Məhkəmə qərarları › İş №e-2-2(113)-1644/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1644/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1644/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. “X1” MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixdə 01/04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı müqavilənin şərtlərinə uyğun olaraq malları alıcıya verməyi, alıcı isə bunun müqabilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 10.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2028-ci il tarixinədək qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. 12.12.2022-ci il tarixli ATQ seriyalı 001 nömrəli işin (xidmətin) təhvil-təslim aktından görünür ki, “X1” MMC tərəfindən ümumilikdə ƏDV daxil 70.800 manat dəyərində iş (xidmət) (restoranın bütün mebellerinin quraşdırılması) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. 12.12.2022-ci il tarixli ATQ seriyalı 001 nömrəli malların təhvil-qəbul aktından görünür ki, “X1” MMC tərəfindən ümumilikdə ƏDV daxil 175.810,69 manat dəyərində mal (257,995 m3 taxta) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. 12.12.2022-ci il tarixli ATQ seriyalı 002 nömrəli malların təhvil-qəbul aktından görünür ki, “X1” MMC tərəfindən ümumilikdə ƏDV daxil 29.991,17 manat dəyərində mallar (qab-qacaq və s.) Cavabdeh MMC-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. “X1” MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 2 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı “X1” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 276.601,86 manat məbləğində borcun, 400 manat mediasiya xərcinin və 166 manat tutularaq “X1” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X1” MMC ilə Cavabdeh MMC arasında 01/04 saylı 01 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 01/04 saylı 01 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində göstərilən mallar Cavabdeh MMC tərəfindən alınmışdır. Göstərilən müqavilə üzrə Cavabdeh MMC “X1” MMC-yə 276.601,86 manat borcu var.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1 və 389.1-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

10. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, müqaviləyə nəzər yetirdikdə elə təəssürat yaranır ki, sanki bu müqavilə qida və ya qab-qacağın satın alınması ilə bağlıdır. Lakin bu müqavilə üzrə tərəflər arasında olan münasibətlər ancaq mebelin təchizatı ilə bağlıdır. Elektron sistemə əlavə edilmiş excell formasında olan sənəddən görünür ki, cavabdehə mebel təchizatı barədə təklifi göndərən tərəf məhz iddiaçıdır. Bu səbəbdən müqavilənin etibarsızlığına dair iddia qaldırmaq niyyətindədirlər. Vəkil2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilədə olan imzanı mübahisələndirmirlər, sadəcə düşünürlər ki, bu müqavilə formal tərtib edilib imza üçün təqdim edilmişdir, cavabdeh isə aralarında olan etibarlıq münasibətlərini nəzərə alaraq baxmadan müqaviləni imzalamışdır. Ola bilsin ki, təhviltəslim aktlarını da cavabdeh qeyd etdiyi səbəbə görə imzalamışdır, yəni iddiaçıya etibar etdiyi üçün baxmadan imzalamışdır. Mebel avadanlığını onlara təchiz ediblər və dəyəri ödənilib. Mebelin dəyəri təklifdə qeyd olunan məbləğdir. Həmin məbləği tam ödəmişlər. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili mebelləri iddiaçıdan deyil, Türkiyədəki başqa şirkətdən aldıqlarını və həmin mebellərin dəyərinin ödənildiyini, iddiaçının isə yalnız həmin mebelləri Türkiyədən gətirdiyini, müqavilənin formal bağlandığını, iddiaçının fəaliyyət istiqamətinin mebellərin alqı-satqısı və istehsalı ilə bağlı olmadığını bildirdi.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı “X1” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə 01/04 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etsə də, cavabdeh həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə iddiaçıya ƏDV daxil 276.601,86 manat məbləğində borcu yaranmışdır.

19. İddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən dəyərdə malların təqdim etməsi faktını sübuta yetirmək üçün iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi (işlərin/xidmətlərin göstərilməsi) barədə tərəflər arasında imzalanmış və möhürlənmiş təhvil-qəbul (təslim) aktlarını məhkəməyə təqdim etmişdir.

20. Cavabdeh isə iddiaya etirazını iddiaçı tərəfindən yalnız onaraq mebellərin təqdim edildiyini və təqdim edilmiş malların dəyərinin tam ödənilməsi, mübahisəli müqavilənin formal bağlaması, cavabdehin qanuni təmsilçisinin isə aralarında olan etibarlıq münasibətlərini nəzərə alaraq baxmadan müqaviləni və təhvil-təslim aktlarını imzalaması ilə əsaslandırsa da, etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

21. İddiaçının fəaliyyət istiqamətinin mebellərin istehsalı və alqı-satqısı ilə bağlı olmaması barədə cavabdehin istinad etdiyi dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının vergi orqanında başqa fəaliyyət istiqaməti üzrə qeydiyyata alınması iddiaçının digər qanunla qadağan edilməmiş fəaliyyət istiqamətləri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını istisna etmir. Bu baxımdan göstərilən hal öz təsdiqini tapsa belə müqavilənin formal bağlanması və təhvil-təslim aktlarında göstərilmiş malların cavabdehə təqdim edilməməsi barədə nəticəyə gəlməyə əsas vermir.

22. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 276.601,86 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 170 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 566,60 manat təşkil edir.

25. Hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

26. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 166,6 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 01/04 saylı müqavilə üzrə ƏDV daxil 276.601,86 manat borc və ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 400 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 166,6 manat pul vəsaiti tutularaq iddiaçı “X1” MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar