Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1684/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 22644,01 (iyirmi iki min altı yüz qırx dörd manat bir qəpik) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 283,05 (iki yüz səksən üç manat beş qəpik) manat, ilkin mediasiya sessiyası üzrə xərc 200 (iki yüz) manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olan 300 (üç yüz) manat məbləğin, cəmi 23427,06 (iyirmi üç min dörd yüz iyirmi yeddi manat altı əpik) manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 12 oktyabr 2021-ci il tarixdə, №İNT-449/21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, İcraçı malları Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə satın aldığı malların əvəzində, tərəflər arasında razılaşdırılmış məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin, Sifarişçinin İcraçıdan aldığı mala görə borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş 29 oktyabr 2021-ci il tarixli, №6492 aylı malların təhvil-qəbul aktının məzmunundan aydın olur ki, Cavabdeh MMC İddiaçı QSC-dən 32.409 manat dəyərində mal satın almışdır. Borclu tərəfin etmiş olduğu 9.764,99 manat məbləğində sonuncu ödənişdən sonra Cavabdeh MMC-nin İddiaçı QSCyə borcu 22.644,01 manat təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, müqaviləyə əsasən sifarişçi tərəfindən malların dəyərinin 30%-i ödənildikdən sonra, qalan 70%-i növbəti 30 gün ərzində ödənməli idi. Müqavilə üzrə elektron qaimələrin xx.xx.2021-ci il tarixli olduğunu nəzərə alsaq, gecikmə üzrə borc məbləği 3 ay əsasında (22644,01*5%)/12)*3=283,05 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasə iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 12 oktyabr 2021-ci il tarixdə, İNT 449/21 nömrəli alqı-satqı müqavilə bağlanmış və tərəflər malların (böyük və kiçik məişət texnikasının) alqı-satqısı barədə razılığa gəlmişlər. 32.409 manat dəyərində olan mallar Cavabdeh MMC-nin direktoru Mehdiyev Sənan tərəfindən 29 oktyabr 2021-ci il tarixli 6492 nömrəli Təhvil-Qəbul Aktı ilə təhvil alınmışdır. Həmçinin həmin tarixdə (xx.xx.2021) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə 32.409 manat dəyərində elektron qaimə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin üzərinə düşür. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına xx.xx.2021-ci il tarixli, 6492 nömrəli Malların Təhvil-Qəbul aktı əlavə edilmişdir. Adı çəkilən aktdan da, göründüyü kimi ümumi dəyəri 32.409 manat olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. İddiaçı tərəf təhvil verilmiş malların dəyərindən cəmi 9.764,99 manat ödənildiyi və 22.644 ,01 manat borcunun qaldığını bildirir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, iddiaçı tərəf 32.409 manat dəyərində olan malların təhvil verildiyini, təhvil verilmiş mallara görə cəmi 9.764,99 manat ödənildiyini və 22.644,01 manat borcunun olduğunu qeyd edir. Məhkəmə iddiaçının bu dəlilini əsaslı hesab edir. Belə ki, iddiaçı tərəf malların təhvil verildiyini sübut etmiş olduğundan ödənilmiş məbləğ də nəzərə alındığında Cavabdeh MMC-nin 22.644,01 manat ödənilməmiş borcu qalmışdır. Ona görə də, iddia 22.644,01 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 283,05 (iki yüz səksən üç manat beş qəpik) manat pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə qismən haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, pretenziya məktubunun cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə alındığını, iddianın isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq 15 gün gecikmə müəyyən edilir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla tutulmalı olan məbləğ 46,5 (22.644,01x5/100=1132,2 (1 il üçün) 1.132,2/365=3,1 (1 gün üçün) 3,1x15=46,5 manat təşkil edir. Ona görə də, əsas borca illik 5 faiz hesablanmaqla 46,5 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 200 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 300 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “SİRİUS” Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 22.644,01 manat, əsas borca illik 5 faiz hesablanmaqla 46,5 manat, cəmi 22.690 (iyirmi iki min altı yüz doxsan) manat, 51 (əlli bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 200 manat, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1684/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1684/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver