Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1692/2023 18.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 4538,13 manat məbləğində borcun və ödənilmiş 70 manat mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 4538,13 manat məbləğində borcun və ödənilmiş 70 manat mediasiya xərclərinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2017ci il tarixli “İşlərin və xidmətlərin göstərilməsi haqqında” HXŞ/1017 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyətində olan iddiaçıya məxsus Ekskavator yükləyici ilə (Markası: JCB 3CXSM 4T, D.N.N, AZ 32 T 171) sifarişçi olaraq şirkətin sifarişləri əsasında nəqliyyat xidmətlərini icra etməyi və xidmət müqabilində xidmət haqqı almağı öhdəliyinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə aylıq (bir aylıq müddət 28 gün təşkil edir) xidmət haqqı 3440,86 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixdə işlərin və xidmətlərin göstərilməsi haqqında HX025/0319 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyətində olan iddiaçıya məxsus Ekskavator yükləyici ilə (Markası: JCB 3CXSM 4T, D.N.N, AZ 32 T 181) sifarişçi olaraq şirkətin sifarişləri əsasında nəqliyyat xidmətlərini icra etməyi və xidmət müqabilində xidmət haqqı almağı öhdəliylərinə götürmüşlər. Müqavilənin 2.3-cü bəndinə əsasən hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün təhvil təslim aktı tərtib olunur imzalanraq möhürlənir və bundan sonra 7 iş günü ərzinə sifarişçiyə əvvəlki ay üçün xidmət haqqını köçürülməsi üçün elektron qaimə, hesab faktura təqdim olunur. Sifarişçi xidmət haqqını bank köçürmə yolu ilə icraçıya ödənilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan müqavilələrin şərtləşdirilmiş qaydalarına uyğun olaraq sifarişçiyə işləri tam qüsursuz şəkildə təhvil-təslim etməyinə baxmayaraq sifarişçi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək xidmət haqqını tam şəkildə ödəməmişdir. Belə ki, müqavilə üzrə xidmət haqqı hər növbəti ayda təhvil-təslim aktına uyğun olaraq 7 gün ərzində ödəniş olunmalı göstərilsə də, elektron qaimə təqdim edilməsinə baxmayaraq sifarişçi xidmət haqqını müəyyən edilmiş vaxtda ödəməmiş, dəfələrlə gecikdirmişdir. Hətta 3-4 ay ərzində heç bir xidmət haqqı ödənilməmiş, müqavilə üzrə öhdlikləri kobud şəkildə pozmuşdur. Siafirşçiyə hər ay görülən işlərin xidmət haqqının ödənilməsi barədə elektron qaimə təqdim etsə də yenə də xidmət haqqı müqavilə üzrə müəyyən edilən müddətdə ödənilməmiş və ya az-az ödənilmişdir. Bundan başqa iş saatından əlavə müddət ərzində hər gün 2 saat artıqlaması ilə işləməyinə baxmayaraq heç bir ödəniş edilməmişdir. Müqavilə üzrə işlərin görülməsi və təhvil-təslim edilməsi aktı, hesab faktura və bank çıxarışı ilə sübut olunur. Belə ki, bank hesabı çıxarışından və təqdim edilən elektron qaimədən görünür ki, hər iki müqavilə üzrə görülən işlərin sifarişçi tərəfindən ödənilməli xidmət haqqı məbləği 57389,63 manat təşkil etməli idi, lakin məlum olur ki, sifarişçinin iddiaçıya ödədiyi məbləğ 52851,18 manat olmamışdır. Nəticədə şirkət 4538,45 manat məbləğində xidmət haqqını ödəməkdən qərəzli şəkildə yayınmışdır. Dəfələrlə bu barədə şirkətə müraciət etsə də, hər dəfə müxtəlif bəhanlər gətirərək pulu ödəyəcəklərini qeyd etsələr də ödəniş etməmişdir. Hətta bununla bağlı müxtəlif idarə rəisləri ilə danışmış, ancaq onlar borcun olmasını etiraf edərək qısa müddət ərzində ödəyəcəklərini bildirmişlər. Nəticədə tərəf olaraq qeyd edilən borcun ödəniləcəyinə inanaraq gözləmişdir. Ancaq uzun müddət keçdikdən sonra yenə də, borcun ödənilməyəcəyini gördükdən sonra xx.xx.2020-ci il tarixində texnikanın işini dayandıraraq ciddi şəkildə etiraz etmiş, nəticədə şirkət borcdan 10000 manat bank hesabına ödəmişdir. Qeyd edilən vəsaitin ödənilməsi ərizəyə əlavə olunan “hesab-faktura, bank çıxarışları ilə təsdiq olunur.” Buna baxmayaraq yerdə qalan 4538,45 manat borcun ödənilməsi ilə bağlı dəfələrlə şirkətə müraciət edərək ödənilməsini bildirsə də, hər dəfə müxtəlif bəhanələr edərək, bugün-sabah ödəyəcəklərini vəd edərək, yola vermişdirlər. Hər iki müqavilə üzrə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə 10000 manat olmuşdur. Qeyd edilən xx.xx.2017-ci il tarixli HXŞ/1017 saylı müqavilənin surəti dəfələrlə müraciət etsə də təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HX025/0319 saylı Xidmət müqaviləsindən görünür ki, iddiaçı ona məxsus Ekskvator yükləyici ilə cavabdehin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. Hesabdab çıxarışdan görünür ki, cavabdeh tərəfindən xidmətlərə görə iddiaçının hesabına 52851,18 manat ödəniş edilmişdir. 19 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 57389,66 manat dəyərində xidmət göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli HX025/0319 saylı Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı ona məxsus Ekskvator yükləyici ilə cavabdehin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi, bu xidmət müqabilində cavabdeh iddiaçıya xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 57389,66 manat dəyərində xidmət göstərilmiş, cavabdeh tərəfindən xidmət haqqından 52851,18 manat ödəniş edilmiş, 4538,48 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, nəqliyyat xidmətləri göstərmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli HX025/0319 saylı Xidmət müqaviləsinə əsasən iddiaçının tələb etdiyi 4538,13 manat dəyərində xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4538,13 manat məbləğində borc və ödənilmiş 70 manat mediasiya xərcləri tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1692/2023
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1692/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver