Məhkəmə qərarları › İş №e-2-2(113)-1625/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1625/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1625/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi, icranın gecikdirilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S37/22 saylı təchizat müqaviləsi əsasında 1170 manat əsas borc, 1274 manat dəbbə pulu və 44 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 2488 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S37/22 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların satıcı tərəfindən çatdırılması hallarında, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində satıcının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı alıcı satılan malın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. Malların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu müqaviləyə əsasən onun dəyərinə daxildir. Satıcının ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş mallar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən çatdırılmış malların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında malların təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla, 1170 manatlıq malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu göndərilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, satıcı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, satıcı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi alıcını bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 1170 manat cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflər arasında hazırkı müqavilənin icrasından yaranan bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. A03/23 saylı, xx.xx.2023-cü il tarixli təchizat müqaviləsinin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı satıcıya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 567, 597.1, 598.3, 600.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. Cavabdeh2 məhkəmə iclasında izahat verərək, bildirdi ki, iddia tələbində qeyd olunan əsas borcu qəbul edir, cərimə məbləğini isə qəbul etmir. İddianın qismən təmin olunmasına etiraz etmir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, təchizatçı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh2 arasında 21 dekabr 2022-ci il tarixli, S37/22 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən təchizatçı alıcıya spirt məhsullarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini təchizatçıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların təchizatı müqavilənin bütün müddəti ərzində müqaviləyə əlavələr və onun ayrılmaz tərkib hissəsi olan spesifikasiyalarla həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların təchizatçı tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və ya qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3% dəbbə pulu ödəyir. 4.2-ci bəndinə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda alıcı razılaşır ki, təchizatçı təhvil verilmiş bütün mallara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, alıcı razılaşır ki, təchizatçı bütün çatdırılmış malın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən alıcı əvvəllər ona təhvil verilmiş mallar çərçivəsində ödəniş/hesabatların təqdim edilməsi şərtlərini pozarsa, təchizatçı malların növbəti partiyalarının daşınmasını birtərəfli qaydada dayandırmaq, malların göndərilməsi üçün sifarişlərin razılaşdırılmasından imtina etmək hüququna malikdir. Mallar üzrə razılaşdırılmış sifarişləri tam ödənilənə qədər ləğv etmək, alıcının təchizatçıya olan borcunu birtərəfli qaydada tələb etmək və alıcının ixtiyarında olan malları geri qaytarmaq, eyni zamanda təchizatçının yuxarıda göstərilən hərəkətləri ilə bağlı itkilər, cərimələr, risklər alıcı tərəfindən ödənilir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə və ya yerinə yetirmədikdə, alıcı müqavilədə nəzərdə tutulmuş cərimələri ödəməkdən əlavə, təchizatçıya dəymiş zərərləri ödəməlidir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

8. xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 300031 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 441,78 manat təşkil edir. Qaimənin əsası kimi S37/22 saylı müqavilə göstərilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 318867 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 355,74 manat təşkil edir.

10. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 383140 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 231,38 manat təşkil edir.

11. xx.xx.2023-cü il tarixli, EBDA seriyalı, 544089 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 417,12 manat təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 575490 nömrəli elektron qaimədən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ümumi dəyərini 728,16 manat təşkil edir.

13. xx.xx.2022-ci il tarixli, 000029 nömrəli satış sənədinin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ümumi dəyəri 441,78 manat olan və sənəddə adıçəkilən mal/mallar təhvil verilmişdir.

14. xx.xx.2023-cü il tarixli, 93 nömrəli satış sənədinin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ümumi dəyəri 355,76 manat olan və sənəddə adıçəkilən mal/mallar təhvil verilmişdir. Sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

15. xx.xx.2023-cü il tarixli, 2101 nömrəli satış sənədinin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ümumi dəyəri 728,16 manat olan və sənəddə adıçəkilən mal/mallar təhvil verilmişdir. Sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

16. xx.xx.2023-cü il tarixli, 840 nömrəli satış sənədinin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ümumi dəyərini 417,12 manat olan və sənəddə adıçəkilən mal/mallar təhvil verilmişdir. Sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

17. xx.xx.2023-cü il tarixli, 1250 nömrəli satış sənədinin məzmunundan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ümumi dəyəri 231,38 manat olan və sənəddə adıçəkilən mal/mallar təhvil verilmişdir. Sənəd tərəflərin imzası ilə təsdiq edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, 347218 nömrəli kassa mədaxil orderindən müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 355,76 manat ödəniş edilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********/573279413 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 549,56 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi xx.xx.2022-ci il tarixli müqavilə və EBDA seriyalı, 383140 və 511089 nömrəli qaimələr qeyd edilmişdir.

20. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 25/24 nömrəli maliyyə arayışının məzmunundan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixinə fiziki şəxs Cavabdeh2 Oktay oğlunun “Yasinoğulları Suraxanı” iaşə obyekti üzrə İddiaçı MMC-yə olan 2444 manat borcu mövcuddur. Belə ki, yazılan qaimələrin məbləği 2174,18 manat, ödənilən məbləğ (qaytarılan malların dəyəri) 1004,24 manat, dəbbə pulu 1274,06 manat olmaqla, qalıq borcun məbləği 2444 manat təşkil edir.

21. İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh2 müqavilə üzrə yaranmış 1169,94 manat əsas və 1274,06 manat cərimə borcunun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.

25. İddia tələbinin bir hissəsini cavabdehdən 21 dekabr 2022-ci il tarixli, S37/22 saylı alqı-satqı müqaviləsi üzrə 1170 manat qalıq borcun tutulması təşkil edir.

26. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, müqavilə şərtlərini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdeh2 21 dekabr 2022-ci il tarixli, S37/22 saylı alqı-satqı müqaviləsi üzrə 1169,94 manat (min yüz altmış doqquz manat doxsan dörd qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, təqdim edilmiş satış fakturaları və elektron qaimələr üzrə ümumi məbləğ 2174,18 manat, edilmiş ödənişlər 905,32 manat (355,76+549,56=905,32) təşkil etmişdir. “X4 Comapny” MMC tərəfindən tərtib edilmiş maliyyə arayışında əsas borc 2174,18 manat, alıcı tərəfindən edilmiş ödənişlər və qaytarılan mallar nəzərə alınmaqla, ümumi məbləğn 1004,24 manat olduğu qeyd edilmişdir, yəni ödənişlərdən əlavə malların bir qismi də qaytarılmışdır, ona görə də malların dəyəri olan 2174,18 manatdan qaytarılan mallar və edilmiş ödəniş üzrə 1004,24 manat çıxılmalı, qalan 1169,94 manat (2174,18-1004,24=1169,94) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. İddia tələbinin digər hissəsini Cavabdeh2 xx.xx.2022-ci il tarixli, S37/22 saylı təchizat müqaviləsi əsasında 1274 manat cərimə borcunun tutulması təşkil edir.

28. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğlərinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən birgə qaydada tutulacaq cərimə məbləği azaldılaraq 70 (yetmiş) manat məbləğində müəyyən edilməlidir.

30. Eləcə də, iddiaçı 44 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

31. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 22,30 manat (iyirmi iki manat otuz qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1169,94 manat (min yüz altmış doqquz manat doxsan dörd qəpik) borc, 70 (yetmiş) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,30 manat (iyirmi iki manat otuz qəpik) olmaqla, ümumilikdə 1262,24 manat (min iki yüz altmış iki manat iyirmi dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Məsuliyyətli Cəmiyyətinin Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar