Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1631/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, ƏDV, faiz borcu, vəkil xərci, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli B2B-020/23 №-li alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 38076.18 manat, 5751.81 manat ƏDV, pul öhdəliyinin icrasının 8 ay gecikdirilməsinə görə 1460,92 manat faiz, 227.50 manat dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 500 manat xidmət haqqının tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli B2B-020/23 №-li alqı-satqı müqaviləsinə görə alıcı (hazırkı iddia üzrə cavabdeh) mal-materialların müəyyənləşdirilmiş qiymətini ödəməyi, satıcı (hazırkı iddia üzrə iddiaçı) isə müəyyən olunmuş mal-materialları alıcının mülkiyyətinə verməyi öhdəsinə götürüb (müqavilənin 1.1 bəndi). Müqavilənin 2.1 bəndinə görə mal-materialların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlətin razılaşdırılması protokolunda göstərilir. Protokolda hər əşyanın (malın) və işlərin adı, miqdarı, qiyməti, habelə alıcı və satıcının rekvizitləri, müqaviləni imzalayan məsul şəxslərin adı, ata adı və soyadları göstərilir. Müqavilənin 3.1 bəndinə görə bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi hesab-faktura əsasında aparılır. Alıcı müqavilə məbləğinin 100 faizini 5 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə 1, 2, 3, 4, 5, 6 və 7 saylı Əlavələrə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Qiymətlərin razılaşdırılması protokollarına) əsasən tərəflər alqı-satqı predmeti olan mal-materialların ƏDV daxil olmaqla yekun qiymətini 45088,01 AZN razılaşdırıblar (38210.18 AZN malların qiyməti və 6877.83 AZN ƏDV). İddiaçı müqaviləyə əlavələrə əsasən satdığı malların dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixli EBDD seriyalı 152263 №- li (15646.80 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 434572 №-li (6159.98 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 619750 №-li (158.12 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 789666 №-li (1063.60 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 906840 №-li (7764.40 AZN), xx.xx.2023-cü il tarixli EBDE seriyalı 149087 №-li (2597.77 AZN) və xx.xx.2023-cü il tarixli EBDG seriyalı 158714 №-li (11697.80 AZN) elektron qaimələr təqdim edib. İddiaçı alqısatqı predmeti olan malları e-qaimələrin imzalandığı tarixlərdə cavabdehə təhvil verib və bu barədə e-qaimələrdə tərəflərin imza və möhürü ilə təsdiq olunmuş qeyd aparılıb. Cavabdeh ona təqdim olunmuş elektron qaimə üzrə malların yekun qiymətini 5 bank günü ərzində iddiaçının bank hesabına ödəməli olduğu halda (müqavilənin 3.1 bəndi), bu öhdəliyini vaxtında və lazımi qaydada icra etməyib, yalnız xx.xx.2023-cü ildə 939.66 AZN ƏDV (EBDD 434572 №-li e-qaimə), xx.xx.2023-cü ildə malın dəyərindən 134 AZN və 24.12 AZN ƏDV (EBDD 619750 №-li e-qaimə) və 162.24 AZN ƏDV (EBDD 789666 №-li e-qaimə) ödəyib. Qalan 43827,99 AZN borc(38076.18 AZN əsas borc + 5751.81 AZN ƏDV)8 aydan artıq vaxt keçməsinə baxmayaraq tam ödənilməyib. Tərəflər arasında müqavilənin bağlandığı vaxt qüvvədə olmuş redaksiyada AR MM-in 445.7-ci maddəsinə görəborclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Cavabdeh 43827,99 AZN pulun ödənilməsini xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək 8 ay gecikdirdiyinə görə illik 5 % hesabı ilə iddiaçıya gecikdirilmiş vaxt üçün 1460,92 AZN ödəməlidir ((43827.99 AZN x 5% : 12 ay) x 8 ay = 1460.92 AZN). Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə pretenziya göndərilib, lakin malların satış qiyməti ödənilməyib. Odur ki, həmin məbləğ ondan məhkəmə qaydasında tutulmalıdır. Sübutların siyahısı: alqı-satqı müqaviləsi və ona əlavələr (qiymət razılaşdırılması protokolları); e-qaimələr; ədv sub-uçot hesabından çıxarış; ƏDV ödəyicisinin qeydiyyat bildirişi; hüquqi yardıma görə xidmət haqqının ödənilməsi barədə ödəniş tapşırığı; pretenziya; Məhkəmə xərcləri: İddiaçının hazırkı iddia tələbi ilə əlaqədar ödədiyi 227,50 AZN dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə 500 AZN xidmət haqqı məhkəmə xərci kimi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B2B-020/23 saylı alqı-atqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı mal-materialların müəyyənləşdirilmiş qiymətini ödəməyi, satıcı isə müəyyən olunmuş mal-materialları alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
9. Müqavilənin 2.1 bəndinə görə mal-materialların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlətin razılaşdırılması protokolunda göstərilir. Protokolda hər əşyanın (malın) və işlərin adı, miqdarı, qiyməti, habelə alıcı və satıcının rekvizitləri, müqaviləni imzalayan məsul şəxslərin adı, ata adı və soyadları göstərilir.
10. Müqavilənin 3.1 bəndinə görə bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi hesab-faktura əsasında aparılır. Alıcı müqavilə məbləğinin 100 faizini 5 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürür. Satıcı isə öz növbəsində ödənişi qəbul etdikdən 10 iş günü ərzində bu müqavilənin şərtlərinə əsasən mal-materialların müvafiq qaimə-faktura əsasında alıcıya təhvil verilməsini öz öhdəsinə götürür.
11. Müqaviləyə 1, 2, 3, 4, 5, 6 və 7 saylı Əlavələrə (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli Qiymətlərin razılaşdırılması protokollarına) əsasən tərəflər alqı-satqı predmeti olan mal-materialların ƏDV daxil olmaqla yekun qiymətini 45088,01 manat razılaşdırmış (38210.18 AZN malların qiyməti və 6877.83 AZN ƏDV) və protokollar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
12. xx.xx.2023-cü il tarixli EBDD seriyalı və 152263 №- li (15646.80 AZN), xx.xx.2023cü il tarixli EBDD seriyalı 434572 №-li (6159.98 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 619750 №-li (158.12 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 789666 №-li (1063.60 AZN), xx.xx.2023-cü il tarixli EBDD seriyalı 906840 №-li (7764.40 AZN), xx.xx.2023-cü il tarixli EBDE seriyalı 149087 №-li (2597.77 AZN) və xx.xx.2023-cü il tarixli EBDG seriyalı 158714 №-li (11697.80 AZN) elektron qaimələr təqdim edilmiş və həmin qaimələr hər iki tərəfin imza və möhürü ilə təsdiqlənmişdir.
13. Bank hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli müqavilə üzrə 134 manat ödəniş edilmişdir.
14. xx.xx.2024-cü il tarixli, AZ240206001 saylı ödəniş tapşırığına əsasən xx.xx.2024cü il tarixli müqavilənin 2.1-ci bəndinə, EBDY 246246 saylı xx.xx.2024-cü il tarixli qaimədə nəzərdə tutulmuş 500 manat məbləğində pul vəsaiti Vəkil hesaına köçürülmüşdür.
15. Məhkəmə tərəflərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
16. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, B2B-020/23 saylı alqı-atqı müqaviləsinin 1.1-ci bəndinə əsasən alıcı mal-materialların müəyyənləşdirilmiş qiymətini ödəməyi, satıcı isə müəyyən olunmuş mal-materialları alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür və müqavilənin 3.1 bəndinə görə bu müqavilə üzrə ödənişlər satıcının təqdim etdiyi hesab-faktura əsasında aparılır. Alıcı müqavilə məbləğinin 100 faizini 5 bank günü ərzində satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür.
24. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh iddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərini tam icra etməmişlər.
25. Həmçinin işdə olan sübutlar, yəni bank hesabı çıxarışında, tərəflər arasında imzalanmış qiymət razılaşması protokollarından və göndərilmiş elektron qaimələrin təsdiqlənməsindən göründüyü kimi iddiaçı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir.
26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla – öz təsdiqini tapdığından pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
27. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 1460,92 manat məbləğində borc hesablanmışdır.
28. Məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
29. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
31. Belə ki, məhkəmə hesab edir ki, cavabdeh 43827,99 manat pulun ödənilməsini xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2024-cü ilədək 8 ay gecikdirdiyinə görə illik 5 % hesabı ilə iddiaçıya gecikdirilmiş vaxt üçün 1460,92 manat ödəməlidir ((43827.99 AZN x 5% : 12 ay) x 8 ay = 1460.92 manat). Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə pretenziya göndərilib, lakin malların satış qiyməti ödənilməyib. Odur ki, həmin məbləğ cavabdehdən məhkəmə qaydasında tutulmalıdır.
32. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin faiz məlbəğinin də cavabdehdən tələb etməsində haqlı olmuşdur.
33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 500 manat məbləğində vəkil xərci və 227,50 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
34. MPM-in:
35. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
36. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
38. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, dövlət rüsumunun əvəzi qismində 227,50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 38076,18 manat əsas borc, 5751,81 manat ƏDV məbləği, 1460,92 manat faiz məbləği, dövlət rüsumunun əvəzi olaraq 227,50 manat, vəkil xərcinin əvəzi olaraq 500 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova