Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1689/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyindən İddiaçı2 xeyrinə 1.920,24 (bir min doqquz yüziyirmimanat 24 qəpik) manat məbləğində pulun və 32 (otuz iki) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyi arasında şifahi müqaviləyə əsasən 60 ədəd 30*28 ölçüdə hədiyyə qutusu, 60 ədəd qələm, 60 ədəd ajanda, 60 ədəd brelok, 60 ədəd vizitkart qabı və 60 ədəd üzəri loqolu kağız çantaların A3 formatda hazırlanıb alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdə 21 nömrəsi ilə yazılı formada həyata keçirilmiş və iddiaçı tərəfindən imzalanıb möhürlənərək cavabdehə təqdim edilmişdir. Lakin, cavabdeh müqaviləni imza və möhürlə təsdiq edib geri qaytarmamışdır. İddiaçı yuxarıda qeyd edilən məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbu ledərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Göndərilmiş malların dəyəri ümumi olaraq 2.190,24 manat təşkil etmiş, cavabdeh tərəfindən Seriya: EBDT №: 834140 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən cəmi 1.000 (bir min) manat ödənilmiş, qalıq 1.190,24 (bir min yüz doxsan manat 24 qəpik) manat isə bu günə kimi ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 onlara 2.190,24 manat məbləğində mal verildiyini qəbul etdiklərini, 1.000 manat ödəniş etdiklərini, lakin mallar keyfiyyətsiz və qüsurlu olduğu üçün dəyərini ödəməkdən imtina etdiklərini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı2 (satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı münasibətləri mövcud olmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı, tərəflər arasında yazılı alqı-satqı müqaviləsinin olmadığını, xx.xx.2023-cü il tarixdə 21 nömrəsi ilə yazılı formada müqavilə tərtib olunaraq cavabdehə göndərilsə də, cavabdehin müqaviləni imza və möhürlə təsdiq edib geri qaytarmadığını, 60 ədəd 30*28 ölçüdə hədiyyə qutusu, 60 ədəd qələm, 60 ədəd ajanda, 60 ədəd brelok, 60 ədəd vizitkart qabı və 60 ədəd üzəri loqolu kağız çantaların A3 formatda hazırlanıb alqı-satqısının nisyə qaydasında həyata keçirildiyini qeyd edərək cavabdehin ödənilməmiş 1190,24 manat borcunun qaldığını bildirmiş, məhkəmənin sualına cavab olaraq iddia ərizəsində qeyd olunmuş 1.920.24 manatla bağlı iddia tələbini dəqiqləşdirəcəyini qeyd etsə də, iddia tələbinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
11. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı2 üzərinə düşür.
12. İş materiallarından görünür ki, EBDT seriyalı, 834140 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.814,40 manat olan və EBEB seriyalı, 434243 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 375,84 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
13. Sadə riyazi hesablama ilə, elektron qaimədəki məbləğlərin cəmi 2.190,24 manat təşkil edir.
14. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən EBDT seriyalı, 834140 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.814,40 manat olan elektron qaimə üzrə İddiaçı2 hesabına 1.000 manat məbləğində pul köçürülmüşdür.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi onlara 2.190,24 manat məbləğində mal verildiyini, həmin məbləğdən 1.000 manat ödəniş etdiklərini qəbul etdiklərini, lakin mallar keyfiyyətsiz və qüsurlu olduğu üçün dəyərini ödəməkdən imtina etdiklərini bildirmişdir.
16. Məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, hədiyyələr vaxtında çatdırılmalı olduğundan qüsurlu və keyfiyyətsiz malların dəyişdirilməsi iddiaçıdan tələb olunmamışdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
18. Məhkəmə, göndərilmiş elektron qaimələr üzrə cavabdeh tərəfindən hər hansı iradın bildirilməməsini, cavabdeh tərəfindən qüsurlu və keyfiyyətsiz malların dəyişdirilməsinin iddiaçıdan tələb olunmamasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, (2.190,24-1.000) 1.190,24 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. İş materiallarında olan iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir.
21. Məhkəmə qeyd edir ki, 1.190,24 manat məbləğində iddia tələbi üçün ödənilməli olan dövlət rüsumunun məbləği də 32 manat təşkil etdiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 1.190 (bir min yüz doxsan) manat, 24 (iyirmi dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov