Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1637/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə əsas borcu 5590,91 manat, illik gecildirilmiş vaxt üçün 5% məbləğində hesablanmaqla 845,35 manat, 84,36 manat dəyərində dövlət rüsumu, hüquqi yardım üçün ödənilm iş 320 manat məbləğin cavabdehdən tutularaq iddiaçı -İddiaçıMMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Satıcı) ilə Cavabdeh (bundan sonra Alıcı) arasında 13 aprel 2021-ci il tarixli, 2021/026 nömrəli Mallar (işlər və ya xidmətlər) Müqaviləsi(bundan sonra Müqavilə) imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci maddəsinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”-dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilədə 5ş4-cü maddədə nəzərdə tutulub ki, “Alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan ( aşkar edilən qüsurların “Satıcı” tərəfindən aradan qaldırılması nəzərə alınmaqla) qəbul etməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 11.1-ci maddəsinə görə “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya “Satıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. Tərəflər arasında imzalanmış X2 və Təhvil - Təslim Aktlarına əsasən aşağıda qeyd olunmuş elektron qaimələr üzrə Mallar Satıcı tərəfindən Alıcıya təhvil verilmiş və Alıcı tərəfindən təhvil alınmışdır: 1. xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 149679 nömrəli elektron qaimə-fakturaya əsasən 300 ( üç yüz) manat; 2. xx.xx.2022-ci tarixli, EBBT seriyalı, 273013 nömrəli elektron qaimə-fakturaya əsasən 707 (yeddi yüz yeddi) manat. 3. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 229307 nömrəli elektron qaimə-fakturaya əsasən 501 (beş yüz bir ) manat; 4. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 780458 nömrəli elektron qaimə-fakturaya əsasən 1500 (min beş yüz) manat; 5. xx.xx.2022ci il tarixli, EBBZ seriyalı, 383550 nömrəlielektron qaimə-fakturaya əsasən 805,40 (səkkiz yüz beş manat qırx qəpik ) manat; 6. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 499336 nömrəlielektron qaimə-fakturaya əsasən 4340,36 (dörd min üç yüz qırx manat otuz altı qəpik) manat. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, 5.590, 91 ( beş min beş yüz doxsan manat doxsan bir qəpik) manat dəyərində əsas borc məbləği Alıcı tərəfindən Satıcıya bu günədək ödənilməmiş vəAlıcı tərəfindən tərəflər arasında imzalanmış Müqavilə üzrə öhdəliklər pozulmuşdur. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtı çatmış və Cavabdehnə isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, İddaçı qeyd edir ki, cavbdeh "xxxx" MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 845,35 ( səkkiz yüz qırx beş manat otuz beş qəpik) manat borc yaranmışdır. İllik gecikdirməyə görə maliyyə arayışı iddia ərizəsinə qeyd olunmuşdur. İddiaçı, iddiaçı-İddiaçı iləCavabdeh arasında13 aprel 2021-ci il tarixli, 2021/026 nömrəli Mallar (işlər və ya xidmətlər) Müqaviləsinin 12.4-cü maddəsində göstərilmişdir ki, Müqavilə müddətinin bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə müqavilə müddəti daha 1 (bir) müddətinə uzadılmış hesab edilir
II. Tərəflərin mövqeləri:
3. İddiaçinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, icraatınızda olan kommersiya işinin xx.xx.2025-ci il tarixli məhkəmə baxışı iclasına səhhətində yaranan problemlərə görə üzrlü səbəbdən iştirak edə bilməyəcək. İddia tələbini tam müdafiə edir və bununla bağlı zəruri sübutları məhkəməyə təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraqqməhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsinə və iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişdir və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İdidaçı ilə Cavabdeh MMC arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, 2021/026 nömrəli “mallar (işlər və xidmətlər) üzrə satınalma” müqaviləsinə əsasən:
8. Müqavilənin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, malları sifariş edir. Satıcı isə həmin malları təqdim edir.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür.
10. Müqavilənin 5.4-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların, yerinəyetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
11. Müqavilənin 11.1-ci bəndinə əsasən “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya “Satıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir.
12. Müqavilənin 11.2-ci bəndinə əsasən müqavilə “Satıcı” və ya “Alıcı” tərəfindən ləğv olunarsa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədıən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirilən və və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq ödənilir.
13. Müqavilənin 12.1-ci bəndinə əsasən hazırkı müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 1 (bir) il müddətinə bağlanır.
14. İddiaçı tərəfindən müqavilə üzrə xx.xx.2022-ci il tarixli EBBT seriyalı 149679 nömrəli elektron qaimə-fakturaya əsasən 300 manat məlbəğində, xx.xx.2022-ci tarixli, EBBT seriyalı, 273013 nömrəli elektron qaimə-fakturaya əsasən 707 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 229307 nömrəli elektron qaimə-fakturaya əsasən 501 manat məlbəğində, xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 780458 nömrəli elektron qaiməfakturaya əsasən 1500 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 383550 nömrəli elektron qaimə-fakturaya əsasən 805,40 manat məbəğində, xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 499336 nömrəli elektron qaimə-fakturaya əsasən 4340,36 manat məbləğində e-qaimələr cavabdehə göndərilmişdir.
15. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən iddiaçının hesabına 1000 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 650 manat məbləğində, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 805 manat məbləğində (təyinatları e-qaimə göstərilməklə), o cümlədən xx.xx.2022-ci il tarixində 107.85 manat məbləğində ƏDV ödənişi edilmişdir.
16. 10.10.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin qeyd olunan tarixə 5590,91 manat əsas borcu, illik gecikdirilmiş vaxt üçün 5% məbləği hesablanmaqla 845,35 manat məbləğində borcu vardır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
18. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
19. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
23. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
24. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
25. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
26. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
27. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. İş materiallarında olan tərəflər arasında bağlanmış 13 aprel 2021-ci il tarixli, 2021/026 nömrəli “mallar (işlər və xidmətlər) üzrə satınalma” müqaviləsinin 2.1-ci maddəsinə əsasən tərəflər təsdiq edirlər ki, malları sifariş edir. Satıcı isə həmin malları təqdim edir və həmin Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır.
31. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və təyinatı məhz e-qaimələr göstərilməklə qismən ödənişlər ilə təsdiq olunduğu üçün 5590,91 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.
32. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 5590,91 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.
33. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 845,35 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.
34. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
35. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
36. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin müxtəlif aylarında, e-qaimələr göndərilmiş və həmin qaimələr üzrə bugünə kimi ödənişlər tamamlanmadığı üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 845,35 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
38. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 84,36 manat dövlət rüsumu və 320 manat vəkil xərci ödənilmişdir.
39. Azərbaycan Respublikası MPM-in:
40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
42. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
44. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 84,36 manat məbləğində pul vəsaiti və 320 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 5.590,91 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 845,35 manat faiz borcu, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 84,36 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Namazova