Məhkəmə qərarları › İş №e-2-2(113)-1630/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1630/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1630/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yükdaşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, sübutetmə vəzifəsi, qanuni faiz və dəbbə pulunun nisbəti, dəbbə pulunun azaldılması, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “yükdaşıma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli yükdaşıma xidməti müqaviləsi üzrə 16069,61 manat əsas borc, 10618,39 manat dəbbə pulunun və xx.xx.2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 4602,96 manat əsas borc, 460 manat dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 884 manat məbləğində pulun və 210 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 57/20 nömrəli və xx.xx.2023-ci il tarixli 35/23 nömrəli yükdaşıma müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən iddiaçı cavabdehin sifarişi əsasında xidmətlər göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib bunun müqabilində müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürmüşdür. 2.2. Lakin iddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi heç bir hərəkət edilməmişdir. Belə ki, borc məbləği tərəflər arasında tərtib edilmiş “göstərilmiş xidmətlərin təhvil verilməsi” haqqında 059137, 057477, 056122, 055288, 054111, 051333, 049968 nömrəli təhviltəslim aktlar ilə təsdiq edilir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən xidmət haqqı xidmətin dəyərindən 10% güzəştlə hesablanmaqdadır. 2.3. Əlavə olaraq, xx.xx.2020-ci il tarixli müqavilənin 7.2-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi dəyərin 0,2%-i, xx.xx.2023-ci il tarixli müqavilənin 5.5-ci bəndinə əsasən hər gecikən gün üçün ümumi dəyərin 1%-i, lakin borc məbləğinin 10%-dən artıq olmamaqla dəbbə pulu hesablanmış, həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5 faizlə hesablanmaqla 884 manat tələb edilir. 2.4. Eyni zamanda cavabdehə xx.xx.2023 və xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində borc məbləğinin ödənilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq, bu günədək xidmət haqqı ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktublarına hər hansı reaksiya verilməməsi səbəbindən xx.xx.2023-cü il tarixində cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin xx.xx.2023-cü il tarixində mediasiya təklifi üzrə baş tutmuş ilkin sessiyada yekun razılıq əldə edilmədiyindən MŞB/2-03959/2023 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayış tərtib edilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445.7-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, iddiaçının daxili siyasətinin, qiymət və şərtlərin dəyişməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə yeni yükdaşıma müqaviləsi imzalandı. Yükdaşımalar 01 fevral 2023-cü il tarixədək xx.xx.2020-ci il tarixli müqavilə üzrə həyata keçirilib. Tərəflər arasında hər ay üçün təhvil-təslim aktları tərtib edilib, borclar üzləşdirilib. Aktlarla qaimələr arasındakı fərq isə onunla bağlıdır ki, cavabdehə hər dəfə 10% güzəşt edilib.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, iddiaçının həyata keçirdiyi bəzi xidmətlərə ƏDV tətbiq edilmədiyindən vergi borcu hesablanmamışdır.

7. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etiraz etdi və eyni zamanda qeyd etdi ki, iddia tələbində cərimə məbləği çox hesablanmışdır.

8. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə cavabdehin tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İddia ərizəsində əlavə edilmiş iddiaçı (daşıyıcı qismində) ilə cavabdeh (yük göndərən qismində) arasında bağlanmış 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli yükdaşıma xidməti müqaviləsinin şərtlərindən görünür ki, Daşıyıcı Yük göndərənin sifarişi əsasında ona məxsus yükləri daşımaqla yükdaşıma xidmətləri göstərməyi, zərurət yarandığı təqdirdə xidmətlərin göstərilməsi üçün işçi qüvvəsini təmin etməyi, Yük göndərən bunun müqabilində Daşıyıcıya bu Müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi, Daşıyıcı isə onun yük daşıma xidmətindən istifadə etdiyi üçün Yük göndərənə yük daşıma məbləğinin 5 (beş) faizi həcmində pul ödəməyi öhdəsinə götürür (1.1). Bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə ən azı on beş gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur (2.1). Daşıyıcı bu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Yük göndərənin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi Sifarişi əsasında həyata keçirir. Hazırkı müqavilə üzrə bütün sifarişlər 1 gün öncədən verilməlidir (2.2). Daşıyıcı daşıdığı yükü Yük göndərənin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə – müştəriyə təhvil verir. Hər bir və ya bir neçə daşımadan sonra göstərilmiş xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, Yük göndərənin və Daşıyıcının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır (2.3). Həftədə bir dəfə (hər həftənin bazar ertəsi) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq həftə ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır, təhvil-təslim aktı ilə təsdiq edilir. Qeyd edilən təhvil-təslim aktı və hesab-faktura həmin gün İcraçı tərəfindən Yük göndərənə göndərilir. Qeyd edilən məbləğin nağdsız qaydada ödənilməsi üçün həftənin çərşənbə gününədək vaxt verilir. Çərşənbə günü borc məbləği ödənilmədiyi təqdirdə həftənin cümə gününədək nağd qaydada ödənilə bilər. Borc məbləği cümə günü ödənilmədiyi təqdirdə növbəti həftənin bazar ertəsi Müqavilənin 3.1.6-cı bəndinin tələblərinə uyğun olaraq Daşıyıcı xidmətlərin göstərilməsini dayandıra bilər. Xidmətlərin göstərilməsinin bərpası yalnız artıq iki həftə üzrə borc məbləği tam ödənildiyi təqdirdə mümkündür (4.2). Yük göndərən tərəfindən ödənişlər Daşıyıcıya ödəndikdən sonra Daşıyıcı 1 iş günü ərzində müqavilənin 1-ci bəndində qeyd olunmuş Yük göndərənin Daşıyıcının yük daşıma xidmətindən istifadə etdiyi üçün Yük göndərənə yük daşıma məbləğinin 5 faizi həcmində müəyyən etdiyi pulu Yük göndərənin hesabına ödəyir (4.3)

13. Məhkəməyə təqdim edilən iddiaçı (daşıyıcı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yükdaşıma xidmətlərinin göndərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərəncamında olan yükləri Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifarişçinin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürür. Daşıyıcı bu Müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin (səlahiyyət verilmiş məsul işçisinin) yazılı və ya şifahi sifarişi əsasında həyata keçirir. Daşıyıcı sifarişi qəbul etdikdən sonra ən çoxu 24 saat ərzində daşımanı həyata keçirməlidir. Hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, bu Müqavilə üzrə icra edilmiş xidmətlərin ümumi dəyərinin 50000 manatdan yuxarı hissəsinin ödənişi zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən Daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Müqavilə üzrə yükün təhvil alınması və Sifarişçiyə və ya onun səlahiyyətləndirdiyi şəxsə təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada iki nüsxə üzrə tərtib edilmiş və Tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış Qaimə ilə rəsmiləşdirilir. Əksi sübut edilənədək Qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması və yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ. Həftə ərzində göstərilmiş xidmətlər barədə xidmət haqqı göstərilməklə hər həftə Daşıyıcı tərəfindən müvafiq Təhvil-təslim aktı hazırlanaraq Sifarişçiyə göndərilir və Sifarişçinin və Daşıyıcının səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilir. Sifarişçi həmin Aktda qeyd edilən məlumatları təsdiq etmədiyi təqdirdə 5 gün ərzində bununla bağlı müvafiq iradlarını və düzəlişlərini Daşıyıcıya təqdim edir. Sifarişçi tərəfindən 5 gün ərzində imzalanıb Daşıyıcıya geri göndərilməmiş Akt artıq təsdiqlənmiş hesab edilir. Təhvil-təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının həftəlik məbləği 5 bank günü ərzində Sifarişçi tərəfindən Daşıyıcıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda, qarşılıqlı razılıq əsasında Sifarişçi avans ödəməyi öz öhdəliyinə götürür. Müqaviləyə icranın nəticələri təhvil verilənədək xitam verildikdə, hesablaşmalar xitam vermənin əsaslarından asılı olaraq, bu müqavilənin 7-ci bəndində göstərilən qaydada aparılır. Daşıyıcı tərəfindən Təhvil-təslim aktı göndərildikdən sonra Sifarişçiyə həmçinin elektron-qaimə təqdim olunur. Elektronqaimənin təqdim olunması Sifarişçinin xidmət haqqını ödəməsi üçün əsasdır. Bu Müqavilə üzrə xidmətin göstərilməsini təşkil edən sənədlər bir-birini tamamlayır, amma onların arasında ikimənalılıq, uyğunsuzluq və ya ziddiyyət olarsa, hansı sənədə üstünlük verilməsi aşağıdakı ardıcıllıq prioriteti qaydasında müəyyən edilir: üzləşmə aktı; təhvil-təslim aktı; bu Müqavilə və onun Əlavələri; əmtəə-nəqliyyat Qaiməsi.

14. İş materiallarına əlavə edilmiş hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında aktlardan görünür ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixli 049968 nömrəli aktla 7886 manat, xx.xx.2023-cü il tarixli 051333 nömrəli aktla 16637 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixli 054111 nömrəli aktla 1693,4 manat, xx.xx.2023-cü il tarixli 055288 nömrəli aktla 2031 manat, xx.xx.2023-cü il tarixli 056122 nömrəli aktla 200 manat, xx.xx.2023-cü il tarixli 057477 nömrəli aktla 30 manat, xx.xx.2023-cü il tarixli 059137 nömrəli aktla 1160 manat dəyərində xidmət təhvil alınmışdır.

15. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBCO 213895 seriya və nömrəli elektron qaimə 049968 nömrəli akt əsasında ƏDVsiz 7097,40 manat, xx.xx.2023-cü il tarixli EBDB 558232 seriya və nömrəli elektron qaimə 051333 nömrəli akt əsasında ƏDV-siz 14973,30 manat, xx.xx.2023-cü il tarixli EBDE 499384 seriya və nömrəli elektron qaimə 054111 nömrəli akt əsasında ƏDV-siz 1524,06 manat, xx.xx.2023-cü il tarixli EBDF 375647 seriya və nömrəli elektron qaimə 055288 nömrəli akt əsasında ƏDV-siz 1827,9 manat, xx.xx.2023-cü il tarixli EBDH 524783 seriya və nömrəli elektron qaimə 056122 nömrəli akt əsasında ƏDV-siz 180 manat, xx.xx.2023cü il tarixli EBDJ 317586 seriya və nömrəli elektron qaimə 057477 nömrəli akt əsasında ƏDV-siz 27 manat, xx.xx.2023-cü il tarixli EBDL 393768 seriya və nömrəli elektron qaimə 059137 nömrəli akt əsasında ƏDV-siz 1044 manat dəyərində xidmətlərin təqdim edilməsi üçün tərtib edilmişdir.

16. Məhkəməyə təqdim edilən xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərini əhatə edən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından çıxarışdan görünür ki, sonuncu ödənişlər 049968 nömrəli akt üzrə EBCO 213895 seriya və nömrəli elektron qaiməyə istinad etməklə xx.xx.2023-cü il tarixdə 601,1 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 1500 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat və xx.xx.2023-cü il tarixdə 1500 manat olmaqla ümumilikdə 6001,1 manat ödəniş edilmişdir.

17. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli və 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yük daşınması müqavilələrindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, cavabdeh isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən göstərilən xidmətlər üzrə 10% güzəşt tətbiq edilmiş, həmin güzəştlərdən sonra ümumilikdə cavabdehə 2023-cü il tarixdə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 22070,7 manat, 01 fevral 2023-cü il tarixli müqavilə üzrə 4602,96 manat dəyərində yük daşınması xidməti göstərilmiş, hesabdan çıxarış məlumatlarına əsasən, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 6001,1 manat ödəniş edilmişdir.

18. İddiaçı yük daşınması müqavilələri üzrə qalıq xidmət haqqının – 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli müqavilə üzrə 16069,61 manat və 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli müqavilə üzrə 4602,96 manat məbləğində pulun tutulmasını tələb edir.

19. Cavabdeh iddiaya etiraz edir.

20. Əvvəla, göstərilməlidir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

21. İddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini icra etsə də, cavabdeh iddiaya etirazının əsaslandığı hallar barədə məhkəməyə hər hansı məlumat verməmiş, müqavilənin dəyərinin iddia tələbində göstəriləndən daha artıq ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

22. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

23. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

24. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli müqavilə üzrə 16069,60 (22070,7 manat ümumi göstərilmiş xidmət – 6001,1 manat cəmi ödənişlər) manat, 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli müqavilə üzrə 4602,96 manat məbləğində xidmət haqqı məbləğində əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Daşıma müqaviləsi üzrə dəbbə pulunun azaldılması tələbi ilə bağlı

31. İddia ərizəsində iddiaçı həmçinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10618,39 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 460 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

32. 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli yükdaşıma xidməti müqaviləsinin 7.3-cü bəndinə əsasən, yük göndərən tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün ümumi dəyərin 0,2%-i cərimə hesablanacaq.

33. 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yükdaşıma xidmətlərinin göndərilməsi haqqında müqavilənin 5.5-ci bəndinə əsasən, sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, hər gecikən gün üçün qalıq borcun 1%-i miqdarında, lakin borc məbləğinin 10 faizindən artıq olmamaqla dəbbə pulu hesablanacaq.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

37. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında və mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli yükdaşıma xidməti müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edildiyi, 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yükdaşıma xidmətlərinin göndərilməsi haqqında müqaviləsi üzrə isə ödəniş edilmədiyi halda, uzun müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

38. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 800 manat, xx.xx.2023cü il tarixli müqavilə üzrə 230 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

39. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 800 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 230 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Daşıma müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

40. İddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmaqla 884 manat məbləğində pulun da cavabdehdən tutulmasını tələb edir.

41. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən: – borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (Mülki Məcəllənin daşıma müqavilələri bağlanarkən qüvvədə olan redaksiyası); – bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin hazırkı redaksiyası).

42. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

43. Lakin əvvəla qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün kreditorun digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsi istisna olunur. Hazırda iddiaçı 14 fevral 2020-ci il tarixli 57/20 nömrəli yükdaşıma xidməti müqaviləsinin 7.3 və 01 fevral 2023-cü il tarixli 35/23 nömrəli yükdaşıma xidmətlərinin göndərilməsi haqqında müqavilənin 5.5-ci bəndlərindən çıxış edərək daha böyük məbləğ tələb edir.

44. Digər tərəfdən, Mülki Məcəllənin zərər və dəbbə pulunun nisbətindən bəhs edən 466-cı maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

45. Hazırkı işin hallarında görünür ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə tələb edilən məbləğ dəbbə pulu ilə tam əhatə olunur. Bu halda isə Mülki Məcəllənin 466-cı maddəsinə əsasən də 884 manat məbləğində pulun tutulması mümkün deyildir.

46. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 445.7ci maddəsi tətbiq edilməklə 884 manat pul məbləğinin tutulması hissəsində iddia rədd edilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

47. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 210 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/2-03959/2023 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi üçün 210 manat ödəniş etmişdir.

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

51. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (tərəflərin mediasiya prosesindən keçərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

52. Göründüyü kimi, iddiaçının məhkəməyə müraciət etmək üçün məhkəməyəqədər hazırlıq mərhələsində həyata keçirməli olduğu hərəkətlər sırasına ilkin mediasiya sessiyasında iştirak Mülki Prosessual Məcəllənin tələbi olmuşdur (mediasiya arayışı xx.xx.2023-cü il tarixdə alınmış, Mülki Prosessual Məcəlləyə kommersiya mübahisələri üzrə məcburi mediasiyanı ləğv edən dəyişiklik isə xx.xx.2024-cü il tarixdən qüvvəyə minmişdir). Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

54. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 140 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış xx.xx.2020ci il tarixli yükdaşıma xidməti müqaviləsi üzrə 16069 (on altı min altmış doqquz) manat 60 (altmış) qəpik əsas borc, 800 (səkkiz yüz) manat cərimə məbləği, xx.xx.2023-cü il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 4602 (dörd min altı yüz iki) manat 96 (doxsan altı) qəpik əsas borc, 230 (iki yüz otuz) manat cərimə məbləği olmaqla ümumilikdə 21702 (iyirmi bir min yeddi yüz iki) manat 56 (əlli altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 140 (bir yüz qırx) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar