Məhkəmə qərarları › İş №e-2-2(113)-1691/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1691/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1691/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının xeyrinə 16 mart 2023-cü il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-lie-qaimələr üzrə 226.536,40 (iki yüz iyirmi altı min beş yüz otuz altı manat 40 qəpik) manat məbləğində olan borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında malların alqısatqısına dair 21 fevral 2020-ci il tarixli, 14/2020 nömrəli müqavilə bağlanmışdır. EBAX 373708 №-li xx.xx.2021-ci il tarixli e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə sonuncunun Sumqayıt şəhərinin Abşeron layihəsində inşa etdiyi tikinti obyektinə 2(iki) ədəd blok qapısı, 360 ədəd otaq qapıları, 108 ədəd mənzilə giriş qapılarıseyf tipli. Bu mallarıİddiaçı MMC qaimə verilməmişdən əvvəlki dövrdə “X4” MMC-yə təhvil vermişdir. Bu fakt tərəflər arasında imzalanmış, eyni tikinti obyektinə aid aşağıdakı təhvil-təslim aktları ilə təsdiq olunur: xx.xx.2020-ci il tarixli 100 ədəd seyf tipli mənzillərin giriş qapılarının Sumqayıtda təhvil verilməsi barədə akt, xx.xx.2020-ci il tarixli 2 ədəd blok qapılarının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2021-ci il tarixli 8 ədəd seyf tipli mənzillərin giriş qapılarının Sumqayıtda təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 120 ədəd MDFdən otaqların giriş qapılarının Sumqayıtda təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 180 ədəd MDF-dən otaqların giriş qapılarının Sumqayıtda təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 60 ədəd MDF-dən otaqların giriş qapılarının Sumqayıtda təhvil verilməsi barədə akt. EBAX 374195 №-li xx.xx.2021-ci il tarixli e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə sonuncunun Xocəsəndə inşa etdiyi tikinti obyektinə 378 ədəd MDF-dən otaq qapıları, 108 ədəd seyf tipli mənzillərə giriş qapıları, 4 ədəd zirzəmi qapısı, 2 ədəd blok qapısı. Bu malları İddiaçı MMC qaimə verilməmişdən əvvəlki dövrdə Cavabdeh MMC-yə təhvil vermişdir. Bu fakt tərəflər arasında imzalanmış, eyni tikinti obyektinə aid aşağıdakı təhvil-təslim aktları ilə təsdiq olunur: xx.xx.2021-ci il tarixli 100 ədəd seyf tipli mənzillərin giriş qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 8 ədəd seyf tipli mənzillərin giriş qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 80 ədəd MDF-dən otaqların qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 50 ədəd MDF-dən otaqların qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 200 ədəd MDFdən otaqların qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt, xx.xx.2021-ci il tarixli 48 ədəd MDF-dən otaqların qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt, xx.xx.2020-ci il tarixli 4 ədəd blok qapılarının Xocəsəndə təhvil verilməsi barədə akt. Beləliklə, xx.xx.2021ci il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li e-qaimələrə əsasən Cavabdeh MMCnin 226.536,40 borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilən İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3856/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 268.320 manat və 401 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

9. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 3856/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3856/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın cavabdehdən 226.536,2 manat borcun tutulması hissəsində rədd edilməsi qərara alınmışdır.

10. Sonradan, iddiaçı tərəf, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-308/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. İddiaçı sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iş üzrə icraata xitam verilmişdir.

12. İddiaçı tərəf Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-251/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3661/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

13. Bu xüsusda Məhkəmə qeyd edir ki, artıq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-126/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, qeyd edilmiş mübahisə üzrə hazırda mübahisəsi edilən xx.xx.2021-ci il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li e-qaimələr işə birinci instansiya Məhkəməsində baxılarkən elektron sistemə əlavə edilməmiş və iddiaçı tərəf qeyd edilmiş elektron qaimələrə nə pretenziya məktubu, nə də, iddia ərizəsində istinad etməmişdir.

14. Qeyd edilmiş xüsusat öz əksini həmçinin də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-308/2023 saylı qərarında tapmışdır.

15. Yəni hazırda işin faktiki əsasını, əvvəlki işdən fərqli olaraq xx.xx.2021-ci il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li e-qaimələr üzrə malların verilməsi halı təşkil edir.

16. Hazırkı işin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 14/2020 nömrəli müqavilə və qiymət razılaşma protokolları imzalanmışdır.

17. Müqavilənin 1.1-ci bəndinə görə satıcı müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırma protokolunda göstərilən malları alıcıya təhvil verir. Alıcı isə müqavilənin ayrılmaz hissəsi olan qiymət razılaşdırma protokolunda göstərilən malları qəbul edir və bunun müqabilində satıcıya alınan malın dəyərini ödəyir (1.2-ci bəndə əsasən).

18. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

19. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

20. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

21. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBAX seriyalı, 373708 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 110.872,80 manat və EBAX seriyalı, 374195 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 115.663,60 manat olan elektron qaimələr göndərilmişdir.

22. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 226,536,4 manat təşkil edir.

23. Cavabdeh tərəf elektron qaimədə qeyd edilmiş malların ona verilmədiyini bildirir.

24. İşdən görünür ki, EBAX seriyalı, 373708 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 110.872,80 manat olan elektron qaimə üzrə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 55 ədəd metal seyf qapı içəri sol və 45 ədəd metal seyf qapı içəri sağ olmaqla ümumilikdə 100 ədəd metal seyf qapı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 180 ədəd MDF qapı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 120 ədəd MDF qapı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 08 ədəd metal seyf qapı Süleymanov Müşviq adlı şəxsə, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 60 ədəd MDF qapı Faiq adlı şəxsə, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən 02 ədəd metal qapı blok giriş, 02 ədəd metal qapı lift mühərrik qapısı, 02 ədəd metal qapı dam giriş olmaqla, ümumilikdə 06 ədəd qapı Sahil adlı şəxsə təhvil verilmiş, həmin şəxslər də aktları imzalamaqla malları qəbul etmişdir.

25. Göründüyü kimi, elektron qaimədə göstərilmiş, ümumilikdə, 360 ədəd MDF qapılar, 108 ədəd metal qapılar və 02 ədəd metal blok qapıları barəsində təhvil aktları iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmişdir.

26. İşdə olan, EBAX seriyalı, 374195 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 115.663,60 manat olan elektron qaimə üzrə xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 04 ədəd metal seyf qapı içəri sol və 04 ədəd metal seyf qapı içəri sağ olmaqla ümumilikdə 08 ədəd metal seyf qapı, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 50 ədəd MDF qapılar, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 48 ədəd MDF qapılar, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 50 ədəd metal seyf qapı içəri sol və 50 ədəd metal seyf qapı içəri sağ olmaqla ümumilikdə 100 ədəd metal seyf qapılar, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 200 ədəd MDF qapılar Talıbova Yusifə, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən 90x200 ölçülü 80 ədəd MDF qapılar Sahil adlı şəxsə təhvil verilmiş, həmin şəxslər də aktları imzalamaqla malları qəbul etmişdir.

27. Göründüyü kimi, elektron qaimədə göstərilmiş, ümumilikdə, 378 ədəd MDF qapılar və 108 ədəd metal qapılar barəsində təhvil aktları iddiaçı tərəfindən Məhkəməyə təqdim edilmişdir.

28. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahatlar vermiş, eyni zamanda EBAX seriyalı, 374195 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 115.663,60 manat olan elektron qaimədə qeyd olunan 04 ədəd zirzəmi qapısının xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı əsasında cavabdehə təhvil verildiyini, lakin həmin təhvil-təslim aktını fiziki olaraq təqdim edə bilmədiyini bildirmişdir.

29. Məhkəmə iclaslarında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək malların onlara təqdim edilmədiyini, təhvil-təslim aktlarında adları qeyd olunan şəxslərin Cavabdeh MMC-nin işçiləri olmadığını, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən elektron qaimələrin müəyyən olunmuş qaydalara uyğun tərtib edilmədiyini və sistem tərəfindən təsdiqləndiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.

30. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirən zaman müraciətdə qeyd olunan şəxslərin (X3 və X1) adına İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi bildirişlərinin mövcud olduğu müəyyən edilmişdir.

31. Məhkəmənin sualına cavab olaraq iddiaçı tərəf təhvil-təslim aktlarında adları qeyd olunan Sahil və Faiq adlı şəxslərin soyad və ata adları barədə məlumat əldə edə bilmədikləri üçün onların Cavabdeh MMC-də işçi olmaqları barədə müvafiq orqana sorğu göndərə bilmədiklərini bildirmişdir.

32. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etmiş olduğu 2 ədəd, xx.xx.2021-ci il tarixli EBAX 374195 №-li və EBAX 373708 №-li e-qaimələrdə qeyd edilmiş saydan 04 ədəd zirzəmi qapısı barədə təhvil-təslim aktını Məhkəməyə təqdim edə bilməsə də, qeyd edilmiş təhvil aktlarında olan şəxslərdən X3 və X1 cavabdehin işçiləri olması barədə sübutu Məhkəməyə təqdim etmişdir.

33. Məhkəmə iddiaçının dəlillərini inandırıcı, cavabdehin dəlillərini isə əsassız hesab edir.

34. Belə ki, cavabdeh tərəf ilk öncədən qeyd edilmiş şəxslərin onların işçisi olmadığını bildirsə də, sonradan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidməti tərəfindən verilən cavab məktubunda, əvvəllər cavadeh təşkilatda işlədikləri məlum olmuşdur. Eyni zamanda da, qeyd edilmiş şəxslər məhz təhvil aktları imza edilərkən cavabdeh hüquqi şəxsin işçiləri olmuşlar.

35. Buna görə Məhkəmə hesab edir ki, digər təhvil aktlarında yəni “Sahil”, “Faiq” adlı şəxslər tərəfindən qəbul edilən mallar da, iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

36. Həmçinin də, qeyd edilməlidir ki, qeyd edilmiş təhvil aktları 2021-ci ilin yanvar ayında tərtib edilmiş və həmin ilin mart ayında da, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir və cavabdeh tərəfindən hər hansı bir etiraz bildirilməmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

38. Yekun olaraq, məhkəmə hesab edir ki, EBAX seriyalı, 373708 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 110.872,80 manat və EBAX seriyalı, 374195 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 115.663,60 manat olan elektron qaimələrdə qeyd olunan mallar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir.

39. Ona görə də, iddia təmin olunmalı, 226.536,4 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. Məhkəmə, həmçinin hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

41. Belə ki, işə əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 09-2023 saylı hesab-fakturaya əsasən hüquqi yardımla əlaqədar 1.000 manat məbləğində pul iddiaçı tərəfindən ödənmişdir.

42. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 226.536 (iki yüz iyirmi altı min beş yüz otuz altı) manat, 40 (qırx) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar