Məhkəmə qərarları › İş №e-2-2(113)-1630/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1630/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1630/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X6, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “RBC Group CZECH S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “xxxx” QSC-yə qarşı müqavilə şərtlərinin pozulmasına görə cərimənin tutulması, qoyulmuş investisiyalara və əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “RBC Group CZECH S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilənin 3-cü maddəsinin a bəndinin tələblərinin pozulmasına görə 180.000 ABŞ dolları, 2018-ci ildən bu günədək şirkətin investisiya etdiyi 110.000 ABŞ dolları və əldən çıxmış faydaya görə 360.000 ABŞ dolları, ümumilikdə 650.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin müddəti növbəti il üçün uzadılmışdır. Müqavilənin 3-cü maddəsinin a bəndinə əsasən digər tərəflərin əvvəlcədən yazılı razılığı olmadan müqavilənin icrası zamanı tərəfin tanış olduğu digər tərəfin işçiləri, biznes ortaqları, menecerləri və ya subpodratçıları ilə əməkdaşlıq etməkdən (yəni həmin şəxsləri işə götürməkdən, onların bilik və təcrübəsindən istifadə etməkdən və ya onları digər gəlir gətirəcək fəaliyyətə cəlb etməkdən) çəkinməlidir. Bu öhdəliyin öhdəliyi pozmayan tərəfin biznes ortaqlarına və ya menecerlərinə qarşı pozulmasına görə öhdəliyi pozan tərəf öhdəliyi pozmayan tərəfə 120.000 ABŞ dolları məbləğində cərimə ödəməlidir. Bu öhdəliyin öhdəliyi pozmayan tərəfin işçiləri və subpodratçılarına qarşı pozulmasına görə öhdəliyi pozan tərəf öhdəliyi pozmayan tərəfə müvafiq olaraq 60.000 və 30.000 ABŞ dolları məbləğində cərimə ödəməlidir. Bundan əlavə cərimənin məbləği zərərçəkmiş tərəfin ekspertləri tərəfindən hesablanmış proqnozlaşdırılan gəlirin həcmindən və ya nüfuza vurulan xələlin məbləğindən asılı olaraq artırıla bilər.” Həmçinin müqaviləyə əsasən “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin işçiləri, biznes ortaqları, menecerləri və ya subpodratçıları “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkəti ilə işgüzar münasibətlərinə xitam verildiyi dövrdən 10 il ərzində “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin əməkdaşlıq etdiyi müəssisə və şirkətlər tərəfindən işə götürülə bilməz. Hazırda məlum olmuşdur ki, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin əməkdaşları X7 və X8 qanunsuz olaraq “xxxx” QSC-yə xidmət göstərir. Bu isə müqavilənin yuxarıda qeyd olunan bəndinin tələblərinin kobud şəkildə pozulmasıdır. Dəfələrlə cavabdehlə əlaqə saxlanılmış, lakin mübahisənin həlli istiqamətində heç bir real addım atılmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini belə əsaslandırmışdır ki, “xxxx” QSC tərəfındən müqavilənin 12-ci fəslinin şərtləri pozularaq “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin işçiləri X7 və X8 həmin şirkətin razılığı olmadan Cəmiyyətə xidmət göstərirlər. Bu şərtin pozulmasına görə “xxxx” QSCdən ümumilikdə 650.000 ABŞ dolları (180.000 ABŞ dolları müqavilə bəndinin pozulmasına görə, 110.000 ABŞ dolları bu günədək şirkətin investisiya etdiyi məbləğə görə və 360.000 ABŞ dolları əldən çıxmış faydaya görə) məbləğində pul vəsaiti tələb olunur. İddiaçının qeyd etdiyi müqavilə şərtinin pozulması tamamilə yalandır və heç bir həqiqəti əks etdirmir. Belə ki, “xxxx” QSC tərəfindən iddiaçının işçilərinin hər hansı xidmətə cəlb edilməsi baş verməmişdir. Çünki cəmiyyət qarşısında işlərin görülməsi öhdəliyini konkret olaraq “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkəti öz üzərinə götürmüşdür və öhdəliyin icrası da həmin şirkətdən tələb olunur. İddia tələbində göstərilən hal əsassızdır və heç bir sübut və dəlilə söykənmir. Hazırda “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin heç bir hüquqi əsası olmayan iddia qaldırmasının səbəbi, özünün müqavilə ilə bağlı yol verdiyi ciddi pozuntuları və öhdəlikləri icra etməməsini ört-basdır etmək olmuşdur. Belə ki, müqavilənin əsas vacib öhdəliyi “ROBERTSON & BLUMS’ CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin “xxxx” QSC- ni proqram təminatı üzrə lisenziya ilə təmin etməsi olmuşdur. “xxxx” QSC lisenziyanın pulunu tam şəkildə ödəsə də (33 000 ABŞ dolları), qeyd edilən lisenziya bu günədək təqdim edilməmişdir. Bundan daha acınacaqlı hal isə “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətinin ümumiyyətlə qeyd olunan proqram təminatının təchizatçısı kimi çıxış etmək səlahiyyətinin olmamasıdır. “xxxx" QSC tərəfindən aparılmış araşdırmalarla kifayət qədər mötəbər sübutlarla bu xüsusat öz təsdiqini tapmışdır. Beləliklə, “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkəti əslində səlahiyyətli olmadığı halda, qarşı tərəfi aldatmaqla müqavilə bağlamış və qanunsuz sənədlər əsasında pul vəsaitini mənimsəmişdir. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli “Şirkət resurslarının planlaşdırılması və biznes proseslərinin avtomatlaşdırılmasına dair” (No HÜQ. 864) müqavilənin tələblərinin pozulmasına görə 180.000 ABŞ dolları, 2018-ci ildən bugünədək şirkətin investisiya etdiyi 110.000 ABŞ dolları və əldən çıxmış faydaya görə 360.000 ABŞ dolları, ümumilikdə 650.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, “xxxx” QSC “ERP” sisteminin tətbiqində lazımi nəticə əldə edə bilmədiyindən 2018-ci ildə “xxxx” QSC-nin maliyyəlogistika sisteminin İC ERP bazasında avtomatlaşdırılması üçün iddiaçının Azərbaycan nümayəndəliyinə müraciət etmişdir. “xxxx” QSC bu layihənin işə salınması üçün maliyyə resurslarının çatışmazlığına istinad edərək mümkün olacaq endirimlərin edilməsi xahiş etmiş və qısa bir zaman aralığında layihənin həqiqi dəyərinin ödənilməsi üçün büdcənin artırılacağı üçün vəd vermişdir. “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. rəhbərliyi Çexiya və Azərbaycan arasında müvcud olan strateji partnyorluğu nəzərə alaraq “xxxx” QSC-nin bu müraciəti üçün layihənin maya dəyərindən daha aşağı qiymətlərlə, görünməmiş güzəştlərə getmişdir. Cədvələ uyğun olaraq bir illik hər ay üçün şərti 3500 ABŞ dolları qiymət təyin olunmuşdur. Həmçinin iddiaçı tərəfindən layihə işlərinin tam və keyfiyyətli görülməsi, layihə komandasının tam təşkil olunması üçün əlavə 110.000 ABŞ dolları məbləğində resurslar ayrılmışdır. Beləliklə, iddiaçının komandasının sərf etdiyi əmək nəticəsində “xxxx” QSC tarixdə ilk dəfə olaraq bir mərkəzləşmiş sistem daxilində işləməyə başlamış, istifadəçilərin sayı yüzü keçmiş, həmçinin sistemdən lazım olan bütün vacib, doğru hesabatlar avtomatik olaraq əldə edə bilmişlər. Amma layihədə söz verilən əlavə işlərin görülməsi və büdcənin artırılması barədə verilən vədlər yerinə yetirilməmişdir. Hətta belə müqaviləyə əsasən görüləcək işlərin həcmi birtərəfli şəkildə azaldılmış, layihənin bir hissəsi digər üçüncü şəxs təchizatçılara ötürülmüş və hər cür saxta ittihamlar və görülən işlərdən narazılıq adı altında maneələr qoymaqla iddiaçı şirkətin işinin gedişatına maneəçilik törətmişlər. Müqavilənin 6-cı maddəsinə görə, icraçı oşləri sifarişçiyə hazırkı Müqaviləyə 1 və 2 saylı Əlavələrdə qeyd edilmiş zaman çərçivələrində icra edib təhvil verməyi öhdəsinə götürür. Sifarişçi icraçı ilə sıx əməkdaşlıq etməli və icraçını işlərin müvafiq qaydada icra edilməsi üçün vacib olan və sifarişçidən müvafiq qaydada tələb olunan bütün məlumatlar və digər əlaqəli materiallar ilə təmin etməlidir. İcraçı işlərin icra edilməsinə sözügedən sahədə və ya texnologiyada peşəkar olan üçüncü şəxsləri cəlb edə bilər. İcraçı işlərin icra edilməsinə cəlb etdiyi peşəkar olan üçüncü şəxslərin bütün hərəkətlərinə (hərəkətsizliklərinə) görə sifarişçi qarşısında tam olaraq məsuliyyət daşıyır. İşlər sifarişçinin təyin etdiyi və barəsində icraçıya müvafiq qaydada əvvəlcədən xəbər verildiyi yerlərdə icra ediləcək. İcraçı işləri sifarişçiyə hər ay aylıq təhvil-təslim aktları əsasında təhvil verir. Həmin aylıq təhvil-təslim aktları tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalı və möhürlənməlidir. Sifarişçi təhvil-təslim tarixində təhvil verilən işlərin sınağını keçirmək hüququna malikdir və sınaqdan keçməyən işlərdən imtina edə bilər. Bu cür imtina imtinanın səbəbi göstərilməklə dərhal və ya təhvil-təslim tarixindən etibarən 3 iş günündən gec olmayaraq İcraçıya imtina bildirişi təqdim etməklə əsaslandırılmalıdır. İşlərə zərərin vurulması riski İşlərin yuxarıda qeyd olunduğu qaydada sifarişçiyə təhvil-təslim aktları əsasında təhvil verilməsindən dərhal sonra sifarişçiyə ötürülür. Sifarişçi heç bir əsas olmadan İşləri tam və ya qismən qəbul etməkdən imtina edərsə, tərəflər işlərin qəbul edilməməsinə dair öz mövqe və əsaslandırmalarım əks etdirən hesabat tərtib etməli və alternativ təhvil-təslim aktının imzalanması tarixi barədə razılığa gəlməlidirlər. Əgər sifarişçi işlərə dair yazılı əsaslandırılmış etirazını icraçıya təqdim etmədən işləri alternativ təhvil-təslim aktı əsasında qəbul etməkdən imtina edərsə, İşlər həmin alternativ təhvil-təslim aktının tərtib edildiyi tarixdə qəbul edilmiş hesab olunacaq. İcraçı işlərin qüsurları nəticəsində dəymiş hər hansı zərərə görə məsuliyyət daşımalıdır. İcraçı üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyətin sığortası üçün müqavilə qiymətinin 5%-i civarında sığorta polisi təmin edir və müqavilənin qüvvədə olduğu müddət ərzində həmin polisin etibarlılığını qorumaq öhdəliyi daşıyır. Tərəflər razılaşır ki, icraçının qərəzi və kobud ehtiyyatsızlığı nəticəsində vurulmuş zərər istisna olmaqla, İşlərin yerinə yetirilməsi zamanı vurulan hər hansı zərərə görə İcraçının məsuliyyəti İşlərin dəyəri məbləği ilə məhdudlaşdırılır. Qüsursuz yerinə yetirilmiş, müvafiq qaydada tamamlanmış və qəbul edilmiş işlər müqabilində ödəniş edilməzsə və ya gecikdirilərsə icraçı sifarişçiyə həmin işlərdən istifadə etməyi məhdudlaşdıra bilər. Müqavilənin 8-ci maddəsinə görə, icraçı işlərdə zəmanət müddəti ərzində aşkar edilmiş hər hansı qüsurlara görə məsuliyyət daşıyacaq. İcraçı sifarişçiyə İşlərdə aşkar olunacaq hər hansı qüsurlara görə işlərin qarşılıqlı imzalanmış və möhürlənmiş yekun təhvil- təslim aktı əsasında işlərin sifarişçi tərəfindən tam olaraq qəbul edildiyi tarixdən etibarən 24 (iyirmi dörd) ay müddətinə zəmanət təqdim edəcəkdir. Bu cür zəmanət İşlərin texniki düzgünlüyü, peşəkarlıq səviyyəsini, icrasını, yararlığını və tərkibini əhatə edir. Hazırki müqavilə üzrə təqdim edilmiş işlər zəmanət müddəti ərzində bu müqaviləyə uyğun olaraq istifadə üçün yararlı olmalı və müqavilədə razılaşdırılmış bütün keyfiyyət tələblərinə cavab verməlidir. Zəmanət müddəti ilə əhatə edilən qüsurlu işlər icraçının səlahiyyətli nümayəndəsi tərəfindən sifarişçinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış zəmanət tələbini aldıqdan sonra tərəflər arasında razılaşdırılmış vaxt ərzində sifarişçi tərəfindən heç bir xərc çəkilmədən icraçı tərəfindən yenilənəcək və ya qüsurları aradan qaldırılacaq. Bu cür zəmanət iddiası qüsurun təfsilatlı tərifini, tərtib edildiyi tarixi və imzanı əks etdirməlidir. Zəmanət iddiası zəmanət müddətinin sonuncu günündən gec olmayaraq icraçıya təqdim edildiyi təqdirdə vaxtında qaldırılmış hesab olunur. 2020-ci ilin yanvar ayında “xxxx” QSC birtərəfli şəkildə hər hansı bir prosedur qaydalara riayət etmədən və xəbərdarlıq göndərmədən iddiaçı ilə bütün əlaqələri dayandırrnış, iddiaçının əməkdaşları ilə fərdi şəxs qismində işləməyə başlamışlar. Bu isə oz novbəsində müqavilənin şərtlərinin kobud şəkildə pozulması deməkdir. Belə ki, tərəflərindən 2019-cu ilin iyul ayından başlayaraq hər iki tərəfdən şəxsi tamahkar maraqları naminə iddiaçı şirkəti gözdən salmaq üçün oyun aparan iştirakçılar aşkarlanmışdır. Müqavilənin əsas şərtlərini pozaraq iddiaçı şirkətin əməkdaşlarından olan iki nəfər - Sergey Perepelov və Ülviyyə Əlizadə ilə gizli danışıqlar aparılmış və bunun müqabilində “xxxx” QSC-də bilavasitə işlə təmin olunacaqları vəd verilmişdir. Bu zamandan etibarən iddiaçının nüfuzdan salınması barədə razılıq əldə olunmuşdur. Bununla da “xxxx” QSC-nin bəzi əməkdaşları tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə dair şaiyələr yayılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti ilə “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “hüq 864” nömrəli müqavilənin ləğv edilməsi; “xxxx” QSC tərəfindən müqavilə üzrə ödənilmiş 54.000 ABŞ dolları məbləğində pulun, müqavilə üzrə hesablanmış 18.225 ABŞ dolları məbləğində cərimənin, müqavilə üzrə ödənilmiş 5.400 ABŞ dolları məbləğində ödəmə mənbəyindən vergi və əldən çıxmış faydanın əvəzi olaraq 1.000.000 ABŞ dolları məbləğində pulun, cəmi 1.077,625 ABŞ dolları məbləğində pulun “ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group Czech s.r.o. şirkətindən alınaraq “xxxx” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə “xxxx” QSCnin “RBC Group CZECH S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri alınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -“RBC Group CZECH S.R.O” şirkəti (icraçı) ilə “xxxx” QSC (sifarişçi) arasında xx xxxxxx 2018-ci il tarixdə “Şirkət resurslarının planlaşdırılması və biznes proseslərinin avtomatlaşdırılmasına dair” HÜQ.864 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən icraçı üzərinə müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq sifarişçiyə layihə üzrə idarəetmə və məsləhət xidmərləri daxil olmaqla biznes proseslərınin avtomatlaşdırılması xidmətlərinin göstərilməsi; 1 saylı əlavəyə uyğun olaraq biznes proseslərinin avtomatlaşdırılmasını tətbiq etmək üçün yaradılmış proqram təminatının tətbiq edilməsi; tələb olunan və optimal qiymətə seçilmiş və peşəkar təchizatçıdan əldə olunmuş proqram təminatı üzrə biznes lisenziyanın əldə olunmasının təmin edilməsinə dair öhdəliklər götürür. 1.3-cü bəndinə uyğun olaraq sifarişçi hazırkı müqaviləyə müvafiq təqdim edilmiş proqram təminatı üzrə lisenziyanı, R&B lisenziyanı və işləri qəbul etməyi və icraçıya vaxtında müvafiq ödənişləri etməyi öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti, bütün tətbiq edilən vergi, rüsum, haqq və digər əlaqəli xərclər xaric 75.000 ABŞ dolları təşkil edir. Müqavilə qiyməti 33.000 ABŞ dolları məbləğində birdəfəlik ödəniş olan proqram təminatı üzrə lisenziya rüsumundan və 3500 ABŞ dolları məbləğində işlərin görülməsinə görə aylıq ödəniləcək haqdan ibarətdir. Müqavilə qiymətinin təfsilatı mjüqaviləyə 1 saylı Əlavədə qeyd olunur. 4.2-ci bəndinə uyğun olaraq ABŞ dollarının məzənnəsinin volatillik dərəcəsi avro və manata nisbətdə 2%-dən çox dəyişərsə (düşərsə və ya qalxarsa), müqavilə qiyməti maraqlı tərəfin tələbi ilə müvafiq qaydada yenidən hesablanmalı və aylıq ödəniş müvafiq olaraq ABŞ dolları və ya avro ilə yenidən razılaşdırılmalıdır. Bundan əlavə, bu bəndin birinci müddəasını nəzərə alaraq, digər tərəfin yazılı razılığı ilə maraqlı tərəf hesablaşma və ödənişləri beynəlxalq məzənnələrə uyğun olaraq avro və ya funt sterlinq ilə icra edə bilər. 4.3-cü bəndinə əsasən aylıq odəniş xx xxxxxx 2019-cu il tarixindən başlayaraq, aylıq təhvil-təslim aktı və icraçının sifarişçiyə təqdim etdiyi müvafiq hesab-fakturanın sifarişçi tərəfindən aldığı tarixdən etibarən 7 bank günü ərzində icra edilməlidir. 4.4-cü bəndinə uyğun olaraq lisenziya haqqının ödənişi sifarişçiyə təqdim etdiyi müvafiq hesab-fakturanın sifarişçi tərəfindən aldığı tarixdən etibarən 10 bank günü ərzində icra edilməlidir. 5-ci bəndinə əsasən sifarişçinin yazılı sifarişi əsasında bu müqavilənin 1 saytı Əlavəsində təsbit edilmiş İşlərin həcmindən artıq görülən işlərə görə ödəniş. Müqavilənin 2.1-ci maddəsində təsbit edilən şərtlərə tam riayət etməklə, İcraçının sifarişçiyə təqdim etdiyi müvafiq hesab-fakturanın sifarişçi tərəfindən aldığı tarixdən etibarən 3 bank günü ərzində icra edilməlidir. 6.5-ci bəndinə görə icraçı işləri sifarişçiyə hər ay aylıq təhvil-təslim aktları əsasında təhvil verir. Həmin aylıq təhvil-təslim aktları tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalı və möhürlənməlidir. Sifarişçi təhvil-təslim tarixində təhvil verilən işlərin sınağını keçirmək hüququna malikdir və sınaqdan keçməyən işlərdən imtina edə bilər, Bu cür imtina imtinanın səbəbi göstərilməklə dərhal və ya təhvil- təslim tarixindən etibarən 3 (üç) iş günündən gec olmayaraq icraçıya imtina bildirişi təqdim etməklə əsaslandırılmalıdır. 6.6-cı bəndinə uyğun olaraq işlərə zərərin vurulması riski işlərin yuxarıda qeyd olunduğu qaydada sifarişçini təhvil-təslim aktları əsasında təhvil verilməsindən dərhal sonra sifarişçiyə ötürülür. 6.7-ci bəndinə əsasən sifarişçi heç bir əsas olmadan İşləri tam və ya qismən qəbul etməkdən imtina edərsə, tərəflər işlərin qəbul edilməməsinə dair öz mövqe və əsaslandırmalarını əks etdirən hesabat tərtib etməli və alternativ təhvil-təslim aktının imzalanması tarixi barədə razılığa gəlməlidirlər. Əgər sifarişçi işlərə dair yazılı əsaslandırılmış etirazını icraçıya təqdim etmədən işləri alternativ təhvil-təslim aktı əsasında qəbul etməkdən imtina edərsə, işlər həmin alternativ təhvil-təslim aktının tərtib edildiyi tarixdə qəbul edilmiş hesab olunacaq. 10.1-ci bəndinə əsasən işlər müəllif hüquqları ilə qorunur və sifarişçi bununla icraçının müəllif hüquqlarını tanıdığını bildirir. İşlərlə əlaqədar olan bütün dəyər işlərə dair mülkiyyət hüququ sifarişçiyə keçənə qədər müstəsna olaraq icraçının xeyrinə və maraqlarına xidmət edəcək. 11.3-cü bəndinə əsasən Sifarişçi müqavilə qiymətinin hazırkı müqavilənin 4.2-ci bəndinə əsasən ödəmədikdə, bu cür ödəməmə icraçının günahı ucbatından baş verdiyi hallar istisna olmaqla, icraçı sifairşçiyə ödənişin edilmədiyi hər gün üçün gecikdirilmiş ödəniş məbləğinin 0,1% həcmində cərimə tətbiq edə bilər. 12.3-cü bəndinə uyğun olaraq tərəflər bu müqavilənin müddəti ərzində və müqavilənin müddəti başa çatdıqdan sonra ən azı 10 (on) il ərzində digər tərəfə qarşı rəqabətlik hesab edilə biləcək hərəkətlərdən (yəni, özünün daxili və ya biznes məqsədləri, özünün və ya hər hansı üçüncü şəxslərin xeyrinə olan hərəkətlərdən) çəkinmək öhdəliyi götürürlər. 12.3-cü bəndinin a yarımbəndinə əsasən digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan müqavilənin icrası zamanı tərəfin tanış olduğu digər tərəfin İşçiləri, biznes ortaqları, menecerləri və ya subpodratçıları ilə əməkdaşlıq etməkdən (yəni həmin şəxsləri işə götürməkdən, onların bilik və təcrübəsindən istifadə etməkdən, və ya onları digər gəlir gətirəcək fəaliyyətə cəlb etməkdən) çəkinməlidir. Bu öhdəliyin öhdəliyi pozmayan tərəfin biznes ortaqlarına və ya menecerlərinə qarşı pozulmasına görə öhdəliyi pozan tərəf öhdəliyi pozmayan Tərəfə 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində cərirnə ödəməlidir. Bu öhdəliyin öhdəliyi pozmayan tərəfin işçiləri və subpodratçılanna qarşı pozulmasına görə öhdəliyi pozan tərəf öhdəliyi pozmayan Tərəfə müvafiq olaraq 60.000 (altmış min) və 30.000 (otuz min) ABŞ dolları məbləğində cərimə ödəməlidir. Bundan əlavə cərimənin məbləği zərər çəkmiş Tərəfin ekspertləri tərəfindən hesablanmış proqnozlaşdırılan gəlirin həcmindən və ya nüfuza vurulan xələlin məbləğindən asılı olaraq artırıla bilər. -“Şirkət resurslarının planlaşdırılması və biznes proseslərinin avtomatlaşdırılmasına dair” HÜQ.864 saylı xx xxxxxx 2018-ci il tarixli müqaviləyə 1 saylı əlavədən görünür ki, lisenziya görə ümumi qiymət 33.000 ABŞ dolları, aylıq haqq isə 3.500 ABŞ dolları müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“Şirkət resurslarının planlaşdırılması və biznes proseslərinin avtomatlaşdırılmasına dair” HÜQ.864 saylı xx xxxxxx 2018-ci il tarixli müqaviləyə 2 saylı əlavə ilə 12 aylıq iş qrafiki müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -“RBC Group CZECH S.R.O” şirkəti (sifarişçi) ilə X5 (icraçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli çərçivə xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, sifarişçi icraçıdan əsas müqaviləyə uyğun olaraq aşağıda müəyyən edilmiş işləri sifarişçinin müştəriləri üçün yerinə yetirilməsini tələb edir, icraçı isə əsas müqaviləyə uyğun olaraq müəyyən edilmiş işləri sifarişçinin müştəriləri və ya tərəfdaşları üçün yerinə yetirməyi öhdəsinə götürmüşdür. -“RBC Group CZECH S.R.O” şirkəti (sifarişçi) ilə X8 (icraçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli çərçivə xidmət müqaviləsinə əsasən müəyyən edilir ki, sifarişçi icraçıdan əsas müqaviləyə uyğun olaraq aşağıda müəyyən edilmiş işləri sifarişçinin müştəriləri üçün yerinə yetirilməsini tələb edir, icraçı isə əsas müqaviləyə uyğun olaraq müəyyən edilmiş işləri sifarişçinin müştəriləri və ya tərəfdaşları üçün yerinə yetirməyi öhdəsinə götürmüşdür. -Ödəniş sənədlərindən görünür ki, “xxxx” QSC tərəfindən -“RBC Group CZECH S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə HÜQ 864 saylı müqavilə üzrə xx.xx.2018-ci il tarixdə 20.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 13.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 10.500 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 10.500 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. - “RBC Group CZECH S.R.O” şirkəti tərəfindən “xxxx” QSC-yə ünvanlanmış B/19021/16 saylı məktubdan görünür ki, şirkət tərəfindən baş konsultant Ülviyyə Əlizadənin vəzifədən ayrılması bildirilmiş və tərəflər arasında bağlanılmış əsas müqaviləyə (HÜQ.864) əsasən Ülviyyə Əlizadənin “xxxx” QSC-nin binaları da daxil olmaqla bütün girişlərinin məhdudlaşdırılması və “xxxx” QSC-nin işçilərinə və ya podratçılarına Ülviyyə Əliyeva ilə istənilən əlaqənin qadağan edilməsi tələb etmişdir. -Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, “RBC Group CZECH S.R.O” şirkətinin əməkdaşıdır. X10 və Əlizadə Ülviyyə “xxxx” QSC üçün işləyirlər. Əvvəl “RBC Group CZECH S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçiləri olublar. Ulviyyə Əlizadə işdə konfliktlər yaratdığı üçün şirkətdən uzaqlaşdırılıb. “xxxx” QSC heç bir xəbər vermədən şirkətlə əlaqəni kəsiblər. İlk 3-4 gün ərzində “xxxx” QSC-nin sisteminə daxil olmaq mümkün idi. Və o zaman sistemdə yeni istifadəçi adlarının əlavə edilməsini görmüşdür. Əlavə istifadəçilərdən biri Ülviyyə Əlizadə və Sergey Pereplov idi. Sonradan “xxxx” QSC–nin işçiləri ilə qeyri-rəsmi əlaqə saxlanmış, məlum olmuşdur ki, Ülviyyə hər gün QSC-yə gedib-gəlir. Həmçinin şahid bildirmişdir ki, hal-hazırda şirkətin sisteminə girə bilmirlər. Sistemi onlar yaratdıqdan sonra istənilən mütəxəssis sistemi idarə edə bilər. Ülviyyə Əlizadə şirkətdə adi koordinator işləmiş, həmçinin maliyyə işlərinə baxmışdır. Sergey Perepolov şirkətdə layihə meneceri vəzifəsində işləmişdir. Hazırda Sergey şirkətdə işləmir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “RBC Group CZECH S.R.O” şirkətinin AR-dəki nümayəndəliyi 180.000 ABŞ dolları məbləğində cərimənin cavabdeh “xxxx” QSCdən tutulması tələbinə dair iddiasını xx xxxxxx 2018-ci il tarixli “Şirkət resurslarının planlaşdırılması və biznes proseslərinin avtomatlaşdırılmasına dair” HÜQ.864 saylı müqavilənin 20-yə yaxın müddəasının cavabdeh tərəfindən pozulması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 462-ci maddəsi təşkil edir. Həmin maddəyə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda göstərilən tələblə bağlı məhkəmə əvvəla qeyd edir ki, sifarişçi tərəfindən müqavilə öhdəliklərinin pozulmasına görə cərimə ödənilməsi tərəflər arasında bağlanılmış xx xxxxxx 2018-ci il tarixli müqavilənin iki bəndində - 11.3 və 12.3-cü bəndlərində nəzərdə tutulmuşdur. Müqavilənin 11.3-cü bəndində həmin müqavilənin 4.2-ci bəndinin (ABŞ dollarının məzənnəsinin volatillik dərəcəsi avro və manata nisbətdə 2%-dən çox dəyişdiyi halda yeni qiymətin hesablanması) pozuntusu ilə bağlı ödənilməsi gecikdirilən məbləğin hər gün üçün 0,1% həcmində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 12.3-cü bəndində isə digər tərəfin əvvəlcədən yazılı razılığı olmadan müqavilənin icrası zamanı tərəfin tanış olduğu digər tərəfin işçiləri, biznes ortaqları, menecerləri və ya subpodratçıları ilə əməkdaşlıq etməkdən (yəni, həmin şəxsiərt işə götürməkdən, onların bilik və təcrübəsindən istifadə etməkdən, və ya onları digər gəlir gətirəcək fəaliyyətə cəlb etməkdən) çəkinməsi öhdəliyi nəzərdə tutulmuş və həmin öhdəliyin pozulmasına görə sabit pul məbləğlərində cərimə tətbiq edilməsi göstərilmişdir. Müqavilənin 11.3-cü bəndində nəzərdə tutulmuş cəriməyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi müqavilənin 4.2-ci bəndinin pozulmasına ümumiyyətlə istinad etməmişdir. Belə olan halda isə həmin bəndin şərtlərinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Müqavilənin 12.3-cü bəndində nəzərdə tutulmuş cəriməyə gəldikdə iddiaçı cavabdeh tərəfindən müqavilənin göstərilən bəndinin pozuntusuna yol verilməsini “Şirkət resurslarının planlaşdırılması və biznes proseslərinin avtomatlaşdırılmasına dair” HÜQ.864 saylı xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə cavabdehə xidmət göstərilməsində iddiaçı tərəfdən iştirak etmiş (həmin şəxslərlə RBC Group CZECH S.R.O” şirkəti arasında bağlanmış xidmət müqavilələrinə əsasən) iki şəxs - X5 və X3 hal-hazırda onların razılığı olmadan cavabdeh “xxxx” QSC üçün xidmət göstərmələri ilə əsaslandırmış, lakin həmin halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf qeyd olunan halları sübuta yetirmək üçün məhkəməyə təqdim etdikləri X5 və X8 ilə “xxxx” QSC-nin işçiləri arasında e-mail yazışmalarından çıxarışlara, X4 və X2 kompüter şəbəkəsində istifadəçi olması barədə kompüter ekranlarından çəkilmiş şəkillərə (screenshot) və şahid A.Abbasovun ifadələrinə istinad etmişlər. MPM-in: 89.2-ci maddəsinə görə faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 76.3-cü maddəsinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Hazırkı işdə məhkəməyə təqdim edilən e-mail yazışmalarından çıxarışlara və ekran şəkillərinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, həmin sənədlərin həqiqiliyi cavabdeh tərəfindən təsdiq edilməmiş, eyni zamanda məhkəmə baxışı zamanı onların həqiqi olmasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən həmin yazışmaların həqiqiliyi ehtimal edilsə belə iddiaçı RBC Group CZECH S.R.O” şirkətinin S.Perepelov və Ü.Əlizadə adlı şəxslərlə cavabdehin işçiləri arasında e-mail yazışmalarını qanuni yolla əldə etməməsi açıq-aşkardır. Belə olan halda məhkəmə hesab edir ki, istinad edilən yazışmalar və ekran şəkilləri yazılı sübutlar üçün MPM-də müəyyən edilmiş tələblərə cavab vermədiyindən məhkəmə tərəfindən mötəbər və yolverilən sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş A.Abbasovun ifadələrinə gəldikdə şahidin iddiaçı şirkətin işçisi olmaqla işin nəticəsində maraqlı şəxs olduğunu, eləcə də şahidin Ü.Əliyeva və S.Perepelovun cavabdeh “xxxx” QSC üçün qeyri-rəsmi xidmət göstərməsini bilavasitə qavramadığını (həmin hal barədə kənar şəxslərin ona məlumat verməsini bildirdiyini) nəzərə alaraq məhkəmə hesab edir ki, şahid ifadələri Ü.Əliyeva və S.Perepelovun cavabdeh “xxxx” QSC üçün xidmət göstərməsi halının müəyyən edilməsi üçün kifayət etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh “xxxx” QSC tərəfindən mübahisəli müqavilənin şərtlərinə əsasən cərimə hesablanmasına əsas ola biləcək müqavilə öhdəliklərinin pozuntusuna yol verilməsi iş materialları ilə öz təsdiqi tapmamışdır. Belə olan halda isə cərimə tutulması tələbinə dair hissədə iddia rədd edilməlidir. İddia tələbinin 2018-ci ildən bu günədək şirkətin investisiya etdiyi 110.000 ABŞ dolları məbləğində və əldən çıxmış faydaya görə 360.000 ABŞ dolları məbləğində pul vəsaitlərinin cavabdehdən tutulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin iddia mahiyyətinə görə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin ödənilməsi tələbidir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə ilk növbədə qeyd edir ki, maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bundan əlavə əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələblərinə dair işlərdə iddiaçı əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Hazırkı işdə isə iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə ilə bağlı 110.000 ABŞ dolları məbləğində investisiya etməsini, eləcə də mübahisəli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmadığı təqdirdə 360.000 ABŞ dolları məbləğində gəlir əldə edə biləcəyini iddia etsə də, göstərilən halları, o cümlədən qoyduğu investisiyaların nədən ibarət olmasını, əldən çıxmış faydanın nədə ifadə edilməsini, həmin faydanın əldə edilməsi üçün tədbirlər, hazırlıq işləri görməsini, qoyduğu investisiyaların və əldə edə biləcəyi gəlirlərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının investisiya qoyduğu iddia etdiyi məbləğlə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli müqavilənin ümumi qiymətinin 75.000 ABŞ dolları təşkil etməsini nəzərə alsaq iddiaçının həmin müqavilənin icra etmək üçün iddia etdiyi məbləğdə investisiya qoyması ağlabatan görünmür. Belə olan halda məhkəmə iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “RBC Group CZECH S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh “xxxx” QSC-yə qarşı müqavilə şərtlərinin pozulmasına görə cərimənin tutulması, qoyulmuş investisiyalara və əldən çıxmış faydaya görə pulun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar