Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1694/2022 11.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 53341,95 manat əsas borc, gecikdirilmiş dövr üçün 666,77 manat, ilkin mediasiya sessiyası üzrə ödənilmiş 400 manat və hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olan 300 manat məbləğin, cəmi 54708,72 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında əvvəlcədən müəyyən olunmuş malların alqı-satqı şərtlərini əks etdirən 07 oktyabr 2021-ci il tarixli, №İNT-443/21 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, İcraçı malları Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə satın aldığı malların əvəzində, tərəflər arasında razılaşdırılmış məbləği İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin Sifarişçinin İcraçıdan aldığı mala görə borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş 04 noyabr 2021-ci il tarixli, №6664 saylı malların təhvil-qəbul aktının məzmunundan aydın olur ki, cavabdeh iddiaçıdan 53341,95 manat dəyərində mal satın almışdır. Buna baxmayaraq, borclu şəxs tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, müqaviləyə əsasən sifarişçi tərəfindən malların dəyərinin 30%-i ödənildikdən sonra, qalan 70%-i növbəti 30 gün ərzində ödənməli idi. Müqavilə üzrə elektron qaimələrin 04.11.2021-ci il tarixli olduğunu nəzərə alsaq, gecikmə üzrə borc məbləği 3 ay əsasında ((53341,95*5%)/12)*3=666,77 manat təşkil edir. Beləliklə, cavabdehin iddiaçı qarşısında öhdəliyi 04 noyabr 2021-ci il tarixli, №6664 saylı malların təhvil-qəbul aktı üzrə əsas borc məbləği – 53341,95 manat, gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 666,77 manat, ilkin mediasiya sessiyası üzrə xərc – 400 manat, məhkəmə xərci 300 manat, cəmi 54708,72 manat təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümyəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alınacaq malların dəyərinin bir qisminin əvvəlcədən ödənilməsi razılaşdırılsa da, həmin müqavilə üzrə cavabdeh tərəfindən ümumiyyətlə hər hansı ödəniş edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən Vəkil Bürosuna hüquqi yardıma görə ödənilmiş vəsaitin yalnız 300 manat hissəsinin hazırkı iddia tələbi ilə bağlı olduğunun nəzərə alınmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli İNT 443/21 saylı müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) bu müqaviləyə əsasən qiymət razılaşma protokolunda nəzərdə tutulmuş məhsulları, həmçinin böyük və kiçik məişət texnikasını bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən qabaqcadan sifariş olunmuş malları təhvil aldıqdan sonra sifarişçi avans olaraq 30 % malların dəyərini, qalan 70 % isə növbəti 30 təqvim günü ərzində icraçıya sifariş olunmuş malların dəyərini ödəyir. EBBL 884226 nömrəli 04.11.2021-ci il tarixli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən təhvil verilmiş mallara görə cavabdehin ödəməli olduğu məbləğ 53341,95 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş 42509 nömrəli 04.11.2021-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 53341,95 manat məbləğində mallar (kombi və radiator) təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 28.02.2022-ci il tarixli 390 nömrəli pretenziyadan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış İNT-443/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 53341,95 manat məbləğində pulun 03 mart 2022-ci il tarixə qədər cavabdehdən ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 24.12.2021-ci il tarixli 2021- 002302 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 07 oktyabr 2021-ci il tarixli İNT 443/21 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 53341,95 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 53341,95 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iddiaçı cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 666,77 manat məbləğində pulun ödənilməsi tələbini də irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 445.7-ci maddəsindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbin təmin olunması üçün əsasdır. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, EBBP 855801 nömrəli 19.01.2022-ci il tarixli elektron qaimədən görünür ki, “Sirius” Vəkil Bürosu tərəfindən iddiaçıya İddiaçı QSC-yə 300 manat məbləğində elektron qaimə göndərilmişdir. BD2 nömrəli 21.01.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Sirius” Vəkil Bürosunun hesabına 720 manat məbləğində hüquqi xidmətə görə pul köçürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 53341,95 manat məbləğində əsas borc, 666,77 manat faiz, 300 manat hüquqi xidmətə görə pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 53341,95 (əlli üç min üç yüz qırx bir manat doxsan beş) manat məbləğində əsas borc, 666,77 (altı yüz altmış altı manat yetmiş yeddi qəpik) manat faiz borcu, 300 (üç yüz) manat hüquqi xidmətə görə pul, ümumilikdə 54308,72 (əlli dörd min üç yüz səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1694/2022
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1694/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver