Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-164/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ümumilikdə 62 822.22 manat məbləğində borcun (əsas borcu 52 850,70 manat, mükafat borcu 6971.63 manat, cərimə 3000 manat), həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 400 manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində 054 saylı daxili Lizinq müqaviləsinə əlavə razılaşma bağlanmışdır. xx.xx.2021-ci il tarixli 054 saylı Daxili Lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən, iddiaçı X14 LC200 minik, Tip-Universal, Rəngi–Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837 avtomobilini X2 istifadəsindən təhvil alaraq Cavabdeh1 istifadəsinə verməyi, Cavabdeh1 isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəliyinə götürmüşdür. Lizinq Müqavləsi üzrə borc məbləği 89154 manat təşkil edir və müddəti 35 ay müəyyən edilir. Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixində 054 saylı Daxili Lizinq müqaviləsinə əlavə razılaşmanın müddəaları pozularaq, öhdəliklər icra edilmir. M/2600/23 saylı, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 iddiaçıya əsas borcu 52 850,70 manat, mükafat borcu 6971.63 manat, cərimə manat, ümumilikdə 62822.22 manat təşkil edir. İş materiallarına Bakı 9 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış əlavə edilmişdir. Həmçinin, iş materiallarına Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Horovlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5 saylı məktubu əlavə edilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) 68479,16 manat məbləğində vurulmuş zərərin, həmçinin məhkəməyə müraciət edilməsi ilə əlaqədar mediasiya təşkilatına ödənilmiş 800 manat rüsumun, vəkilin göstərdiyi hüquqi yardıma görə 200 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan “X14 LC200” minik markalı (Qeydiyyat nişanı-**-PD-***; Tip-Universal; rəngi-qara metallik; buraxılış ili- 2017; BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, İddiaçı MMC-nin mülkiyyətində olan “X14 LC200” minik markalı (Qeydiyyat nişanı- **-PD-***; Tip-Universal, Rəngi-Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin məlumatı və razılığı olmadan (etibarnaməsiz), özünün şirkəti adından Cavabdeh2 MMC (Hüquqi ünvanı-AZ1078, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi, ev 10, mənzil 30; VÖEN №**********) əsassız sənədlə Cavabdeh3 istifadəsinə verilmiş və sonuncunun iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmişdir.Həmçinin bildirmək istəyirik ki, hal-hazırda mülkiyyətimizdə olan nəqliyyat vasitəsinin (sənədləri ilə birlikdə) harada olması ilə bağlı, ümumiyyətlə mövcud olub- olmaması barədə heç bir məlumatımız yoxdur və adları qeyd edilən şəxslər tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan avtomobil, bizə məlum olmayan səbəblərdən geri qaytarılmır. Həmçinin, nəqliyyat vasitəsinin üzərində olan GPS avadanlıq sistemi sökülmüşdür və bunun nəticəsi olaraq avtomobilin harada olması məlumatını əldə etmək mümkün deyildir. Hesab edirik ki, İddiaçı MMC-nin mülkiyyətində olan “X14 LC200” minik markalı (Qeydiyyat nişanı- **-PD-***; Tip-Universal, Rəngi-Qara Metallik, Buraxılış ili-2017, BAN JTMHU01J6J5134837) avtomobil adları qeyd edilən şəxslər tərəfindən ehtiyyat hissələrinə bölünərək, satılmışdır. Hesab edirik ki, bunun nəticəsi olaraq, İddiaçı MMC-yə 68479.16 (altmış səkkiz min dörd yüz yetmiş doqquz.16) manat məbləğində maddi ziyan vurulmuşdur.Qeyd etmək istəyirik ki, yuxarıda göstərilənlərə əsasən, İddiaçı MMC- yə dəymiş 68479.16 (altmış səkkiz min dörd yüz yetmiş doqquz. 16) manat məbləğində maddi ziyan Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ödənilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-164/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə Cavabdeh3 və Cavabdeh2 MMC cavabdehlər qismində hazırkı iş üzrə icraata cəlb edilmişlər.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinq predmeti olan avtomobilin onların xəbəri və icazəsi olmadan Cavabdeh1 rəhbərlik etdiyi şirkət tərəfindən Cavabdeh3 istifadəsinə verilməsi ilə bağlı hüquq mühafizə orqanlarına iddiaçı tərəfindən şikayət ərizəsi verilmiş, hazırda təhqiqat aparılır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə də məlumat verməmişlər.
8. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı və X4 arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli 054 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən X14 LC200-minik, tip-universal, rəngi-qara metallik, buraxılışı ili – 2017, BAN-JTHU01J6J5134837 avtomobilini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 91800 manat təşkil edir.
11. İddiaçı, X4 və Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2021-ci il tarixli 054 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmadan görünür ki, bu razılaşma əsasında öhdəlik ötürən lizinq verənin razılığı ilə 054 saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və öhdəliklərini, borcunu öhdəlik götürənə verir və öhdəlik götürən də bütünlüklə qəbul edir. Bu razılaşma imzalandığı anda 054 saylı daxili lizinq müqaviləsi üzrə öhdəlik ötürənin qalıq borcu 89154 manat təşkil edir və öhdəlik götürən həmin məbləği xx.xx.2024-cü il tarixədək ödəməyi öhdəsinə götürür.
12. İddiaçı tərəfindən verilmiş 08 may 2023-cü il tarixli M/2600/23 nömrəli arayışdan görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 054 nömrəli lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Cavabdeh1 əsas borcu 52850,59 manat, mükafat borcu 6971,63 manat, cərimə borcu 3000 manat, ümumilikdə 62822,22 manat təşkil edir.
13. 29 oktyabr 2022-ci il tarixli 1995 nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarı ilə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Masallı rayonu Boradigah qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayon Xırdalan şəhərində yaşayan Cavabdeh3 “BC” sürücülük vəsiqəsi əsasında idarə etdiyi “X14”markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı avtomobil yolunun rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində Masallı rayonu istiqamətində hərəkətdə olarkən Yardımlı rayonu istiqamətində hərəkətdə olan Yardımlı rayonu Gərsava kəndində qeydiyyatda olmaqla yaşayan X3 “BC” sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 2121 minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış, həmin vaxt “VAZ 2121 minik” markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəsimi Əliyev idarətməni itirib avtomobili yoldan çıxaraq Yardımlı rayonu istiqamətində yolun sağ kənarında olan su kanalının üzərindəki dəmir borulara çırpmış və nəticədə həmin avtomobilin arxa oturacağında sərnişin qismində olan xx.xx.1955-ci il təvəllüdlü Yardımlı rayonu Gərsava kəndində qeydiyyatda olmaqla yaşayan X6 aldığı xəsarətlərdən hadisədən sonra ölmüşdür. Toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır.
14. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Masallı-Yardımlı avtomobil yolunda yolun enişli-yoxuşlu hissəsində “X14” **-PD-*** dövlət nömrə nişanlı avtomobillə VAZ 2121 markalı **-ER-*** dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat-hadisəsi baş vermişdir.
15. Cavabdeh2 MMC ilə X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli avtomobilin icarə müqaviləsinə əsasən “X17” markalı **-PD-*** dövlət nömrə nişanlı avtomobil icarəyə verilmişdir.
16. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99PD579 dövlət nömrə nişanlı X14 LC200 markalı avtomobil iddiaçının mülkiyyətindədir.
17. “Avtoservis” T.X.S. Masallı filialı tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli 1113 nömrəli arayışdan görünür ki, Land Cruiser LC200 markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində deformasiyaya uğramış və hal-hazırda təmirə tam yararsız vəziyyətdədir. Abtomobilin hazırki vəziyyətdə metollom qiyməti 11000 manat hesabalanmışdır. Avtomobilin baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətindəki rela bazar qiyməti 115000 manat olmuşdur. Avtomobilə ümumi cəmi 104000 manat məbləğində maddi ziyan dəymişdir.
18. 15.11.2022-ci il tarixli qəbzdən görünür ki, Fərəcli X8 RPŞ-nin duracağında saxlanılan “X14” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır.
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 926 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, X1 İ, İİ, İİİ qabırğanın yerini dəyişməyən sınığı və başın alın nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 29 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.
20. 25 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasınn rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh3 barəsində Azərbaycan Respublikasl İXM-nin 327.2 və 328.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masalllı RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır.
21. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
24. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
25. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
27. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
28. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
29. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
30. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
31. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
32. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
33. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
35. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
36. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
37. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı lizinq müqaviləsi əsasında “X14 LC200” minik markalı avtomobilini Cavabdeh1 istifadəsinə vermiş, lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə xx.xx.2022-ci il tarixində yol nəqliyyat hadisəsi törədilməsi nəticəsində lizinq obyektinə zərər dəymiş, lizinq obyekti yararsız hala düşmüşdür.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
40. Belə ki, iddiaçı tərəfindən həmin lizinq obyekti Cavabdeh1 sahiblik və istifadəsinə verilmiş, Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyektinin salamatlığı, vaxtından əvvəl sıradan çıxmasına görə məsuliyyəti məhz Cavabdeh1 daşımışdır.
41. Bundan əlavə, tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 1.6-cı bəndinə əsasən lizinq obyektinin korlanması və sıradan çıxamasına görə məsuliyyət lizinq obyektinin lizinq alana təhvil verildiyi andan sonuncuya keçmişdir.
42. Müqavilənin 4.2.3-cü bəndinə əsasən lizinq obyektinin daima saz və istismara yararlı vəziyyətdə saxlanılması lizinq alanın vəzifəsi kimi müəyyənləşdirilmişdir.
43. Müqavilənin 5.1-ci bəndinə əsasən lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş zərəri, eləcə də əldən çıxmış faydanı tam həcmdə ödəməlidir.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, lizinq obyektinə dəymiş zərərin Cavabdeh1 tələb edilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir.
45. Məhkəmə həmçinin iddia ərizəsinin vurulmuş zərərin əvəzinin digər cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 da birgə qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
46. Belə ki, lizinq obyektinə dəymiş zərərə görə qanunvericilikdə lizinq alanla yanaşı müqavilə tərəfi olmayan digər şəxslərin onunla birlikdə solidar (birgə) məsuliyyət daşıması əsasları nəzərdə tutulmamışdır.
47. Bundan başqa iddia ərizəsində 200 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehlərdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid olan hissədə təmin edildiyindən çəkilmiş hüquqi yardımla bağlı xərc ondan tutularaq iddiaçıya ödənilməlidir.
48. Belə ki, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Yusif Allahverdiyev Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 200 manat pul ödənilmişdir.
49. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
50. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh1 tərəfindən iddiaçıya 68479,16 manat məbləğində maddi zərər vurulduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 68479,16 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
51. Məhkəmə iddiaçı tərəfindən cavabdehlər barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətini əsassız hesab edir. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
53. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid olan hissədə təmin edildiyindən ödənilmiş 400 manat mediasiya xərci Cavabdeh1, qalan 400 manat mediasiya xərci isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 68479,16 manat məbləğində pul, ödənilmiş 400 manat mediasiyaya dair xərc, 200 manat hüquqi yardımla bağlı çəkilmiş xərc, ümumilikdə 69079,16 (altmış doqquz min yetmiş doqquz manat on altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 400 (dörd yüz) manat mediasiyaya dair xərc İddiaçı MMC-nin özünə aid edilsin. İddiaçı MMC tərəfindən verilmiş “xüsusi qərardadın çıxarılması” barədə vəsatət təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova