Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1685/2021 01.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı İB) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Sukanal İdarəsi tərəfindən 050813 abonent kodu üzrə əsassız olaraq hesablanmış 7087,67 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış 05.01.2021-ci il tarixli, 19054773 saylı müqaviləyə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında 12.01.2021-ci il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Nəsimi rayonu üzrə TİX-nin su sərfiyyatına görə Cavabdeh ASC-yə 31186 manat ödənilmişdir. Həmin dövr ərzində 31186 manat dəyərində sudan istifadə edilmişdir. Nəsimi rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında (05.01.2021-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Nəsimi rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 7087,67 manat borcunun olduğunu qeyd etmişdir. Borc əsassız olduğundan həmin üzləşmə aktları tərəflərindən qəbul edilməmişdir. Yaranmış əsassız borcun səbəbləri barədə dəfələrlə Cavabdeh ASC-nin nümayəndələri ilə danışıqlar aparılmasına baxmayaraq, hər hansı bir sənəd təqdim edilməmiş, əsassız yazılmış borcu əsas götürərək Nəsimi rayonu üzrə TİX-nin su təchizatı dayandırılmışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən xidmət sahəsinin su təchizatı dayandırılarkən “X4”nın 8.1-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. “X4”nın 8.1-ci bəndinə əsasən istehlakçının su təchizatı mütləq qaydada xəbərdar etmək şərti ilə aşağıdakı hallarda dayandırıla bilər: İstehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda; su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; STKM ilə müvafiq müqavilə bağlanılmadıqda; məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin müvafiq qərarı olduqda. Göründüyü kimi, cavabdeh su təchizatını dayandırarkən “X4”nın tələblərini kobud şəkildə pozmuş, COVİD-19 pandemiyasının dünyada və ölkəmizdə tüğyan etdiyi bir dövrdə 24 saat əhaliyə xidmət göstərən dövlət təşkilatında sanitar-gigenik qaydalara tam riayət edilməsinə maneələr yaratmışdır. Ödənişlərin olunmasına baxmayaraq, Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə Abonent Saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq, bu cür borc məbləğinin yaranmasını tamamilə qanunsuz hesab edirlər. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən 28.04.2020-ci il tarixli, 725 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən iddia tələbində göstərilən borc debitor borcdur. Su sərfiyyatı ilə əlaqədar ödənişlər etdiyindən iddiaçının iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini və iddia tələbini əsassız hesab edir və iddianın ədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi ilə İddiaçı İB-nin X8 Sahəsi arasında bağlanmış 05.01.2021-ci il tarixli, 19054773 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə əsasən Cavabdeh ASC İddiaçı içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, İddiaçı isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim olunmuş hesab-fakturaya əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin nümayəndəsi X5 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, debitor borcu əvvəlki illəri əhatə etdiyi üçün iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiqi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - İddiaçı İB tərəfindən Cavabdeh ASC-yə 28.01.2021-ci il tarixli, RƏ-12 nömrəli pretenziya məktubu ünvanlanaraq əsassız hesablanmış borcun silinməsi xahiş edilmişdir. - 31.05.2021-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 6077,67 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı həmin maddəyə istinad edərək ərizədə göstərilən məbləğin onun hesabından silinməsini xahiş etmişdir. Bununla bağlı aşağıdakıları qeyd etmək olar: 31.05.2021-ci il tarixli Abonent haqqında məlumatdan müəyyən olunur ki, iddiaçının içməli suya görə 01.01.1998-ci il tarixə qalıq borcu 840,04 manat, 01.01.1999-cu il tarixə qalıq borcu 1793,61 manat, 01.01.2000-ci il tarixə qalıq borcu 4651,14 manat, 01.01.2001-ci il tarixə qalıq borcu 7302,77 manat, 01.01.2002-ci il tarixə qalıq borcu 9818,90 manat, 01.01.2003-cü il tarixə qalıq borcu 10565,90 manat olaraq qeyd olunmuşdur. Abonent haqqında məlumatdan görünür ki, iddiaçının içməli su və çirkab sularına görə 01.01.2004-cü il tarixə qalıq borcu 15589,47 manat, 01.01.2005-ci il tarixə qalıq borcu 16400,13 manat, 01.01.2006-cı il tarixə qalıq borcu 17391,33 manat, 01.01.2007-ci il tarixə qalıq borcu 1843,93 manat, 01.01.2008-ci il tarixə qalıq borcu 1828,13 manat, 01.01.2009-cu il tarixə qalıq borcu 1678,73 manat, 01.01.2010-cu il tarixə qalıq borcu 1613,05 manat, 01.01.2011-ci il tarixə qalıq borcu 1648,73 manat, 01.01.2012-ci il tarixə qalıq borcu 1775,63 manat, 01.01.2013-cü il tarixə qalıq borcu 1961,53 manat, 01.01.2014-cü il tarixə qalıq borcu 2281,33 manat, 01.01.2015-ci il tarixə qalıq borcu 2887,13 manat, 01.01.2016-cı il tarixə qalıq borcu 2853,33 manat, 01.01.2017-ci il tarixə qalıq borcu 7622,63 manat, 01.01.2018-ci il tarixə qalıq borcu 11086,63 manat, 01.01.2019-cu il tarixə qalıq borcu 7386,63 manat, 01.01.2020-ci il tarixə qalıq borcu 4561,63 manat, 01.01.2021-ci il tarixə qalıq borcu 6077,67 manat təşkil edir. Eyni zamanda iddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə mütəmadi olaraq ödənişlər etmişdir. Belə ki, iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən 2016-cı ildə 10107,3 manat məbləğində istifadə etmiş və 5338 manat məbləğdə ödəniş etmişdir, 2017-ci ildə 11166 manat məbləğində istifadə etmiş və 7702 manat məbləğdə ödəniş etmişdir, 2018-ci ildə 8656 manat məbləğində istifadə etmiş və 12356 manat məbləğdə ödəniş etmişdir, 2019-cu ildə 1210 manat məbləğində istifadə etmiş və 4035 manat məbləğdə ödəniş etmişdir, 2020-ci ildə 4204 manat məbləğində istifadə etmiş və 1677,96 manat məbləğdə ödəniş etmişdir. 2021-ci ildə 490 manat məbləğində istifadə etmiş və 1500 manat məbləğdə ödəniş etmişdir. Göründüyü kimi, iddiaçı 2016-2021-ci (may ayı) illər ərzində su təchizatı və kanalizasiya xidmətlərindən ümumilikdə 35833,3 manat məbləğində istifadə etmiş və 32608,96 manat məbləğdə ödəniş etmişdir. Beləliklə, son beş il üçün ödənilməli olan borc 3224,34 (35833,3-32608,96=3224,34) manat təşkil edir. Hazırda iddiaçının cavabdehə olan 6077,67 manat ümumi borcunun 2853,33 (6077,67-3224,34=2853,33) manat hissəsi 2016-cı ildən əvvəlki illərə aid olan borcdur. Qeyd olunanlara əsasən məhkəmə hazırkı mübahisəyə AR MM-nin 550 və 551-ci maddələrinin tələblərinin tətbiq olunmasını mümkün sayır. İddiaçı 7087,67 məbləğində borcun silinməsini xahiş etsə də, 2021-ci ilin may ayına 6077,67 manat məbləğində qalıq borcun olması müəyyən edilmişdir ki, həmin məbləğdən 2853,33 manat məbləğində qalıq borc iddiaçının 2016-cı ildən əvvəlki illərə aid olan borcdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehin iddiaçıdan su təchizatı və kanalizasiya xidmətlərinə görə 2853,33 manat məbləğində qalıq borcun ödənilməsini tələb etmək hüququna beş il müddət keçdiyinə görə xitam verilməli və 2853,33 (iki min səkkiz yüz əlli üç manat otuz üç qəpik) manat məbləğində borc İddiaçı hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 18 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 12 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 050813 abonent kodu üzrə hesablanmış 2853,33 (iki min səkkiz yüz əlli üç manat otuz üç qəpik) məbləğində borc İddiaçı şəxsi hesabından silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş dövlət rüsumuna görə 12 (on iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1685/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1685/2021
01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver