Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1609/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı Elektrik enerjisi verilməsinin dayandırılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilə ) X4 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İdddiaçı İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisi verilməsinin dayandırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elektrik enerjisinin alqı-satqısı ilə bağlı xx.xx.2024-cü il tarixli Müqavilənin icrası üzrə Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən obyektimizə elektrik enerjisinin verilməsinin müvəqqəti olaraq (2 (iki) ilmüddətinə) dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə aramızda 309099 saylı xx.xx.2024-cü il tarixli elektrik enerjisinin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********11-06301 saylıreyestr nömrəsi ilə qeydə alınmış texniki pasporta əsasən mülkiyyət hüququ bizə aid olan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsi bir qrup şəxs tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Elektrik enerjisinin təchiz edilməsi ilə əlaqədar Müqavilə əsasında sözügedən obyektə ekektrik enerjisinin verilməsi hələ də davam edir. Bir neçə dəfə (tarixlər: xx.xx.2024; xx.xx.2024) müraciət etmiş, faktiki olaraq obyektin bizim istifadəmizdə olmadığını, bu səbəbdən elektrik enejisinin verilməsini dayandırılmasını xahiş etsək də, nəticə dəyişməmiş, müqavilə üzrə elektik enerjisinin verilməsi dayandırılmamışdır. Eyni Müqavilənin 15ci bəndinə əsasən, Abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət edə bilər.
3. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 09/564 saylı, elektrik enerjisinin alqı-satqısına dair Müqavilənin icrası üzrə elektrik enerjisinin verilməsinin müvəqqəti - 2 (iki) il müddətinə dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçı Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Səmədova iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. İddiaçı MMC cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli, 309099 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-isehsal müəssisəsi,ticarət,ictimai iaşə vədigər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanılmışdır.
11. Həmin Müqavilənin 15-ci bəndinə əsasən, Abonent tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət edə bilər.
12. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə məktubla müraciət edərək,elektrik enerjisini verilməsinin dayandırılması xahiş etmişdir.
13. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə məktubla müraciət edərək,elektrik enerjisini verilməsinin dayandırılması xahiş etmişdir.
V. Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: - 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir. - 389.1 ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: - 18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. - 19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. - “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarnı ın 9.1-ci maddəsinə əsasən, İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıyır. – - 9.13.1-ci maddəsinə əsasən, Enerji təchizatı müəssisəsi istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. - 9.13.5-ci maddəsinə əsasən, Enerji təchizatı müəssisəsi məhkəmənin qərarı ilə istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
17. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. VI. Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi İddiaçı MMC cavabdeh "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixli, 309099 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-isehsal müəssisəsi,ticarət,ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqavilə imzalanmışdır.İş materiallarından görünür ki,iddiaçı tərəfindən cavabdehə elektrik enejisinin verilməsini dayandırılması tələbi ilə müraciət edilmiş, müqavilə üzrə elektik enerjisinin verilməsi dayandırılmamışdır. Qanunvericiliyin, həmçinin “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarnı ın 9.1-ci maddəsinə əsasən, hazırki halda istehlakçı olaraq iddiaçının həmin ərazidən istifadə etməsi mümkünsüz olduğundan, həmçinin müqavilə üzrə lektrik enerjisindən istifadə edəö bilmədiyindən, elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə görə məsuliyyət daşıdığından, məhkəmə hesab edir ki, iddiaçı hazırkı halda aralarında olan müqavilə üzrə elektrik enerjisinin müvəqqəti dayandırılmasını tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir.
20. Hazırkı işin hallarından görünür ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsi iddiaçının istifadəsində deyil və həmin əraziyə elektrik enerjisinin verilməsinə görə yaranacaq risklərə görə iddiaçının məsuliyyət daşıması məqsədəuyğun deyil.
21. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, 09/564 saylı, elektrik enerjisinin alqı-satqısına dair Müqavilənin icrası üzrə elektrik enerjisinin verilməsinin müvəqqəti - 2 (iki) il müddətinə dayandırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova