Məhkəmə qərarları › İş №e-2-2(113)-1643/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1643/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1643/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçi yə mal- materiallar satır, sifarişçi isə icraçıdan bu mal- materialları alır. - 1.2-ci bəndinə əsasən müxtəlif təyinatlı mal- materialların siyahısı və qiymətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və qarşılıqlı razılaşma protokolu adlanan əlavədə ətraflı ( adı, ölçü vahidi, bir vahidin qiyməti, miqdarı və məbləğ) göstərilir və hər iki tərəfin imza və möhürü ilə təsdiqlənir. Müvafiq mal- materialların satış prosesi, elektron qaimə faktura, elektron vergi-hesab fakturası və ödəniş sənədləri ilə (hesab-faktura, ödəniş tapşırığı, kassa-mədaxil orderi və s.) ilə rəsmiləşdirilir. - 2.2.2-ci bəndinə əsasən sifarişçi icraçıdan aldığı mal-materialların dəyərini müqavilədə nəzərdə tutulan müddətdə icraçıya ödəyir. - 4.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 1 il müəyyən edilir. Bu müddət bitdikdən sonra tərəflərdən hər hansı biri, bu müqavilənin pozulması haqqında digərinə 3 (üç) iş günü ərzində yazılı xəbərdarlıq etməzsə, bu müqavilə növbəti 1 il üçün uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 01 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2019cu il tarixli qarşılıqlı razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (Revel salfet qutusu, Evpak salfet qutusu) miqdarı və qiyməti (ümumilikdə 8.281,76 manat (1.263,32 manat ƏDV xaric 7.018,44 manat olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli müqavilə üzrə malların verilməsinə görə 8.167,02 manat (1.245,82 manat ƏDV xaric 6.921,20 manat) dəyərində xx.xx.2021-ci il tarixli, EBAX seriyalı 553619 nömrəli və 10.609,03 manat (1.618,33 manat ƏDV xaric 8.990,70 manat) dəyərində xx.xx.2021-ci il tarixli, EBBH seriyalı 479052 nömrəli elektron qaimələr tərtib edilərək Cavabdeh MMC-yə elektron sistem vasitəsi ilə göndərilmişdir.

4. Hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh MMC ümumilikdə 6.921,20 manat (EBAX seriyalı 553619 nömrəli e-qaimə üzrə) pul vəsaitini İddiaçı MMCnin hesabına köçürmüşdür.

5. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 8.990,70 manat əsas borc, 1.618,33 manat ƏDV ümumilikdə 10.609,03 manat miqdarında qalıq borcun, habelə ödənilmiş 210 manat mediasiya rüsumunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tariхli alqı-satqı müqaviləsinə və bu müqaviləyə 1 saylı əlavəyə (qarşılıqlı razılaşma protokolu) əsasən görülmüş işlərlə bağlı bоrcları yаrаnmış, müхtəlif vахtlаrdа həmin bоrcdаn hissə-hissə ödənişlər еtmişlər, lакin sоnuncu dəfə onlara təqdim edilmiş EBBH seriyalı 479052 saylı xx.xx.2021-ci il tаriхli elektron qaiməyə əsasən 8.990,70 manat əsas borc, 1.618,33 manat ƏDV ümumilikdə 10.609,03 manat miqdarında qalıq borc bu günə kimi ödənilməmişdir

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423 və 442-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV.TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC (alıcı) arasında 01 avqust 2019-cu il tarixli alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 8.990,70 manat əsas borc, 1.618,33 manat ƏDV ümumilikdə 10.609,03 manat təşkil edir.

20. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və müqavilə üzrə ödənişləri əks etdirən hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir.

21. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 10.609,03 manat (8.990,70 manat əsas borc, 1.618,33 manat ƏDV) tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

22. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, 210 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.

23. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 121,83 manat təşkil edir.

24. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

25. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 10.609,03 manat (8.990,70 manat əsas borc, 1.618,33 manat ƏDV) borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 210 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar