Məhkəmə qərarları › İş №e-2-2(113)-1654/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1654/2022

27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1654/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məhdud Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10195,45 manat (on min yüz doxsan beş manat qırx beş qəpik) məbləğində borc, mediatora ödənilmiş 200 (iki yüz) manat xərc və 196,20 (bir yüz doxsan altı manat iyirmi qəpik) dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 21 aprel 2020-ci il tarixli, № 21-04/20 saylı “Alqı - satqı” müqaviləsinə əsasən satıcı alıcıya müqavilə yem məhsulları satmağı, alıcı isə satıcıdan hər ay minimum 200 ton yem məhsulu almağı və müqavilə üzrə təyin olunmuş vaxtda dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin şərtlərinə əsasən alıcıya kredit limiti ayrılması və ödəniş müddətinin artırılması üçün alıcı satıcıya "xxxx" ASC-dən 200000 (iki yüz min) manat dəyərində ödəniş qarantiyası təqdim etmişdir. Müqavilənin şərtlərinə əsəsən tərəflər arasında 26 aprel 2021-ci il tarixdə aparılmış üzləşmə zamanı alıcı Cavabdeh MMC-nin satıcıya 250416,33 manat (iki yüz əlli min dörd yüz on altı manat otuz üç qəpik) borcu qaldığı aşkar edilmiş və buna dair üzləşmə aktı tərtib edilərək alıcı və satıcı tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinin şərtlərinə əsasən: satıcı tərəfindən alıcıya satılmış malın dəyəri, satış fakturası tarix ardıcıllığı diqqətə alınmaqla 40 (qırx) günün sonunadək tam olaraq ödənilməli” idi. Lakin alıcı Cavabdeh MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş, xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat olmaqla, satıcı "xxxx" MMC-yə cəmi 15000 (on beş min) manat ödəniş etmişdir. İddiaçı tərəfindən cavabdehə elektron qaydada Bildiriş məktubu göndərilərək tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borcun 15 gün ərzində ödənilmədiyi təqdirdə satıcının öz hüquqlarını təmin etmək məqsədi ilə “Ödəniş Qrantiyası” təqdim edən orqana müraciət ediləcəyi bildirilmişdir, lakin cavabdeh tərəfindən iddiaçının xəbərdarlığı diqqətə alınmamış və yaranmış borcla bağlı ödəniş edilməmişdir. Bundan sonra satıcı "xxxx"xxxx"xxxx" ASC–yə təqdim edilmiş “ödəniş qarantiyası”nın icra edilməsi üçün 12 oktyabr 2021-ci il tarixdə “Qarantiya üzrə tələb” məktubu ünvanlamış və qarant bank "xxxx" ASC 200000 (iki yüz min) manat qarantiya məbləğini "xxxx" MMC-nin hesabına köçürmüşdür. Qarantiya tələbi icra edildikdən sonra tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Üzləşmə Aktına əsasən (250 416,33-15000 – 200000 = 35416,33) alıcı Cavabdeh MMC-nin satıcı "xxxx" MMC-yə 35416,33 manat (otuz beş min dörd yüz on altı manat otuz üç qəpik) borcu qalmışdır. Yaranmış borcun ödənilməsi tələbi ilə bağlı iddiaçı tərəfindən cavabdehə 15 noyabr 2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh iddiaçının pretenziya məktubuna cavab verməmişdir. Bundan sonra iddiaçı qanunvericiliyin tələblərinə əsasən müqavilə üzrə yaranmış borc üzrə mübahisənin mediasiya qaydasında həlledilməsi üçün cavabdehə məktub ünvanlamışdır. Lakin cavabdeh iddiaçının bu tələbinə də cavab verməmişdir. Bundan sonra iddiaçı iş üzrə mediator təyin edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş və mediator təyin edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 200 (iki yüz) manat mediasiya rüsumu ödənmişdir. Mediator isə iddiaçıya qarşı tərəfin “İlkin mediasiya sessiyasında iştirak etməməsi” barədə arayış vermişdir. Mediasiya sessiyasından sonra Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 25220 (iyirmi beş min iki yüz iyirmi) manat pul vəsaiti "xxxx" MMC–nin hesabına köçürülmüşdür və nəticədə Cavabdeh MMCnin xx.xx.2022-ci il tarixə "xxxx" MMC-yə 10195,45 manat (on min bir yüz doxsan beş manat qırx beş qəpik) borcu qalmışdır. Yaranmış borcla əlaqədar təkrarən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh MMC–yə elektron qaydada pretenziya göndərilərək, qalıq qalmış 10195,45 manat (on min bir yüz doxsan beş manat qırx beş qəpik) məbləğində borcun 7 gün ərzində "xxxx" MMC-yə ödənilməsi tələb edilsə də, bu günədək cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmişdir. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin təsviri hissəsində xx.xx.2022-ci il tarixdə ödənilən 25220,88 manat ödənişi səhvən 25220 manat olmaqla qeyd edilməsi səbəbindən hazırda qeyd olunan işlə bağlı iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Alıcı Cavabdeh MMC-nin satıcı "xxxx" MMC-yə 250416,33 manat (iki yüz əlli min dörd yüz on altı manat otuz üç qəpik) borcu olmuşdur. Daha sonra Alıcı Cavabdeh MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə isə 5000 (beş min) manat olmaqla, satıcı "xxxx" MMC-yə cəmi 15000 (on beş min) manat ödəniş etmişdir. Daha sonra satıcı "xxxx" MMC “Kapital Bank ASC-yə təqdim edilmiş Ödəniş Qarantiyasının icra edilməsi üçün 12 oktyabr 2021-ci il tarixdə “Qarantiya üzrə tələb” məktubu ünvanlamış və qarant bank "xxxx" ASC 200000 (iki yüz min) manat qarantiya məbləğini "xxxx" MMC-nin hesabına köçürmüşdür. Həmçinin mediasiya sessiyasından sonra Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 25220,88 manat (iyirmi beş min iki yüz iyirmi manat səksən səkkiz) pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Nəticədə Cavabdeh MMC-nin hazırkı vaxtda iddiaçı "xxxx" MMC-yə 10195.45 manat (on min yüz doxsan beş manat qırx beş qəpik qəpik) (250416,33 manat - 15000 manat – 200000 manat - 25220,88 AZN = 10195,45 manat) borcu qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil Yelma oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 21 aprel 2020-ci il tarixli, 21-04/20 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə tələbə uyğun olan Yem məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini hazırkı müqavilə ilə müəyyən edilmiş vaxtda satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən alıcı satıcıya bu müqavilənin qüvvədə olma müddətini əhatə edən satıcı tərəfindən qəbul edilən bank tərəfindən verilmiş geri götürülməz 200000 (iki yüz min) manat məbləğində ödəniş qarantiyası təqdim etməlidir. Ödəniş qarantiyasında, ödəniş qarantiyası üzrə pul məbləğinin ödənilməsi üçün yazılı tələbə hər hansı sənədin əlavə edilməsi tələbi əksini tapmamalıdır. Həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən satıcı sifarişə uyğun olaraq malların birinci partiyasını alıcıya, alıcı özünün bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin lazımınca icrasına təminat verən etibarlılıq müddəti ( ) il/ay, ümumi məbləği isə 200000 (iki yüz min) manat məbləğində bank ödəniş qarantiyasını təsdiq edən müvafiq sənədləri satıcıya təqdim etdikdən sonra təhvil verəcəkdir. Həmin müqavilənin 2.2.7-ci bəndinə əsasən alıcı özünün bu müqavilədən irəli gələn öhdəliklərinin lazımınca icrasına etibarlılıq müddəti ( ) il/ay, ümumi məbləği isə 200000 (iki yüz min) manat məbləğində bank ödəniş qarantiyası ilə təminat verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən satıcı tərəfindən alıcıya onun təqdim etmiş olduğu bank ödəniş qarantiyasının məbləği əsasında kredit limiti ayrılacaqdır. Belə ki, təhvil verilmiş, lakin dəyəri hələ ödənilməmiş malın ümumi dəyəri kredit limiti məbləğindən artıq olmamalıdır. Satıcı tərəfindən alıcıya satılmış malın dəyəri, satış fakturası tarix ardıcıllığı diqqətə alınmaqla 40 (qırx) günün sonunadək tam olaraq ödənilməlidir. Kredit limitindən artıq olan malın dəyəri alıcı tərəfindən satıcıya 100% əvvəlcədən ödənilir. Kredit limiti ilə verilən malın son partiyası, bank ödəniş qarantiyasının müddətinə 60 gün qalmış həyata keçirilməlidir. Alıcı ay ərzində bu müqavilənin 2.2.8-ci bəndində nəzərdə tutulmuş minimum miqdarda mal almadığı təqdirdə, satıcı alıcının kredit limitini ləğv etmək və alıcıdan həmin günə qədər olan bütün borcunun ödənilməsini tələb etmək hüququ vardır. - "xxxx" MMC və Cavabdeh MMC arasında tərtib edilmiş 26 aprel 2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixə "xxxx" MMC-yə 250416,33 manat məbləğində borcunun olduğu aşkar edilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 13403 nömrəli Ödəniş qarantiyası adlı sənəddə qeyd edilmişdir ki, "xxxx" ASC-yə məlumat verilmişdir ki, AZ 1073, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC ilə AZ3000, İmişli şəhəri, S. Fətəliyev küç. 45 ünvanında yerləşən "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli 21-04/20 saylı alqı-satqı müqaviləsi imzalanmış və müqavilənin şərtlərinə əsasən Benefısiarın xeyrinə geri çağrılmayan bank ödəniş qarantiyası təqdim olunmalıdır. Bununla AZ1014, Bakı şəhəri Füzuli küç. 71 ünvanında yerləşən "xxxx" ASC (VÖEN:**********, Bank lisenziyası: 244) (bundan sonra “Qarant” adlanacaq), Benefısiar qarşısında cəmi 200000 (İki yüz min) manat məbləğindən artıq olmayan hər hansı məbləği və ya məbləğləri Prinsipal tərəfindən müqavilənin şərtlərinə əməl edilməməsi haqqında yazılı bildirişi aldıqdan sonra, "xxxx" MMC-nin birinci yazılı tələbində Qarantiya məbləğini aşmamaq şərti ilə, göstərilən məbləğin "xxxx" MMC tərəfindən sübut olunmasını, əsaslandırılmasını və ya səbəblərinin göstərilməsini tələb etmədən ödəyəcəklərinə geri çağrılmayan təminat verirlər. Qarant bu öhdəlikləri öz adından, öz varislərinin və müvəkkillərinin adından götürür. Tələb Benefisiarın səlahiyyətli rəhbər şəxsi tərəfindən imzalanmalı, möhürlənməli və Qarantın yuxarıda göstərilən ünvanına iş saatları ərzində təqdim edilməlidir. Benefısiar "xxxx" ASC-nin müştərisi olmadığı halda, öz yazılı tələbini və bu qarantiya ilə bağlı bütün rəsmi təlimatlarında mövcud imzalarını və möhürünün onun imza nümünəsində qeyd olunan imzalar və möhürlə uyğunluğunu təsdiq edə bilən müxbir bank vasitəsilə Qaranta təqdim etməlidir. Benefisiarın yuxarıda qeyd olunan qaydada təsdiq edilmiş qarantiyanın bağlanması və ya məbləğinin azalması haqqında Qaranta ünvanladığı yazılı razılıq məktubu təqdim edildikdə qarantiya müvafiq olaraq ləğv oluna və ya onun məbləği qeyd olunmuş məbləğdə azala bilər. Bu Qarantiya xx.xx.2020-ci il tarixindən etibarən qüvvəyə minir və xx.xx.2022-ci il tarixinə kimi qüvvədədir. Bu qarantiya üzrə yazılı tələb Benefisiar tərəfindən yuxarıda qeyd olunmuş tarixə kimi təqdim edilə bilər. Qarantiyanın müddətinin bitmə tarixi qeyri-iş gününə düşdüyü halda, bu Qarantiya ilə əlaqədar hər hansı tələb Qaranta həmin tarixdən sonrakı iş gününə kimi (həmin gün daxil olmaqla) təqdim olunmalıdır. Qarantiya üzrə yazılı tələbə Qarant tərəfindən 5 (beş) iş günü ərzində baxılır və Qarantiyanın şərtlərinə uyğun gəldiyi halda həmin müddət ərzində icra olunur. Bu Qarantiya Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliklə tənzimlənir. - "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 43/2021 nömrəli Qarantiya üzrə tələb adlı sənəddə qeyd olunmuşdur ki, ”Qida Agro” MMC ilə Cavabdeh MMC arasında yem məhsullarının satışına dair xx.xx.2020-ci il tarixli, 21-04/20 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan müqavilə üzrə alıcının öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə, "xxxx" ASC tərəfindən satıcı "xxxx" MMC-yə 200000 (iki yüz min) manat limitində 13403 nömrəli, xx.xx.2020-ci il tarixli geri çağrılmayan Ödəniş Qarantiyası təqdim edilmişdir. Həmin müqaviləyə görə satıcı "xxxx" MMC tərəfindən xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində alqı-satqı əməliyyatları nəticəsində yem məhsulları təhvil verilsə də, alıcı tərəfindən həmin malların dəyərindən 235416,33 manat (iki yüz otuz beşmin dörd yüz on altı manat otuz üç qəpik) məbləğində pul vəsaiti bu günə qədər "xxxx" MMC-yə ödənilməmişdir. Bununla da, alıcı Cavabdeh MMC tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21- 04/20 saylı alqı-satqı müqaviləsinin 3.2-ci maddəsinin tələblərini pozaraq öhdəliklərini icra etməmiş və satıcı qarşısında 235416,33 manat (iki yüz otuz beşmin dörd yüz on altı manat otuz üç qəpik) məbləğində borcu yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC tərəfindən təqdim edilmiş 13403 nömrəli, xx.xx.2020-ci il tarixli Ödəniş Qarantiyası üzrə alıcı Cavabdeh MMC-nin icra edilməmiş öhdəliyinin icra edilməsi məqsədi ilə, 200000 (iki yüz min) manat məbləğində pul vəsaitinin qoşmada təqdim edilmiş bank hesabına köçürülməsini "xxxx" ASC-dən xahiş edirlər. Məlumat üçün bildirilir ki, qarantiya şərtlərinə əsasən hazırkı tələb "xxxx" ASC-yə müxbir bank vasitəsi ilə təqdim ediləcəkdir. - İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən əməliyyat məlumatları və açıqlaması adlı sənədlərdən görünür ki, ödəniş Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat və xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat ödəniş edilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 014/22 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 10195,45 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və cavabdehdən əsas borca görə 10195,45 manat (on min yüz doxsan beş manat qırx beş qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda 196,20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Bununla bağlı qeyd edilir ki, mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, artıq ödənilmiş həmin məbləğ cavabdehdən tutula bilməz. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10195,45 manat (on min yüz doxsan beş manat qırx beş qəpik) məbləğində əsas borc və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 10395,45 manat (on min üç yüz doxsan beş manat qırx beş qəpik) məbləğində pul iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar