Məhkəmə qərarları › İş №e-2-2(113)-167/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-167/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-167/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının qanuni təmsilçisi X2, cavabdehin nümayəndəsi və vəkili Rəhmanov Şahid Rahid oğlunun, cavabdehin qanuni təmsilçisi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə ("xxxx" MMC üçüncü şəxs olmaqla) qarşı xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən pulun və mediasiya xərcinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı MMC arasında olan 06 may 2019-cu il tarixli və 18 may 2020-ci il tarixli № 013/20 saylı müqavilələri üzrə ödənilməmiş 310.331,88 manat məbləğində borcun, mediasiya xərci üçün ödənilmiş 400 manat, hüquqi yardım üçün ödənilmiş 2000 manat məbləğində pulun, ümumilikdə 312.731,88 manat pul vəsaitinin Cavabdeh MMCdən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06 may 2019-cu il və 18 may 2020-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan alqı satqı müqavilələrinə əsasən satıcı (İddiaçı MMC) alıcıya (Cavabdeh MMC) mebelləri satmağı, quraşdırmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 06 may 2019-cu il tarixli müqaviləyə əsasən alıcı tərəfindən ƏDV məbləği ilə birlikdə 1.208.910 manat vəsaitin və 18 may 2020-ci il tarixli № 013/20 müqavilənin 1 saylı əlavəsinə görə ƏDV məbləği ilə birlikdə 503.026,91, 2 saylı əlavəsinə görə ƏDV məbləği ilə birgə 92.748 manat pul vəsaiti təşkil etmişdir. Göstərilən müqavilələr üzrə məbləğlərin ödənilməsini isə alıcı öz öhdəsinə götürmüşdür. Daha sonra tərəflərindən xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akta nəzərən tərəflərindən 523.920 manat dəyərində ofis ləvazimatları tərəflərindən təhvil verilmiş və həmin aktda sifarişçi tərəfindən malların təhvil alınması barədə imza və möhür qeyd edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı tərtib edilmiş və həmin akta nəzərən tərəflərindən 564.087,20 manat dəyərində ofis ləvazimatları tərəflərindən təhvil verilmiş və həmin aktda sifarişçi tərəfindən malların təhvil alınması barədə imza və möhür qeyd edilmişdir. Həmin proseslərdən sonra uzun müddət ərzində davamlı olaraq cavabdeh tərəfindən ödənişlər edilmiş, tərəflərindən göndərilmiş bir çox qaimələr ünvanlanmışdır. Müqavilələrin tərtib edilməsindən və qaimələrin göndərilməsindən sonra uzun bir müddət keçməsinə baxmayaraq hələ də həmin vəsait onlara tam ödənilməmişdir. Nəzərə çatdırmaq istəyirlər ki, 06 may 2019-cu il tarixli müqaviləyə əsasən alıcı tərəfindən ƏDV məbləği ilə birlikdə 1.208.910 manat vəsaitin və 18 may 2020-ci il tarixli № 013/20 müqavilənin 1 saylı əlavəsinə görə ƏDV məbləği ilə birlikdə 503.026,91, 2 saylı əlavəsinə görə ƏDV məbləği ilə birgə 92.748 manat pul vəsaiti yəni toplamda ƏDV ilə birlikdə 1.505.316,83 manat borc məbləğindən 1.194.984,95 manat pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh tərəfindən ödənilməmiş 310.331,88 manat pul vəsaiti ödənilməmiş olaraq qalmaqdadır. Tərəflərindən dəfələrlə həmin vəsaitin ödənilməsi barədə cavabdehə müraciətlər edilsə də həmin vəsaitin ödənilməsi təmin edilməmiş və pretenziya məktubu ilə müraciətlərinə isə məhəl qoyulmamışdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, əlavə olaraq qeyd etmişdir ki, müqaviləyə əsasən 1.711.936,91 manat məbləğində mallar tərəflərindən verilməli olan halda 1.505.316,83 manat dəyərində mallar təhvil verilmişdir. Bunun səbəbi isə bundan ibarətdir ki, həmin sifariş edilən mallar onlara ödəniş edilməklə təmin oluna biləcək mallar olmuşdur. Lakin tərəflərindən dəfələrlə qarşı tərəfə şifahi şəkildə bildirmələrinə, qaimələr göndərmələrinə baxmayaraq hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən isə 1.711.936,91 manat dəyərində deyil 1.505.316,83 manat dəyərində mallar təhvil verilmişdir. Yəni Cavabdeh MMC tərəfindən ödənişləri həyata keçirilmədiyi üçün (1.711.936,91-1.505.316,83=206.620,08) göstərilən malların 206.620,08 manat dəyərində hissəsi tərəflərindən təhvil verilməmişdir. Həmin göstərilən mallara qədər olan ödənişlərin ödənilməsi təmin edilsə idi bu zaman tərəflərindən geriyə qalan 206.620,08 manat dəyərində hissə təhvil verilə bilərdi. Bu göstərilən səbəblərdən ötrü isə iddia tələbləri qanuni olaraq tərəflərindən təhvil verilmiş mallar üzrə olmuşdur. Həmin qeyd edilən 310.331,88 manat dəyərində mallar isə tərəflərindən təhvil verilmiş lakin onlara bu barədə hər hansı ödəniş edilməmişdir. Qeyd etmək istəyirlər ki, tərəflərindən göndərilmiş ilk qaimə müqavilə üzrə xx.xx.2019-cu il tarixində ünvanlanmış və qarşı tərəf həmin ödənişi xx.xx.2019-cu il tarixində ödəniş edilmişdir. Həmin qaiməyə əsasən 23.395 manat əsas, 4.211,10 manat isə ƏDV məbləği tam olaraq ödənilmişdir. Bunun kimi xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixli qaimələr üzrə ödənişlər keçrilmişdir. Cədvələ nəzər yetirdikdə xx.xx.2020-ci il tarixli qaimə üzrə-ödəniş 3 fərqli ay ərzində xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində həyata keçirlməsi müəyyən edilir. Lakin xx.xx.2020-ci il tarixində 96.340 manat əsas məbləğ və 17.341,20 manat ƏDV məbləğində toplamda 113.681,20 manat dəyərində qaimə qarşı tərəfə ünvanlanmasına baxmayaraq cavabdeh tərəfindən xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərində yalnızca 27.476,43 manat məbləğində ödəniş edilmiş və 86.204,77 manat məbləğində vəsait isə ödənməmiş olaraq qalmışdır. Həmçinin aşağıda göstərilən tarixlərdə 3 fərqli qaimə göndərilməsinə baxmayaraq hər hansı bir ödəniş edilməmişdir:qaimənin göndərilmə tarixi - xx.xx.2022-ci il, əsas məbləğ - 3.832 manat, ƏDV məbləği - 689,76 manat, qaimənin göndərilmə tarixi - xx.xx.2022-ci il, əsas məbləğ – 107.506,23 manat, ƏDV məbləği – 19.351,12 manat, qaimənin göndərilmə tarixi xx.xx.2022-ci il, əsas məbləğ – 78.600 manat, ƏDV məbləği – 141.48 manat, yəni cədvəldə göstərilən tarixlər üzrə 224.127,11 manat və toplamda 310.331,88 manat məbləğində vəsait ödənilməmiş olaraq qalmışdır. Sonradan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “Akelik Group" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçının qanuni təmsilçisi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Rəhmanov Şahid Rahid oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı qeyd etdiyi məsələləri hər hansı formada sübuta yetirə bilmir. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən, işlər icra aktları və qaimələr əsasında təhvil verilməlidir. Müvafiq sənədlər məhkəməyə təqdim edilməyib. Eyni zamanda iş materiallarına əlavə edilmiş sübutlarda işlərin həcmi və dəyəri göstərilib. Hansı işlər üzrə ödənişlərin edildiyi və hansı işlər üzrə edilmədiyi müəyyən edilə bilməz. Elektron qaimələr mart ayında olan bayram günləri ərzində təqdim edilib və onlar həmin tarixlərdə işləmədiklərinə görə qaimələr sistem vasitəsilə avtomatik təsdiq edilib. Mülki qanunvericiliyin tələblərinə əsasən podrat müqavilələri üzrə görülən işlər təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Aktlar da məhkəməyə təqdim edilməyib. Siyahı ilə müqavilənin qiymətlərin razılaşması protokolunda qeyd edilən əmlaklar fərqlidir. İddiaçının təqdim etdiyi çıxarışlar əsasında işlərin kimin tərəfindən görülməsini müəyyən etmək mümkün deyil. İşlər görülməyib Cavabdehin qanuni təmsilçisi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, "xxxx" ASC “Akelik Group" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə podrat müqaviləsi bağlamışdır. Birinci müqavilə üzrə işlər təhvil verilib və buna uyğun ödəniş edilib. Onlar bu iş üzrə subpodratçı idilər. Daha sonra ikinci müqaviləni "xxxx" ASC “Azmep” şirkəti ilə bağladı. Onlarla müqavilə bağlamamışdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (podratçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 18 may 2020-ci il tarixdə 013/20 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi mebelin alınması və quraşdırılması ilə bağlı sifariş verib podratçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, podratçı isə malların Spesifikasiya cədvəlinə (müqavilənin ayrılmaz hissəsidir) uyğun mebellərin satılması və quraşdırılması xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən 1 nömrəli əlavə Malların Spefıkasiyası ilə müəyyənləşdirilir. 1.3-cü bəndinə əsasən xidmətin göstərilməsi tərəflərin hazırki müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir. 2.3-cü bəndinə podratçının yerinə yetirdiyi işlərin icra olunma aktı və yoxlama aktlarını müvafiq qaydada imzalatmaqla sifarişçi tərəfindən təhvil alınır. 3.1.3-cü bəndinə əsasən göstərilmiş xidmətin dəyərini ödəmək sifarişçinin, 3.2.4-cü bəndinə əsasən isə xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək podratçının vəzifəsidir. 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi ƏDV ilə birlikdə 503.026,91 manat təşkil edir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan Malların Spesifikasiyasına əsasən təyin edilir. 4.2-ci bəndinə əsasən müqavilənin qiyməti sifarişçi tərəfindən podratçının bank hesabına aşağıda ardıcıllıqla bank köçürməsi ilə ödəniləcəkdir: • 4.1. Ödəmələr Forma-2 üzrə həyata keçirilir. Forma-2 imzalandıqdan 5 (beş) bank günü ərzində ödənilir; • 4.2. Bəndində göstərilən ümumi məbləğin 2,5%-i saxlanc məbləğ olaraq “Podratçı" tərəfindən verilmiş 12 (on iki) ay zəmanət müddəti başa çatdıqdan sonra 5 (beş) bank günü ərzində ödənilir. 5.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 3 ay müddətinə tamamlanmalıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 18 may 2020-ci il tarixli 013/20 nömrəli müqaviləyə 1 saylı əlavə olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və görüləcək işlərin miqdarı və qiymətləri (426.293,92 manat+76.732,92 manat ƏDV daxil) 503.026,91 manat olaraq razılaşdırılmışdır. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 18 may 2020-ci il tarixli 013/20 nömrəli müqaviləyə 2 saylı əlavə olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların və görüləcək işlərin miqdarı və qiymətləri (78.600 manat+14.148 manat ƏDV daxil) 92.748 manat olaraq razılaşdırılmışdır. Əlavə 2 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (mal satan) ilə Cavabdeh MMC (mal alan) arasında 06 may 2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən mal satan malı göndərməyi, mal alan isə malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürürlər. 1.2-ci bəndinə əsasən malın adı, çeşidi, növü və qiyməti qiymətlərin razılaşma cədvəlində göstərilir. 3.1-ci bəndinə əssən mal satan malı 4 (dörd) ay ərzində mal alana təhvil verməyi öz öhdəsinə götürür. 3.2-ci bəndinə əsasən mal satan malın mal alanın anbarına daşınmasını öz öhdəsinə götürür. 3.3-cü bəndinə əsasən malın təhvil-təslimi mal alanın anbarında təhvil-təslim qaiməsinə əsasən həyata keçirilir. 3.4-cü bəndinə əsasən mal Bakı şəhərində təhvil verilir. 4.1-ci bəndinə əsasən hesablaşma təhvil verilən işlərin həcminə uyğun olaraq hesabfaktura əsasında köçürmə yolu ilə həyata keçirilir. 4.2-ci bəndinə əsasən qiymətlərin razılaşma cədvəlindəki qiymətlərə bütün xərclər daxildir. 4.3-cü bəndinə əsasən malın ümumi dəyəri ƏDV - 18% daxil olmaqla: 1.208.910 manatdır. 7.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və qarşılıqlı öhdəliklərin icra edilməsinədək qüvvədədir. 9-cu bəndində qeyd edilən qiymətlərin razılaşdırma cədvəlinə əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların miqdarı və qiymətləri (1.024.500 manat+184.410 manat ƏDV daxil) 1.208.910 manat olaraq razılaşdırılmışdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən 026/19 saylı müqavilə üzrə ƏDV daxil 27.606,10 manat dəyərində göndərilmiş mallara görə EAAU seriyalı, 457212 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 06 may 2019-cu il tarixli müqavilə üzrə ƏDV daxil 523.920 manat dəyərində göndərilmiş mallara görə EBAC seriyalı, 668378 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 06 may 2019-cu il tarixli müqavilə üzrə ƏDV daxil 507.888,52 manat dəyərində göndərilmiş mallara görə EBAJ seriyalı, 061892 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 06 may 2019-cu il tarixli müqavilə üzrə ƏDV daxil 58.873,74 manat dəyərində göndərilmiş mallara görə EBAK seriyalı, 062848 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 06 may 2019-cu il tarixli müqavilə üzrə ƏDV daxil 113.681,20 manat dəyərində göndərilmiş mallara görə EBAL seriyalı, 847013 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 06 may 2019-cu il tarixli müqavilə üzrə ƏDV daxil 4.521,76 manat dəyərində göndərilmiş mallara görə EBBT seriyalı, 214184 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 18 may 2020-ci il tarixli, 013/20 saylı müqavilə üzrə ƏDV daxil 49.220,16 manat dəyərində göndərilmiş mallara və görülmüş işlərə görə EBAL seriyalı, 847164 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 18 may 2020-ci il tarixli müqavilənin 1 saylı əlavəsi üzrə ƏDV daxil 126.857,36 manat dəyərində göndərilmiş mallara və görülmüş işlərə görə EBBT seriyalı, 214205 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən 18 may 2020-ci il tarixli müqavilənin 2 saylı əlavəsi üzrə ƏDV daxil 92.748 manat dəyərində göndərilmiş mallara və görülmüş işlərə görə EBBT seriyalı, 214221 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə Cavabdehnə təqdim edilmişdir. Bakı şəhəri, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən X5 layihəsi üzrə ümumilikdə (444.000 manat+79.920 manat ƏDV daxil) 523.920 manat (miqdarı və qiymətləri ayrıayrılıqda göstərilməklə) mallar təhvil alınmışdır. Aktın doğruluğu icraçı - İddiaçı MMC və sifarişçi - Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. Bakı şəhəri, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən X5 layihəsi üzrə ümumilikdə (478.040 manat+86.047,20 manat ƏDV daxil) 564.087,20 manat (miqdarı və qiymətləri ayrı-ayrılıqda göstərilməklə) mallar təhvil alınmışdır. Aktın doğruluğu icraçı - İddiaçı MMC və sifarişçi - Cavabdeh MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC pretenziya qaydasında məktubla Cavabdeh MMC-yə müraciət edərək, borcu öhdəliyinin 5 bank gün ərzində icra edilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 06 may 2019-cu il tarixli və 18 may 2020-ci il tarixli № 013/20 saylı müqavilələrə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mal satan İddiaçı MMC mal alan Cavabdeh MMC–yə malların göndərilməsini, mal alan isə malı qəbul edib dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə müxtəlif adda və miqdarda mebellər təqdim edilmiş, İddiaçı MMC tərəfindən isə həmin müqavilələr əsasında Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələr üzrə həmin mebellərə görə ödənişlər edilmişdir. Bundan sonra İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 may 2020-ci il tarixdə 013/20 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı MMC malların spesifikasiya cədvəlinə (müqavilənin ayrılmaz hissəsidir) uyğun mebellərin satılması və quraşdırılmasını həyata keçirilməsini, Cavabdeh MMC bunun müqabilində haqq ödənilməsini öhdəsinə götürmüşdür. Hazırda İddiaçı MMC xx.xx.2019-cu il tarixli müqavilə üzrə təqdim edilmiş malların dəyərinin Cavabdeh MMC tərəfindən tam ödənilmədiyini, eləcə də xx.xx.2020-ci il tarixli müqavilə üzrə tərəfindən mebellərin satılması və quraşdırılması qismən həyata keçirsə də, həmin müqavilə üzrə göndərilmiş malların və görülmüş işlərin müqabilində ümumiyyətlə ödəniş edilmədiyini iddia edir və cavabdehdən cəmi 310.331,88 manat məbləğində borcun ödənilməsini tələb edir. Cavabdeh isə birinci müqavilə üzrə İddiaçı MMC tərəfindən təqdim edilmiş malların tam olaraq ödənildiyini bildirir, iddiaçının ödənilmədiyini iddia etdiyi malların təqdim edilmədiyini, ikinci müqavilə üzrə isə ümumiyyətlə heç bir iş görülmədiyini və malların təqdim edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iki müqavilə üzrə tələb etdiyi borcların məbləğlərini ayırmasa da, iddiaçı tərəfindən təqdim edilmiş cədvəldən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqavilə əsasında tərtib edilmiş elektron qaimələr üzrə ödənilməmiş məbləğ cəmi ƏDV daxil 90.726,53 manat (xx.xx.2020-ci tarixli EBAL seriyalı 847013 saylı elektron qaimə üzrə 86.204,77 manat və xx.xx.2022-ci il tarixli EBBT seriyalı 214184 saylı elektron qaimə üzrə 4521,76 manat), xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə ödənilməmiş elektron qaimələrin (xx.xx.2022-ci il tarixli EBBT seriyalı 214205 və 214221 saylı elektron qaimələr) məbləği isə ƏDV daxil 219.605,35 manat təşkil edir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı tərəfindən tələb olunan ƏDV daxil 90.726,53 manat məbləğində borca münasibətdə məhkəmə qeyd edir ki, sözügedən müqavilə üzrə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktlarına əsasən cavabdeh tərəfindən iddiaçı cəmi ƏDV daxil 1.088.007,2 manat məbləğində mallar təhvil verilmişdir. Təhviltəslim aktları üzrə təhvil verilmiş mallar da daxil olmaqla iddiaçı tərəfindən cəmi ƏDV daxil 1.167.508,5 manat məbləğində malların təqdim edilməsinə görə elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmiş və cavabdeh tərəfindən həmin qaimələr tam olaraq ödənilmişdir. Həmin müqavilə üzrə tərtib edilmiş ƏDV daxil 113.681,2 manat məbləğinə dair xx.xx.2020-ci tarixli EBAL seriyalı 847013 saylı elektron qaimə üzrə isə cavabdeh tərəfindən ƏDV daxil 23.285,11 manat məbləğində ödəniş edilmiş, qaimənin qalan ƏDV daxil 86.205 manat hissəsi isə ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, sözügedən qaimədə göstərilən malların təqdim edilməsi faktını təsdiq edən ilkin sənədlər (təhvil-təslim aktı və s.) məhkəməyə təqdim edilməsə də, həmin qaimə üzrə cavabdeh tərəfindən qismən ödəniş edilməsi qaimədə göstərilən malların cavabdehə təqdim edilməsinə dəlalət edir. Odur ki, həmin qaimə üzrə ödənilməmiş ƏDV daxil 86.205 manat məbləğində borcun tutulması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. Mülki Məcəllənin: 567-ci maddəsi maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. xx.xx.2019-cü il tarixli müqavilə üzrə digər elektron qaimə (xx.xx.2022-ci il tarixli EBBT seriyalı 214184 saylı elektron qaimə) üzrə ödənilməmiş ƏDV daxil 4521,76 manat məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qaimədə göstərilən malların da cavabdehə təqdim edilməsini təsdiq edən ilkin sənədlər məhkəməyə təqdim edilməmiş, lakin bununla yanaşı həmin qaimə üzrə cavabdeh hər hansı ödəniş etməmiş, eləcə də həmin qaimə xx.xx.2019-cu il tarixli müqavilə üzrə göndərilmiş sonuncu qaimələrdən (xx.xx.2020-ci il) 1 il 9 aya yaxın müddət sonra bir həftəlik qeyri-iş günlərində (xx.xx.2022ci il tarixdə) göndərilmiş, yəni qaimənin göndərildiyi gündən sonrakı 5 gün qeyri-iş günü olduğundan cavabdehin həmin qaiməni düzəliş üçün qaytarmaq imkanı məhdudlaşdırılmışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, sözügedən elektron qaimə qaimədə qeyd olunan malların cavabdehə təqdim edilməsi faktının məhkəmə tərəfindən təsdiq edilməsi üçün yetərli deyil. Odur ki, həmin qaimə üzrə ƏDV daxil 4521,76 manat məbləğində borcun tutulması hissəsində iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə borcun tutulması tələbinə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, sözügedən müqavilə alqı-satqı və podrat müqaviləsinin ünsürlərini birləşdirən qarışıq müqavilədir. Belə ki, müqavilənin predmetini həmin iddiaçı tərəfindən cavabdehə mallar satılması, eləcə də həmin satılmış malların quraşdırılması işlərinin görülməsi təşkil edir. Cavabdeh sözügedən müqavilə üzrə iddiaçı tərəfindən malların təqdim edilməsi və işlərin görülməsini inkar etdiyindən sözügedən müqavilə üzrə malların təqdim edilibedilməməsi və işlərin görülüb-görülməməsi işin mübahisəli hallarıdır. İddiaçı həmin müqavilə üzrə cavabdehə mebelləri təqdim etməsinin və quraşdırılmasının həyata keçirməsini təsdiq etmək üçün həmin müqavilə üzrə tərtib edilmiş iki ədəd elektron qaiməni - xx.xx.2022-ci il tarixli EBBT seriyalı, 214221 nömrəli və xx.xx.2022-ci il tarixli EBBT seriyalı 214205 saylı elektron qaimələri məhkəməyə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli müqavilənin şərtlərində işlərin icra olunması aktı (forma 2) və yoxlama aktlarının tərtib olunaraq hər iki tərəfdən təsdiq edilməsi və müqavilə üzrə ödənişlərin məhz aktlar əsasında aparılması nəzərdə tutulduğu halda iddiaçı tərəfindən hər iki tərəfin təsdiqlədiyi işlərin icra olunması və yoxlama aktları məhkəməyə təqdim edilməməklə yanaşı iş materiallarına əsasən işlərin icra olunması barədə aktlarının iddiaçı tərəfindən tərtib edilməsi və təsdiq edilməsi üçün cavabdehə göndərilməsi də müəyyən edilmir. İkincisi, sözügedən müqavilə üzrə hər hansı ödəniş edilmədiyindən tərəflər arasında malların və işlərin qəbul edilməsinin elektron qaimə əsasında həyata keçirilməsi barədə işgüzar adətin formalaşması da müəyyən edilməmişdir. Üçüncüsü, sözügedən iki elektron qaimələr bayram günlərində 19-20 mart 2022-ci il tarixlərində cavabdehə göndərilmiş, odur ki, qaimələrin vurulduğu tarixdən sonrakı 5 gün – qeyri-iş günləri olduğundan cavabdehin həmin qaimələrin düzəliş üçün qaytarılması imkanı məhdudlaşdırmışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən elektron qaimələrin 5 qeyriiş günündən öncə cavabdehə göndərilməsi vicdanlılıq prinsipinin tələblərinə cavab verən davranış kimi qəbul edilə bilməz. Satılmış mebellərin "xxxx" ASC-nin yeni inzibati binasında quraşdırılması və yerində müayinə aparılmaqla həmin mebellərin hazırda binada olması faktını müəyyən etməyin mümkün olması barədə cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən həmin binada cəmi 1281.189,7 manat məbləğində müxtəlif adda və sayda mebelləri quraşdırması işin mübahisəsiz halıdır. İddiaçı dəyəri ödənilməmiş mebelləri dəyəri ödənilmiş mebellərdən, eləcə digər subpodratçıların quraşdırdığı mebellərdən fərqləndirməyə imkan verən fərqləndirici ünsürləri barədə məlumatları (şəkillər, layihələr, texniki göstəricilər, quraşdırıldığı yer barədə məlumat və s.), eləcə də yoxlanılmalı olan mebellərin dəqiq siyahısını məhkəməyə təqdim etmədiyindən dəyəri ödənilməmiş mebellərin quraşdırılması faktının yerində müayinə aparılmaqla müəyyən edilməsi qeyri-mümkündür. Mülki Məcəllənin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, hazırkı halda cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş işlərin görülməsi və malların təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından həmin müqavilə üzrə təqdi edilmiş mallara və görülmüş işlərə borcun tutulması hissəsində iddia əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya prosesinə dair xərclər və 200 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmaqla) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 600 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 86.205 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti və vəkil xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. . Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar