Məhkəmə qərarları › İş №e-2-2(113)-1655/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1655/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1655/2022 21.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3211 manat məbləğində borcun, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğin, hüquqi xidmət üzrə vəkilə ödənilən 200 manat məbləğinin və gecikdirilən müddət üçün 147,17 manat olmaqla, cəmi 3618,17 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 31 may 2017-ci il tarixli, 01045 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə məxsus olan malları təklif edir. Bunun əsasında Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın qiyməti malın üzərində təqdim olunan qaimələrdə əksini tapacağı nəzərdə tutulmuşdur. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 dekabr 2017-ci il tarixdə tərəflər arasında imzalanmış qaimə aktının məzmunundan görünür ki, 01 dekabr 2017-ci il tarixinə Cavabdeh İddiaçı QSC-yə borcu 8188 təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. 2017-2018-ci illərdə əvvəlcədən satılmış məhsullar üzrə aparılan 253 manat dəyərində ucuzlaşdırmalar və şəxs tərəfindən malların manat məbləğində olan hissəsinin geri qaytarılması, həmçinin 24 aprel 2018-ci il tarixində 150 manat məbləğində edilən sonuncu ödənişindən sonra ümumi borc məbləği xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən 3211 manat təşkil etmişdir. Şəxsə ilk yazılı tələb xx.xx.2021-ci il tarixində göndərildiyindən, gecikmə üzrə borc məbləği 11 ay əsasında ((3211*5%)/12)*11 = 7 manat təşkil edir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında müqavilə 31 mart 2017-ci il tarixində bağlanmış və sonuncu dəfə 24 aprel 2018-ci il tarixdə həmin təşkilata 150 manat ödəniş edilmişdir. Bununla da 24 aprel 2021-ci il tarixində iddia müddəti bitmişdir. Buna görə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bundan başqa, istər müqavilədə, istərsə də digər sənədlərdə olan imzalar ona məxsus deyildir, müqavilə bağlanılarkən malların təhvil almaq üçün onun şəxsiyyət vəsiqəsi məlumatlarından istifadə olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - 31 may 2017-ci il tarixli, 01045 saylı diler müqaviləsinə əsasən distribütor - İddiaçı QSC tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə - Cavabdeh özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Tərəflər arasında satışın həyata keçirilməsini tənzimləyən əlavələr müqavilənin ayrılmaz tərkib hissəsi olacağı, satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacağı, malın satışı zamanı malların keyfiyyət, uyğunluq və lazım olan digər sertifikatlarını distribütor tərəfindən təqdim ediləcəyi, malın dilerə çatdırılmasını distribütorun öz hesabına həyata keçirəcəyi, müqavilə üzrə ödəniş və onun şərtləri tərəflər arasında ayrıca razılaşdırılacağı və müqaviləyə əlavə olunacağı nəzərdə tutulmuşdur. - 01 dekabr 2017-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh İddiaçı QSC-yə borcu 01 dekabr 2017-ci il tarixinə 8188 manat təşkil edir. - 24 dekabr 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı QSC-yə borcu 24 dekabr 2021-ci il tarixinə 3211 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, borcun yaranması tərəflər arasında alqı – satqı müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi, yəni, satılmış malların dəyərinin ödənilməməsi ilə əsaslandırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan diler müqaviləsinin 1.1-ci bəndinə əsasən “...diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir...” Məhkəmə tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 01045 saylı diler müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu dəfə ödənişin 24 aprel 2018-ci il tarixində həyata keçirilməsinə işin mübahisələndirilməyən halı kimi qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tərəflər arasında bağlanmış 31 may 2017-ci il tarixli, 01045 nömrəli diler müqaviləsinin 3.1-ci bəndinə əsasən “X1 imza və möhürləri ilə təsdiq olunduğu gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır.” Həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 31 may 2018-ci il tarixdə başa çatmış, öhdəliklərin yerinə yetirilməməsi barədə tələblər üzrə iddia müddətinin axımı 31 may 2018-ci il tarixdə başlanmış, 31 may 2021-ci il tarixdə isə başa çatmışdır. Həmin müqavilə üzrə son ödəniş tarixi 24 aprel 2018-ci il tarixi müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə 11 mart 2022-ci il tarixdə, yəni, iddia müddəti bitdikdən sonra müraciət olunmuş, yəni, iddia müddəti ötürülmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli (dərci 29 dekabr 2001-ci il) qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, iddia müddəti keçdiyinə iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar