Məhkəmə qərarları › İş №e-2-2(113)-1652/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1652/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1652/2022 11.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1631.94 manat əsas borcun, gecikdirilən müddət üçün hesablanan 231.46 manat cərimə məbləğinin və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07.04.2021-ci il tarixli, 246 saylı inşaat materiallarının alğı-satqı müqaviləsinə əsasən, müqaviləyə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Qarşılıqlı razılaşma şərtlərinə əsasən cavabdehin sifarişi ilə sifariş olunan mallar iddiaçıya məxsus nəqliyyat vasitələri hesabına tam və vaxtında cavabdehə təhvil verilmişdir. Dövlət Vergi Xidmətinin elektron vergi sistemindən təqdim edilmiş sonuncu – 26.04.2021-ci il tarixli, 730705 saylı elektron qaimə-faktura sənədinə əsasən cavabdehin sifarişi ilə ona ümumi dəyəri 16311.94 manat məbləğində inşaat məhsulları satılmışdır. Həmçinin 04.10.2021-ci il tarixdə imzalanmış 01.01.2021- 04.10.2021-ci il dövrü üzrə üzləşdirmə aktına əsasən cavabdeh iddiaçıya əsas məbləğdən 1383.00 manat, ƏDV məbləğində 248.94 manat olmaqla ümumilikdə 1631.94 manat qalıq debitor borcunun olduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdeh şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin 08.12.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehin ünvanına rəsmi qaydada 437 saylı pretenziya məktubu göndərilərək qaıq borcun ödənilməsi tələb olunsa da, münasibətlərin qaydadaya salınması məqsədilə heç bir addım atılmamışdır. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə ilkin olaraq “Mediasiya haqqında” AR Qanununun tələblərinə riayət edilməklə cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin cavabdeh 10.02.2022-ci il tarixdə təyin edilmiş iclasdada da iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş satıcı qismində İddiaçı MMC ilə alıcı qismində "xxxx" MMC arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, 246 nömrəli müqaviləyə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi sayılan spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. 2.1. Malların miqdarının ölçü vahidi, malların çeşidi, müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada göstərilir. 2.3-cü bəndə əsasən satıcı bu müqavilə imzalandığı tarixdən, alıcı tərəfindən öncədən daxil olmuş sifarişlərə uyğun olaraq, 3-5 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda malı alıcının özünə və ya səlahiyyətli nümayəndəsinə təhvil verir. 3.1. Malların hər vahidinin qiyməti, müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada göstərilir. 4.1. Malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1. Ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma ( ödəniş) yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. 6.2-ci bəndə əsasən alıcı sifariş edilmiş malların dəyərini bu müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün, satıcıya sifariş edilmiş malların tam ödənildiyi günə qədər, malların ödənilməyən dəyərinin 0,1 % faizi məbləğində cərimə ödəyir. İddiaçı MMC və "xxxx" MMC-nin nümayəndələri tərəfindən imzalanmaqla və şirkətlərin möhürü vurulmaqla təsdiq edilmiş, 04.10.2021-ci il tarixli üzləşmə aktından görünür ki, sözügedən tarixə "xxxx" MMC-nin İddiaçı MMC-yə əsas məbləğdən 1383 manat, ƏDV məbləğindən isə 248.94 manat borcu var. EBBA seriyalı 730705 nömrəli 26.04.2021-ci il tarixli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 1631.94 manat məbləğində mal satılmışdır. İddiaçı MMC tərəfindən verilmiş 22.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Fortis Group” MMC ilə "xxxx" MMC arasında inşaat materiallarının alqı-satqısı həyata keçirilmiş və cavabdehin müqavilə üzrə müəssisəyə 1631.94 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən, alıcı sifariş edilmiş malların dəyərini bu müqavilənin 5.1-ci bəndində müəyyən edilmiş müddət ərzində ödəmədiyi halda hər gecikdirilən gün üçün, sifariş edilmiş malların tam ödənildiyi günə qədər malların ödənilməyən dəyərinin 0,1 %- məbləğində cərimə ödəyir. Alğı-satqı üzləşdirmə aktının 04.10.2021-ci il tarixdə təsdiqlədiyini, ümumi borcun 1, 631.94 manat, bir gün üçün cərimə məbləğinin 1.63 manat təşkil etdiyini nəzərə alaraq, 04.10.2021-ci il tarixdən 22.02.2022-ci il tarixədək cərimə faizinin miqdarı 231.46 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07.04.2021-ci il tarixli, 246 saylı alqı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin hallarından məlum olur ki, tərəflər arasında bağlanmış 07.04.2021-ci il tarixli, 246 nömrəli alğı-satqı müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş və ümumilikdə iddiaçıya 1631.94 manat məbləğində borc ödənilməmiş qalmışdır. Qeyd edilən faktı tərəflər arasında bağlanmış 04.10.2021-ci il tarixli üzləşmə aktı da təsdiqləyir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1631.94 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 1631.94 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbində eyni zamanda 231.46 manat məbləğində cərimə məbləğinin ödənilməsini tələb etmişdir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 80 (səksən) manat məbləğində dəbbə pulu tutulmalıdır. Bundan əlavə iddiaçı mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin də cavabdehdən tutulmasını tələb edir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. 10.02.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən mediasiya sessiyası ilə bağlı 60 manat ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1631.94 manat əsas borc məbləği, 80 (səksən) manat cərimə məbləği və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat, cəmi 1771.94 (min yeddi yüz yetmiş bir manat doxsan dörd qəpik) tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar