Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1691/2022 20.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 32.350,56 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında fəaliyyət göstərir. Müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya bütövlükdə baxış keçirildikdən sonra işıq sayğacı quraşdırılmışdır və hər-hansı kənar müdaxilə də aşkar edilməmişdir. Bundan sonra isə hər ay müvafiq olaraq cavabdehin nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və aylıq elektrik enerjisindən istifadəyə görə borclar hesablanmışdır, həmin aylıq borclarla bağlı xəbərdarlıq və bildirişlər verilmişdir. Həmin borclar da tərəflərindən vaxtlı-vaxtında ödənilmişdir. Lakin iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyəri noyabr 2021-ci ildə bildirişdə qəflətən səhv olaraq 17.712,47 manat göstərilmişdir. İddiaçı enerji sərfinin səhv olaraq artırılmasının səbəbini soruşarkən, ona xəbər verilmişdir ki, araşdırıb yenidən hesablama aparılacaqdır. Bu məqsədlə akt tərtib edib qeyd ediblər ki, onların müdaxilə edə bilmədiyi Dəliməmmədli şəhərindəki Azərişiğin yarımstansiyasında qoyulmuş sayğacda 16 avqust 2021-ci il tarixdən çatışmazlıq olmuşdur. Məsələ ondadır ki, 16.08.2021-ci ildən hal-hazırda kimi sayğacın cərəyan transfarmatoru sıradan çıxdığı üçün sərf olunan elektrik enerjisi hesablanmır. Bu səbəbdən cavabdeh iddiaçıya heç bir əsas olmadan sentyabr, oktyabr aylarında adi aylarda işlətdiyi elektrik enerjisindən dəfələrlə çox hesab təqdim etmiş və cəmiyyətin bundan xəbəri olmadan təqdim olunan hesabı ödəmişdir. Nəticədə əvvəlki məbləğ artırılaraq istifadə edilmiş elektrik enerjisinin dəyəri əlavə dəyər vergisi nəzərə alınmadan 30.008,95 manata qaldırılmışdır. Bundan başqa əsassız təqdim olunmuş hesab ödəniş vərəqəsində sentyabr ayı üçün enerji sərfi 31.08.2021-ci ildən 30.09.2021-ci il dövrü üçün 15.000 kilovat hesablanmş, oktyabr ayı üçün enerji sərfi 20.09.2021-ci ildən 01.11.2021-ci il dövrünə 19.000 kilovat hesablanmışdır. Beləliklə, 20.09.2021-ci ildən 30.09.2021-ci il dövrünə təkrar əsassız sərf yazaraq cəmiyyət üçün cavabdehin fikrincə orta sərf hesab etdiklərindən 4000 kilovat artıq hesab təqdim etmişlər ki, bu da 379,54 manat təşkil edir. Əslində cəmiyyətin adi aylarda sərf etdiyi elektrik enerjisinin orta qiyməti 811 manat təşkil edir. Sayğac və transformator məntəqəsi "xxxx" ASC-nin balansındadır. Belə ki, X6 Enerji Təchizatı və Satışı İdarəsi Goranboy Elektrik şəbəkəsinin 15.02.2022-ci il tarixli № 151 saylı arayışında göstərilmişdir ki, Goranboy EŞ-in 110/35/10 kV Dəliməmmədli y/st-da 10 kV İ bölmədə 16.08.2022-ci il tarixdə sayğac dövrlərinə xidmət edən Gərginlik Transformatoru zədələnib sıradan çıxmışdır. Hal-hazırki dövrədək Gərginlik Transformatoru bərpa edilməmişdir. Odur ki, İddiaçı MMC-nin 10 kVçıxış fideri 10 kV İ bölmədən qidalandığı üçün sayğac keçən enerjini qeyd etmir. İddiaçı MMC-yə xidmət edən sayğac "xxxx" ASC-nin balansındadır və 110/35/10 kVDəliməmmədli yarımstansiyasında yerləşir. Göründüyü kimi, həmin sayğacın İddiaçı MMC-nin deyil, "xxxx" ASC-nin balansında olması təsdiq edilmişdir. Belə olan halda, iddiaçıya aidiyyatı olmayan sayğaca görə borcun hesablanması və iddiaçıdan tələb edilməsi tamamilə absurddur və heç bir qanuni əsası yoxdur. Digər tərəfdən, sonuncu dəfə 08.12.2021-ci il tarixdə AKT NDQ№ 010909 nömrəli AKT tərtib edilmiş və həmin aktda göstərilmişdir ki, guya EEİQ-na uyğun olaraq yarımstansiyada quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, sayğacın ekran tablosu sönmüşdür, sayğac xəttdən axan yükü qeyd etmir. Guya qüsur araşdırılmasından məlum olub ki, gərginlik transformatoru zədələnmişdir və sayğaca 100 VALT gərginlik gəlmir (daxil olmur). Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsi ilə oxundu, məlum oldu ki, qeyd olunmuş qüsur 16.08.2021-ci ilə yaranmışdır. Ölçmə zamanı yüksək gərginlik tərəfdən axan yük İa=49A İb=48A İc=49A İfan 757 kot Psaj 0 kot. Uçot komplekti EEİQ-na uyğun bərpa olunsun. Göründüyü kimi, aktla da təsdiq edilir ki, sayğaclara hər hansı müdaxilə edilməmişdir. "xxxx" ASC-nin vəzifəsi - hər ay sayğaca baxış keçirərək hər hansı müdaxilənin olmasını vaxtında aşkar etməklə istehlakçıya bu barədə məlumat verməkdir ki, iddiaçıya da bu barədə heç bir məlumat verilmədən əsassız olaraq borc hesablanmışdır. Hal-hazırda iddiaçının işıqdan istifadəyə görə hər hansı borcu qalmamışdır. Sayğaca heç bir müdaxilə olmamışdır. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən hər ay artıq borc hesablanarkən istifadə edilmiş sayğac göstəriciləri ilə müqayisə olunduqda səhv hesablandığı etiraf olunur və gələn ay fərqin silinəcəyinə dair vəd verilsə də, buna əməl olunmur və nəticədə əsassız və qanunsuz olaraq borc hesablanır. Cavabdehin əməkdaşları tərəfindən onlara xəbərdarlıq edilmişdir ki, borca görə iddiaçıya işığın verilməsi dayandırılacaqdır. Halbuki iddiaçının heç bir borcu yoxdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.Quliyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Z.Səmədova iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğac cavabdehin balandındadır, 2021-ci ilin dekabr ayında sayğaca keçirilən baxış zamanı sayğacda qüsur olması, elektrik enerjisini tam qeydə almaması müəyyən edilmişdir. 2022ci ilin mart ayında sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Sayğac elektrik enerjisinə görə sərfiyyatı tam qeydə ala bilmədiyi üçün “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən, əvvəlki dövrün orta aylıq sərfiyyatı nəzərə alınmaqla, iddiaçıya əlavə sərfiyyat hesablanmışdır. Belə ki, 08.12.2021-ci il tarixdə iddiaçıya əlavə olaraq 35410,56 manat, 18.02.2022-ci il tarixdə isə 16872,90 manat, 15.03.2022-ci il tarixdə 19236,69 manat borc hesablanmışdır ki, iddiaçı hazırda 08.12.2021-ci il tarixdə hesablanmış borcu mübahisələndirir. Lakin hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Tərəflər arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi 23.06.2020-ci il tarixdə imzalanmış, tərəflərin imzaları ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş AKT NDG 010909 nömrəli 08.12.2021-ci il tarixli aktdan görünür ki, EEİQ-na uyğun olaraq yarım stansiyada quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, sayğacın ekran tablosu sönmüşdür, sayğac xəttdən axan yükü yükü qeyd etmir. Qüsur araşdırılan zaman məlum oldu ki, gərginlik transformatoru zədələmişdir və sayğaca 100 Volt gərginlik gəlmir. Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxundu, məlum oldu ki, qeyd olunmuş qüsur 16.08.2021-ci il tarixdən yaranmışdır. Ölçmə zamanı yüksək gərginlik tərəfdən axan yük İa=49A, İa=48A, plan=737 kvadrat müəyyən olunmuşdur. AKT NDQ 011978 nömrəli 14.03.2022-ci il tarixli aktdan gürünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum oldu ki, uçotda gərginlik transormatorunda yaranmış qüsur 02.03.2022-ci il tarixində aradan qaldırılmış, 07.02.2022-dən 02.03.2022-ci il tarixə qədər elektrik enerjisindən sayğacsız istifadə etmişdir. Tərəfimizdən xəttdən axan yük ölçülmüşdür. Gərginlik transormator yerləşən yuva möhürlənsin. 12084 kvt göstərici kompyuter məlumat bazasına daxil edilsin. AKT NDQ 011168 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq yarımstansiyada quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, sayğacın ekran tablosu sönmüşdür. Qüsur araşdırılan zaman məlum oldu ki, gərginlik transormatoru zədələnmışdır və sayğaca 100 Volt gərginlik gəlmir. Dispetçer personalının məlumatına görə obyekt 28.12.2021-ci il tarixinə qədər müəssisə fəaliyyət göstərmiş, faktla əlaqədar olaraq dispetçer personalı tərəfindən 28.12.2021-mi il tarixindən şəbəkədən açılmışdır. Uçot komplekti EEİQ-yə uyğun bərpa edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş Texniki Sahə üzrə tələblərə dair 08.12.2021-ci il tarixli icra vərəqəsi ilə iddiaçıya 35410,56 manat borc, 15.03.2022-ci il tarixli icra vərəqi ilə 19236,7 manat borc hesablanmışdır. "xxxx" ASC-nin 42 saylı xəbərdarlıq məktubu ilə, iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə 32350,56 manat məbləğində borcun yarandığını bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş, elektrik enerjisindən istifadə qaydalarının 9.10-cu bəndinin tələbinə əsasən sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsinin təmin olunması, əks halda 20.12.2021-ci il tarixdə saat 11:00-da xəbərdarlıq edilmədən elektrik enerjinin verilişinin dayandırılacağı bildirilmişdir. X6 Enerji Təchizatı və Satışı İdarəsi Goranboy Elektrik şəbəkəsinin 15.02.2022-ci il tarixli № 151 saylı arayışından görünür ki, Goranboy EŞ-in 110/35/10 kv Dəliməmmədli y/st-da 10 kv İ bölmədə 16.08.2022-ci il tarixdə sayğac dövrlərinə xidmət edən Gərginlik Transformatoru zədələnib sıradan çıxmışdır. Hal-hazırki dövrədək Gərginlik Transformatoru bərpa edilməmişdir. İddiaçı MMC-nin 10 kv çıxış fideri 10 kv İ bölmədən qidalandığı üçün sayğac keçən enerjini qeyd etmir. İddiaçı MMC-yə xidmət edən sayğac "xxxx" ASC-nin balasındadır və 110/35/10 kv Dəliməmmədli yarımstansiyasında yerləşir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan GC-009/22 nömrəli, 28.02.2022-ci il tarixli müraciət məktubunda İddiaçı MMC-nin enerji sərfini hesablayan "xxxx" ASC-nin Dəliməmmədli yarımstansiyasında quraşdırılmış sayğacın cərəyan transformatorunun 16.08.2021-ci il tarixində sıradan çıxması, həmin vaxta kimi sərf olunan elektrik enerjisinin hesablanmaması və bu səbəbdən sərf olunan enerjinin mübahisələndirməsini bildirmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən ona hesablanmış 32.350,56 manat əsassız borc məbləğinin 3 gün müddətində silinməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05.03.2022-ci il tarixli MŞB/5-00561 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur (8 nömrəli əlavə). 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 10.7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur. 10.9-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi ... ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 23.06.2020-ci il tarixdə elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sərf edilmiş elektrik enerjisinin qeydə alınması məqsədilə sayğac quraşdırılmış, həmin sayğac cavabdehin balansındadır. Belə ki, materiallarda olan 08.12.2021-ci il tarixli akta əsasən EEİQ-na uyğun olaraq yarım stansiyada quraşdırılmış elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, sayğacın ekran tablosu sönmüşdür, sayğac xəttdən axan yükü qeyd etmir, gərginlik transformatoru zədələnmiş və sayğaca 100 Volt gərginlik gəlmir. Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxunmuş, məlum olmuşdur ki, qeyd olunmuş qüsur 16.08.2021-ci il tarixdən yaranmışdır. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş Texniki Sahə üzrə tələblərə dair 08.12.2021-ci il tarixli icra vərəqəsi ilə iddiaçıya 35410,56 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin borc əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçıya xidmət edən sayğac və gərginlik transformatoru cavabdehin balansında olduğundan və cavabdeh sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına nəzarət etməli olduğundan həmin qurğularda baş vermiş və vaxtında aşkar edilməyən (aktda Gərginlik Transformatorunun 16.08.2022-ci il tarixdə zədələnib sıradan çıxması, həmin qüsurun isə 08.12.2021-ci il tarixdə aşkar edilməsi göstərilmişdir) nöqsanlara görə iddiaçıya borc hesablanması əsaslı hesab edilə bilməz. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 32350,56 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 32350,56 (otuz iki min üç yüz əlli manat əlli altı qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1691/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1691/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver