Məhkəmə qərarları › İş №e-2-2(113)-1663/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1663/2024

26.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1663/2024 26.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, Ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 584,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1519,83 manat, İşsizlikdən sığorta fonduna olan 46,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan 127,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 584,8 manat məbləğində (o cümlədən, vergilər üzrə 550,68 manat, faizlər üzrə 34,12 manat), Dövlət Sosial Müdafiə Fonduna 1519,83 manat, İcbari Tibbi Sığorta Fonduna 127,48 manat, İşsizlikdən sığorta fonduna 46,85 manat olmaqla, ümumilikdə 2278,96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********755100, xx.xx.2023-cü il tarixli **********032500, xx.xx.2023-cü il tarixli **********509400, xx.xx.2023-cü il tarixli **********295800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1974-cü il tarixdə Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində anadan olmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyəti olan Maraqlı şəxs (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs (VÖEN: **********) ünvanlanmış xx.xx.2023-cü il tarixli **********9 nömrəli bildirişə əsasən vergilər üzrə 550,68 manat, faizlər üzrə 34,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********9 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1345,50 manat, faizlər üzrə 175,67 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********3 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqqı üzrə 34,50 manat, faizlər üzrə 5,03 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********5 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqqı üzrə 123,53 manat, faizlər üzrə 3,95 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixində 1103 manat ödəniş edilmiş, vergi üzrə qalıq borc 30,73 manat təşkil etmiş, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə - qalıq borc 73,67 manat, işsizlikdən sığorta haqqı üzrə - 1,86 manat, icbari tibbi sığorta haqqı üzrə - 10,61 manat. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2024-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2024-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 30,73 manat təşkil edir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il ödəniş qəbzlərindən görünür ki, Maraqlı şəxs tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 541 manat, 18 manat, 622 manat, 2075 manat və 84 manat məbləğində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına 50 manat və 375 manat məbləğində və DVX-Milli Gəlirlər Departamentinin hesabına 1105 manat və 163 manat məbləğlərində pul vəsaiti ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 584,8 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1519,83 manat, İşsizlikdən sığorta fonduna olan 46,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan 127,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, ərizəçi məhkəməyə müraciət edildikdən sonra fərdi sahibkar olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixində dövlət büdcəsinə olan (Dövlət Sosial Müdafiə Fondu və İcbari Tibbi Sığorta Fondu daxil olmaqla) borclar üzrə ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X3) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Bu normada təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Avropa Məhkəməsinin bir sıra qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi ərizənin verilməsinə əsas olan borclar üzrə əsaslı ödənişlər etmişdir və həmin şəxsin hərəkət azadlığı hüququnu məhdudlaşdırılması Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar) qeyd olunan mütənasiblik meyarına cavab vermir. Buna görə məhkəmə hesab edir ki, ərizəçinin xahişi təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar