Məhkəmə qərarları › İş №e-2-2(113)-1664/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1664/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1664/2021 19.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı İB-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh” ASC (Nərimanov rayon Sukanal İdarəsi) tərəfindən 090683 abonent kodu üzrə əsasız olaraq hesablanmış 17565.33 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış 05.01.2021-ci il tarixli, 19221487 saylı xidmət müqaviləsinə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında 12.01.2021-ci il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Nərimanov rayonu üzrə TİX-nin su sərfiyyatına görə Cavabdeh ASC-yə 12164.39 manat ödənilmişdir. Həmin dövr ərzində 12164.39 manat dəyərində sudan istifadə edilmişdir. Nərimanov rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında (05.01.2021-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Nərimanov rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 17565.33 manat borcu olduğu qeyd etmişdir. Borc əsasız olduğundan həmin üzləşmə aktları qəbul edilməmişdir. Ödənişlərin olunmasına baxmayaraq Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə Abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq bu cür borc məbləğinin yaranmasını tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X5 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi, eyni zamanda Nərimanov rayon Sukanal İdarəsinin əsl cavabdeh olmadığını bildirdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və eyni zamanda iddia ərizəsinin elektron nüsxəsində cavabdehin Cavabdeh ASC olduğunu və ərizəsinin xahiş etdi hissəsində Nərimanov rayon Sukanal İdarəsinin mötərizəsinin içərisində məlumat üçün yazıldığını bildirdi. İş materiallarında olan Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi ilə İddiaçı İB arasında bağlanmış 05.01.2021-ci il tarixli Su təchizatı və tullantı sularının azıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 19221487 saylı müqavilənin surətindən görünür ki, bu Müqavilə Müəssisənin su təchizatı sistemindən Abonentin tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST 2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi ilə əvvəllər İddiaçı İB X6 Sahəsi arasında müqavilələr olmuş, sonradan 10 noyabr 2015-ci il tarixindən Birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradımışdır. Sonuncu müqavilə Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi ilə İddiaçı İB arasında 05.01.2021-ci il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Abonent haqqında məlumat, Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi tərəfindən təqdim edilmiş ödənilməyən borc məbləğinin fakturalar üzrə məlumat vərəqi və ödənişin və borc məbləğini əks etdirən cədvəldən görünür ki, hesablanmış borc məbləğləri 1998-2020-ci il tarixləri əhatə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli qeyd edilən normanın tələbini nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə təqdim edilmiş abonent haqqında məlumat, Cavabdeh ASC Nərimanov Rayon Su kanal İdarəsi tərəfindən təqdim edilmiş ödənilməyən borc məbləğinin fakturalar üzrə məlumat vərəqi və ödənişin və borc məbləğini əks etdirən cədvəli müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, silinməsi tələb olunan borc məbləğindən 11241,25 manat borc 01.01.2016-ci il tarixinədək olan qalıq borcdur, 2016-cı ilin yanvar ayı üçün 4802,2 manat borc, 2016-cı ilin aprel, may, iyun ayları üçün müvafiq olaraq 417,3 manat, 274,3 manat, 862 manat, 2020-ci ilin avqust ayı üçün isə 174 manat borc hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, silinməsi tələb olunan borc məbləğinin tutulmasına dair Cavabdeh ASC tərəfindən iddia qaldırılmamış, İddiaçı İB isə hesablanmış borc məbləğinin silinməsinə tələbinə dair iddia ilə məhkəməyə 01.03.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan maddənin tələbi baxımından 2016-cı ilin yanvar ayı üçün hesablanmış 4802,2 manat borc da daxil olmaqla, ondan əvvəlki tarixdə qalıq borc kimi göstərilmiş 11241,25 manat, cəmi 16043,45 manat hesablanmış borc silinməlidir. İddia tələbinin hesablanmış 17565.33 manat borcun silinməsi tələb olunduğunu nəzərə alaraq qalan 1521,88 (17565.33-16043,45=1521,88) manat borcun silinməsi hissəsində isə iddia əsassızdır. Belə ki, sənədlərin müqayisəli təhlilindən görünür ki, 1521,88 manat məbləğində borc 2016-cı ilin aprel ayından sonrakı tarixə yaranmış borcdur. Məhkəmə həmçinin iddiaçı tərəfindən verilən iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə olan halda qeyd olunan ərizə cavabdeh tərəfindən təqdim edildiyi halda qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı İB Bakı Regional Qaz İstismarı Departamentinə (BRQİD) 090683 abonent kodu üzrə hesablanmış 16043,45 manat məbləğində borcun silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı İB Bakı Regional Qaz İstismarı Departamentinə (BRQİD) 090683 abonent kodu üzrə hesablanmış 16043,45 manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı İB-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar