Məhkəmə qərarları › İş №e-2-2(113)-1696/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1696/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1696/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, elektron qaimə, öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsi, “pacta sund servanda”) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MTK) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 2221,25 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-XXX/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

3. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 3.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli, № XXX saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən binanın 1ci mərtəbəsində olan, ümumi sahəsi 88,85 kv.m olan qeyri-yaşayış sahəsinin istismarı üzrə müqavilədə qeyd olunan xidmətləri göstərməyi, cavabdeh isə öz növbəsində müqavilədə razılaşdırılan məbləğdə pul vəsaitini ödəməyi öhdələrinə götürmüşdür. Həmin müqaviləda xidmət haqqı üzrə ödənişlərin xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər təqvim ayı üçün 88,85 manat müəyyən edilməklə nağd və ya köçürmə yolu ilə ödənilməsi təsbit edilmişdir. 3.2. Eyni zamanda sözügedən müqavilə imzalandığı andan bağlanmış hesab olunur və onun müddəaları xx.xx.2019-cu il tarixdən tətbiq olunur və xx.xx.2021-ci ilədək müddətdə qüvvədədir. Müqavilə müddətinin başa çatmasına bir ay qalmış tərəflərdən hər hansı biri ona xidmət verilməsi haqda digər tərəfi yazılı xəbərdar etməklə ona xitam verilə bilər. Müqavilə müddətinin başa çatmasına bir ay qalmış ona xitam verilməsi haqqında tərəflərdən hər hansı biri digər tərəfi yazılı şəkildə xəbərdar etmədiyi halda, müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab edilir və onun pozulmasına ümumi qaydalar tətbiq edilir. Qeyd edilən müqavilə üzrə cari – xx.xx.2022-ci il tarixə 3465,15 manat ödənilməli olduğu halda cavabdeh tərəfindən cəmi 1332,75 manat ödəniş edilmişdir. Tərəflər arasında müqavilə münasibətlərinin davam etməsi nəzərə alınaraq iddia ilə məhkəməyə müraciət olunan tarixə cavabdeh tərəfindən ödənilməmiş xidmət haqqı, yəni 2221,25 manat ondan iddiaçının xeyrinə tutulmalıdır. 3.3. Həmçinin iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliyini lazımi şəkildə icra etməməsi nəticəsində yaranmış borcun 7 bank günü ərzində ödənilməsinin təmin olunmasına dair xx.xx.2022-ci il tarixdə rəsmi şəkildə müraciət olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə pretenziya məktubunu almasına baxmayaraq, xidmət haqqının ödənilməsi üzrə öhdəliyinin icrasını təmin etməmişdir. Bundan sonra iddiaçı tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq mediasiyaya müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixdə 15 saylı mediasiya təşkilatında ilkin mediasiya sessiyası təyin olunmuşdur. Lakin tərəflər arasında razılıq əldə olunmamış və mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443-cü və s. maddələri göstərilmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-XXX/2023 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, hal-hazırda da binanın mülkiyyətçilərinə müvafiq xidmətlər göstərilir. Bu xidmətlər ümumi binanın saxlanılması üçün nəzərdə tutulan xidmətlərdir. Cavabdehin mülkiyyətində olan qeyriyaşayış sahəsinə də xidmət göstərilir, lakin razılaşdırılmış xidmət haqqından yalnız bir hissə ödənilib. Cavabdehin yazılı etirazları ilə bağlı göstərildi ki, əgər xidmət haqqı ilə razı deyildisə, sonuncunun müqavilə üzrə 1332 manat ödəməsinin səbəbi məlum deyildir. Müqavilə şərtlərinin dəyişdirilməsi ancaq tərəflərin razılaşması ilə mümkündür. Xidmət haqqının qiymətinin dəyişdirilməsi barədə hər hansı razılaşma yoxdur. Müqavilədə razılaşdırılan xidmətlərin cavabdehə başqa şəxs tərəfindən göstərilməsini təsdiq edən sübut əlavə olunmamışdır.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlər binanın işıqlandırılmasına görə, X2 ödənilən ödənişlər isə binanın fasadının yuyulmasına görə ödənilib. Həmçinin xidmət haqlarına ƏDV daxil deyildir.

8. Cavabdehin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində, qanuni təmsilçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildiriş göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Amma cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2019-cu il tarixli XXX nömrəli müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən binanın 1ci mərtəbəsində, ümumi sahəsi 88.85 kv.m olan qeyri-yaşayış sahəsinin istismarı üzrə daxili mühəndis şəbəkələrinin texniki xidməti, təmiri və istismarı, 24 saat ərzində mühafizə xidməti və kamera müşahidəsi, ümumi istifadədə olan ərazilərdə və liftlərdə təmizlik işlərinin aparılması, xarici mühəndis şəbəkələrinin texniki xidməti və s. (adıçəkilən müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş) xidmətləri göstərməyi, cavabdeh isə öz növbəsində göstərilən xidmət müqabilində xx.xx.2019-cu ildən hesablanmaqla razılaşdırılmış məbləğdə - sahənin 1 kv.m-i üçün 1 manat olaraq 1 təqvim ayı üçün 88,85 manat (ƏDV daxil deyil) pul vəsaitini hər təqvim ayının 05 tarixindən gec olmayaraq nağd və ya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür.

13. İddiaçı xidmət müqaviləsinə əsasən 01 oktyabr 2019-cu il tarixdən məhkəməyə müraciət olunan tarixədək (xx.xx.2023) göstərilmiş xidmətlərə görə cavabdeh tərəfindən cəmi 1332,75 manat ödəniş edildiyini qeyd edir və qalıq məbləği – 2221,25 manatı tələb edir.

14. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, 01 oktyabr 2019-cu il tarixli XXX nömrəli müqavilənin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən ləğv edildiyini qeyd etmiş, istifadələrində olan sahənin girişi ayrı olduğundan müqavilədə əks olunan xidmətlərdən istifadə edilmədiyini, təmizləmə, dezinfeksiya, video müşahidə, mühafizə, zibilin atılması müqaviləyə daxil olsa da, ayda 10 manat əlavənin ödənildiyini, fasadın isə öz hesablarına təmizləndiyini, lift və sair xidmətləri, ümümiyyətlə, onlara aid olmadığını, buna görə də 1 kv.m sahə üçün 1 manat deyil, 0,5 manat ödəmək təklifi irəli sürdüklərini bildirmişlər.

15. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə göstərilmişdir ki, onun müddəaları xx.xx.2019-cu il tarixdən tətbiq olunur və xx.xx.2021-ci ilədək müddətdə qüvvədədir. Müqavilə müddətinin başa çatmasına bir ay qalmış tərəflərdən hər hansı biri ona xitam verilməsi haqda digər tərəfi yazılı xəbərdar etməklə ona xitam verilə bilər. Müqavilə müddətinin başa çatmasına bir ay qalmış ona xitam verilməsi haqqında tərəflərdən hər hansı biri digər tərəfi yazılı şəkildə xəbərdar etmədiyi halda, müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab edilir və onun pozulmasına ümumi qaydalar tətbiq edilir.

17. Cavabdeh iddiaçının tələb etdiyi xidmət haqqının aid olduğu dövrdə müqavilənin qüvvədə olması faktını mabahisələndirmir, əksinə təqdim etdiyi etiraz ərizəsində müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edildiyini qeyd edir.

18. 01 oktyabr 2019-cu il tarixli XXX nömrəli müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin rəsmiləşdirilməsi üçün 1332,75 manat dəyərində (15 ay x 88,85 manat) xx.xx.2020-ci il tarixli, EBAQ 955739 seriya və nömrəli, 1066,2 manat dəyərində (12 ay x 88,85) xx.xx.2021-ci il tarixli, EBBN 638987 seriya və nömrəli, 1421,60 manat dəyərində (xx.xx.2022-xx.xx.2023-cü il tarixləri əhatə edən 16 ay x 88,85 manat) EBDE 187144 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə təqdim edilmiş, həmin qaimələr sistem tərəfindən təsdiqlənmişdir.

19. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə bank hesabına köçürmə yolu ilə 1332,75 manat ödəniş edilmişdir.

20. Göründüyü kimi, xidmətlərin göstərilməsinin rəsmiləşdirilməsi elektron qaimələrin təqdim olunması yolu ilə olmuş, xx.xx.2020-ci il tarixli elektron qaimə təqdim olunduqdan sonra cavabdeh xx.xx.2020-ci il tarixdə 15 ay üçün ödənişləri həyata keçirmişdir.

21. Bundan başqa, iddia ərizəsi və ona əlavə olunan sənədlər cavabdehə çatdırılmış, cavabdehin iddiaçının qeyd etdiyi dəlillərlə tanış olmaq imkanı olmuş, cavabdeh məhkəməyə təqdim etdiyi ərizədə 1332,75 manatdan əlavə ödənişin edildiyinə dair hər hansı iradə ifadə etməmiş, sübut təqdim etməmişdir.

22. Cavabdehin istifadələrində olan sahənin girişi ayrı olduğundan müqavilədə əks olunan xidmətlərdən istifadə edilmədiyi, təmizləmə, dezinfeksiya, video müşahidə, mühafizə, zibilin atılması müqaviləyə daxil olsa da, ayda 10 manat əlavənin ödənildiyi, fasadın isə öz hesablarına təmizləndiyi, lift və sair xidmətlərin, ümümiyyətlə, onlara aid olmadığı barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin xidmətlər müqavilənin predmetinə daxildir və Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilənin predmetinə dair şərtlər müqavilənin mühüm şərti sayılır. Tərəflər mühüm şərt olan müqavilənin predmetinə daxil olan xidmətlərin göstərilməsini razılaşdırmış, müqavilənin predmetinin dəyişdirilməsi barədə tərəflərin iradə ifadəsinin əks olunduğu hər hansı əqd məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, cavabdeh 1 kv.m sahə üçün 1 manat deyil, 0,5 manat ödəmək təklifi irəli sürdüklərini bildirmiş, müqavilənin qiymətlə bağlı şərtinin dəyişdirilməsinə dair tərəflərin razılaşmasını ifadə edən hər hansı sənəd təqdim olunmamışdır.

23. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

24. Bundan başqa, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətlərin dəyərini və xidmətləri mübahisələndirsə də, həmin müqavilədə nəzərdə tutulmuş xidmət haqqı əsasında 15 ay üçün ödənişləri həyata keçirmişdir. Həmçinin cavabdeh lift və sair xidmətlərin, ümümiyyətlə, onlara aid olmadığını qeyd etsə də, müqavilədə həmin xidmətlərin iddiaçı tərəfindən ona göstərilməsinin razılaşdırıldığı nəzərə alındıqda cavabdehin mövqeyi aydın deyil. Eləcə də cavabdeh əlavə ödəniş etdiyini, həmin işlərin öz hesablarına görüldüyünü qeyd etsə də, buna dair də hər hansı sübut təqdim etməmişdir.

25. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

26. Həmçinin cavabdeh müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixədək göstərilən xidmətlərin dəyərini tələb edir.

27. Belə olan halda, məhkəmə cavabdehin arqumentlərini əsassız sayır. Belə ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Bu prinsip eyni zamanda onu da ehtiva edir ki, müqavilələr, bir qayda olaraq, razılaşdırıldıqları məzmunda da icra edilməlidir.

28. Bundan başqa, məhkəməyə təqdim edilən əmək müqaviləsi bildirişləri, ödəmə qəbzləri də göstərir ki, iddiaçı 01 oktyabr 2019-cu il tarixli XXX nömrəli müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi üçün müvafiq işçilər cəlb etmiş, kommunal xərcləri ödəmiş, xidmətlərə görə ayrı-ayrı hüquqi şəxslərə də ödənişlər həyata keçirmişdir.

29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

30. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

31. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

32. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

33. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qeyd olunan normaların dispozisiya şərtləri mövcuddur.

34. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə göstərilmiş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

39. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək (xx.xx.2023) göstərilmiş xidmətlərə görə haqqı tələb edir. Müqavilədə razılaşdırılmış (3.3) xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək göstərilmiş xidmətlər 40 ay 23 günü əhatə edir və həmin xidmətlərin dəyəri 3619,15 manat (40x88,85=3554 manat; (88,85 manat : 30 gün)x 22 gün = 65,15 manat; 3554+65,15) təşkil edir. Cavabdeh həmin məbləğdən 1332,75 manatı ödəmiş, 2286,4 manatı isə ödəməmişdir.

40. İddiaçının tələb etdiyi dövrə görə ödənilməmiş xidmət haqqının 2286,4 manat təşkil etdiyini, iddiaçının 2221,25 manat tələb etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xidmət müqaviləsi üzrə 2221,25 manat borc Cavabdeh MMCdən tutularaq İddiaçı MTK-ya ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2221 (iki min iki yüz iyirmi bir) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar