Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-167/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 16 fevral 2023-cü il tarixli 264-2/23 saylı “Öhdəliklərin icrası ilə bağlı saziş”ə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 aprel 2023-cü il tarixə olan 2925,91 manat əsas, 2765,95 manat faiz və 58,52 manat dəbbə pulu, cəmi 5750,38 manat, həmin avtomobilin istifadəsi zamanı vurduğu zərərə görə 18987,38 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pulun və ödənilmiş 65 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 06 mart 2020-ci il tarixli, 264/20 saylı “Daxili maliyyə lizinq” müqaviləsinə əsasən X1 ilə İddiaçı ASC-nin mülkiyyətində olan 2016-cı il buraxılışlı, “CADİLLAC CT6 MİNİK” markalı, 1G6K95R69GU132053 ban nömrəli, ağ mirvari rəngli, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili maliyyə lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №1) əsasən X4 illik 22% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 3238,56 manat, ümumilikdə isə 116587,68 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 116587,68 manat pulun 84800 manatı əsas məbləğ təşkil edir. 16 fevral 2023-cü il tarixli 264-2/23 saylı öhdəliklərin icrası ilə bağlı sazişə əsasən Cavabdeh2 M-264/20 saylı daxili lizinq müqaviləsi üzrə icrasını öz üzərinə götürdüyü öhdəliklərə əsasən lizinq obyektini, yəni 2016-cı il buraxılışlı, “CADİLLAC CT6 MİNİK” markalı, 1G6K95R69GU132053 ban nömrəli, ağ mirvari rəngli, **- PF-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti sahiblik və istifadəsinə götürmüşdür. Lizinq ödənişləri cədvəlinə (Əlavə №4) əsasən Cavabdeh2 illik 15% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 2639,29 manat, ümumilikdə isə 126685,78 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 126685,78 manat pulun 94833,52 manatı əsas məbləğ təşkil edir. Cavabdeh2 tərəfindən lizinq şirkətinə heç bir ödəniş edilməmişdir. Bundan əlavə, İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 fevral 2023-cü il tarixli 264-2/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bundan başqa, Cavabdeh2 həmin avtomobildən istifadə zamanı xx.xx.2023cü il tarixli qüsur aktına əsasən avtomobilə 18987,38 manat ziyan vurmuşdur. İddiaçı ASC Cavabdeh2 ilə arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü ildə keçirilmiş, İddiaçı ASCnin nümayəndəsi sessiyada iştirak etsə də, Cavabdeh2 ilkin mediasiya sessiyasına gəlməmişdir. Daxili lizinq müqaviləsinin 10.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №1) müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinq ödənişlərinə lizinq obyektinin satın alınması üçün çəkilən bütün xərclər (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11.1-cu bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.5 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 21-ci maddəsinə əsasən lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 22-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 22-ci bəndinə əsasən lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Həmçinin lizinq alan lizinq obyektinin qaytarılması zamanı təftiş etdirməyə haqlıdır, əgər təftiş nəticəsində hər hansı qüsur və ya ziyan, yaxud texniki, iqtisadi və kommersiya əlaqəli pisləşmə aşkar edilərsə (təbii köhnəlmə nəzərə alınmaqla) lizinq verən onun düzəldilməsini və ya belə ziyanın ödənilməsini lizinq alandan tələb edə bilər. Daxili lizinq müqaviləsinin 15-ci bəndinə əsasən lizinq alan razılıq verir və öhdəsinə götürür ki, bu müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağıdılmasına görə məsuliyyət onun üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəmələr cədvəlinə uyğun ödənişlər edəcək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ASC tərəfindən məhkəməyə məktubla bildirilmişdir ki, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmirlər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Lizinq verən” - İddiaçı ASC ilə “Lizinq alan” - Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli, 264/20 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və müqaviləyə 2 nömrəli əlavədə qeyd edilmiş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq verən lizinq alanla əmlakın qiyməti, təslim müddətləri və alğı-satqı müqaviləsinin digər şərtlərini razılaşdırmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən əmlak lizinq alana lizinq verən tərəfindən 36 ay müddətinə verilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən qiymətin 21200 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləğin 84800 manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 22% dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən lizinq üzrə rəsmiləşdirilmiş komissiya kredit məbləğinin 2%-ni təşkil edir. Həmin müqavilənin 10.1-ci maddəsinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəmə cədvəlinə uyğun olaraq ödəməlidir və əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil. Həmin müqavilənin 11.1ci maddəsinə əsasən ödəmə cədvəlində göstərildiyi tarixdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətdə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəyəcək. Həmin müqavilənin 14.1-ci maddəsinə əsasən əmlaka xidmət edilməsi, eləcə də cari və əsaslı təmir və buna oxşar digər xidmətlər lizinq alanın hesabına olmalıdır. Lizinq verənlə razılaşdırılmış və belə işlərə buraxılışı olan xidmət strukturları və ya lizinq verənin bəyəndiyi digər təşkilatlar tərəfindən, saf ehtiyyat hissələrinin istifadə edilməsi ilə həyata keçiriləcəkdir. Lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdırıbsa və bu, lizinq obyektinə zərər vurmadan ayrıla bilmirsə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan, lizinq müqaviləsi bu yaxşılaşdırılmaların dəyərinin ona ödənilməsini tələb etmək hüququna malik deyildir. Həmin müqavilənin 15.1-ci maddəsinə əsasən müqavilə imzalandıqdan sonra əmlakın hər cür zədələnməsinə və ya dağılmasına görə məsuliyyət lizinq alanın üzərində olacaq, zədələnmə və dağılma ilə əlaqədar lizinq verənin ziyanlarını ödəyəcək və hətta əmlak sıradan çıxsa belə, lizinqə görə ödəmələr cədvəlinə uyğun olaraq ödənişlər ediləcək. Həmin müqavilənin 18.1-ci maddəsinə əsasən lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər lizinq alan tərəfindən ödənilir, o cümlədən iddia xərcləri. Həmin müqavilənin 22.1-ci maddəsinə əsasən müqavilə müddəti lizinq alanın öhdəlikləri yerinə yetirməməyinə əsasən vaxtından əvvəl bitmiş hesab olunarsa, lizinq alan əmlakı 3 iş günü ərzində lizinq verənə təhvil verməyə borcludur. Əmlakın sökülməsi, daşınması, daşınma sığortası, yükləmə və s. xərclər lizinq alanın hesabına ödənilməlidir. Həmin müqavilənin 23.1-ci maddəsinə əsasən lizinq alanın ödəniş üzrə ödənməmiş borcları qalarsa, lizinq verən ödənişin pozulmasından sonra lizinq alanı əvvəlcədən xəbərdar etmədən onun tərəfindən hər hansı bir səbəbdən ödənilən məbləğləri əvvəlcə vaxtında ödənilməmiş faizlər və sığorta haqlarının hesabına, sonra isə əsas ödənişin pozulduğu lizinq haqqı hesabına aid etmək ixtiyarındadır. Lizinq alanın buna etiraz etmək haqqı yoxdur. - Müqaviləyə edilən 2 nömrəli Əlavədə qeyd olunmuşdur ki, lizinq obyekti: 1 ədəd Cadillac CT6 markal minik avtomobilidir. Avtomobilin mühərriki ban:1G6K95R69GU132053, buraxılış ili 2016, rəngi ağ mirvaridir. - İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 264-2/23 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin lizinq verən qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli, 264-2/23 saylı, illik 15% olmaqla 48 ay müddətinə 94833,52 manat məbləğində daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürür. - xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında qeyd olunmuşdur ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 264/20 saylı, xx.xx.2020-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin qüvvəyə minməsi ilə əlaqədar akt tərtib edilmişdir. Cavabdeh2 müqavilənin 1-ci bəndinə uyğun olaraq 1 ədəd **-PF-*** dövlət qeydiyyat nişanlı “Cadillac CT6 markalı minik avtomobili sahiblik və istifa edilməsi üçün təhvil verilmişdir. Təhvil verilən lizinq predmeti üzrə qüsur və çatışmazlıqlar müəyyən olunmamışdır və tam, saz, tam işlək və sifariş edilmiş xüsusiyyətlərə uyğundur. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, M-264-2/23 nömrəli öhdəliyin icrası ilə bağlı sazişdən məlum olur ki, Cavabdeh2 icrasına qəbul etdiyi, 06 mart 2020-ci il tarixli, M-264/20 saylı daxili maliyyə lizinqi müqaviləsinin şərtlərinə əsasən İddiaçı ASC-yə 16 fevral 2023-cü il tarixinə olan borcu 94833,52 manat təşkil edir. Qeyd edilən məbləğ LM-264-2/23 müqaviləsinə əlavə olunmuş qrafik üzrə illik 15% hesablanmaqla hər ay 2639,29 manat olmaqla tam ödənilədək lizinq obyektinin mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Cavabdeh2 daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənişi hər ayın 16-sı tarixinədir. Saziş tərəflərin imzası ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixli, 09-264/2023 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh2 İddiaçı ASC qarşısında 264/20 saylı, xx.xx.2020-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə qədər 2925,91 manat gecikdirilmiş əsas borc, 2765,95 manat faiz borcu, 58,52 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumillikdə 5750,38 manat öhdəliyi vardır. - xx.xx.2023-cü il tarixli, LM-264-2/23 nömrəli, xx.xx.2020-ci il 264/20 saylı daxili maliyyə lizinqi müqaviləsinə 4 saylı əlavədən məlum olur ki, cavabdehin İddiaçı ASC-yə 94833,52 manat əsas borc, 31852,26 manat faiz borcu olmaqla, ümumilikdə 126685,78 manat borcu olmuşdur. - xx.xx.2023-cü il tarixli qüsur aktından məlum olur ki, **-PF-*** nömrəli, “Cadillac” markalı nəqliyyat vasitəsinə göstərilən xidmətin ümumi dəyəri 3750 manat xidmət xərci, 12521 manat ehtiyat hissələri, 2896,38 manat ƏDV olmaqla, ümumilikdə 18987,38 manat təşkil edir. - İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xitam məktubundan məlum olur ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli L/M-264/20 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə 81 gün və 100022,81 manat gecikdirilmiş borcu yaranmışdır. Eyni zamanda lizinq obyektindən istifadə üçün cavabdehə verilmiş etibarnamənin müddəti bitmişdir. Məktubda xx.xx.2020-ci il tarixli, L/M-264/20 saylı müqaviləyə xitam verildiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7153 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2016-cı il buraxılışlı “Cadillac CT6 minik” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, 1G6K95R69GU132053 ban nömrəli, ağ mirvari rəngli avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən müəyyən edilmişdir: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 18987,38 manat, dəyişilməli hissələrin qiyməti 14774,78 manat, təmirbərpa işlərinin qiyməti 4212,6 manat təşkil edir; 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiqi edilməklə 15315,07 manat, dəyişilməli hissələrin qiyməti 11102,47 manat, təmirbərpa işlərinin qiyməti 4212,6 manat təşkil edir. Rəydə qeyd edilmişdir ki, avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, müəyyən edilmiş təmir işərinin dəyərində qismən dəyişiklik istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7220 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarına əsasən İddiaçı ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 264/20 saylı daxili maliyyə lizinqi müqaviləsi və xx.xx.2023-cü il tarixli 264-2/23 saylı öhdəliklərin icrası ilə bağlı sazişə əsasən xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarixə) olan əsas borc məbləği 2925,91 manat, faiz borcu 2735,62 manat olmaqla, ümumilikdə yaranmış borc məbləği 5661,53 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında İddiaçı ASC ilə Cavabdeh2 arasında lizinq müqaviləsindən, X3 ilə bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Lizinq alan razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, həmçinin istifadə zamanı avtomobilə ziyan vurulmuşdur (xx.xx.2023-cü il tarixli qüsur aktı və ekspert rəyi), ona görə də iddiaçının cavabdehlərə qarşı hazırkı iddia ilə bağlı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borclu və zamin) yuxarıda göstərilən müqaviləyə əsasən öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 16 fevral 2023-cü il tarixli, 264-2/23 saylı “Öhdəliklərin icrası ilə bağlı saziş”ə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 aprel 2023-cü il tarixə olan 2925,91 manat əsas, 2765,95 manat faiz və 58,52 manat dəbbə pulu olmaqla, cəmi 5750,38 manat, həmin avtomobilin istifadəsi zamanı vurduğu zərərə görə 18987,38 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində və ödənilmiş 65 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 26 aprel 2023-cü il tarixə olan 2925,91 manat (iki min doqquz yüz iyirmi beş manat doxsan bir qəpik) əsas borc, 2765,95 manat (iki min yeddi yüz altmış beş manat doxsan beş qəpik) faiz borcu, 58,52 manat (əlli səkkiz manat əlli iki qəpik) dəbbə pulu, avtomobilin istifadəsi zamanı vurulan zərərə görə 18987,38 manat (on səkkiz min doqquz yüz səksən yeddi manat otuz səkkiz qəpik), 100 (yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,21 manat (altmış dörd manat iyirmi bir qəpik) olmaqla, cəmi 24901,97 manat (iyirmi dörd min doqquz yüz bir manat doxsan yeddi qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-167/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-167/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver