Məhkəmə qərarları › İş №e-2-2(113)-164/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-164/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-164/2023 12.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci, üzləşmə aktı, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 dekabr 2021-ci il tarixli, xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsi üzrə 42804,75 manat əsas borc, 5000 manat cərimə borcu, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat olmaqla, ümumilikdə cəmi 48004,75 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumulyatorlar və digər malların alqı-satqısına dair xx/xx/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq ödəniş iddiaçı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) əsasən 30 bank günü ərzində cavabdeh tərəfindən köçürmə yolu ilə iddiaçının hesablaşma hesabına və ya nağd qaydada iddiaçıya ödənilməlidir. Lakin sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında cəmi 42804,75 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə-faktura təqdim edilmişdir, lakin cavabdeh tərəf bu günə qədər həmin fakturalar üzrə yaranmış borcu ödəməmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır. Həmçinin sözügedən müqavilə üzrə nəzərdə tutulmuşdur ki, cavabdeh müqavilə üzrə ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faizi miqdarında iddiaçıya cərimə ödəməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 600.1, 600.4-cü və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi üzrə yaranmış borc üzləşmə aktı ilə də etiraf edilmişdir. Lakin cavabdehin maliyyə vəziyyəti buna imkan versə də, sonuncu müqavilə üzrə öhdəliyini hazırkı günədək icra etməmişdir. Həmçinin bir neçə dəfə cavabdehin təşəbbüsü ilə danışıqlar aparılsa da, nəticə əldə olunmamışdır. Bundan başqa, bildirmişdir ki, iddia ərizəsində texniki səhvə yol verilərək ödənilmiş 200 manat dövlət rüsumunun tutulması xahiş olunmuşdur ki, həmin məbləği ödənilmiş mediasiya xərcinin əvəzi olaraq tələb edirlər.

5. Cavabdehin nümayəndəsi X4 bir neçə dəfə məhkəməyə ərizə ilə müraciət edərək, mübahisə ilə bağlı iddiaçı tərəfindən danışıqlar təklif edildiyini və hazırda barışıq sazişinin şərtlərinin müzakirə edildiyinin nəzərə alınaraq məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş, lakin qeyd edilən barışıq əldə olunmamış, həmçinin cavabdehin nümayəndələri məhkəmənin baxış iclaslarında iştirak etməmiş və gəlməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş iddiaçının və cavabdehin möhürləri və icra orqanlarının rəhbərlərinin imzaları ilə təsdiq edilmiş 23 dekabr 2021-ci il tarixli, xx/xx/2021 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, “Tərəflər” təsdiq edir ki, “Satıcı” (iddiaçı) müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərlilər (bundan sonra “Mallar” adlandırılacaq) “Alıcı”ya (cavabdeh) satır, “Alıcı” isə Malları “Satıcı”dan qəbul edir və müqabilində “Satıcı”ya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

12. Sözügedən müqavilənin 2.1-ci bəndində göstərilmişdir ki, müqavilənin müddəti tərəflərin onu imzaladığı gündən hesablanmaqla xx.xx.2022-ci il tarixədək müəyyən edilir.

13. Adıçəkilən müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə “Mallar”ın qiyməti cari bazar qiymətinə uyğun “satıcı” tərəfindən müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, ödəniş “Satıcı” tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və “Mallar”ın təhvil-təslim aktına əsasən 60 (altmış) bank günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın hesablaşma hesabına və ya nağd qaydada “Satıcı”ya ödənilir.

14. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il (iki elektron qaimə olmaqla), xx.xx.2022-ci il, xx.xx.2022ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturalardan görünür ki, qeyd olunan tarixlərdə müxtəlif adda məhsullar cavabdehə təqdim edilmişdir.

15. Məhkəməyə təqdim edilən 14 may 2022-ci il tarixli iddiaçı və cavabdehin möhürü ilə təsdiq edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, müxtəlif tarixlərdə təqdim olunmuş məhsullara görə xx.xx.2022-ci il tarixə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 42804,72 manat təşkil edir.

16. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış məhsulları cavabdehə təhvil verməyi, cavabdeh isə malları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüş, iddiaçı tərəfindən müxtəlif tarixlərdə təhvil verilmiş məhsullara görə cavabdehin 14 may 2022-ci il tarixə 42804,72 manat borcu olmuşdur.

17. İddiaçı qeyd olunan borc məbləğini tələb edir.

18. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti olduğu, həmin kabinet vasitəsi ilə məhkəməyə bir neçə dəfə ərizə ilə müraciət edib məhkəmə iclaslarının təxirə salınmasını xahiş etdiyi halda, alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliklərin icrasına, qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktında qeyd edilən borc məbləğinə hər hansı etiraz təqdim etməmişdir.

19. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Belə olan halda məhkəmə hesab edir ki, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.

25. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini – 42804,72 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 42840,72 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

31. İddia ərizəsində iddiaçı 5000 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin müqavilənin 7.3-cü bəndində qeyd edilmişdir ki, “Alıcı” bu müqavilə üzrə edəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faizi miqdarında “Satıcı”ya cərimə ödəyir.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

36. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.

37. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 2200 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

38. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 2200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

39. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

40. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB\5-03045 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 12 sentyabr 2022-ci il tarixində, 18:00 saatnda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh 11 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına rəğmən iştirak etməmiş, Nazim 1001” MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödəmişdir.

41. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

42. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

43. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

44. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 42804 (qırx iki min səkkiz yüz dörd) manat 72 (yetmiş iki) qəpik əsas borc, 2200 (iki min iki yüz) manat cərimə məbləği olmaqla, ümumilikdə 45004 (qırx beş min dörd) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar