Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-161/2023 24.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “X2 müqaviləsinə xitam verilməsi, borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zaminlik müqaviləsi, müqavilənin ləğvi, ödənişlərin hesablanması tarixi, cərimə, dövlət rüsumu, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “X2 müqaviləsinə xitam verilməsi, borcun tutulması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2nə (bundan sonra Cavabdeh2 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehlər arasında bağlanmış X2 və zaminlik müqaviləsinə əsasən yaranmış 8670,99 manat gecikdirilmiş əsas borc, 596,75 manat cərimə borcu olmaqla, ümumilikdə 9267,74 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 23 sentyabr 2021ci il tarixli KTA-KTT-21/5877 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə xitam verilməsi və 5 ədəd “HATTAT B 3080 DT” markalı traktorun Cavabdeh1 MMC-dən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 23 sentyabr 2021-ci il tarixli KTA-KTT-21/5877 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 5 ədəd “HATTAT B 3080 DT” markalı traktor cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan texnikalar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 235957,71 manat təşkil etmişdir. Həmin məbləğin 81126,04 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 47191,53 manat məbləğində ilkin ödəniş və 23,08 manat müqavilənin rəsmiləşdirmə komissiyası iddiaçıya ödənilmişdir. Eyni zamanda, Cavabdeh1 MMC ödəniş qrafikinə əsasən ödənişləri tam şəkildə həyata keçirməmişdir. Belə ki, lizinq müqaviləsinin predmetini təşkil edən traktorlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş, nəticədə xx.xx.2022-ci il tarixə 8670,99 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə, lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2022-ci il tarixinə qədər 596,75 manat cərimə borcu mövcuddur. Lizinq müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC ilə KTA-KTT-21/5877-Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 748-1.12.4, 748-2.3-cü və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahatlar vermiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, ödəniş cədvəlində olan Qeyd 1-ə əsasən ödənişlərin subsidiya məbləği köçürüldüyü tarixdən hesablanması razılaşdırılmış, subsidiya məbləği xx.xx.2022-ci il tarixdə köçürülmüşdür ki, buna uyğun olaraq ilk ödəniş xx.xx.2022-ci il tarixdə edilməli idi. Lakin cavabdeh razılaşdılmış avans məbləğini ödəsə də, ödəniş cədvəlinə əsasən heç bir aylıq ödəniş etməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, texnikalar subsidiya tətbiq edilməklə lizinqə verildiyindən əvvəlcə lizinq alan texnikaları seçərək təhvil almış, daha sonra rəsmiləşdirmə işləri həyata keçirilərək alqı-satqı və X2 müqaviləsi bağlanmışdır.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Lizinq müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə “D.X1” MMC (hazırda Cavabdeh1 MMC) arasında xx.xx.2021-ci il tarixli KTA- KTT-21/5877 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilə üzrə lizinq obyektlərinin cəmi qiyməti 235957,71 manat, subsidiya məbləği 81126,04 manat, avans məbləği 47194,53 manat müəyyən edilmiş, lizinq obyektləri olan 5 ədəd HATTAT B 3080 DT markalı traktor xx.xx.2021-ci il tarixli akla “D.X1” MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Cavabdeh başlanğıc tarixi xx.xx.2021-ci il olmaqla adıçəkilən texnikalar üzrə ödənişləri xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüş, eyni zamanda tərəflər müqaviləyə 2 saylı əlavə olan ödəniş cədvəlində razılaşdırmışlar ki, lizinq alan tərəfindən ödənilməli olan ilkin ödəniş (avans) məbləği və (və ya) subsidiya məbləği gecikdirildiyi halda, ödəniş cədvəli faktiki maliyyələşdirilmə tarixindən hesablanacaq və ödəniş cədvəlində göstərilmiş birinci və sonuncu ayların ödənişlərinin tarixi və məbləğinin qrafikdən fərqlənə bilər. Cavabdeh avans məbləğini xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə hissə-hissə ödəmiş, subsidiya məbləği xx.xx.2022-ci il tarixdə köçürülmüş, ödəniş cədvəli üzrə ödəniş həyata keçirilməmişdir.
11. Eyni zamanda müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5877 nömrəli lizinq müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında zaminlik müqaviləsi bağlanmış və sonuncu lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üzrə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
12. İddiaçı xx.xx.2022-ci il tarixə gecikdirilmiş 8670,99 manat əsas borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
13. Məhkəmə bildirir ki, iddiaçı və Cavabdeh1 MMC arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində qiymətləndirilməlidir. Belə ki, iddiaçının tələbi cavabdehlə bağlanmış lizinq müqaviləsindən irəli gəlir.
14. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.
15. Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
16. Məhkəmə qeyd olunan normanın tələbini və tərəflər arasında bağlanılmış müqavilə şərtlərini nəzərə alaraq qeyd edir ki, Cavabdeh1 MMC müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının əsas borcu tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən əsaslıdır.
17. Belə ki, tərəflər subsidiya məbləği gecikdirildiyi halda, ödəniş cədvəlinin faktiki maliyyələşdirilmə tarixindən hesablanacağını razılaşdırmış, subsidiya məbləği isə xx.xx.2022-ci il tarixdə köçürülmüşdür. Belə olan halda cədvəl üzrə ilk ödənişin edilməli olduğu tarix xx.xx.2022-ci il tarixi olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixədək hesablanmış borcu tələb edir. Beləliklə, iddiaçının tələb etdiyi məbləğ xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edir.
18. Cədvəl üzrə ilk ödənişin 538,2 manat, sonrakı aylar üzrə ödənişlərin 1794 manat müəyyən edildiyini, tələb olunan məbləğin xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə etdiyini və ilk ödənişin xx.xx.2022-ci il tarixdə, sonrakı aylar üzrə ödənişlərin də müvafiq gündə edilməli olduğunu nəzərə alan məhkəmə müəyyən edir ki, xx.xx.2022-ci il tarixə ödənilməli olan əsas borc məbləği 8073 ((538.2+1794+1794+1794+1794+358.8 ((1794 manat:30 gün)x6 gün)) manat təşkil edir.
19. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
23. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Həmçinin həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Lizinq müqaviləsi üzrə iddiaçının öhdəliyini icra etdiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək cədvəl üzrə müəyyənləşdirilmiş lizinq ödənişlərini etmədiyini, iddiaçının tələb etdiyi xx.xx.2022-ci il tarixə ödənilməli olan əsas borc məbləğinin 8073 manat olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 8073 manat əsas borc Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməlidir.
b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
26. İddia ərizəsində iddiaçı 596,75 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
27. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müqavilənin 11.3-cü bəndində qeyd edilmişdir ki, lizinq alan aylıq ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 % miqdarında cərimə hesablamaq hüququna malikdir.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
29. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.
30. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
31. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.
33. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 400 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
34. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 400 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Lizinq müqaviləsinin ləğv olunması və lizinq obyektlərinin iddiaçıya qaytarılması tələbi ilə bağlı
35. İddiaçı tərəflər arasında bağlanmış lizinq müqaviləsinə xitam verilməsi və lizinq obyektlərinin qaytarılması tələbini irəli sürmüşdür.
36. Məhkəmə müəyyən edir ki, İddiaçı ASC ilə “D.X1” MMC (hazırda Cavabdeh1 MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli KTA-KTT-21/5877 nömrəli lizinq müqaviləsi 60 ay müddətinə bağlanmaqla hal-hazırda qüvvədədir.
37. Məhkəmə ilk növbədə qeyd edir ki, əqdlərin ləğvetmə və xitam anlayışları hazırkı halda eynilik təşkil edir. Belə ki, ləğvetmə xitam hallarının xüsusi bir təzahür formasıdır, həm xitam anlayışı, həm də ləğvetmə anlayışı əqdlərlə bağlı olduqları halda hüquq münasibətlərinin və onlarının nəticələrinin aradan qalxmasını bildirir.
38. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
40. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
41. Məhkəmə qeyd edir ki, lizinq müqaviləsinin ləğv olunması və lizinq obyektlərinin iddiaçıya qaytarılması tələbinin hüquqi əsasını Mülki Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir.
42. Həmin maddələrdə göstərilmişdir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748- 1.12. və 748-1.12.4).
43. Məhkəmə müəyyən etmişdir ki, lizinq alan iddia tələbi irəli sürülən tarixə ödəniş cədvəli ilə razılaşdırılmış ödəniş müddətləri üzrə ardıcıl olaraq beş dəfədən artıq ödəniş etməmişdir.
44. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə xəbərdarlıq məktubları göndərərək borcların ödənilməsini, lizinq obyektlərinin qaytarılmasını tələb etmiş, icra olunmadığı təqdirdə müqavilənin ləğv olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin həyata keçiriləcəyini qeyd etmişdir.
45. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh1) arasında bağlanmış **** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2” müqaviləsi ləğv edilməli, lizinq obyektləri olan “Hattat B 3080 DT” markalı **** şassi nömrələrinə malik 5 (beş) ədəd traktor Cavabdeh1 MMC-dən alınaraq saz və işlək vəziyyətdə İddiaçı ASC-yə verilməlidir.
d) Məhkəmə xərcinin tutulması ilə bağlı
46. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat pulun cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
47. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9-00287 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehlər iştirak etməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.
48. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
49. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
50. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
51. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
52. Bundan başqa, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
53. Məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə iddianın qiymətinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 113 manat (30 manat +((92xx.xx-1000)/100) olmuş, “Dövlət rüsumu haqqında” Qanuna əsasən iddiaçı ödədiyi 100 manat mediasiya xərci hissəsində dövlət rüsumunu ödəməkdən azad olunmuş, 13 manat dövlət rüsumu ödəmişdir.
54. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
55. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,9 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda Cavabdeh1) arasında bağlanmış **** nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2” müqaviləsi ləğv edilsin. Cavabdeh1ndən və Cavabdeh2ndən 8073 (səkkiz min yetmiş üç) manat əsas borc, 400 (dörd yüz) manat cərimə olmaqla, ümumilikdə 8473 (səkkiz min dörd yüz yetmiş üç) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. “Hattat B 3080 DT” markalı **** şassi nömrələrinə malik 5 (beş) ədəd traktor Cavabdeh1ndən alınaraq saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat, dövlət rüsumunun əvəzi olaraq 11 (on bir) manat 90 (doxsan) qəpik məbləğində pul müştərək qaydada Cavabdeh1ndən və Cavabdeh2ndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova