Məhkəmə qərarları › İş №e-2-2(113)-1616/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1616/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1616/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nın nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nın Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Turizm xidmətləri sahəsində əməkdaşlıq haqqında”müqavilə üzrə öhdəliyini icra etmədiyinə görə Cavabdeh şirkətindən 5802 manat miqdarında əsas borcun və 854,87 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 6686,87 manat məbləğində pul məbləğinin tutularaq, İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh şirkəti ilə İddiaçı MMC arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli “Turizm xidmətləri sahəsində əməkdaşlıq haqqında” müqaviləyə əsasən, onlar cavabdeh təşkilatın işçilərinin, rəhbərliyinin xarici ölkələrə səfərlərinin, avia biletlərini yazılması, viza dəstəyi, qonaqların qarşılanması və yerləşdirilməsi, ölkədaxili korporativ tədbirlərin keçirilməsinin təşkili və digər turizm xidmətləri göstərmək, cavabdeh təşkilat isə göstərilmiş xidmətlərə görə haqq ödəmək öhdəliyini üzərinə götürmüşdür. Bu müqavilənin icrası ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli 1763 A nömrəli faktura ilə onlar tərəfindən 2367 manat məbləğində, xx xxxxxx 2019cu il tarixli 1772 Anömrəlifaktura ilə 2315 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli 1783 A nömrəli faktura ilə 858 manat məbləğində, xx xxxxxx 2020-ci il tarixli 1795 A nömrəli faktura ilə 262 manat məbləğində aviabiletlər cavabdeh təşkilatın əməkdaşları adına alınaraq, təqdim olunmuş və “Mak Martin LTD”-nin əməkdaşları bu xidmətdən yararlanmışdır. Qeyd olunan hesab-fakturalar üzrə cavabdehin ümumilikdə 5802 manat məbləğində borcu yaranmışdır. Hesab-fakturalar müqaviləilə nəzərədə tutulan müvafiq qaydada təqdim olunmasına baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozaraq keçən bu qədər vaxt ərzində öhdəliyini yerinə yetirməyərək heç bir ödəniş etməmiş və nəticədə müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdeh təşkilatın rəhbərliyi dəfələrlə xəbərdarlıq edilmiş, borcu ödəyəcəkləri bağlı vəd versələr də buna əməl etməmiş və heç bir ödəniş həyata keçirilməmişdir. Sonuncu olaraq, xx xxx 2020-ci il tarixli 19/05-1 nömrəli pretenziya ilə cavabdeh təşkilata müraciət olunmuş və 07 təqvim günü ərzində borclarını nəğd və ya bank hesabımıza köçürmə yolu ilə ödənilməsi tələb olunmuşdur. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən bu tələbləri yerinə yetirilməmişdir.xx xxxxxx 2019-cu il tarixli müqavilənin 5.2-ci maddəsində hər gecikdirilmiş təqvim üçün hesab faktura məbləğinin 0,1 % məbləğində dəbbə ödənilməsi də nəzərdə tutulmuşdur. Bu müddəaya əsasən, xx xxxxxx 2019-cu il tarixli EBAD seriyalı 347285 nömrəli elektorn qaimə üzrə göndərilmiş 1 ədəd aviabilet üçün müəyyənləşmiş 2367 manat məbləğində əsas borca görə 386,31 manat dəbbə pulu (hesab-fakturanın təqdim edildiyi xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək müddət 168 gün təşkil edir, həmin müddətdən qaimənin tərtib olunmasından sonrakı 3 iş gününü çıxdıqda 163 gün müddətində borcun verilməsi gecikdirilmiş olur. Buna əsasən də dəbbə pulunun hesablanması belə olur: 2367x0,1%x163 günə), xx xxxxxx 2019-cu il tarixli EBAD seriyalı 416502 nömrəli elektron qaimə üzrə göndərilmiş 1 ədəd aviabilet üçün müəyyənləşmiş 2315 manat əsas borca görə 378,16 manat dəbbə pulu, xx xxxxxx 2020-ci il tarixli EBAG seriyalı 256360 nömrəli elektorn qaimə üzrə göndərilmiş 1 ədəd aviabilet üçün müəyənləşmiş 262 manat əsas borca görə 24,18 manat, xx xxxxxx 2020-ci il tarixli EBAE seriyalı 589312 nömrəli elektron qaimə üzrə göndərilmiş 1 ədəd aviabiletlər üçün müəyyənləşmiş 858 manat əsas borca görə 66,22 manat dəbbə pulu, ümumilikdə 854,87 manat miqdarında dəbbə pulunun ödənilməsi zərurəti yaranmışdır.. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nın nümayəndəsi, Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli turizm xidmətləri sahəsində əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-nin işçilərinin, rəhbərliyinin xarici ölkələrə səfərlərinin, avia biletlərini yazılması, viza dəstəyi, qonaqların qarşılanması və yerləşdirilməsi, ölkədaxili korporativ tədbirlərin keçirilməsinin təşkili və digər turizm xidmətləri göstərmək, cavabdeh təşkilat isə göstərilmiş xidmətlərə görə haqq ödəmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndində göstərilən və xidmət haqqı sifarişçi (Cavabdeh MMC) tərəfindən ödənilməli olan xidmətlərin dəyəri icraçı (İddiaçı MMC) tərəfindən hər 10 təqvim günü üçün təqdim edilən hesab üzrə, hesab təqdim edildiyi gündən etibarən 3 iş günü ərzində nağd və ya icraçının bank hesabına köçürmə yolu ilə sifarişçi tərəfindən ödənilməsi, hər gecikdirilmiş təqvim üçün hesab faktura məbləğinin 0,1 % məbləğində dəbbə ödənilməsi də nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən verilən EBAD seriyalı, 347285 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAD seriyalı, 416502 nömrəli, xx.xx.2019-cu il tarixli; EBAE seriyalı, 589312 nömrəli, xx.xx.2018-ci il tarixli və EBAG seriyalı, 256360 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələrdən və 1763A, 1772A, 1783A və 1795A nömrəli invoyslardan görünür ki, İddiaçı MMC-nin alıcı Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin (aviabiletlərin qiyməti) ümumi dəyəri 5802 manat məbləğində təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur.Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. Öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.2, 445.7, 465.2, 467, 862.1 və 862.3 -cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək görülmüş xidmətlərin qarşılığına görə əsas borc olan 5802 manat məbləğində pul ödənilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsas borcun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı iddiaçı tərəfindən müqavilə üzrə 854,87 manat məbləğində dəbbə pulu hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 48 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli turizm xidmətləri sahəsində əməkdaşlıq haqqında müqavilə üzrə yaranmış 5802 manat məbləğində əsas borc, 48 manat cərimə borcu, cəmi 5850 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 87,87%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 87,87%-i, yəni 26,36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli turizm xidmətləri sahəsində əməkdaşlıq haqqında müqavilə üzrə yaranmış 5802 manat məbləğində əsas borc, 48 manat cərimə borcu cəmi 5850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 26,36 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar