Məhkəmə qərarları › İş №e-2-2(113)-167/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-167/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-167/2021 06.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qanuni təmsilçisi X3 və nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsinin ləğv edilməsi, həmin müqavilə və 1 saylı Əlavə ilə müəyyən edilmiş xidmətlərin göstərilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 9600 manat məbləğində avans ödənişinin, 672 manat Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz məbləğinin və iddianın qaldırılması məqsədi ilə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 10302 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsinin müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbi ilə ləğvi, cavabdeh tərəfindən sifariş edilmiş işlərin təhvil alınması və əlavə xidmətlərin yerinə yetirilməsi ilə bağlı yaranmış 17000 manat məbləğin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsinin ləğv edilməsi, həmin müqavilə və 1 saylı Əlavə ilə müəyyən edilmiş xidmətlərin göstərilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 9600 manat məbləğində avans ödənişinin, 672 manat Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz məbləğinin və iddianın qaldırılması məqsədi ilə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 10302 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsinin müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbi ilə ləğvi, cavabdeh tərəfindən sifariş edilmiş işlərin təhvil alınması və əlavə xidmətlərin yerinə yetirilməsi ilə bağlı yaranmış 17000 manat məbləğin ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində çıxış edən Bank “xxxx” ASC və İcraçı qismində çıxış edən Cavabdeh MMC arasında 11 iyun 2019-cu il tarixdə 05/19 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı, Sifarişçinin yazılı sifarişinə əsasən müqavilənin 1 saylı Əlavəsində (Razılaşma protokolu) nəzərdə tutulan texniki layihələndirmə, dizayn, mobil proqlama (flutter native), təlim, 6 aylıq texniki dəstək xidmətlərini göstərməyi, Sifarişçi isə göstərilən xidmət qarşılığında müqavilə ilə razılaşdırılmış məbləğdə və ödəmə qaydasında xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən İcraçı müqavilə üzrə öhdəliklərini vicdanla, məsuliyyətlə və təsdiqlənmiş icra planına uyğun olaraq icra etməyi, habelə xidmətləri vaxtında və peşəkarlıq standartlarına cavab verən şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Sifarişin icra müddətinin İcraçı tərəfindən əsaslandırılmamış şəkildə uzadılması yolverilməzdir. Müqavilənin 5.3-cü bəndinə əsasən tərəflərdən biri bu müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqaviləyə xitam verilir. Əlavədə İcraçı tərəfindən göstəriləcək xidmətlərə görə ödəniş qaydalarının həyata keçirilməsi proseduru müəyyən edilmişdir. Əlavəyə əsasən avans ödənişi müqavilə məbləğinin 40%-i məbləğində təşkil edir. Sifarişçi tərəfindən 9600 manat avans ödənişi İcraçı tərəfindən təqdim olunmuş 13 iyun 2019-cu il tarixli Hesab-faktura № 05/19-01 əsasən icra edilmişdir. Qeyd olunan avans ödənişinin həyata keçirilməyinə baxmayaraq, İcraçı tərəfindən bu günədək müqavilədə nəzərdə tutulan heç bir xidmət Sifarişçiyə təhvil verilməmişdir. Sifarişçi tərəfindən İcraçıya ödənilmiş avans ödənişinin geri qaytarılmasına dair pretenziya məktubu da göndərilmişdir. Lakin, sözügedən pul vəsaiti geri qaytarılmamışdır. Sifarişçi İcraçının qanunsuz olaraq özündə saxladığı Sifarişçi tərəfindən ödənilmiş 9600 manat vəsaitə hazırda qüvvədə olan Mərkəzi Bankın 7% faiz dərəcəsi ilə 672 manat məbləğində faiz hesablamaq hüququna malikdir. Beləliklə, göstərilən xüsusatlardan irəli gələrək hesab edir ki, Sifarişçi tərəfindən İcraçıya ödənilmiş 9 600 manat avans ödənişi, 672 manat Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz məbləği və hazırkı iddianın qaldırılması məqsədi ilə ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 10302 manat məbləğində pul vəsaiti cavabdeh ‘Cavabdeh MMC-dən tutularaq iddiaçı Bank ‘“xxxx” ASC-yə ödənilməlidir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabadehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsində qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh Bank “xxxx” ASC arasında 11 iyun 2019-cu il tarixdə 05/19 saylı xidmət müqaviləsi bağlanmışdır. 05/19 saylı Müqaviləyə 1 saylı əlavə olan Razılaşma Protokolunun şərtlərinə əsasən iddiaçı Cavabdeh MMC texniki layihələndirmə, dizayn, mobil proqramlanma (Flutter Native), təlim, 6 aylıq texniki dəstək xidmətləri göstərməyi öhdəsinə götürmüş, cavabdeh Bank “xxxx” ASC isə öz növbəsində xidmətlərin göstərilməsi qarşılığında razılaşdırılmış məbləği (vergilər daxil) 24000,00 manat ödəməyi öz öhdəsinə götürmüşdür. X2 əsasən avans ödəniş şəklində müqavilə məbləğinin 40% məbləğində, müqavilə imzalandıqdan sonra 3 iş günü ərzində, ikinci ödəniş müqavilə məbləğinin 30%-i dizaynlar və ilkin prototip təsdiqləndikdən sonra 3 iş günü ərzində, qalıq ödəniş müqavilə məbləğinin 30%-i, layihə tam təsdiqləndikdən sonra 3 iş günü ərzində ödəniləcəkdir. Bağlanmış müqavilənin 3.2-ci maddəsinə əsasən tərəflər arasında olan məlumatların mübadiləsi dolğun və tam şəkildə elektron poçt vasitəsi ilə müqavilədə qeyd olunan elektron ünvanlara göndəriləcəkdir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən Sifarişçi (Bank “xxxx” ASC) ona təqdim edilmiş aktlara elektron poçt vasitəsi ilə İcraçıya dolğun və tam rəy bildirməlidir. İcraçı Texniki şərtdə və ya elektron poçtda yer almayan heç bir arqumentə görə məsuliyyət daşımır. Cavabdeh Bank “xxxx” ASC ilə iddiaçı Cavabdeh MMC arasında olan 19 mart 2019-cu il tarixli elektron poçt danışığında cavabdeh tərfındən Texniki Tapşırıq təsdiqlənmiş və əlavədə bərkidilmişdir. Daha sonra, təsdiqlənmiş Texniki Tapşırığa əsasən 4 sentyabr 2019-cu il tarixində yenilənmiş mock-uplar (texniki layihələndirmə), 23 sentyabr 2019-cu il tarixində elektron poçt vasitəsi ilə mobil tətbiqinin ilkin dizayn layihəsi göndərilmişdir. Göründüyü kimi, Texniki Layihə Sifariçi tərəfindən təsdiq olunub və Texniki Tapşırıq 13 dəfə Sifarişçinin tələbi ilə dəyişdirilib və təsdiqlənmişdir. Həmçinin, İcraçı (Cavabdeh MMC) tərəfindən dizayn konsepti və hüquqi şəxs bölməsi hazırlanmış və təsdiqlənmişdir. Lakin, sonradan dizayn konseptində dəyişikliklər tələb edilmişdir. Beləliklə, Texniki Tapşırıqda nəzərdə tutulan xidmətlərdən əlavə daha çox xidmət tələb olunması və təsdiqlənmiş Texniki Tapşırığın 13 dəfə dəyişilərək təsdiqlənməsi iş yükünün və layihənin icra müddətinin əhəmiyyətli dərəcədə artmasına, eyni zamanda, İcraçıya əlavə xərclərə səbəb olmuşdur. Cavabdeh Bank “xxxx” ASC müqavilənin şərtlərinə uyğun olaraq avans ödəniş formasında müqavilə məbləğinin 40%-ni, 9600 manatı İcraçıya (Cavabdeh MMC) ödəmişdir. Lakin daha sonra, aydın olmayan səbəbdən müqavilənin 5.4-cü maddəsinin tələblərinə zidd olaraq, Sifarişçi (Bank “xxxx” ASC) İcaçını (Cavabdeh MMC) müqaviləyə xitam vermə tarixinə 15 gün qalmış yazılı xəbərdarlıq etmədən İcraçı ilə olan münasibətləri dayandırmış və eyni zamanda göstərilmiş xidmətlərin qarşılığı olaraq və müqavilə şərtlərinə uyğun olaraq ödənilmiş avansı məbləğini heç bir hüquqi əsas olmadan qaytarmağını tələb etmiş və bunu hüquqi cəhətdən əsaslandırmamışdır. Beləliklə, Texniki Tapşırıqda olan dəyişikliklər və tələb olunan əlavə işlərlə bağlı cavabdeh (Bank “xxxx” ASC) iddiaçıya (Cavabdeh MMC) texniki layihələndirmə xidmətinə görə əlavə 6000 manat, dizayn xidmətinə görə əlavə 3000 manat, mobil proqramlama (Flutter Native) xidmətinə görə əlavə 8000 manat, ümumilikdə 17000,00 manat ödəməlidir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının qanuni təmsilçisi X4 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək və ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, icraçı Cavabdeh sifarişçi Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin yazılı sifarişinə əsasən 24000 manat dəyərində olan texniki layihələndirmə, dizayn, mobil proqramlama (Flutter Native), təlim və 6 aylıq texniki dəstək xidmətlərini göstərməyi, Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti isə göstərilən xidmətin qarşılığında bu müqavilə ilə razılaşdırılmış məbləğdə və ödəmə qaydasında xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. 25 iyun 2019-cu il tarixli 14559 saylı Ödəniş tapşırığından görünür ki, Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsinə əsasən Mobil Banking proqramı yaradılması üçün 40 faiz avans qismində 9600 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli e-2-2(113)-1947/2020 saylı qərardadı ilə məhkəmə kompyuter-texniki ekspertizası təyin olunmuş, ekspertiza qarşısında Cavabdeh tərəfindən hazırlanmış proqramın Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcud olub-olmaması, əgər mövcuddursa, həmin proqramın işlək vəziyyətdə olub-olmaması barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 5/911 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən hazırlanmış Mobil bank proqramı Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcuddur. Cavabdeh tərəfindən hazırlanmış Mobil bank proqramı işlək deyil, istifadə üçün yararsız vəziyyətdədir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 61,17 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı Cavabdeh sifarişçi Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinin yazılı sifarişinə əsasən 24000 manat dəyərində olan texniki layihələndirmə, dizayn, mobil proqramlama (Flutter Native), təlim və 6 aylıq texniki dəstək xidmətlərini göstərməyi, Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti isə göstərilən xidmətin qarşılığında bu müqavilə ilə razılaşdırılmış məbləğdə və ödəmə qaydasında xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsinə əsasən Mobil Banking proqramı yaradılması üçün 40 faiz avans qismində 9600 manat məbləğində pul vəsaiti 25 iyun 2019-cu il tarixdə Cavabdeh hesabına ödənilmişdir. Cavabdeh tərəfindən Mobil Banking proqramı yaradılaraq Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş və hazırda Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətində mövcuddur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 5/911 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən yaradılmış Mobil Banking proqramı işlək olmamaqla istifadə üçün yararsız vəziyyətdədir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Cavabdeh 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsinin 4.2.4-cü bəndinin “a” yarımbəndinə uyğun olaraq xidməti peşəkarlıq standartlarına cavab verən şəkildə yerinə yetirməməklə müqavilənin şərtini əhəmiyyətli dərəcədə pozmuşdur. Qeyd olunan xüsusat isə 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsi ləğv edilməklə, həm ilkin iddia, həmçinin qarşılıqlı iddia, müqavilənin ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbinin avans ödənişinin qaytarılması hissəsi müqavilənin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və yuxarıda göstərilənlərə əsasən ilkin iddia həmin hissədə təmin edildiyindən Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş avans ödənişi Cavabdehndən alınmaqla ilkin iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə ilkin iddia tələbinin Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında münasibətlər xidmət müqaviləsindən irəli gələn münasibətlərdir, yəni bir tərəf xidmət göstərməyi, digər tərəf isə xidmətin haqqını ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi bir tərəf xidmət haqqının avansını ödəmiş, digər tərəf isə xidmətini göstərmişdir. Lakin göstərilmiş xidmət tələb olunan səviyyədə olmamışdır (bu hal ekspert rəyi ilə müəyyən olunmuşdur). Göründüyü kimi Cavabdeh pul vəsaitini əsassız əldə etməmiş və qanunsuz saxlamamışdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh hərəkəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin təsir dairəsinə düşmədiyindən ilkin iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə qarşılıqlı iddianın sifariş edilmiş işlərin təhvil alınması hissəsini yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edir. Belə ki, Cavabdeh tərəfindən görülən işlər 11 iyun 2019-cu il tarixli 05/19 saylı Xidmət müqaviləsinin tələblərinə uyğun görülmədiyindən həmin işlərin Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təhvil alınması tələb oluna bilməz. Məhkəmə qarşılıqlı iddianın əlavə xidmətlərin yerinə yetirilməsi ilə bağlı yaranmış 17000 manat məbləğin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Qarşılıqlı iddia üzrə iddiaçı əlavə xidmətlərin yerinə yetirilməsini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda göstərilən xidmətlərin yararsız olması müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia göstərilən hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən edilməli, Cavabdeh ilə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsi ləğv edilməli, 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsi və 1 saylı Əlavə ilə müəyyən edilmiş xidmətlərin göstərilməsi məqsədilə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 9600 manat məbləğində avans ödənişi Cavabdehndən alınaraq Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsi ləğv edilməli və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi iddia tələbinin 93,45 faizini təşkil etdiyini nəzərə alaraq ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,03 manat məbləği Cavabdehndən alınaraq Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, qalan 1,97 manat məbləği Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləği Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdehnə ödənilməli, qalan 15 manat məbləği Cavabdehnə aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 61,17 manat məbləğində ekspertiza xərclərinin 30,58 manat məbləği Cavabdehndən, qalan 30,58 manat məbləği isə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh ilə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsi ləğv edilsin. 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsi və 1 saylı Əlavə ilə müəyyən edilmiş xidmətlərin göstərilməsi məqsədilə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 9600 manat məbləğində avans ödənişi Cavabdehndən alınaraq Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,03 manat məbləği Cavabdehndən alınaraq Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 1,97 manat məbləği Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 11 iyun 2019-cu il tarixli, 05/19 saylı xidmət müqaviləsi ləğv edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manat məbləği Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınaraq Cavabdehnə ödənilsin, qalan 15 manat məbləği Cavabdehnə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 61,17 manat məbləğində ekspertiza xərclərinin 30,58 manat məbləği Cavabdehndən, qalan 30,58 manat məbləği isə Bank "xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar