Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1634/2020 16.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4224,40 manat məbləğində əsas və 852,44 manat məbləğində cərimə, cəmi 5076,84 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2018/01/05/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən müxtəlif tarixlərdə cavabdeh tərəfindən sifarişlər olunmuş və iddiaçı tərəfindən mallar satış məqsədi ilə cavabdehə elektron vergi hesab-faktura əsasında təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018 – xx.xx.2019 tarixləri aralıqlarında alqı-satqı müqviləsi əsasında qarşılıqlı hesablaşmalar üzrə üzləşmə aktına əsasən, cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixinə 4224,40 manat borcu yaranmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 50%-i əvvəlcədən ödəniş (avans) şəklində, qalan ödəniş mal təhvil verildikdən sonra 60 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. Lakin cavabdehə 4224,40 manat borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bundan başqa, Müqavilənin 3.2-ci maddəsində qeyd olunmuşdur ki, bu müqavilənin 3.1.-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,05%-i miqdarında cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə qədər hesablanmış cərimə məbləği 852,44 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 iddianı müdafiə edərək ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli, 2018/01/05/001 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı – İddiaçı MMC müqaviləyə əlavələrdə (Qiymətlərin və X1, Sifarişnamə, Təklif, Akt və.s) qeyd olunan əşyaların (bundan sonra - malların) alıcı Cavabdeh MMC-yə satmağı, Alıcı – Cavabdeh MMC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə təhvil almağı, əgər ödəniş gecikdirilərsə hər gecikdirilən gün üçün cəmi məbləğin 0.05 faizi həcmində cərimə pulunu ödəməyi öz öhdəsinə götürmüş və bu məbləğ ümumi borcun 10%-dən artıq ola bilməz. xx.xx.2020-ci il tarixli İddiaçı MMC tərəfindən verilən borcun hesablanması haqqında (maliyyə) arayışından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixə alqı-satqı məbləği 46500,84 manat, borcun müqavilə üzrə hissə-hissə və ya tam qaytarılmalı olduğu tarix xx.xx.2019-cu il, bir günlük cərimə faizinin məbləği (bir günlük cərimə faiz dərəcəsi 0,05%) 2,11 manat, müqavilə üzrə əsas qalıq borc 4224,40 manat, müqavilə üzrə hesablanmış dəbbə pulu (penya) 852,44 manat olmaqla cəmi 5076,84 manat borcu vardır. xx xxxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixə Cavabdeh MMC İddiaçı MMC-yə cəmi 4224,40 manat məbləğində borcu olduğunu təsdiq etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 449.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinə uyğun təhvil verilən ümumi dəyəri 46500,84 manat olan malların müqabilində 42276,44 manat məbləğində ödəniş etmişdir. Odur ki, məhkəmə iddiaçının əsas borc kimi 4224,40 manat məbləğində pul tələbini əsaslı hesab edir. Bununla yanaşı alıcı tərəfindən müqavilənin 3.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğin hər günü üçün cəmi məbləğin 0,05% miqdarında cərimə ödəyəcəyi öhdəliyi daşımasına və bu məbləğin ümumi borc məbləğinin 10 %-indən artıq ola bilməməsinə baxmayaraq, iddiaçı tərəfindən cavabdehdən ümumi borcun (4224,40 manat pulun) 10 %i miqdarında yəni, 422,44 manat cərimə tələb edilə biləcəyi halda 852,44 manat məbləğində cərimə borcu hesablanmışdır. Hətta iddiaçı 422,44 manat cərimə borcu tələb etsəydi belə, yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan cərimə azaldılaraq 25,60 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən müqaviləyə əsasən 4224,40 manat ödənilməmiş borc, 25,60 manat cərimə (dəbbə pulu), ümumilikdə 4250 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 83,71%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 83,71%-i, yəni 25,11 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4224,40 manat ödənilməmiş borc, 25,60 manat cərimə (dəbbə pulu), ümumilikdə 4250 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,11 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1634/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1634/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver