Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1624/2021 26.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) ASC-nin Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Holcim (Azərbaycan) ASC Cavabdeh MMC-yə qarşı «alqı-satqı müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı 04.03.2020ci il tarixində bağlanmış O000727359 saylı alqı-satqı müqaviləsi üzrə 23768.9 (iyirmi üç min yeddi yüz altmış səkkiz manat doxsan qəpik) AZN məbləğində əsas borcun, 3920.5 (üç min doqquz yüz iyirmi manat əlli qəpik) AZN cərimə məbləğinin cəmi 27689.4 (iyirmi yeddi min altı yüz səksən doqquz manat qırx qəpik) AZN məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 (otuz) manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı Holcim (Azərbaycan) ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "Cavabdeh" MMC ilə Holcim (Azərbaycan) ASC arasında 04.03.2020-ci il tarixində bağlanmış ********** saylı alqı- satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsulları cavabdehə məhsulları göndərmişik. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 23768.9 (iyirmi üç min yeddi yüz altmış səkkiz manat altmış qəpik) AZN indiyədək ödənilməmiş qalmışdır. 11.01.2021-ci il tarixdə şirkətimiz cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 15.01.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Pretenziya məktubu cavabdehə 12.01.2021-ci il tarixində çatdırılmışdır. Cavabdehlə 04.03.2020-ci il tarixində bağlanmış O000727359 saylı alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gccikdirimiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqı-satqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 3920.5 (üç min doqquz yüz iyirmi manat əlli qəpik) manat təşkil edir. . İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1624/2021 saylı 26 may 2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan:Satıcı qismində “Holcim (Azərbaycan)” ASC ilə alıcı qismində Cavabdeh MMC arasında 04.03.2020-ci il tarixdə O000727359 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı sementin alıcıya satılmasını, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən malın qəbul məntəqəsi müqaviləyə edilən əlavələrdə və yük-nəqliyyat qaimələrində göstərilir. Malın qəbul məntəqəsi yeni ünvanla əvəz edilirsə və ya yeni ünvan əlavə edilərsə Alıcı Satıcıya müraciət etməlidir, həmin yeni ünvan bu müqaviləyə əlavə edilməli və Yük nəqliyyat qaimələrində öz əksini tapmalıdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən mal və Qiymətlər (Çatdırılma daxil, ƏDV xaric), Müqaviləyə edilən əlavələrdə göstərilir. Həmin Müqavilənin 3.3.1-ci bəndinə əsasən ödəniş Alıcı tərəfindən alınacaq hər Malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən Satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 3.3.3-cü bəndinə əsasən Satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq Alıcıya sonradan ödəmə şərti ilə Mal buraxılışı həyata keçirə bilər. Bu halda Alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Tərəflər fərqli ödəniş müddətini bu müqaviləyə edilən əlavələrdə tənzimləyirlər. Sonradan ödəmə şərti ilə mal buraxılışından yararlanmaq üçün X1 Qarantiya Məktubu və ya digər zəmanət sənədi tələb edə bilər. Müqavilə dövründə Alıcının götürəcəyi Malın növü və ya növbəti qiymət dəyişiklikləri olarsa hazırki Müqaviləyə aid olan əlavələrdə göstərilməlidir. “Holcim (Azərbaycan)” ASC ilə alıcı qismində Cavabdeh MMC arasında 04.03.2020ci il tarixdə O000727359 saylı alqı-satqı müqaviləsinə edilmiş 1 nömrəli əlavədən görünür ki, tərəflər arasında Qaradağ Optimal kisə ƏDV daxil 122,49 manat, Qaradağ Spesial kisə ƏDV daxil 137,49 manat, Qaradağ Sprint kisə ƏDV daxil 149,99 manat, Qaradağ Unikal kisə ƏDV daxil 149,99 manat və Altlıqlar ƏDV daxil 28,32 manat olması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-yə ümumilikdə 62000,91 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən buna qarşılıq olaraq 38232 manat ödəniş edilmişdir. Qeyd olunan tarixə cavabdehin 23768,9 manat əsas və 3920,5 manat ödənişin gecikdirilməsinə görə cərimə borcu olması göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh MMC arasında 04.03.2020-ci il tarixli O000727359 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 23768,9 manat əsas və 3920,5 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 04.03.2020-ci il tarixdə O000727359 saylı müqavilə üzrə 23768,9 manat pul iddiaçıya ödənilməmişdir. Bu səbədəndə tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən gecikdirilmiş əsas məbləğə görə 3920,5 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 23768,9 manat əsas borc, 3920,5 manat cərimə borcu olmaqla cəmi 27689,4 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 23768,9 (iyirmi üç min yeddi yüz altmış səkkiz manat doxsan qəpik) manat əsas borc, 3920,5 (üç min doqquz yüz iyirmi manat əlli qəpik) manat cərimə borcu olmaqla cəmi 27689,4 (iyirmi yeddi min altı yüz səksən doqquz manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul “Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1624/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1624/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver