Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1675/2023 28.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlu İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1441.50 manat əsas borc, gecikdirmənin hər gününə görə borc məbləğinin 0.5 faizi həcmində hesablamaqla 2146.79 manat dəbbə pulu, 60 manat mediasiya xərci, 56.48 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumilikdə 3704.77 manat məbləğində borcun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 5 il müddətinə, 204/21 nömrəli, 17 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilə tələblərinin müvafiq bəndində göstərilən müddət ərzində ödəniş etmək şərtilə mal verilmişdir. Cavabdeh tərəfindən aldığı malın pulunun müqavilə tələbinə əsasən qısa müddət ərzində ödənilməsinə dair öhdəlik götürülsə də, cavabdeh malların ödənişini həyata keçirməmiş müqavilə üzrə öhdəliyini pozmuşdur. Tərəflər arasında borcun etiraf edilməsi ilə bağlı 07 iyun 2022-ci il tarixli “öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmiş, yaranmış borcun qısa müddət ərzində ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu ƏDV ilə birlikdə 1441.50 manat məbləğində təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 15 təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirilməlidir. Lakin cavabdeh müqavilənin 3.2-ci bəndinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmiş və buna görə cavabdehə əsas məbləğdən başqa, əsas borc ödənişini gecikdirdiyinə görə 2146.79 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya olan borc əsas borc, ƏDV və dəbbə pulu ilə birlikdə 3588.29 manat məbləğində təşkil edir. Məhkəməyə müraciət etməmişdən əvvəl Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən mübahisənin tərəflər arasında həll edilməsi üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina edərək, gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş bundan sonra ”satıcı” adlandırılacaq İddiaçı MMC, “alıcı” adlandırılacaq Cavabdeh MMC arasında bağlanmış 17 sentyabr 2021-ci il tarixli, 204/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onunn dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2. Müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. 1.3. Alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması” aktı ilə müəyyən edilir. 3.1.Malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “Razılaşma Protokolu” na və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. İddiaçı MMC və Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən imzalanmaqla və hər iki hüquqi şəxsin möhürü vurulmaqla təsdiq edilmiş xx.xx.2022-ci il tarixli borcların qarşılıqlı üzləşdirilməsinə dair akta əsasən hər iki tərəf cavabdehin 1221.61 manat əsas borc və 219.89 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1441.50 manat məbləğində borcu olmasını faktını doğrulamışdır. EBBQ seriyalı 301356 nörməli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 1231.87 manat məbləğində mallar satılmışdır. EBBQ seriyalı 555005 nörməli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 209.63 manat məbləğində mallar satılmışdır. 22 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin dövrədək müştəriyə verilmiş malın ümumi məbləği 3015.45 manat, edilən ödənişin ümumi məbləği 1573.95 manat, müştərinin həmin tarixə qalıq borc məbləği 1441.50 manat, xx.xx.2022-ci il tarixə dəbbə pulu 2146.79 manat təşkil etmiş, müştəriyə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə mal verilmiş, son etdiyi ödəniş məbləği xx.xx.2022-ci il tarixdə 1573.95 manat təşkil etmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə AN-0271 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 1441.50 manat təşkil edən borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satılmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 204/21 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin hallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 204/21 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək, müqavilənin predmetini təşkil edən malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən malların dəyərinin yalnız bir qisminin ödənişi həyata keçirilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli borcların qarşılıqlı üzləşdirilməsinə dair aktdan məlum olur ki, hər iki tərəf cavabdehin ümumilikdə 1441.50 manat məbləğində borcunun qalmasını akta nümayəndələri tərəfindən imza edilməklə və hüquqi şəxslərin möhürü vurulmaqla təsdiq etmişlər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1441.50 manat borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində cavabdehdən 2146.79 manat məbləğində dəbbə pulunun tutulmasını xahiş edir. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 70 (yetmiş) manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat və 56.48 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1441.50 (min dörd yüz qırx bir manat əlli qəpik) manat əsas borc, 70 (yetmiş) manat dəbbə pulu, 60 (altmış) manat mediasiya xərci və 56.48 (əlli altı manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1627.98 ( min altı yüz iyirmi yeddi manat doxsan səkkiz qəpik) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlham Əhmədov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1675/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1675/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver