Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1695/2021 14.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 və nümayəndəsi, vəkil X2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2nə qarşı pul və digər tələblər barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 2014-cü il tarixli 800/218/2014 saylı “X7” Müqaviləsi üzrə yaranmış 38156,82 avro əsas borc, 17110,65 avro hesablanmış faiz borcu olmaqla ümumilikdə 55267,47 avro lizinq borcunun ödəmə gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun manatla cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə, həmçinin 1 ədəd yem mikserinin (20 m3) tam işlək vəziyyətdə cavabdehlərdən alınaraq İddiaçı QSC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X8” QSC) ilə Lizinq alan Cavabdeh2 arasında bağlanılmış 20 noyabr 2014-cü il tarixli, 800/218/2014 saylı X7 Müqaviləsinə əsasən,1 ədəd yem mikseri (20 m) cavabdeh (Lizinq alan) Cavabdeh2nə lizinqə təhvil verilmiş və qeyd edilən X7 Müqaviləsi üzrə cavabdehlər (Lizinq alan və zamini) lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa digər Cavabdeh1 ilə iddiaçı arasında 800 saylı, 20 noyabr 2014-cü il tarixli Zaminlik Müqaviləsi bağlanılmış və zamin Cavabdeh1 digər cavabdeh-Lizinq alan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıdığını öhdəlik olaraq qəbul etmişdir. Lizinq verən İddiaçı QSC müqavilə üzrə ödəliklərini tam icra etsə də cavabdehlər lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə (müqavilə üzrə ödəniş cədvəli restrukturizasiya edildikdən sonra) dəfələrlə şifahi müraciətlər edilmiş, müvafiq Pretenziya göndərilmişdir. Lakin cavabdehlər hələ də borcu ödəməmişlər. Pretenziya göndərilən tarixədək 800/218/2014 saylı “X7” Müqaviləsi üzrə cavabdehlərin yaranmış borcları 55267,47 avro təşkil edir. Cavabdeh1 iddiaya etiraz verərək qeyd etmişdir ki, 01.07.2009-cu il tarixdən 04.11.2015-ci il tarixədək Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işlədiyini, 20.11.2014-cü il tarixli 800/218/2014 saylı daxili maliyyə lizinq müqaviləsinin şirkətdə rəhbər olduğu dövrdə rəsmiləşdirildiyini, müqavilə üzrə borc məbləğlərinin hesablanması 28.04.2015-ci tarixindən başlanmalı 28.04.2018-ci il tarixində (36 ay müddətində) başa çatdırılmalı idi. İddiaçı zamina qarşı tələbi vaxtında irəli sürməmiş, yəni 28.04.2018-ci il tarixindən bir ildən artıq müddət keçəndən sonra iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iddiaçının aralarında bağlanmış 20.11.2014-cü il tarixli zaminlik müqaviləsinə əsaslanaraq hazırda ondan öhdəliklərin icrasını tələb etməkdə haqlı deyil. Ona görə də İddiaçı QSC-nin iddia tələbinin zaminə aid hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və nümayəndəsi vəkil X4 iddianı qəbul etməyərək, iddiaya qarşı verilmiş etirazla eyni məzmunlu izahat verərək, zamina qarşı olan hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 20 noyabr 2014-cü il tarixli, 800/218/2014 saylı X7 Müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X8” QSC) ilə lizinq alan Cavabdeh2 arasında bağlanılmış, 1 ədəd yem mikseri (20 m) cavabdeh (Lizinq alan) Cavabdeh2nə lizinqə təhvil verilmiş və qeyd edilən X7 Müqaviləsi üzrə cavabdehlər (Lizinq alan və zamini) lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. 20 noyabr 2014-cü il tarixli 800 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X8” QSC) iddiaçı arasında bağlanılmışdır. Zamin Cavabdeh1 digər cavabdeh - lizinq alan Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıdığını öhdəlik olaraq qəbul etmişdir. 20 noyabr 2014-cü il tarixli, 800 saylı X7 müqaviləsinə 28 aprel 2015-ci il tarixli 2 nömrəli əlavədən görünür ki, tərəflərin iştirakı ilə həmin müqavilənin 5-ci maddəsinə dəyşiklik edilərək, lizinq müddəti 28 aprel 2018-ci il tarixədək uzadılmışdır. 26 iyul 2021-ci il tarixli, 9/4807 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, iş materiallarında olan ödəniş cədvəli, maliyyə arayışı məlumatları və 20 noyabr 2014cü il tarixli, 800/218/2014 saylı müqavilənin şərtlərinə eləcə də 10.06.2015-ci il tarixli 2 nömrəli əlavəyə əsasən Cavabdeh2 MMC-nin İddiaçı QSC-nə olan əsas borcu 35835,82 avro məbləğində, şirkətin gəliri üzrə borcu 6432,25 avro məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manatdır. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4, 747.1, 748-10.1 və 748-1.12.4-ci maddələri). Göründüyü kimi lizinq verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X8” QSC) ilə lizinq alan Cavabdeh2 arasında qanunvericiliyə uyğun müqavilə bağlanmış, lizinq verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, lizinq alan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəniş etmədiyinə görə, iddiaçının cəmiyyətə qarşı pul və lizinq obyektinin qaytarılması tələbi əsaslıdır. Lakin iddiaçı tələbində əsas borcun 38156,82 avro və faiz borcun 17110,65 avro məbləğində olduğuna istinad etsə də, ekspert rəyinə əsasən əsas borcu 35835,82 avro, faiz borcun isə 6432,25 avro olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2nə qarşı olan iddia qismən təmin edilməli və cəmiyyətdən 35835,82 avro əsas borc və 6432,25 avro faiz borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin 1 ədəd yem mikseri (20 m3) işlək vəziyyətdə Cavabdeh2ndən alınaraq İddiaçı QSC-yə qaytarılmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı QSC-nin cavabdeh zamin Cavabdeh1 qarşı tələbi rədd edilməlidir, belə ki, lizinq müqaviləsinin müddəti 28 aprel 2018-ci il tarixədək müəyyən edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə 02.03.2021-ci il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürürməsi müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 76,47%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 76,47%-i, yəni 22,94 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 76,47%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə ekspertizasının xərci olan 150 manat məbləğində pulun 114,70 manatı Cavabdeh2 MMC-dən, 35,30 manatı İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2ndən 35835,82 avro əsas borc, 6432,25 avro faiz borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 22,94 manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, həmçinin 1 ədəd yem mikseri (20 m3) işlək vəziyyətdə Cavabdeh2ndən alınaraq İddiaçı QSC-yə qaytarılmalıdır, bununla yanaşı ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun 114,70 manatı Cavabdeh2 MMC-dən, 35,30 manatı İddiaçı QSCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İddiaçı QSC-nin Cavabdeh1 qarşı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən 35835,82 avro əsas borc, 6432,25 avro faiz borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və dövlət rüsumu kimi ödənilmiş 22,94 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Cavabdeh2 MMC-dən 1 ədəd yem mikseri (20 m3) işlək vəziyyətdə alınaraq İddiaçı QSC-yə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun 114,70 manatı Cavabdeh2 MMC-dən, 35,30 manatı İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddiaçı QSC-nin Cavabdeh1 qarşı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1695/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1695/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver