Məhkəmə qərarları › İş №e-2-2(113)-1615/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1615/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1615/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçınin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçınin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11150 ABŞ dolları əsas borc, 300 ABŞ dolları cərimə məbləği olmaqla ümumilikdə 11450 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 149 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə D/AZ19 saylı,10 iyun 2022ci il tarixli müqaviləyə əsasən 10824 saylı spesifikasiyada göstərilən 21855 ABŞ dolları məbləğində mallar cavabdehə göndərilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh 15 avqust 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək bütün borclarını ödəməli olduğu halda bundan yayınmışdır. Cavabdeh malları almağına baxmayaraq 11150 ABŞ dolları borcunu bü günədək ödəməmişdir. Bu haqda Cavabdeh dəfələrlə zəng olunsa da, telefonları bağlı olmuşdur. Müqavilədə qeyd olunan ünvana bildirişlər göndərilsə də geri qayıtmışdır. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, D/Az-22/06 nömrəli üzləşdirmə aktı imzalanmışdır. Həmin üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 11150 ABŞ dolları borclu olduğu bir daha öz təsdiqini tapır. Tərəflər arasında imzalanan xx.xx.2023-cü il tarixli, D/Az-22/06 nömrəli üzləşdirmə aktına əsasən 10824 saylı spesifikasiyadakı göstərilən 25026 ABŞ dolları məbləğində mallar faktiki olaraq 22099 ABŞ dollar məbləğində lazımi qaydada qablaşdırılmış, sənədləşdirilmiş və istehsal defekti olmayan (qüsursuz) keyfiyyət göstəriciləri standartlara uyğun şəkildə cavabdehə təhvil verilərək onun tərəfindən qəbul edilmişdir. Alıcı tərəfindən 10949 ABŞ dolları ödənilmişdir. Hazırda alıcı Cavabdeh şirkətə borcu 11150 ABŞ dolları təşkil edir. Cavabdehə internet vergi idarəsi portalından vergi ödəyicisinə həm pretenziya məktubu, həm də iddia ərizəsi göndərilmişdir. Cavabdehə 3 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir və öz yerini gizlədərək öz borcunu ödəməkdən açıq aşkar yayınır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli, D/AZ19 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə alıcı bu müqaviləyə uyğun olaraq Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, satıcı ilə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya tam olaraq ödəməyi öhdəsinə götürür.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an alıcı tərəfindən satıcıya ödənilir. Yerdə qalan ödənişlər 15 avqust 2022-ci il tarixdən hər həftə hissə hissə olmaqla 01 oktyabr 2022-ci il tarixədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 60 gün ərzində malların dəyərini alıcı tam ödəməlidir. Göstərilən qaydada ödənişlər alıcı tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırıla bilər.

9. Müqavilənin 3.2-ci bəndinə əsasən satıcı tərəfindən malların alıcıya göndərilməsi 15 avqust 2022-ci ildən gec olmayaraq həyata keçirilir. Mallar göndərildiyi andan mallar verilmiş və alıcı tərəfindən qəbul edilmiş hesab edilir. Alıcı ona göndərilmiş malları qəbul etdikdən sonra 24 saat ərzində elektron vasitələrin köməyindən istifadə etməklə bu barədə satıcıya məlumat verməlidir.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən əgər alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 0,2 % həcmində cərimə ödəyir.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən sifariş olunmuş malların alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya gecikdirilən hər gün üçün göndəriləcək partiyanın (mal dəstinin) ümumi dəyərinin 0,2 % miqdarında cərimə ödəməlidir.

12. 07.06.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 1000 ABŞ dolları pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

13. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən cavabdehin iddiaçıya borcu 11150 ABŞ dolları təşkil edir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, D/AZ19 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər icra edilməmişdir.

22. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 11150 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-cü il tarixli, D/AZ19 nömrəli müqavilənin 4.1-ci bəndinə əsasən hesablanmış 300 ABŞ dolları məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 11150 ABŞ dolları əsas borc, 300 ABŞ dolları dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 149 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 11150 ABŞ dolları əsas borc, 300 ABŞ dolları dəbbə pulu, ümumilikdə 11450 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 149 manat dövlət rüsumu tutularaq iddiaçı “DossoDossi Tekstil Sanayi Turizm ve X1”nə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar