Məhkəmə qərarları › İş №e-2-2(113)-168/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-168/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-168/2021 20.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, abunəçi kodu **********05901 olan İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının arxası ünvanında yerləşən qeyri yaşayış sahəsinə quraşdırılan 80088347№-li sayğacdan istifadəyə görə hesablanmış 30770,52 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, fiziki şəxs İddiaçı istifadəsində olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının arxası ünvanında yerləşən qeyri yaşayıs sahəsində istifadə olunan G-100 markalı, 80088347 saylı sayğacında sərfiyyat 2019-cu ilin dekabr ayından başlayaraq normadan artıq olmuşdur. Qeyd edilən ünvandakı qeyri yaşayış sahəsində icarə hüququ əsasında “xxxx” MMC-nin istifadəsində olmaqla çörək zavodu fəaliyyət göstərir. İcarə müqaviləsinin 3.2.6-cı bəndinə əsasən kommunal xərclər icarədarın öhdəliyində olduğundan qazdan istifadə ilə əlaqədar yaranmış fərqin araşdırılması üçün “xxxx” MMC tərəfindən çox saylı müraciətlər edilsə də nəticəsi olmamışdır. Yalnız 2020-ci ilin may ayında şikayətləri ilə əlaqədar sayğac laboratoriya müayinəsinə aparılıb və yoxlama nəticəsində sayğacın yararsız olduğu məlum olub. Sayğacın yerinin dəyişdirilməsi və artıq sərfiyyatın silinməsinə dair müraciətlər təmin edilməmişdir. Sayğacın təmiri üçün alınan mexanizmlərə görə 1138 manat vəsait ödənilmişdir. Təmir müddətində müvəqqəti sayğac yerləşdirilmiş, həmin sayğacın aylıq göstəriciləri həqiqətən də iddiaçıya məxsus sayğacın faktiki qazda istifadəni deyil, normadan artıq qeydiyyat apardığı təsdiqini tapmışdır. Sayğac ərazidən 3 km-lik məsafədə yerləşir, yaranan qüsurların iddiaçıya heç bir aidiyyəti yoxdur, ümumiyyətlə sayğaca görə iddiaçı heç bir cavabdehlik daşımadığı üçün yaranan qüsurlara görə də heç bir cavabdehlik daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, ekspert rəyində sobaların ayda 22 gün işləməsi çörək zavodunun şənbə və bazar günləri tətbiq edilən sərt karantin rejimi günlərində işləməməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək və ekspert rəyi ilə razılaşmayaraq, izahatında sayğacda olan nasazlıq nəticəsində sərfiyyatın artıq deyil, az yazılmasına səbəb ola biləcəyini, çörək zavodunun ay ərzində 22 gün işləməsinin inandırıcı olmadığını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05.05.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80111221 olan texniki qaydalara cavab verən mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı “Azeriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan qaz sayğacının əvəzində quraşdırılmışdır. 05.05.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan texniki qaydalara cavab verən mexaniki göstəricisi ******* m3 olan “Azeriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış qaz sayğacı növbəti yoxlamaya göndərilir və müvəqqəti qaz təminatı G-100 markalı, 80111221 saylı sayğacla bərpa olundu. 15.05.2020-ci il tarixdə təsdiq edilmiş KT 09373 nömrəli qüsur aktından görünür ki, 04.05.2020-ci il tarixdə dövlət yoxlamasına qəbul olunmuş G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan sayğacın bəzi (1 ədəd paz, 1 ədəd ötürücü mexaniki, 1 ədəd maqnit ötürücü, 1 ədəd təzyiq borusu) hissələri sıradan çıxmış və yenisi ilə əvəz edilməlidir. 15.05.2020-ci il tarixdə təsdiq edilmiş KT 09373 nömrəli qüsur aktına əlavə olunan 17.06.2020-ci il tarixli KT 09437 nömrəli qüsur aktından görünür ki, 04.05.2020-ci il tarixdə dövlət yoxlamasına qəbul olunmuş G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan sayğacın bəzi (1 dəst şesternilər 37/45 (32/41) xətalara uyğun deyil) hissələri sıradan çıxmış və yenisi ilə əvəz edilməlidir. 19.06.2020-ci il tarixli sayğacın istismara yararlığı haqqında arayışdan görünür ki, yoxlama tarixi 19.06.2020-ci il olan G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan sayğacın yoxlamadan əvvəl mexaniki göstəricisi 4256509, yoxlamadan sonra 4256645-dir. 23.06.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80111221 olan texniki qaydalara cavab verən mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı “Azeriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılaraq əvəzinə G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan qaz sayğacı quraşdırılmışdır. 23.06.2020-ci ildə tərtib edilmiş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80088347 olan texniki qaydalara cavab verən quraşdırılarkən mexaniki göstəricisi ******* m3 olan qaz sayğacı “Azeriqaz'' İstehsalat Birliyinin nümayəndələri tərəfindən çıxarılmış G-100 markalı, Turbin tipli, zavod nömrəsi 80111221 olan qaz sayğacının əvəzində quraşdırılmışdır. Abonent kodu 10**********059 olan İddiaçı abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2018-ci ilin dekabr ayının sonuna 62316 m3, 2019cu ilin yanvar ayının sonuna 42896 m3, fevral ayının sonuna 39203 m3, mart ayının sonuna 42943 m3, aprel ayının sonuna 41141 m3, may ayının sonuna 42286 m3 ümumilikdə 6 ay üçün qeyd edilən dövr üzrə 270785 m3 və 2019-cu ilin dekabr ayının sonuna 54166 m3, 2020-ci ilin yanvar ayının sonuna 59327 m3, fevral ayının sonuna 74102 m3, mart ayının sonuna 50686 m3, aprel ayının sonuna 52060 m3, may ayının sonuna 42544 m3 ümumilikdə 6 ay üçün qeyd edilən dövr üzrə 332885 m3 qaz sərfiyyatı olmuşdur. 05 mart 2021-ci il tarixli, 10/2726 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, metrologiya departamenti tərəfindən 15.05.2020-ci il və 17.06.2020-ci il tarixlərdə tərtib edilmiş 09373 və 09437 saylı aktlarda adları qeyd edilən 5 ədəd elementin nasaz olması (paz, ötürücü mexanizmin, maqnit ötürücüsünün, təzyiq borusunun və dişli çarxın sıradan çıxması) turbin tipli G-100 markalı, 80088347 saylı qaz sayğacının yarasız olmasına və həmin qaz sayğacının qaz sərfiyyatının artıq göstərilməsinə (hesablanmasına) səbəb ola bilər. Fiziki şəxs İddiaçı abonent saldosunda (bonent kodu 10**********059) 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayınadək olan dövr üçün göstərilmiş qaz 3 sərfiyyatlarında 153852,6 m (dəyəri isə 30770,52 manat) qaz sərfiyyatı artıq hesablanmışdır. Həmçinin ekspertiza rəyinin tədqiqat prosesinin təsviri hissəsində dönər (rotor) sobalarının bir aylıq qaz sərfiyyatının hesablanmasının aparılması zamanı həmin sobaların bir ayda cəmi 22 gün işlədiklərinin nəzərə alınması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manatdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyində qeyd olunanları nəzərdən keçirən məhkəmə 30770,52 manat məbləğində artıq sərfiyyatla razılaşmır, belə ki, gündəlik tələbat məhsulları olan un məmulatları istehsal edən çörək zavodunun müxtəlif sobaların 5 ay ərzində hər ay cəmi 22 gün işləməsi inandırıcı deyil, həmçinin ekspert özü nasaz sayğacın qaz sərfiyyatının artıq hesablanmasını “ola bilər” kimi qeyd etmişdir. Bu isə onu göstərir ki, nasaz qaz sayğacı qaz sərfiyyatını artıq, həm də az hesablaya bilər, həmçinin ekspert sərfiyyatı nasaz olan sayğacın texniki göstəricilərinə görə deyil, 30-31 gün üçün yox, sobaların işləyən günlərə (22 gün) uyğun hesablamışdır. Göründüyü kimi paz, ötürücü mexanizmin, maqnit ötürücüsünün, təzyiq borusunun və dişli çarxın sıradan çıxması nəticəsində sayğacın nasaz olması mübahisə doğurmur, həmçinin məhkəmə abonent saldosunda 12.2019- 05.2020-ci il tarixlərlə əvvəlki ilin həmin dövrü (12.2018-05.2019) müqayisə edərkən sayğacın nasaz olan aylarda əvvəlki analoji dövrə münasibətdə artıq sərfiyyatın olduğunu müəyyən etmişdir. Ekspert rəyi ilə razılaşmayan, lakin artıq sərfiyyatının texniki göstəricilərə əsasən hesablanmasının digər üsulları olmadığını nəzərə alan məhkəmə hesab edir ki, artıq sərfiyyət aşağıdakı qaydada hesablanmalıdır: - Mübahisəli (12.2019-05.2020-ci) dövrün qaz sərfiyyatının məbləğindən bir il əvvəlki mübahisə doğurmayan anoloji dövrə (12.2018-05.2019) hesablanmış qaz sərfiyyatının məbləği çıxılmalıdır. Belə ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayına qaz sərfiyyatının məbləği olan 66577 (10833,20+11865,40+14820,40+10137,20+10412+8508,80) manatdan əvvəlki ilin analoji dövrdə, yəni 2018-cu ilin dekabr ayından 2019-cu ilin may ayına qaz sərfiyyatının məbləği olan 54157 (12463,20+8579,20+7840,60+8588,60+8228,20+8457,20) manat çıxılandan sonra, artıq hesablanmış qaz sərfiyyatının məbləğinin 12420 manat olduğu müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayına qədər artıq hesablanmış 12420 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 40,36%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının xərci olan 150 manat məbləğində pulun 60,54 manatı İddiaçı, 89,46 manatı isə Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********05901) hesablanmış 12420 manat məbləğində borc silinsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun 60,54 manatı İddiaçı, 89,46 manatı isə Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ ******************** SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar