Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1634/2024 08.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 29652,03 manat həcmində əsas borc, 702 manat həcmində hüquqi xidmətə sərf edilmiş xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 02 noyabr 2021-ci il tarixdə imzalanmış FF021121/01 saylı müqavilə imzalanmışdır. Alıcı müqavilənin şərtlərini birtərəfli qaydada pozmuş, üzərinə götürmüş olduğu öhdəliklərin icrasından yayınmışdır. Alıcının Satıcıya,ƏDV daxil, ümumilikdə 31705,14 manat borcunuz yaranmışdır. Dəfələrlə şifahi və yazılı qaydada borc məbləğini ödəmələrini xahiş etsə də, nəticə dəyişməmiş, öhdəlik yerinə yetirilməmişdir. Halbuki, Cavabdeh MMC Müqavilə üzrə yaranan borcuödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. “Satıcı” öhdəliyini icra etməmiş və İcarəyə verənə bununla bağlı zərər vurmuşdur. Cavabdeh ödəməli olduğu 31705,14 manat məbləğində borcu artıq 9 aydır ki, ödəmədiyindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaçıya 31705,14 x ((5/12) x 9) / 100= 1169,9 manat məbləğində faiz borcu da ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən xx.xx.2023cü il tarixdən illik bank uçot faiz dərəcəsi 7,75% olaraq müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 31705,14 manat məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqdadır. Ona görə də hesab edir ki, 7.75%/12 =0.64% aylıq olmaqla, xx.xx.2023-cü ildən başlayaraq 31705,14 manat məbləğində olan borc artıq 9 aydır ki, ödənməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 443.1, 448.1, 445.7, 449.1, 464.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, işə məhkəmədə baxılarkən borclu Cavabdeh MMC əsas borc məbləğinin 2053,11 manat hissəsini ödəmiş və 29652,03 manat borcu qalmışdır. Sonda o, 29652,03 manat əsas borcun, 702 manat hüquqi xidmətə sərf edilmiş xərcin və dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərə qiymətlər razılaşdırılma protokolunda qeyd olunan cihazları (bundan sonra mal adlandırılacaq) alıcıya satmağı, alıcı isə həmin şərtlərlə malları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya 3 (üç) iş günü müddətində təhvil verməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeçidi və qiyməti bu Müqavilənin ayrılmaz hissəsi sayılan X2 əsasən müəyyən edilir. xx.xx.2021-ci il tarixli 4 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 41435,75 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixli 6 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 34989,40 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixli 8 saylı Razılaşma Protokolundan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 6851 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2022-ci il tarixli 9 saylı Razılaşma Protokolundan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 1428 manat məbləğində müəyyənləşdirmişlər. xx.xx.2023-cü il tarixli 10 saylı Razılaşma Protokolundan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 11730 manat məbləğində müəyyənləşdirmişlər. EBDF seriyalı, 075262 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 11730 manat, EBBZ seriyalı, 105739 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1428 manat, EBBV seriyalı, 224673 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6851 manat, EBBR seriyalı, 954778 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 34989 manat, EBBN seriyalı, 276326 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 41435,75 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 06 fevral 2023-cü il tarixli Hüquq xidmətlər haqqında Müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə müqavilə üzrə göstərilən xidmətlərin dəyəri 1620 manat olaraq müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 195 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra öhdəliyini qismən icra etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 29652,03 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 29652,03 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 702 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 195 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən tərəflər arasında imzalanmış 02 noyabr 2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 29652 (iyirmi doqquz min altı yüz əlli iki) manat 3 (üç) qəpik əsas borc, hüquqi yardım üçün ödənilmiş 702 (yeddi yüz iki) manat xidmət haqqı və ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMCnin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1634/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1634/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver