 16.4-cü maddəsinə uyğun olaraq, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 18.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus AS seriyalı, 007703 nömrəli, 03.06.2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 450.000 manat dəyərində sığortalanmış əmlaka zərər dəymişdir. Bununla bağlı olaraq məhkəmə qeyd olunan şəhadətnamə üzrə 4% azadolma məbləğini də nəzərə alaraq qeyd edir ki, həmin müqavilə üzrə iddiaçıya 432.000 manat məbləğində sığorta ödənişi verilməlidir. Eyni zamanda məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının nəticəsində mağazaların bərpası üçün çəkilə biləcək xərcin 134.222 manat olaraq qiymətləndirilməsini və 03.06.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsində 2.000 manat azadolma məbləğini nəzərə alaraq hesab edir ki, həmin şəhadətnamə üzrə iddiaçıya 132.222 manat məbləğində sığorta ödənişi ödənilməlidir. Məhkəmə iddia tələbinin sığorta ödənişi məbləğinin 01.% faizi həcmində 25.02.2020ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan ounduğu günə qədər olan məbləğin cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia ərizəsində tələb qeyri-müəyyən yəni iddia tələbinin sığorta ödənişi məbləğinin 01.% faizi həcmində dəqiq göstərilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş məbləğ tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən AS seriyalı, 007703 nömrəli, 03.06.2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, 03.06.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla ümumilikdə 564.222 (beş yüz altımış dörd min, iki yüz iyirmi iki manat) manat məbləğində sığorta ödənişi İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd olunmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən AS seriyalı, 007703 nömrəli, 03.06.2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, 03.06.2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla ümumilikdə 564.222 (beş yüz altımış dörd min, iki yüz iyirmi iki manat) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar