Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-168/2020 11.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc olaraq 2498 (iki min dörd yüz doxsan səkkiz) manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 1723 (min yeddi yüz iyirmi üç) manat olmaqla, ümumilikdə 4221 (dörd min iki yüz iyirmi bir) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə bank hesabı və ya nağd şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2017-ci il tarixdə 13/2017 saylı mal alqı-satqısı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh MMC-yə mal satmışdır. Cavabdeh MMC aldığı malların dəyəri olan 2498 manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 6.2-ci bəndində göstərilmişdir ki, alıcı aldığı malın dəyərini 30 gün müddətində ödəməlidir. Həmin müqavilənin 8.2-ci maddəsində göstərilmişdir ki, alıcı ödəməni vaxtında yerinə yetirməzsə gecikən hər hün üçün qalan məbləğin 01 faiz məbləğində cərimə ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət edilsə də, lakin cavabdeh borcu ödəməmişdir. Cavabdehin İddiaçı MMC-yə olan əsas borcu 2498 manat və gecikm tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 1723 manat edir. Beləliklə cavabdehin İddiaçı MMC-yə olan borcu cəmi 4221 manat təşkil edir. Gecikmə faizi olaraq hesablanan borc xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında imzalanmış xx xxxx 2017-ci il tarixli malların Alqı-Satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satışı qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürür. Bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. Satıcı malın verildiyi məqamda alıcının ona məluma olmuş tələbatını nəzərə almaqla alıcıya malı müəyyən bir çeşiddə və ya çeşidlərdə verə bilər. Malın keyfiyyətoi qüvvədə olan AZS standartlarına uyğun olmalıdır. Müqavilənin 5.1-ci maddəsinə əsasən, bu müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı malı qaimə-faktura və ya təhvil-təslim sənədi əsasında alıcıya təhvil verir. Müqavilənin 5.3-cü maddəsinə əsasən, bu müqaviləyə əsasən mal alıcıya verildiyi andan onun mülkiyyəti hesab olunur. Müqavilənin 6.1-ci maddəsinə əsasən, bu müqaviləyə əsasən, satılan malın hər bir vahidinin və ƏDV-ni nəzərə almaqla X3 Qiymət razılaşdırma protokolu ilə müəyyən edilir. Malların qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb olur. - İddiaçı MMC-tərəfindən təqdim edilən alıcı Cavabdeh MMC olaraq göstərilən xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 719,80 manat, xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 719,80 manat, xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 719,80 manat, xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 719,80 manat, xx.xx.2017-ci il tarixli elekton qaiməyə əsasən yekun məbləğ 719,80 manat xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 719,80 manat, xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən yekun məbləğ 719,80 manat təşkil etmişdir. - xx xxxx 2017-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 700 manat, xx xxxx 2017-ci il tarixli kassa mədaxil orderi ilə 1000 manat, xx xxxxxxxx 2017-ci il tarixli kassa mədaxil orderi ilə 1000 manat, xx xxxxxxx 2017-ci il tarixli kassa mədaxil orderi ilə 1000 manat ödəniş edilmişdir. - xx.xx.2013-xx.xx.2019-cu il dövrü üçün İddiaçı MMC və Cavabdeh MMC arasında 13/2017 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə üzləşmə aktından görünür ki, dövr ərzində 7198 manat dəyərində mal satılmış və 3700 manat ödəniş edilmişdir və xx.xx.2019-cu il tarixə qalıq borc 3498 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx xxxx 2017-ci il tarixli malların Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satışı qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəyə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və 2498 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmişdir. Belə ki, iddiaçı 7198 manat məbləğində mal göndərmiş və kassa mədaxil orderlərindən görünür ki, alıcı həmin məbləğdən 3700 manat ödəniş etmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının nümayəndəsi 1000 manat da ödəniş edildiyini bildirdi. Bundan əlavə xx xxxxxx 2020-ci il tarixində cavabdehin nümayəndəsi borcu ödəyəcəyini bildirmişdir. Məhkəmə iddia tələbinin iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında malların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, 13/2017 saylımüqavilə üzrə tələb olunan 1723 manat cərimə məbləğinin 172 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 13/2017 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdeh "Cavabdeh” MMC-dən 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 172 (yüz yetmiş iki) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 2700 (iki min yeddi yüz) manat pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 13/2017 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə cavabdeh "Cavabdeh” MMC-dən 2498 (iki min dörd yüz doxsan səkkiz) manat əsas borc, 172 (yüz yetmiş iki) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 2700 (iki min yeddi yüz) manat pul tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-168/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-168/2020
11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver