Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1633/2020 19.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X1 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh «Azercell Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh «Azercell Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən iddiaçıya yazılmış 2.380 manat borc məbləğinin silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya yazılmış 2.380 manat borc məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında bir neçə nömrə üçün “Biznes 10” paketinə aid abunə xidməti bağlanmışdır. Cavabdehlə mübahisəyə səbəb olan ***-***-**-** mobil nömrəsinə aid “Biznes 10” paketi üçün abunə müqaviləsi xx xxxxx 2018-ci il tarixində bağlanmışdır. Cavabdeh ilə bağlanmış bu müqaviləyə əsasən də aylıq olaraq 10 manat ödəniş nəzərədə tutulmuşdur. Müqaviləyə əsasən paket üçün təyin olunmuş aylıq ödəniş ödənilmədikdə xidmət dayandırılmalı idi. Eyni zamanda mobil nömrələr üçün paketdə nəzərdə tutulmuş limit keçdiyi zaman mobil nömrə bir tərəfli bağlanır. Yəni mobil nömrəyə zənglər gəlir, lakin mobil nömrənin istifadəçisinin zəng elmək və eyni zamanda internet xidmətlərindən istifadə etmək imkanı məhdudlaşdırılır. Abunəçi yalnız avans məbləğ ödədikdən sonra ona həm zəng etmək, həm də internet xidmətlərindən istifadə etmək imkanı verilir. İddiaçı cavabdehlə bağlamış olduğu yuxarda bəhs edilən müqavilələr əsasında əldə etdiyi mobil nömrələri öz işçiləri arasında paylamış və onların işlərinin operativ həllinə şərait yaratmışdır. İddiaçı təcrübə əldə edə bilməsi və iş həyatına alışa bilməsi üçün bir neçə tələbəni işə götürmüş və qeyd edlən mobil nömrələrdən bu şəxslərə də vermişdir. İddiaçı bu mobil nömrələri işçiləri arasında paylayarkən arxayın olmuşdur ki, cavabdehlə olan müqaviləsinə əsasən işçilər abunə mobil nömrələr üçün nəzərdə tutulan limiti keçdiyi zaman mobil nömrələr bağlanacaq və iddiaçı üçün heç bir problem meydana gəlməyəcək. Bu səbəbdən də iddiaçı mobil nömrələri işçilərin bütün günü yanında və açıq olmasını tələb etmişdir. Mübahisəyə səbəb olan ***-***-**-** saylı mobil nömrə iddiaçının işə götürmüş olduğu tələbələrdən birinə verilmişdir. İşçi xx.xx.2018-ci il tarixi saat 23:55-də şirkətin mobil nömrəsindən şəxsi istifadəsi üçün internet xidmətindən istifadə etmiş və limiti keçmişdir. Lakin abunə mobil nömrə üçün nəzərdə tutulmuş limitin keçilməsinə baxmayaraq mobil nömrə birtərəfli bağlanmamış və bununla da cavabdeh borc məbləğinin əsassız qaydada artırılmasına qəsdən şərait yaratmışdır. Yəni məbləğ üçün müəyyən edilmiş hədd 10 manat olduğu halda, bu məbləğin artırılaraq 2.390 manat olaraq göstərilmişdir. Hətta istər mobil nömrələrdən, istərsə də internet provayderlərinin limitli internet xidmətlərindən istifadə zamanı təyin olunmuş limit keçildiyi zaman abunəçinin internet surəti həddən artıq aşağı salınır. Bu hətta abunəçinin hər hansı bir internet xidməti zamanı davam edən seansı zamanı da baş verə bilər. Bu qayda limitli internet xidməti təqdim edən şirkətlərin işgüzar adəti halını almışdır. Bu cür hallarla istər iş həyatında, istərsə də şəxsi həyatda hər zaman qaşılaşmaq mümkündür. Belə bir imkan olduğu halda cavabdehin istər səhlənkarlığı, istərsə də qəsdi nəticəsində abunəçinin internet xidmətindən istifadəsi zamanı seans dayandırılmamış, hətta həyatda adi hal olan limit keçildiyi halda internet surəti də azaldılmamışdır. Hər zaman internet surətinin azaldığını görən abunəçi internet xidmətindən istifadəyə olan marağı azalır. Çünki internetin surəti zəif olduğu zaman yüklənmək və ya baxılmaq istənilən seanslarda qırılmalar olur və bu zaman da internetdən istifadə imkanı alınmır. İşin faktiki hallarına baxıldıqda müəyyən olunur ki, işçinin gecə vaxtı istifadə etdiyi internet xidməti zamanı kinoya baxması zamanı limit keçilməsinə baxmayaraq internet surəti azaldılmamış və onlayn olaraq kinoya baxmağa davam etmişdir. Lakin internet surəti azaldılmış olsaydı işçi istədiyi kimi kinoya baxa bilməyəcək və baş verən qırıntılara səbəb olaraq da istifadədən vaz keçəcəkdi. Belə olan halda da iddiaçıya qarşı qeyd edilən qədər həddən artıq borc tələbi meydana çıxmayacaqdı. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və onun səhlənkarlığı və ya qəsdi nəticəsində iddiaçı çox külli miqdarda borcla qarşılaşmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və bunun nəticəsində iddiaçı haqqsız olaraq borc altına salınmışdır. Bu qüsur cavabdehin olduğundan iddiaçıdan bu məbləğin tutulması məqsədə uyğun deyildir. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəbindən iddiaçıya həddən artıq şişirdilmiş bu cür məbləğin borc kimi müəyyən edilməsinin heç bir əsası yoxdur. Öz öhdəliklərini yerinə yetirmədiyi üçün belə borc məbləğini ödəmək iddiaçıya şamil olmamalıdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, tərəflər arasında xx xxxxx 2018-ci il tarixində xidmət müqaviləsi bağlanmış və iddiaçının istək məktubunun əsasında onun istifadəsinə verilən nömrələr "Sizin tarif+" tarif paketinə qoşulmuşdur. Həmin nömrələrdən biri olan ********** nömrəsində yaranmış 2390 manat 65 qəpik həcmində borcun 2384 manat 61 qəpik hissəsi xx xxxxxx 2018-ci il tarixli hesab-fakturanın əhatə etdiyi dövrdə X6 (MİP) olmadan internet istifadəsi nəticəsində yaranmışdır. İddiaçıya göndərilmiş xx xxxx 2020-ci il tarixli məktubda da qeyd edildiyi kimi, ********** nömrəsində xx.xx.2018-ci il saat 23:55-dən xx.xx.2018-ci il saat 02:15-dək mütəmadi olaraq mobil internet xidmətindən 5961.52 MB istifadə edilmiş və tariflərə müvafiq olaraq 2384,61 manat haqq hesablanmışdır. xx.xx.2018-ci il tarixində saat 02:15də nömrədə limitkeçmə müşahidə edildiyindən məhdudiyyət qoyulmuş və daha böyük məbləğdə borcun yaranmasının qarşısı alınmışdır. Tərəflər arasında bağlanmış Abunə Müqaviləsinin 4.5-ci maddəsinə əsasən cavabdeh öz mülahizəsinə əsasən iddiaçının mobil telefon danışıqlarına müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçirilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir. Yəni kredit limitin tətbiqi və kredit limiti aşıldığı təqdirdə nömrəyə məhdudiyyət tətbiq edilməsi cavabdehin vəzifəsi deyil, hüququdur. Kredit limiti məbləğinin dəyişdirilməsi formasından göründüyü kimi, cavabdeh iddiaçını xəbərdar etmişdir ki, nömrəyə göstərilmiş xidmətlər müqabilində hesablanan haqq kredit limiti məbləğindən artıq ola bilər, qeyd edilmişdir ki, kredit limiti cavabdehin mülahizəsi əsasında təyin edilir və kredit limiti keçildiyi təqdirdə nömrə birtərəfli qaydada bağlana bilər. Eyni zamanda, həmin formanı imzalamaqla iddiaçı xidmət haqqı kredit limiti məbləğindən artıq olduqda belə tam borcun ödənilməsinə zəmanət vermişdir. Qeyd edilən səbəblərdən iddiaçının tələbinin heç bir hüquqi və faktiki əsası yoxdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın, Kommersiya qurumunun Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin və Nizamnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli Çoxsaylı nömrələrə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair Müqavilədən görünür ki, iddiaçı cavabdehə telekommunikasiya xidmətlərinin göstərilməsi, cavabdeh isə xidmətin muqabilində haqqı ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2018-ci il tarixli Kredit Limit məbləğinin abonent istəyi ilə dəyişdirilməsi forması (çoxsaylı nömrələr) Ərizəsinin surətindən görünür ki, iddiaçı istifadəsində olan nömrəyə göstərilmiş xidmətlər muqabilində hesablanan haqq, cavabdeh tərəfindən təyin edilən Kredit Limit məbləğindən artıq olduqda belə tam borcun ödənilməsinə zəmanət vermişdir. xx xxxxx 2018-ci il tarixli Abunə Müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə telekommunikasiya xidmətlərinin göstərilməsi, cavabdeh isə xidmətin muqabilində haqqı ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.5-ci bəndinə əsasən cavabdeh öz mülahizəsinə əsasən iddiaçının mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçirilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququna malikdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli Çoxsaylı nömrələrə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair və xx xxxxx 2018-ci il tarixli Abunə Müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı cavabdehə telekommunikasiya xidmətlərinin göstərilməsi, cavabdeh isə xidmətin muqabilində haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı xx xxxxx 2018-ci il tarixli Kredit Limit məbləğinin abonent istəyi ilə dəyişdirilməsi forması (çoxsaylı nömrələr) Ərizəylə cavabdehə müraciət edərək, onun istifadəsində olan nömrəyə göstərilmiş xidmətlər muqabilində hesablanan haqq, cavabdeh tərəfindən təyin edilən Kredit Limit məbləğindən artıq olduqda belə tam borcun ödənilməsinə zəmanət vermişdir. İddiaçının istifadəsinə verilmiş nömrələrdən biri olan ********** nömrəsində X6 (MİP) olmadan xx.xx.2018-ci il saat 23:55-dən xx.xx.2018-ci il saat 02:15-dək mütəmadi olaraq 5961.52 MB mobil internet xidmətindən istifadə edilmiş və nəticədə 2384,61 manat haqq hesablanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, abunə mobil nömrə üçün nəzərdə tutulmuş limitin keçilməsinə baxmayaraq cavabdeh tərəfindən mobil nömrə birtərəfli dayandırılmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Abunə müqaviləsinin 4.5-ci bəndinin tələbindən göründüyü kimi kredit limitin tətbiqi və kredit limiti aşıldığı təqdirdə nömrəyə məhdudiyyət tətbiq edilməsi cavabdehin vəzifəsi deyil, hüququdur. Bundan əlavə, iddiaçı istifadəsində olan nömrəyə göstərilmiş xidmətlər muqabilində hesablanan haqq, cavabdeh tərəfindən təyin edilən Kredit Limit məbləğindən artıq olduqda belə tam borcun ödənilməsinə zəmanət vermişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1633/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1633/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver