Məhkəmə qərarları › İş №e-2-2(113)-164/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-164/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-164/2020 05.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, məsləhətçi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Gənclərin X2 qarşı iddiaçı ilə cavabdeh arasında mallar təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 17/04/XGE saylı xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə (ƏDV daxil olmaqla) 5940,48 manat, nağd hesablaşmalar üzrə 7305 manat olmaqla, cəmi 13,245 manat əsas borcun, 1125.82 manat faiz borcunun, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 14.400.82 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında mallar təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 17/04/XGE saylı xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə (ƏDV daxil olmaqla) 5940,48 manat, nağd hesablaşmalar üzrə 7305 manat olmaqla, cəmi 13,245 manat əsas borcun, 1125.82 manat faiz borcunun, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 14.400.82 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 2011-ci il tarixdə vergi ödəyicisi kimi kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınmış, iddiaçının qanuni təmsilçisi olaraq X9 təyin edilmişdir. Bu barədə müvafiq şəhadətnamə və dövlət reyestrindən çıxarış təqdim edilmişdir. İddiaçı ilə cavabdeh arasında malların təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 17/04/XGE saylı xx xxxxx 2017-ci il tarixli müqavilə bağlanmış, müqavilənin məqsədləri üçün cavabdeh “sifarişçi”, iddiaçı “icraçı” kimi müəyyən olunmuş, müqavilə hər iki tərəfin dairəvi möhürü və səlahiyyətli şəxslərin imzaları ilə təsdiq olunmuşdur. Həmin müqavilənin “müqavilənin predmeti” adlandırılan 1.1-ci bəndində “icraçı”nın malları təchiz etməsi və xidmətlər göstərməsi, “sifarişçi”nin isə həmin malları və xidmətləri alması, hər hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtlərinin Satınalma Sifarişində və ya Xidmət Sifarişində göstərilməsi müəyyən edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə müxtəlif dövrlərdə müvafiq mallar təqdim edilmiş və xidmətlər göstərilmiş, sonuncu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Belə ki, həmin müqavilə əsasında müvafiq qaimələrlə ikitərəfli qaydada təhvil-təslim edilmiş avadanlıqlar üçün xx xxx 2019-cu il tarixə xx.xx.2017-ci il tarixli Elektron Qaimə üzrə əsas məbləğ 49.60 manat, ƏDV 0 manat; xx.xx.2017-ci il tarixli Elektron Qaimə üzrə əsas məbləğ 431.40 manat, ƏDV 0 manat; xx.xx.2017-ci il tarixli Elektron Qaimə üzrə əsas məbləğ 520.00 manat, ƏDV 0 manat, xx.xx.2018-ci il tarixli Elektron Qaimə üzrə əsas məbləğ 1850.00 manat, ƏDV 333.00 manat, xx.xx.2018- ci il tarixli Elektron Qaimə üzrə əsas məbləğ 2336.00 manat, ƏDV 420.48 manat olmaqla, ümumilikdə –5940,48 manat, o cümlədən 5187.00 manatəsas borc və 753.48 manat ƏDV borc yaranmışdır. Bundan əlavə firmanın 7305 manat dəyərində də nağd şəkildə ödəyəcəyini deyib borc şəklində götürdüyü mallar vardır. Bundan başqa, 1910 manat avans etmiş, amma ödənişin qarşılığı olaraq məhsulu götürməmişdir. Göstərilən Elektron Qaimələrin bir neçəsi üzrə ƏDV-lər ödənilmişdir, Qeyd olunanlarla əlaqədar, 13,245 manat vəsaitin "Cavabdeh" Gənclərin X3-nə əsas borcun ödənilməsi barədə pretenziya qaydasında müraciət olunsa da, cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Cavabdeh iddiaçıdan aldığı pul vəsaitini qaytarmamış, habelə qaytarılmasından yayındığına görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin həmin pul vəsaitini özündə saxlamasının hər hansı hüquqi əsası olmadığından qanunsuzdur. Həmin pul vəsaitini özündə saxlamaqla, ondan faydalanması və gəlir əldə etməsi mübahisəsizdir. Azərbaycan Respublikası Mərkəzi X12 tərəfindən 2019-cu ilin iyun ayına uçot dərəcəsi 8.5 faiz müəyyən edildiyindən 1125.82 manat (13,245 manatx 8.5 faiz=1125.82 manat) məbləğində faiz məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx xxxxx 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli elektron qaimələrin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X6 5940,48 manat dəyərində müxtəlif adda mal verilmişdir. xx xxx 2019-cu il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya borcu elektron qaimələr üzrə 5187 manat əsas, 753,48 manat ƏDV, ümumilikdə 5940 manat, nəğd hesablaşmalara görə yaranan borc isə 7305 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı tərəfindən cavabdeh X6 5940,48 manat dəyərində müxtəlif adda mal verilmişdir. Cavabdehin iddiaçıya borcu elektron qaimələr üzrə 5187 manat əsas, 753,48 manat ƏDV, ümumilikdə 5940 manat təşkil etmişdir. Lakin cavabdeh alınan malların dəyərini ödəməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, məhsulları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilmədiyinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, aldığı məhsulun dəyərini ödəmədiyindən, iddia tələbi eklektron qaimələr üzrə verilmiş mallara aid hissədə əsaslıdır və təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 5940,48 manat borc tutulmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddianın nağd hesablaşmalar üzrə 7305 manat borc hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, maliyyə arayışında 7305 manat borc göstərilsə də, həmin borcun yaranmasına əsas olan heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə mötəbər sübutlarla təsdiq olunmadığından təmin oluna bilməz. Cavabdeh müqavilə şərtlərinin pozulmasına görə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi könüllü yerinə yetirməməsi və onun icrasından boyun qaçırması sübut edir ki, müqavilə üzrə ödənilməli olan pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilməyən pul məbləğinə görə faiz Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu ilin iyun ayına olan 8.5 faiz bank uçot dərəcəsi ilə 13,245 manat (7305 manat + 5940,48) ümumi borc məbləğinə hesablanmış və ona uyğun olaraq 1125.82 manat faiz hesablanmaqla təşkil etmişdir ki, iddiaçı da həmin məbləği tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbindən göründüyü kimi borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Belə olan halda bank uçot dərəcəsi xx xxxxxx 2020-ci il tarix üçün əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən xx xxxxxx 2020-ci il tarixə bank uçot dərəcəsi 7,25 faiz təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu 5940,48 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 430,65 manat məbləğində faiz alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı ilə cavabdeh arasında mallar təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 17/04/XGE saylı xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə (ƏDV daxil olmaqla) 5940,48 manat, 430,65 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (6371,13 manat) iddia tələbinin (14370,82 manat) 44,33 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 13,30 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 16,7 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə "Cavabdeh" Gənclərin X3 arasında mallar təqdim edilməsi və xidmətlər göstərilməsinə dair 17/04/XGE saylı xx xxxxx 2017-ci il tarixli müqavilə üzrə (ƏDV daxil olmaqla) 5940,48 manat, 430,65 manat faiz borcu "Cavabdeh" Gənclərin X1 tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 13,30 manat məbləği "Cavabdeh" Gənclərin X1 tutularaq İddiaçınə ödənilsin, qalan 16,7 manat hissəsi İddiaçınə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar