Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1685/2022 31.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh qarşı “avadanlıqların qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 MMC Cavabdeh qarşı “avadanlıqların qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 44 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən “Pivə avadanlıqlarının təhvil-təslim aktı” ilə qəbul edilmiş (götürülmüş) 8 adda aqreqat kompleksi: qaz balonu (450 ədəd, 1 ədədinin qiyməti 73 manat, ümumi dəyəri 32.850 manat), zamok (450 ədəd, 1 ədədinin qiyməti 36,6 manat, ümumi dəyəri 16.470 manat), kobra süzücü (450 ədəd, 1 ədədinin qiyməti 100-85, 350-128 manat, ümumi dəyəri 53.300 manat), kolyaska (200 ədəd, 1 ədədinin qiyməti 135 manat, ümumi dəyəri 27.000 manat), dayaqlı kran (500 ədəd, 1 ədədinin qiyməti 41,6 manat, ümumi dəyəri 20.800 manat), reduktor 1 Cıxış (250 ədəd, 1 ədədinin qiyməti 45 manat, ümumi dəyəri 11.250 manat), soyuducu aparat (200 ədəd, 1 ədədinin qiyməti 395 manat, ümumi dəyəri 79.000 manat), kamera soyuducusu (250 ədəd, 1 ədədinin qiyməti 685 manat, ümumi dəyəri 171.250 manat) və 2 adda çəlləklər (684x50, 1 ədədinin qiyməti 120 manat, 70x30, 1 ədədinin qiyməti 100 manat, ümumi dəyəri 89.080 manat, cəmi 501.000 manat (411.920 + 89.080 manat) manat dəyərində avadanlıqların qaytarılması, bu mümkün olmadıqda onların dəyərini təşkil edən 501.000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddiadan imtina etdiklərini, odur ki, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 140 manat və 126 manat olmaqla, ümumilikdə 266 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərcinin 133 manatı iddiaçıdan, 133 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, qalan məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh qarşı “avadanlıqların qaytarılması və pul” tələbinə dair iş üzrə iddiaçı Nümayəndə1 MMC-nin iddia tələbindən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları ilə bağlı ümumilikdə 266 (iki yüz altmış altı) manat ekspertiza xərcinin 133 (bir yüz otuz üç) manatı iddiaçı Nümayəndə1 MMC, 133 (bir yüz otuz üç) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********00000003944 SWİFT BİK CTREAZ22) ödənilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1685/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1685/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver