Məhkəmə qərarları › İş №e-2-2(113)-1638/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1638/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1638/2023 01.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 12826,12 manat əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 19821,66 manat dəbbə pulu, 280 manat mediasiya xərci, 188,78 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 33116,56 manat məbləğində borcun iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 12826,12 manat əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 19821,66 manat dəbbə pulu, 280 manat mediasiya xərci, 188,78 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 33116,56 manat məbləğində borcun iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 5 (beş) il müddətinə, 43/17 saylı, 17 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmşıdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən "xxxx" Şirkəti tərəfindən cavabdehə müqavilə tələblərinin müvafiq bəndində göstərilən müddət ərzində ödəniş etmək şərtilə mal verilmişdir. Cavabdeh tərəfindən aldığı malın pulunun müqavilə tələbinə əsasən qısa müddət ərzində ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdeh malların ödənişini həyata keçirməmiş müqavilə üzrə öhdəliyini pozmuşdur. İddiaçı ilə cavabdeh arasında borcun etiraf edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli “öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmiş, yaranmış borcun qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu ƏDV ilə birlikdə12826,12 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən “Alıcı” ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata həyata keçirilməlidir. Lakin, cavabdeh müqavilənin 3.2-ci bəndlərinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmiş və buna görə də cavabdehə əsas məbləğdən başqa, əsas borc ödənişini gecikdirdiyinə görə 19821,66 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" Şirkətinə olan borcu əsas borc, ədv və dəbbə pulu ilə birlikdə 32647,78 manat məbləğində təşkil edir. Məhkəməyə müraciət etməmişdən əvvəl Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən mübahisənin tərəflər arasında həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina edərək, gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 17 fevral 2017-ci il tarixli 43/17 saylı Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları cavabdehə satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli Borcların qarşılıqlı üzləşdirilməsinə dair aktdan görünür ki, cavabdehin iddiaçıya olan borcu 11508,16 manat əsas, 2071,47 manat ƏDV olmaqla 13579,63 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə 96445,19 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən iddiaçıya malların dəyərindən 83619,07 manat ödənilmiş, 12826,12 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 17 fevral 2017-ci il tarixli 43/17 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları cavabdehə satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında borcun etirafına dair xx.xx.2022-ci il tarixli Borcların qarşılıqlı üzləşdirilməsinə dair akt tərtib olunmuş və akta əsasən iddiaçı ilə cavabdeh arasında qalıq borc 11508,16 manat əsas, 2071,47 manat ƏDV olmaqla 13579,63 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 96445,19 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən iddiaçıya malların dəyərindən 83619,07 manat ödənilmiş, 12826,12 manat ödənilməmiş borc qalmışdır. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11508,16 manat əsas, 2071,47 manat ƏDV olmaqla 13579,63 manat alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 12826,12 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 640 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 187,94 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 188,78 manat, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 0,84 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İş üzrə dövlət rüsumu məbləğinin 187,94 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 41,25 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, 187,94 manat məbləğində dövlət rüsumunun 77,53 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 110,41 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 12826,12 manat əsas borc, 640 manat dəbbə pulu, 280 manat mediasiya xərci, 77,53 manat dövlət rüsumu, cəmi 13823,65 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 12826,12 manat əsas borc, 640 manat dəbbə pulu, 280 manat mediasiya xərci, 77,53 manat dövlət rüsumu, cəmi 13823,65 manat məbləğində borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar